Lənkəranın daha iki kəndinə - Kərgəlan və Darquba kəndlərinə mavi yanacaq verilmişdir. Bu münasibətlə hər iki kənddə tədbir keçirilmişdir.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Kərgəlan və Darquba inzibati ərazi dairəsi üzrə nümayəndə Əflatun Əsgərov bildirmişdir ki, 3 min 300 nəfər əhalisi olan Kərgəlan kəndində 32 min 839 paqon/metr (pm) müxtəlif ölçülü dəmir və polietilen boru xətti çəkilmiş, 807 sayğac quraşdırılmışdır. 1014 nəfər vətəndaşın yaşadığı Darquba kəndində isə 10 min 162 p/m boru xətti çəkilmiş, 278 sayğac qoyulmuşdur.
Tədbirdə Kərgəlan kənd sakinləri Yusif Paşayev, şəhid atası Rəhim Əliyev, Darquba kənd sakinləri Reyhanə Sadıqova, Samirə Ağayeva, kənd məktəbinin müəllimi Nəzakət Baxşıyeva və başqaları çıxış edərək ürək sözlərini söyləmişlər. 23 illik fasilədən sonra kəndlərinə yenidən təbii qazın verilməsindən sevinc hissi keçirdiklərini, onlara göstərilən yüksək diqqət və qayğıya görə bu işdə əməyi olan hər kəsə minnətdarlıqlarını bildirmişlər.
Mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ölkəmizdə, o cümlədən rayonda qaz təchizatı sisteminin yenidən qurulması istiqamətində aparılan genişmiqyaslı işlərdən, rayonun sosial infrastrukturunun yaxşılaşdırılması üçün icra edilən bir sıra dövlət əhəmiyyətli layihələrdən və dövlət başçısının imzaladığı sərəncam və fərmanların əhəmiyyətindən danışmışdır.
Sonda təbii qazın verilişini bildirən rəmzi məşəl alovlandırılmışdır.
Seyran CAVADOV,
"Azərbaycan"