12 İyun 2026 09:25
767
Mədəniyyət
A- A+
Çətinliklərdən ümidə doğru...

Çətinliklərdən ümidə doğru...


Övladlar həmişə atalarının yolu ilə gedir, onların yarımçıq qalmış işlərini davam etdirir, işıqlı ideyalarını həyata keçirirlər. Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin qızı Qəribsoltan Məlikova da atasının ölümündən sonra müəllim və maarif xadimi kimi onun yolunu davam etdirmişdir. 

Azərbaycanın görkəmli maarif xadimi, Azərbaycan SSR-in Əməkdar müəllimi, Qəribsoltan Məlikovanın 140 yaşı tamam olur. Bu fədakar maarif xadiminin keçdiyi faciələrlə dolu ömür yolunu vərəqlədik. Öyrənirik ki, Qəribsoltan Həsən bəy qızı Məlikova 11 iyun 1896-cı ildə Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhərində) dünyaya göz açmışdı. Əvvəlcə Tiflisdəki rus-qız gimnaziyasında oxumuş, sonra təhsilini anası Hənifə xanımın 1901-1905-ci illərdə direktoru olduğu nümunəvi qız məktəbində davam etdirmişdi. Qızını dünyalar qədər sevən, həmişə onun uğurlarına sevinən Hənifə xanım fəxr və qürurla deyirdi ki, Qəribsoltan 1914-cü ildə İmperator Üçüncü Aleksandr adına Birinci Bakı kişi gimnaziyasının Pedoqoji Şurasında bütün sınaqlardan keçmiş, xalq məktəblərinin müəllimi adına layiq görülmüşdür.

Bacarığı və çalışqanlığı ilə müəllim adını aldıqdan sonra Qəribsoltan xanımın həyatının ən gözəl günləri başlamışdı. O, 1915-ci ildən 1918-ci ilədək Bakıdakı Rus-Tatar (rus-Azərbaycan) qız məktəbində dərs demiş, 1918-1920-ci illərdə isə Rus-Tatar qız gimnaziyasında müəllim işləmişdir. 

Həsən bəy Zərdabinin  böyük əziyyətlər və zəhmətlər bahasına yaratdığı və nəşr etdirdiyi "Əkinçi" qəzetinin "zərərli ideyalar" yayıcısı kimi ittiham olunub yasaq edilməsi, atasının "burjua jurnalisti", "qəzet sahibkarı" adlandırılması ailə üzvlərinin gündəlik həyatlarının əvvəlki nizamını pozmuşdu. Qapılarını döyməkdə olan repressiya səbəbindən Qəribsoltan Məlikova sakit həyat sürmək, təhlükədən uzaq olmaq üçün Gəncəyə getmiş, bir müddət Şəmkirdə müəllim işləmişdir.

Günlərin birində Qəribsoltan xanım atası Həsən bəylə, anası Hənifə xanımla bağlı xatirələrini yazmağa başlayır. Onlarla birgə keçirdiyi illər ərzində gördüyü, şahidi olduğu maraqlı hadisləri tarixin yaddaşında qalması üçün qələmə alır. Bu addımı ilə övladlıq borcunu yerinə yetirdiyindən daxilən rahatlıq tapır. Qəribsoltan Məlikovanın yazdığı "Atam haqqında xatirələrim" tariximizi öyrənmək baxımından da çox dəyərlidir. Bu xatirələr sanki keçmişi özündə əks etdirən güzgüdür. Qəribsoltan xanım xatirələrinin birində yazırdı: "Atam qonaq qəbul etməyi çox sevirdi... Atam onda "Kaspi" qəzetinin redaksiyasında işləyirdi. Bir dəfə o, qulluqçusunu evə göndərərək anama xəbər verdi ki, redaksiyaya onun yanına Rusiyadan qonaqlar gəliblər və onları hörmətlə qarşılamaq lazımdır. Anam bu xəbəri bizə çatdırdı. Biz təzə paltarlarımızı geyindik. Axşam atam qonaqlarla birlikdə evə gəldi, anam onları eyvanda qarşıladı. Anamın rus dilində mükəmməl danışmağı onların çox xoşuna gəldi. Onlar gecə yarısına qədər oturdular... Atam yalnız səhər bizə dedi ki, qonaqlardan biri yazıçı Maksim Qorki, o biri isə məşhur müğənni Şalyapin idi".

Həyat heç də həmişə insanın üzünə gülmür, bəzən rahatlığını əlindən alır, ona acılar yaşadır. Qəribsoltan xanımın da həyatı çətinliklər içindən işığa, ümidə doğru yol keçmişdi. Başı elmə, təhsilə qarışdığından ailə həyatı qurmamışdı. 1929-cu ildə anası Hənifə xanımı itirmişdi. Bundan sonra qapısını çətinliklər döyməyə başlamışdı. Böyük qardaşı Midhəd bəy 1937-ci ildə repressiyanın qurbanı olmuşdu. O, Almaniyada oxumağa göndərilmiş cümhuriyyət tələbələrindən biri idi. Müxtəlif zamanlarda Bakıda, Gəncədə yaşamışdı. Sonra da ermənilərin donosu və üzə durması nəticəsində 1937-ci ildə güllələnmişdi.

Qəribsoltan xanım ömrünün sonuna qədər kiçik qardaşı Səffət bəylə əlaqə saxlaya bilməmişdi. Səffət bəy əvvəlcə Fransada, sonra Türkiyədə yaşamış, təhsilini başa vurduqdan sonra Bakıya dönməmişdi, həbs olunacağından ehtiyat etmişdi. Qəribsoltan xanım Parisdə yaşayan bacısı Pəri xanımın başına nələr gəldiyindən xəbərsiz olmuşdu. Pəri xanım Topçubaşova Fransada mühacirətdə vətən həsrəti ilə yaşamış və geri dönə bilməmiş, 1947-ci ildə orada vəfat etmişdi. Həyatının son illərində Pedaqoji İnstitutun Fizika kafedrasının müdiri vəzifəsində işləyən qardaşı oğlu Rəhim bəy isə 1936-cı il fevralın 23-də Bakıda dünyasını dəyişmişdi. Amansız həyat bütün acıları bu qadına göstərmişdi. Amma Qəribsoltan xanım üzləşdiyi acılarla mübarizə apara-apara çətinliklə də olsa, ömür yoluna davam etmişdi. 

1937-ci ildə onun qapısını daha bir acı xəbər döydü. Məlum oldu ki, yeni çəkilən Bakı-Salyan şose yolu Şıx kəndindəki Bibiheybət məscidinin ətrafında yerləşən qəbiristanlıqdan keçəcək. Bildirilmişdi ki, kim istəsə, doğmalarının, yaxınlarının məzarını başqa yerə köçürə bilər. Bu acı xəbəri eşidən Qəribsoltan xanım rahatsız olur, atasının nəşini köçürmək üçün yollar axtarır. Amma nə qədər götür-qoy etsə də, üz tutmağa kimsəni tapmır. Çıxış yolunu cənazəni qəbirdən çıxarmaqda görür. Elə də edir. Pul verib iki nəfər fəhlə tutur. 1937-ci ilin payızında mərhumun cəsədinin qalıqları yeşiyə yığılır və Bayıla gətirilir. Buradan isə tramvayla Qəribsoltan xanımın evinə aparılıb ona təhvil verilir. Atası - Həsən bəy Zərdabinin sümükləri bir neçə il onun mənzilində qalır. Sonra çox çətinliklə də olsa, cənazənin qalıqlarını anası Hənifə xanımın yanında dəfn edə bilir.

Üzləşdiyi bütün çətinlik və iztirablara baxmayaraq, Qəribsoltan xanım müəllim kimi fəaliyyətini davam etdirmişdi. Xalqın övladlarının maariflənməsi üçün bir pedoqoq kimi üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlmişdi. Müəllimlik peşəsinə həmişə sadiq qalmış, məsuliyyətlə yanaşmışdı. Vətənpərvər müəllim Azərbaycanda Sovet hakimiyyəti qurulan ilk illərdə yeni yaradılan məktəblərin, savad kurslarının təşkilində yaxından iştirak etmiş və qabaqcıl pedaqoq kimi respublikada maarifin inkişafı, genişlənməsi naminə əlindən gələn hər şeyi etmişdir. Onun uzunmüddətli, qüsursuz pedaqoji fəaliyyəti zaman-zaman dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Qəribsoltan Məlikova maarif sahəsində fəaliyyətinə görə 1948-ci ildə Azərbaycan SSR-in Əməkdar müəllimi fəxri adına layiq görülmüş, "Lenin" ordeni ilə təltif olunmuşdur. Qəribsoltan xanım 1956-cı ilədək müəllim işləmiş, peşəsinin sevimlisi olmuşdur. Elmi bilikləri gənclərə böyük sevgi ilə tədris etmişdir.

Bütün mənalı ömrünü xalqının maariflənməsinə, təhsilli olmasına sərf edən, məqsəd və amalına hamişə sadiq qalan, iztirablarla dolu həyat yaşayan Qəribsoltan Məlikova 1967-ci il mart ayının 9-da Bakıda dünyasını dəyişmişdir. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Siyasi fikir, diplomatik dialoq və qlobal media mərkəzi

08:25
15 İyul

Azərbaycanın gələcəyə baxışını beynəlxalq ictimaiyyətə təqdim edən platforma

08:20
15 İyul

Quruculuq və təhlükəsizliyin vəhdəti regionda davamlı sülhün yaranmasına təminatdır

08:15
15 İyul

Azərbaycan və Slovakiya arasında münasibətlər qarşılıqlı etimad üzərində qurulub

08:10
15 İyul

Parlamentin növbədənkənar sessiyası başa çatdı

08:05
15 İyul

XXI əsrin çağırışlarına Şuşadan verilən cavab

08:00
15 İyul

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

18:14
14 İyul

Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

18:09
14 İyul

Müstəqil xarici siyasətin dəyişməz prinsipləri

17:54
14 İyul

Baş nazir Əli Əsədov “Damen Shipyards Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb

17:49
14 İyul

Milli Məclisin sədri Qətərə səfər edib

17:25
14 İyul

Azərbaycan və Slovakiyanın daxili işlər nazirləri əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar

17:19
14 İyul

IV Şuşa Qlobal Media Forumu başa çatıb

16:21
14 İyul

ŞUŞADAN DÜNYAYA BAXIŞ

16:00
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!