09 Oktyabr 2026 09:40
157
Mədəniyyət
A- A+
Müasir Azərbaycan şəhərləri: dövlət siyasətindən vətəndaş rifahına doğru

Müasir Azərbaycan şəhərləri: dövlət siyasətindən vətəndaş rifahına doğru


Şəhərləri yalnız binaların, küçələrin və yolların məcmusu hesab etmək olmaz, şəhər eyni zamanda insan həyatının təşkil olunduğu, onların gündəlik qayğılarının, arzularının və gələcəyə baxışlarının formalaşdığı məkandır. 

Buna görə də şəhərlərin inkişafı təkcə tikinti məsələsi kimi deyil, ölkənin sosial-iqtisadi inkişafının, vətəndaş rifahının və gələcək nəsillər qarşısında məsuliyyətin mühüm istiqaməti kimi başa düşülməlidir. Bu baxımdan, Azərbaycanda şəhərsalma və memarlıq sahəsində həyata keçirilən siyasət xüsusi əhəmiyyət daşıyır. 

Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı il Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilib. Bu qərar ölkəmizin zəngin şəhərsalma və memarlıq ənənələrinin qorunması ilə yanaşı, müasir çağırışlara cavab verən yeni yanaşmaların daha geniş tətbiqinə mühüm siyasi və ictimai diqqət yönəldir. "Şəhərsalma və Memarlıq İli" ilə bağlı təsdiq edilmiş tədbirlər planında qarşıya mühüm vəzifələr qoyulub. Bakıda və ölkənin digər şəhərlərində daha sağlam və dayanıqlı şəhər mühitinin formalaşdırılması, ətraf mühitin qorunması, parkların, küçələrin və ictimai məkanların yenidən qurulması, yaşıllıq zolaqlarının salınması kimi istiqamətlər müəyyən edilib. Bütün bunların mahiyyətində isə bir əsas məqsəd dayanır - insan üçün daha rahat, təhlükəsiz, sağlam və müasir yaşayış mühitinin yaradılması.

Azərbaycanın şəhərsalma siyasətinin hüquqi əsaslarına nəzər saldıqda bu yanaşmanı aydın görmək mümkündür. Şəhərsalma və Tikinti Məcəlləsində dövlət siyasətinin əsas məqsədi insanların həyat və sağlamlığının, əmlakının qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi, ətraf mühitin mühafizəsi, mədəni irsin qorunması, insan üçün əlverişli yaşayış, iş və istirahət mühitinin yaradılması xüsusi yer tutur. Bu yanaşma şəhərsalmanın mahiyyətini dəqiq ifadə edir. 

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair baş plan xüsusi əhəmiyyət daşıyır. Baş plan paytaxtın gələcək inkişafını vahid yanaşma əsasında müəyyənləşdirir. Sənəddə çoxmərkəzli şəhər inkişafı, dayanıqlı nəqliyyat sistemi, müasir infrastruktur, əlçatan mənzil təminatı, tarixi-mədəni irsin qorunması, ətraf mühitin yaxşılaşdırılması və insanların həyat keyfiyyətinin yüksəldilməsi mühüm prioritetlər kimi müəyyənləşdirilib. Paytaxtımız sürətlə inkişaf edən, əhalisi və iqtisadi fəallığı yüksək olan böyük bir şəhərdir. Belə şəhərin gələcəyini yalnız ayrı-ayrı tikinti layihələri ilə deyil, ümumi inkişaf konsepsiyası əsasında müəyyənləşdirmək mümkündür. Çoxmərkəzli şəhər modelinin əsas üstünlüklərindən biri də şəhərin bütün yükünün yalnız bir mərkəzdə cəmləşməsinin qarşısını almaqdır. 

Şəhərin inkişafı görünüşündə deyil, insanların gündəlik həyatında hiss olunmalıdır. Bu baxımdan, mühüm infrastruktur layihələri xüsusi əhəmiyyət daşıyır. Məsələn, 2026-cı ildə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsi məqsədilə 2026-2035-ci illəri əhatə edən dövlət proqramının təsdiq edilməsi şəhər infrastrukturunun uzunmüddətli inkişafı baxımından mühüm addımdır. Belə layihələrin əhəmiyyəti yalnız texniki göstəricilərlə ölçülmür, həm də onların nəticəsi vətəndaşın həyatında özünü göstərir - daha etibarlı su təminatı, yağış sularının idarə olunması, tullantı sularının səmərəli idarə edilməsi və daha sağlam şəhər mühiti. Deməli, müasir şəhərsalmanın uğuru həm də insanın gündəlik həyatında hiss etdiyi rahatlıqla ölçülür.

Dünyada şəhərsalma ilə bağlı əsas çağırışlardan biri də ekoloji dayanıqlılıqdır. Azərbaycanın şəhərsalma siyasətində də bu məsələyə xüsusi diqqət yetirilir. "Şəhərsalma və Memarlıq İli" çərçivəsində mövcud parkların və ictimai məkanların abadlaşdırılması, küçələrin yenidən qurulması, yaşıllıq zolaqlarının salınması kimi tədbirlərin nəzərdə tutulması bunun göstəricisidir. Yaşıllıq şəhərin sadəcə estetik görünüşünü dəyişmir, mühitin sağlamlığına, insanların istirahətinə və ekoloji tarazlığın qorunmasına xidmət edir. Bu səbəbdən gələcəyin şəhəri həm müasir, həm texnoloji, həm də yaşıl olmalıdır.

Azərbaycanın şəhərsalma siyasətinin digər mühüm istiqaməti milli memarlıq irsinin qorunmasıdır. Ölkəmizin qədim şəhərləri, tarixi abidələri və memarlıq nümunələri xalqımızın çoxəsrlik mədəniyyətinin canlı ifadəsidir. İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Şəkinin tarixi mərkəzi və digər memarlıq inciləri milli yaddaşımızın ayrılmaz hissəsidir. Müasir şəhərsalma ilə tarixi irsin qorunması bir-birinə zidd anlayışlar deyil, əksinə, müasir şəhərin gücü onun keçmişini qoruyaraq gələcəyə doğru inkişaf etməsindədir. Bu baxımdan, şəhərlərin müasir siması formalaşdırılarkən onların tarixi-mədəni xüsusiyyətlərinin nəzərə alınması mühüm şərtdir. Şəhərin siması yalnız bu gün tikilən binalarla deyil, əsrlər ərzində formalaşan mədəni irslə müəyyənləşir.

Ölkəmizin  şəhərsalma siyasətində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması da xüsusi yer tutur. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri yalnız dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması deyil, həm də müasir şəhərsalma prinsipləri əsasında yeni yaşayış mühitinin yaradılması baxımından böyük əhəmiyyət daşıyır. Burada qarşıya qoyulan əsas məqsədlərdən biri insanların doğma torpaqlarına qayıdışı üçün müasir, təhlükəsiz və rahat yaşayış şəraitinin yaradılmasıdır. İşğaldan azad olunmuş ərazilərdə qurulan şəhər və kəndlər Azərbaycanın gələcək şəhərsalma modelinin yeni nümunələrini də formalaşdırır. Dayanıqlılıq, ekoloji yanaşma, müasir infrastruktur və insan rahatlığı bu prosesin əsas istiqamətlərindəndir.

2026-cı ilin ölkəmiz üçün əhəmiyyətini artıran mühüm hadisələrdən biri də BMT-nin Məskunlaşma Proqramının Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının Bakıda keçirilməsidir. WUF13 çərçivəsində şəhərsalmanın gələcəyi, mənzil təminatı, inklüziv və dayanıqlı şəhər inkişafı kimi mühüm məsələlər müzakirə olunub. Bu tədbir Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi islahatların və irimiqyaslı layihələrin beynəlxalq müstəvidə təqdim olunması baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın belə mötəbər beynəlxalq tədbirə evsahibliyi etməsi ölkəmizin şəhərsalma sahəsində qazandığı təcrübənin beynəlxalq dialoqa çıxarılması üçün mühüm imkan yaradıb. Bu gün ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri onun sürətli inkişafını şəhər və yaşayış məntəqələrinin planlı inkişafı ilə uzlaşdırmaqdır.

Şəhərsalmanın son nəticəsi xəritədə, layihədə və ya statistik göstəricidə deyil, vətəndaşın həyatında görünür. İnsan daha rahat hərəkət edirsə, təhlükəsiz yaşayırsa, xidmətlərə asan çıxış əldə edirsə, ətrafında daha çox yaşıllıq görürsə, müasir infrastrukturdan istifadə edirsə və yaşadığı şəhərlə qürur duyursa, deməli, şəhərsalma siyasəti öz əsas məqsədinə çatıb. Bu gün Azərbaycanda həyata keçirilən şəhərsalma siyasətinin əsas mahiyyəti də məhz belə bir gələcəyə hesablanıb - müasir, dayanıqlı, yaşıl, təhlükəsiz  şəhərlər yaratmaq.

2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi bu istiqamətdə görülən işlərin daha da sistemli davam etdirilməsi üçün mühüm imkan yaradır. Cari il çərçivəsində müəyyən edilmiş tədbirlər isə şəhərsalma və memarlığın yalnız mütəxəssislərin deyil, cəmiyyətin bütün təbəqələrinin diqqətində olan mühüm inkişaf sahəsi olduğunu bir daha göstərir.

 

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib  

10:23
09 Oktyabr

Qızıl 70 dollaradək bahalaşıb

10:21
09 Oktyabr

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK  

10:20
09 Oktyabr

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb

10:20
09 Oktyabr

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

10:17
09 Oktyabr

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

10:16
09 Oktyabr

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir  

10:15
09 Oktyabr

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

10:15
09 Oktyabr

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb  

10:14
09 Oktyabr

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

10:13
09 Oktyabr

"Azəri-Çıraq-Günəşli"nin mavi yanacağı

10:10
09 Oktyabr

"Yəqin əlim dəyib…"

10:00
09 Oktyabr

Nardaran qalası

09:50
09 Oktyabr

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK  

09:41
09 Oktyabr

Müasir Azərbaycan şəhərləri: dövlət siyasətindən vətəndaş rifahına doğru

09:40
09 Oktyabr

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB  

09:31
09 Oktyabr

Bakının memarlıq simasında yeni mərhələ

09:30
09 Oktyabr

Vətəni sevməyin nümunəsi

09:20
09 Oktyabr

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL  

09:19
09 Oktyabr

Hadrut döyüşləri Zəfərimizin parlaq səhifəsidir

09:10
09 Oktyabr

ZƏFƏR gündəliyi

09:00
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!