Bir reallıq var - kim payız-qış mövsümünə vaxtında hazırlaşır küləkli-yağışlı, qarlı-şaxtalı havalarda çətinlik çəkmir, əlimyandıda qalmır. Ehtiyatlı, tədbirli olanlar isə qışın tədarükünü yayda görür. Hacıqabul rayonunun idarə və müəssisələri, əlaqədar təşkilatları da sınaq fəslində xeyli müddətdir hazırlaşırlar. Hələ bir neçə ay əvvəl RİH-də tədbirlər planı tərtib olunmuş, onun icra vəziyyəti ciddi nəzarətə götürülmüşdür.
Qeyd etmək lazımdır ki, son 3 il ərzində rayonun elektrik təsərrüfatında əsaslı dönüş yaranmışdır. Belə ki, 127 kilometrdən çox 0,4 kilovoltluq elektrik xətti "SİP" kabeli ilə əvəzlənmiş, 15,6 kilometr 6 kilovoltluq hava xətti dəyişdirilmiş, elektrik dirəkləri təzələnmiş, 9 yeni transformator yarımstansiyası quraşdırılmış, 5,2 mindən çox istehlakçı "SMART" kart tipli sayğaclarla təmin olunmuş, qəsəbə və kəndlərdəki 72 transformator cari, 32 transformator əsaslı şəkildə təmir edilmişdir.
Xəbər verildiyi kimi, 2010-cu ilin yay aylarında Kür çayının daşması ilə əlaqədar rayonun Meyniman, Xilə-Mirzə, Axtaçı, Talış və Kolanı kəndlərindəki elektrik xətlərinə xeyli ziyan dəymişdir. Amma energetiklərin gərgin əməyi nəticəsində həmin yaşayış sahələrinə elektrik enerjisinin verilməsində fasilələrə yol verilməmişdir. Bu və həyata keçirilən digər tədbirlər deməyə əsas verir ki, şəbəkənin kollektivi 2011-2012-ci ilin payız-qış mövsümündə rayon əhalisini fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edə biləcək.
Regionların sosial-iqtisadi inkişafı İkinci Dövlət Proqramına əsasən, Hacıqabul rayonunun təbii qaz təminatı sisteminin tam şəkildə yenidən qurulması işinə 2009-cu ilin oktyabr ayında start verilmişdir. Bir ildən sonra - 2010-cu ilin oktyabrında rayon mərkəzinin birpilləli qaz təminatı bərpa olunmuş və bütövlükdə 30 kəndə qaz xətti çəkilişinə başlanılmışdır. Artıq Rəncbər, Qarasu, Muğan, Paşalı 1, Paşalı 2, Şorbaçı, Cəngan, Qubalı-Baloğlan, Qızılburun kəndlərində "mavi alov" şölələnir. Yaxın vaxtlarda Navahi, Abdulabad və Atbulaq kəndlərinə də qaz xəttinin çəkilişi başa çatdırılacaq.
Qış mövsümünə hazırlıqla bağlı Qaz İstismarı Sahəsi üzrə bütün daşıyıcı, paylayıcı xətlərə, fərdi tənzimləyicilərə və digər avadanlıqlara texniki baxış keçirilmiş, nasazlıqların aradan qaldırılması üçün tədbirlər görülmüşdür. Bütün bunlar abonentlərin qazdan təhlükəsiz qaydada istifadəsinə imkan yaradır.
Məktəblərin payız-qış mövsümünə hazırlığı mühüm əhəmiyyət kəsb edir. Soyuq havalarda sinif otaqlarında normal istiliyin olması davamiyyətə, keçirilən dərslərin mənimsənilməsinə müsbət təsir göstərir. Bu mənada rayondakı təhsil müəssisələrinin qışa hazırlığı ilə bağlı bir sıra işlər görülmüşdür. Atbulaq, Rəncbər, Meyniman, Kolanı kənd tam orta məktəbləri əsaslı təmir olunmuş, Qubalı kənd orta, Xilə kənd ümumi orta məktəblərin dam örtüyü təzələnmişdir. Hacıqabul şəhər 4, 5, 6 saylı tam orta məktəbləri də cari təmir edilmişdir.
Bunlardan əlavə, məktəb binalarının elektrik sistemindəki nasazlıqların aradan qaldırılması, eləcə də cihaz, qurğu və avadanlıqlardan təhlükəsiz istifadəni təmin etmək üçün tədbirlər həyata keçirilmiş, istilik sistemi olmayan Ağacanlı, Meyniman, Navahi, Kolanı, Abdulabad və Tağılı kənd tam orta məktəblərində odun tədarükü görülmüşdür. İstilik sistemi olan məktəblərdə isə qazanxanalar yoxlanılaraq işlək vəziyyətə gətirilmişdir.
Seyran CAVADOV,
"Azərbaycan"