Fransız kinosunun əfsanəsi Brigitte Bardonun həyatdan köçməsindən sonra onun şəxsi əşyaları son dəfə böyük maraq doğurdu. Sadə görünən it xaltaları, gitaralar və uşaqlıq xatirəsini əks etdirən oyuncaqlar hərracda ilkin qiymətlərini dəfələrlə üstələdi. Amma bu satışın ən qiymətli tərəfi rəqəmlər deyil, həmin pulların hara gedəcəyidir...
Fransız aktrisa Brigitte Bardonun (1934–2025) şəxsi əşyaları hərracda ümumilikdə 954 min avroya satılıb. “Le Figaro”nun hərracı təşkil edən Millon hərrac evinə istinadən yaydığı məlumata görə, əldə olunan məbləğ əşyaların ilkin qiymətləndirilən ümumi dəyərindən təxminən 20 dəfə çoxdur.
Hərracda ən böyük sürprizlərdən biri iki it xaltasının satışında yaşanıb. Cəmi 30 avro ilkin qiymət qoyulan lot uğrunda rəqabət nəticəsində qiymət 9,4 min avroya yüksəlib. Xaltaları Rusiyadan olan, adı açıqlanmayan alıcı əldə edib. Bardonun həyatından qalan digər əşyalar da kolleksiyaçıların diqqətindən yayınmayıb.
İlkin qiyməti 300 və 500 avro olan iki gitara müvafiq olaraq 8,6 min və 11,9 min avroya satılıb. Cəmi 30 avrodan başlayan üç suiti formasında yumşaq oyuncaq isə hərracın sonunda 2,2 min avroya alıcı tapıb.
Rəqəmlər heyrətləndiricidir. Ancaq bu hərracın əsl hekayəsi rəqəmlərin arxasında gizlənir. Çünki bir vaxtlar Bardonun əlində olan, evində istifadə etdiyi, həyatının hansısa səssiz gününə şahidlik edən bu əşyalar indi artıq başqa insanların yaddaşına köçüb. Onların hər biri aktrisanın uzun və rəngarəng həyatından qalan kiçik bir parçadır.
91 yaşında dünyasını dəyişən Bardonun kino tarixində qoyduğu iz qədər, heyvanlara olan sevgisi də onun irsinin mühüm hissəsidir. Məhz buna görə hərracdan əldə olunan vəsaitin taleyi satışın özündən daha mənalıdır. 954 min avronun hamısı Brigitte Bardonun adını daşıyan fonda köçürüləcək. Aktrisanın sağlığında yaratdığı fond vəhşi heyvanların müdafiəsi və onlara yardım göstərilməsi istiqamətində fəaliyyət göstərir.
Beləliklə, bir vaxtlar onun şəxsi dünyasına aid olan əşyalar bu gün başqa bir həyatın xilasına xidmət edəcək. Bəlkə də Bardonun əşyaları üçün bundan daha gözəl sonluq təsəvvür etmək çətindir. Çünki bəzi əşyalar hərracda satılır, amma onların hekayəsi satılmır.
Bəzən bir xatirənin qiyməti avro ilə ölçülür, onun əsl dəyəri isə bir canlının həyatına çevrilir.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”