Son 17 ildə Azərbaycan tarix boyu ən güclü
dəyişiklikləri yaşadı. Ölkə Prezidenti "yeni qaydalarla yaşamaq” şüarını şüar olmaqdan
çıxarıb yeni metodlarla gerçəkliyə çevirdi. Dəyişikliklərin fonunda ölkədə həqiqi
lider, həqiqi Prezident və həqiqi Ali Baş Komandanın Azərbaycanı yeni hədəflərə
doğru irəli apardığını artıq onun tənqidçiləri belə inkar edə bilmirlər. Prezident
İlham Əliyev Azərbaycanda hakimiyyətin simasını dəyişməyə, eyni zamanda sistemi
müasir standartlara uyğun çalışdırmağa müvəffəq olmaqla yanaşı, yeni siyasi dəyişim
mədəniyyətinin əsasını qoydu.
Azərbaycan xalqı kimi yerli və xarici ekspertlər
də İlham Əliyevi yüksək siyasi iradə sərgiləyən novator Prezident kimi dəyərləndirirlər.
Onun xarici siyasət sahəsində uğurları danılmazdır. Beynəlxalq arenada olduqca əmin
və inandırıcıdır, əsl diplomatdır. Bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq aləmdə
bir-birinin ardınca parlaq qələbələrə imza atır. Ümummilli Lider Heydər Əliyevin
müəyyən etdiyi və bu gün Prezident İlham Əliyevin əzmlə həyata keçirdiyi strateji
inkişaf kursu sayəsində tarixinin ən parlaq mərhələsini yaşayan Azərbaycan dövlətinin
sosial-iqtisadi uğurları, obyektiv olaraq, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal
Rəqabətlilik Hesabatı”nda yüksək dəyərləndirilmişdir.
Qlobal reytinqinə əsasən, 190 ölkə arasında Azərbaycan, Avstriya, İspaniya, Fransa,
Polşa, Çexiya, Qazaxıstan, və s. ölkələri geridə qoyaraq 25-ci yerdə qərarlaşmışdır.
Ölkəmiz 20 ən islahatçı dövlət sırasına daxil olmuşdur. Sadalananlar Prezident İlham
Əliyev tərəfindən aparılan innovasiyayönümlü islahatların nəticəsidir.
Bununla yanaşı, son aylarda dünyanı diz üstə
çökdürən COVID-19 pandemiyası ilə mübarizə
prosesində də Azərbaycanın vaxt udaraq hadisələrin ən qorxulu inkişaf ssenarisini
əngəlləməsi ölkənin yüksək səviyyədə idarə edilməsinin bariz göstəricisi idi. Bu,
ilk növbədə Prezident İlham Əliyevin alovlanmağa başlayan prosesə çevik reaksiyası,
qabaqlayıcı tədbirlərlə bağlı qərarların zamanında və kifayət qədər olması ilə şərtlənir.
Heç şübhəsiz bir sıra ekspertlərin də ümumi rəyinə görə, bu gün bir çox ölkələrdə
baş verənlər gələcək nəsillər tərəfindən fəlakətə yol açan uğursuzluq kimi öyrəniləcəkdir.
Bu şəraitdə Azərbaycanda səmərəli idarəetmə,
qərarların razılaşdırılması prosesinin sadələşdirilməsi sayəsində hazırkı vəziyyət
və siyasət "qızıl saat” tələsinə düşmədi.
İctimaiyyət ölkə rəhbəri və Birinci vitse-prezidentin öz dilindən baş verənlərə
adekvat reaksiyanın şahidi oldu. Eyni zamanda proseslər ölkə rəhbərliyinin fors-major
situasiyalarda mərkəzi və yerli icra hakimiyyətlərinin yaranmış problemə düzgün
və səmərəli reaksiyası üçün dəqiq antiböhran tədbirləri ortaya qoydu. Burada söhbət
fors-major hallarda sadə və hər səviyyə üçün aydın standart tədbirlər alqoritmindən
gedir. Aydındır ki, dinamik qeyri-müəyyənlik şəraitində gələcəyi görmək olduqca
mürəkkəb məsələdir. Ancaq Prezident İlham Əliyev, ölkənin vəzifəli şəxsləri bu vəziyyətdə səmərəli antiböhran kommunikasiyası
qurmaqla böhranı önləmə texnologiyası tətbiq etdi. Düzgün kommunikasiya kanallarının
seçilməsi, operativ reaksiya, taktiki gedişlər, aşkarlıq sayəsində istənilən təhlükə
ilə mübarizədə ən vacib və ilkin resurs olan hakimiyyət və cəmiyyət arasında etimad
təmin edildi. Təsadüfi deyil ki, dövlət başçısının həm problemin çözülməsinə, eyni
zamanda kiçik və orta sahibkarlığın dəstəklənməsinə, məşğulluğun təmininə, əhali
qarşısındakı sosial öhdəliklərin yerinə yetirilməsinə yönəlik tədbirləri beynəlxalq
qurumlar tərəfindən də yüksək qiymətləndirildi. Bütövlükdə qeyd etmək lazımdır ki,
dünyanın iqtisadi nəhənglərini diz üstə qoyan "gözəgörünməz” düşmənlə mübarizədə
zaman etibarilə ölkəmizdə əldə edilən taktiki qələbəni şərtləndirən səbəblər sırasında
həm zamanında verilən strateji qərarları, həm də indiyədək səhiyyənin, bütövlükdə
sosial sahənin inkişafına qoyulan sərmayələri, önləyici tədbir və layihələri də
göstərmək olar. Əslində, bu, həm də Azərbaycanda bütün səviyyədə dövlət strukturlarının
çevik, səmərəli, peşəkar fəaliyyətinin, dövlət qulluğu sisteminin işinin düzgün qurulmasının nəticəsi idi.
Bəlli olduğu kimi, dövlət qulluğu dövlət
idarəçiliyi sistemində aparıcı yer tutur və dövlət idarəçiliyinin səmərəliliyini
təmin edən başlıca mexanizmdir. Bu, bütün dünyada qəbul edilən faktdır ki, istənilən
dövlətin imici dövlət qulluğu sisteminin inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsindən
birbaşa asılıdır. Birmənalı olaraq, bu sahədə dəyişikliklər "hər bir dövlət qulluqçusunu
dövlət işə götürür” təfəkkürünün formalaşdırılması və "dövlət vəzifəsini ən layiqli
namizədlər tutmalıdır” prinsipinin işləməyə başlamasına əsaslanır. İstənilən zaman
və məkanda dövlət qulluğu sisteminin gələcəyini müəyyən edən meyarlar bunlardır.
Günümüzdə ölkələr arasında gərgin rəqabət
ona gətirib çıxarıb ki, mürəkkəb çağırışlara çevik reaksiya verəcək və yeni yanaşma
ortaya qoya bilən dövlət qulluğunun səriştəsi məsələsi ön plana çıxır və konkret
dövlətin beynəlxalq müstəvidə rəqabətqabiliyyətliliyinə birbaşa təsir edir.
Bu gün Azərbaycan Respublikasının dünyanın
lider ölkələri sırasına güclü keçidi Prezident İlham Əliyevin səriştəli idarəçiliyi
sayəsində optimal və innovativ təşkili təmin olunan dövlət qulluğu sisteminin sayəsində
mümkün olub. Hazırda Prezident İlham Əliyevin yeni idarəçilik paradiqması və çağırışlara
uyğun, innovasiyalara açıq islahatları sayəsində ölkədə dövlət qulluğunun hüquqi
tənzimlənməsi məsələləri həllini tapıb, kadr siyasətinə vahid yanaşma ortaya qoyulub,
kadr resurslarının cəlbi, saxlanması və inkişafı mexanizmləri işlənib, motivasiya,
fəaliyyətin qiymətləndirilməsi mexanizmləri üçün zəmin formalaşıb və etik məsələlərin
populyarlaşdırılması ilə korrupsiya risklərinin minimallaşdırılmasına nail olunub.
Azərbaycan digər ölkələrin təcrübəsi və yanlışları əsasında uğurlu dövlət qulluğu
modeli yaratmaq şansından maksimum faydalanıb. Və nəticə etibarilə, Azərbaycan siyasi,
iqtisadi, sosial, humanitar sahələrdə inkişaf templərinə görə dünyada analoqu olmayan
özünəməxsus bir inkişaf modeli ortaya qoyub və artıq intensiv inkişaf dövrünü yaşayır.
Bu arada xüsusi vurğulamaq lazımdır ki, dövlət siyasətinin məqsədlərinin uğurla
reallaşdırılmasında dövlət qulluğu başlıca alət kimi çıxış edir. Azərbaycanda dövlət
aparatının təkmilləşdirilməsi sahəsində görülən işlərin kökündə isə düzgün kadr
siyasəti dayanır. Azərbaycan dövlətinin həyatında keyfiyyətcə yeni mərhələyə yol
açan cənab Prezident "qara qızılı insan kapitalına çevirək” deməklə, əslində, insan
resursunu bütün sahələrdə inkişafın aparıcı lokomotivi kimi müəyyənləşdirib. Əslində,
bu deyilənlər ilk növbədə dövlət qulluğunda çalışanlara şamil edilməlidir. Çünki
dövlət qulluğu dövlət idarəçiliyinin başlıca komponentlərindən biridir və dövlət
quruculuğu və ümumiyyətlə, inkişaf proseslərinin avanqardı da məhz dövlət qulluqçuları olmalıdır. Və ilk növbədə
onların kreativ düşünmək bacarığı, yaradıcılıq enerjisi sayəsində Azərbaycan cənab
İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərə çataraq yeni innovativ-texnoloji
təkamül möcüzəsi sərgiləyə bilər.
Azərbaycanın yeni təfəkkürə malik lideri
və gələcəyi proqnozlaşdıran, yönləndirən əsl rəhbəri imicini ləyaqətlə daşıyan Prezident
İlham Əliyev "Yeni hökumətdə müasir dünyagörüşünə malik olan gənclər, eyni zamanda
təcrübəli kadrlar təmsil olundular və biz onların rəhbərlik etdikləri sahələrdə
islahatların artıq yaxşı nəticələrini görməyə başladıq. Prezident Administrasiyasında çox ciddi struktur və kadr
islahatları aparıldı, yeni simalar gətirildi. Yerli icra orqanlarında kadr dəyişikliyi
aparılır və aparılacaq. 21-ci əsrdə köhnə baqajla nailiyyət əldə etmək mümkün deyil”
- deməklə əslində çağdaş dönəmin prioritetlərini dəqiqliklə ifadə edib və günümüzdə
dövlət və onun institutlarının davamlı inkişafı üçün şəraitin yaradılmasında rolunun
diqqət mərkəzində saxlanıldığını bir daha təsdiqləyib. Bu reallıq ictimai-siyasi
həyatın fərqli sahələrindəki dinamiklik, beynəlxalq arenada qüvvələr balansındakı
əhəmiyyətli dəyişikliklər, çağdaş dövlətlərin üzləşdiyi yeni çağırış və təhdidlərin
çoxluğu, inkişafın ssenarili proqnozlaşdırılması ilə bağlıdır. Bu arada davamlı
inkişafın təmininin trend olmasına baxmayaraq, indiyədək dövlətin sözügedən prosesdə
bilavasitə rolu ilə bağlı məsələlər hələ də açıq qalmaqdadır. Bu gün səmərəli və
peşəkar hökumətin yaradılması Azərbaycan Respublikasında dövlət qulluğu islahatlarının
prioritet istiqamətlərindəndir. Qeyd etmək lazımdır ki, ölkəmizdə dövlət qulluğunun
optimallaşdırılması sahəsində əsaslı nailiyyətlər əldə edilib. Bununla yanaşı, cəmiyyətin
inkişafı, şəraitin dəyişilməsi və müasir çağırışlar fonunda əhalinin həyat səviyyəsi
keyfiyyətinin yüksəldilməsi məqsədilə dövlət və vətəndaşların qarşılıqlı münasibətlərində
dəyişikliklərin qiymətləndirilməsinə zərurət var. Eyni zamanda "Milli iqtisadiyyat
və iqtisadiyyatın əsas sektorları üzrə "Strateji yol xəritələri”ndə Azərbaycanın
innovativ, sosialyönümlü inkişaf tipinə keçidinin zəruriliyi qeyd olunur. Bu isə
öz növbəsində dövlət qulluğunun yeni formatda
inkişafını şərtləndirir. İslahatların gerçəkləşdirilməsi yeni nəsil dövlət qulluqçularının
formalaşdırılmasına, cəmiyyətdə kök salmış stereotiplərin aradan qaldırılmasına
və dövlət qulluğunun müsbət imicinin təsdiqlənməsinə, həmçinin dövlət və vətəndaşlar
arasında qarşılıqlı əlaqənin yeni formalarının kultivasiyasına yönəlik kompleks
transformasiyanı nəzərdə tutur. Bu sırada
texniki tərəqqi də mühüm rol oynayır. O, dövlət sektorunun idarə edilməsi sahəsində
yeni yanaşma, mexanizm və prinsiplərin tətbiqi üçün güclü stimuldur.
Azərbaycanda
dövlət qulluğu sistemində islahatların uğuru ilk növbədə dövlət sektorunda dəyişiklikləri
və inkişafı şərtləndirən amillərin düzgün
müəyyənləşdirilməsi ilə birbaşa bağlıdır. Ölkədə inzibati sistemdə və dövlət
qulluğunda islahatlara aşağıdakı faktorlar da təsir göstərib: dövlət xərclərinin
ixtisar edilməsi, siyasi qərarlar və onların reallaşdırılması səmərəliliyinin yüksəldilməsi,
dövlət qulluğunun cəlbediciliyi və imicinin yüksəldilməsi, dövlət xidmətləri sisteminin təkmilləşdirilməsi
və vətəndaşların, özəl sektorun iqtidara inamının möhkəmləndirilməsi istəyi. Eyni
zamanda xarici təcrübənin ümumiləşdirilib sistemləşdirilməsi və Azərbaycan şəraitinə
uyğunlaşdırılması prosesində konkret təkliflər, elmi-praktik tövsiyələr verilib.
Azərbaycan Respublikasında ictimai-siyasi və sosial-iqtisadi sahələrdə qeydə alınan
dəyişikliklər əhalinin tələbatlarının ödənilməsinə və keyfiyyətli dövlət xidmətlərinin
təklif olunmasına yönəlik yeni dövlət idarəçiliyi sisteminin formalaşması ilə bağlıdır.
Bu, dövlət idarəçiliyi metodologiyası və təcrübəsinə dəyişikliklərin edilməsi, bütövlükdə
davamlı və kompleks inkişafın reallaşdırılması məqsədilə yeni vasitə və metodların
axtarışını tələb edir. Dövlət qulluğu islahatları ictimai sektorda islahatların
tərkib hissəsidir. Birmənalı olaraq, ictimai sektorun inkişafı proqramları arasında
dövlət qulluğu institutunun sistemli və struktur dəyişiklikləri xüsusi yerə malikdir.
Belə ki, dövlət qulluqçuları islahatların təkcə obyekti deyil, həm də subyektləridir. Dövlət aparatı ictimai sektordakı bütün islahatlara
məsuldur və onun fəal iştirakı olmadan heç bir islahat reallaşdırıla bilməz. Ümumiyyətlə,
dövlət qulluğu institutu dövlət idarəçiliyi sisteminin səmərəliliyinin fundamental
elementidir.
Dövlət qulluğu
institutunun təkmilləşdirilməsinin əsas istiqaməti vətəndaş cəmiyyətinin inkişafı
və dövlətin qüdrətlənməsi naminə dövlət qulluğu keyfiyyəti və səmərəliliyinin köklü
şəkildə yüksəldilməsidir. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyevin konturlarını
dəqiq müəyyənləşdirdiyi siyasi xətt çərçivəsində rəqabətədavamlı, səmərəli dövlət
institutları formalaşdırılıb. Onlar bu gün sosial-iqtisadi siyasətin formalaşdırlmasına
və reallaşdırılmasına maraqlı subyektlərin cəlb olunması ilə cəmiyyətin yeni inkişaf
modelini qurmağa, dövlətin inkişafının dinamikası
və yüksək səviyyəsini təmin etməyə, korrupsiya səviyyəsinin azaldılması sayəsində
onun institutlarının fəaliyyət səmərəliliyini yüksəltməyə, dövlət idarəçiliyinin
bütün səviyyələrində qərar qəbulu zamanı sosial qrupların maraqlarını müəyyənləşdirməyə,
strukturlaşdırmağa və nəzərə almağa, həmçinin qəbul edilmiş və reallaşdırılmış qərarlara
görə məsuliyyət daşımağa, vətəndaş cəmiyyəti, biznes strukturları ilə ictimai həyatın
önəmli məsələləri ətrafında bərabər dialoq aparmağa, vətəndaşların dövlət qulluğuna
və dövlət institutlarına inamını təmin etməyə və dəstəkləməyə, Azərbaycanın inkişafı
ilə bağlı bütün məsələlərdə geniş ictimai konsensusa nail olmağa müvəffəq durumdadır. Bu sahədə tədbirlər kompleksini yekunlaşmış hesab
etmək düzgün olmazdı. O səbəbdən ki, dövlət qulluğu institutunun təkmilləşdirilməsi
prosesi tsiklik və mürəkkəbdir, həmçinin dövlət və ictimai sistemlərin inkişafı
prosesindən və nəticələrindən asılıdır. Azərbaycan Respublikasında dəqiq müəyyən
edilmiş konsepsiyaya görə, dövlət qulluğunda önləyici inkişafa yönəlik proqramlar
gerçəkləşdirilir. Dövlət qulluğu sisteminin önləyici inkişafı xarici ölkələrin müsbət
örnəyinin ümumiləşdirilməsi və nəzərə alınmasına, cəmiyyətin müxtəlif təbəqələrinin,
ekspert və dövlət qulluqçularının mövqeyinin göz önündə tutulmasına əsaslanıb. Nəticə
etibarilə sabaha yönəlik iş quran dövlət qulluğu sisteminin formalaşması digər sahələrdə
islahatları səmərəli reallaşdıra biləcək səriştəli kadrların yetişməsini təmin etməyə
imkan verib. Əgər biz əvvəllər yaxşı dövlət qulluqçusu deyə bütün göstəriş, təlimatları
gerçəkləşdirən, zəruri zaman kəsiyində işdə olub zəruri miqdarda sənəd gözdən keçirənləri
nəzərdə tuturduqsa, indi cəmiyyət və vətəndaşların dövlət qulluqçularından tələbləri
daha fərqlidir. Biz artıq ictimai əhəmiyyətli layihələrlə, vəzifələrin yerinə yetirilməsi
ilə maraqlanırıq. Bu isə dövlət qulluqçusu obrazının əsrlik şablonundan uzaqlaşmaq
kimi psixoloji dəyişiklikdir.
Ölkədə bütövlükdə
dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqçularının
islahatlar prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması,
dövlət qulluqçularının fasiləsiz təhsil mexanizmlərinin konkretləşdirilməsi, motivasiya
səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, vahid vakansiyalar bazasının formalaşdırılması,
dövlət qulluğu sahəsində vətəndaş-icmaiyyət nəzarəti metod və formalarının gələcək
inkişafına dəstək, peşəkar vərdişlərin toplanması
və ötürülməsi texnologiyası kimi mentorluq sisteminin inkişafına hesablanmış tədbirlər, dövlət qulluğunun fəaliyyətində səmərəliliyin
əldə edilməsinin vacib şərti kimi onun səriştəli idarə edilməsi sisteminin qurulması,
dövlət qulluğu institutunun inkişafı və təkmilləşdirilməsinə keyfiyyətli ekspert
dəstəyinin təmin olunmasının önəmli rolu var. Yeni addımlar sırasında Birinci vitse-prezident
institutunun təsis edilməsi və bu yüksək vəzifəyə Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın təyin olunması da xüsusi əhəmiyyət kəsb edir. Məhz onun
fəaliyyətinin nəticəsi olaraq ölkəmizdə dövlət qulluğu təkcə hüquqi və təşkilati
deyil, həm də publik və sosial institut imici qazana bilib. Bu gün dövlət aparatı
qarşısında daha səmərəli, mobil və vətəndaşlara yönəlik, daim təkmilləşən instituta
çevrilmək kimi bir çağırış var. Bu institutun başlıca kapitalı insanlardır. Peşəkar
insanların uzunmüddətli karyeralarını dövlət
aparatı ilə bağlamaları üçün dövlət qulluğu həm "daxildən”, həm də "xaricdən” cəlbedici
iş yerinə çevrilməlidir. Bunun üçün dövlət qulluğunda yeni yanaşmaların tətbiqi
zəruri tələb kimi qarşıya qoyulub. Öncə dövlət qulluğunun cəlbedici işəgötürən kimi
formalaşması üçün tədbirlər gerçəkləşdirilib, dövlət qulluqçularının sosial təminatları
ilə bağlı bir çox məsələlər həllini tapıb. Dövlət qulluğunun cəlbediciliyinin yüksəldilməsi
məqsədilə dövlət aparatının təşkilati mədəniyyəti daha çevik proses deyil, nəticəyə
yönəlik və innovativ yanaşmalara açıq duruma gətirilib. Eyni zamanda yeni çağırışlar
fonunda dövlət qulluqçularının potensialı və bacarıqlarının inkişafı, həmçinin dövlət
qulluğunda insan resurslarının idarə edilməsinə yönəlik texnologiyaların tətbiqinə
başlanılıb, meritokratiya prinsiplərinin gücləndirilməsi prioritet kimi önə çəkilib.
Bəlli olduğu
kimi, istənilən islahat, eyni zamanda iki müstəvidə gerçəkləşdirilir: normativ,
yaxud hüquqi-təşkilati və kadr. Hər iki müstəvidə fəaliyyətin razılaşdırılması və
sinxronlaşdırılması təkmilləşdirmə prosesində səmərəliliyə nail olmaq üçün vacib
şərtdir. Bu gün Azərbaycanda dövlət qulluğunun imici kifayət qədər yüksəkdir. Bunun
başlıca səbəbi kimi dövlət aparatının cəmiyyətin maraqlarının ödənilməsinə yönəlik
və nəticəyə hesablanmış fəaliyyətinin təmin olunması göstərilə bilər. Azərbaycan
dövlətinin diqqət mərkəzində ayrı-ayrı "müştərilərin” deyil, bütövlükdə cəmiyyətin
inkişafı dayanır. Bu arada yeni iş yerlərinin açılması ilə yanaşı, insan resurslarının
şəxsi keyfiyyətlərinin və qabiliyyətlərinin inkişaf etdirilməsinə xüsusi önəm verilməsi,
ölkədə yaradılan müasir idarəetmə modelinin mərkəzində Azərbaycan vətəndaşı və onun
maraqlarının dayanması, şəffaf, demokratik, səmərəli və innovativ idarəetmə çərçivəsində
dövlət qulluğunun "xalqa xidmət” konsepsiyasında həyata keçirilməsi, vətəndaşla
dövlət qulluqçusu, məmur arasındakı münasibətlərdə yeni düşüncə tərzinə keçidə nail
olunması, dövlət qulluqçularının fəaliyyət üslubunun dəyişməsi, vətəndaş məmnunluğunun
əsas qiymətləndirmə meyarına çevrilməsi də görülən işlərin məntiqi yekunudur.
Dövlət qulluğunun
cəmiyyətdə üst quruluş deyil, başlıca məqsədinin ölkənin davamlı inkişafı və vətəndaşların
həyat keyfiyyətinin yüksəldilməsi olan institut kimi qəbul edilməsi və real fəaliyyət
göstərməsi prioritet hədəfdir. Bu qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı,
kadr hazırlığı sistemində və siyasətində də dəyişikliklər zərurətini ortaya çıxarıb.
Çağdaş, peşəkar
və müstəqil dövlət aparatının formalaşması və daim təkmilləşdirilməsi Azərbaycanın
gələcək sabit, davamlı inkişafının həlledici faktorlarındandır, həmçinin qlobal
çağırışlara cavabıdır. Bu sahədə islahatların
uğuruna strateji məqsəd və taktiki vəzifələrin dəqiq formalaşdırılması, ölkə rəhbərliyinin
siyasi iradəsi, qərarlılığı və tələbkarlığının olması yol açıb. Beləliklə də dövlət
qulluğu institutunun təkmilləşdirilməsi ölkənin hərtərəfli inkişaf dinamikasının
yüksəlməsini şərtləndirib. Çünki onun səmərəli və innovativ fəaliyyəti dövlət siyasətinin
strateji məqsədlərinin yerinə yetirilməsini hədəfləyən dövlət idarəçiliyi sisteminin
davamlı inkişafına zəmin yaratmış olub. Bu üzdən dövlət qulluğunun və dövlət məmurunun cəmiyyətdə rolu da olduqca önəmlidir. Bu rolu
dövlət başçısı milli media mənsublarına müsahibəsində dəqiqliklə ifadə edib: "Dövlət
məmuru olmaq istəyirsənsə, vicdanla xidmət et dövlətə. Yox, sən dövlət vəzifəsinə
gəlir mənbəyi kimi baxırsansa, heç getmə o vəzifəyə. Çünki bədbəxt olarsan. Bunu
anlamayanlar, hesab edirəm, anlamalıdırlar ki, yeni dövrdə, yeni çağırışlar qarşısında
olan ölkədə başqa cür ola da bilməz”.
Bugünün məmuru
maliyyə baxımından şəffafdır və peşəkardır. Cənab Prezidentin qarşıya qoyduğu başlıca
strateji vəzifə dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsidir. Ən vacib tərkib
hissə dövlət qulluqçularının peşəkar hazırlığıdır. Beləliklə, müasir inkişaf tendensiyaları
yüksək səmərəyə malik dövlət aparatının yaradılması məqsədilə dövlət qulluğunun
peşəkarlaşdırılması vəzifələrinə cavab verməlidir. Bu isə öz növbəsində Azərbaycanın
gələcək inkişaf istiqamətlərinin reallaşdırılması üçün zəmin olacaqdır. İndi əsas amal müstəqil dövlətçiliyimizi onun
dayaqlarından biri olan dövlət qulluğu institutu və peşəkar dövlət qulluqçuları
ordusunu təkmilləşdirməklə gələcəyə aparmaqdır.
Ziyafət HƏBİBOVA,
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri,
siyasi elmlər doktoru, professor