05 İyun 2026 19:29
258
CƏMİYYƏT
A- A+
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 


Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edib.

AZƏRTAC xəbər verir ki, tədbir “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə.” mövzusunda keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov yaşadığımız ətraf mühitin, faydalandığımız təbiətin - meşələrin və biomüxtəlifliyin, okean və dənizlərin, çayların, nəfəs aldığımız havanın ortaq sərvətimiz olduğunu deyib: "Biz iqtisadi inkişafı, sosial rifahı və ekoloji tarazlığı vəhdətdə təmin etməliyik. Azərbaycan bu yanaşmanı hər zaman dəstəkləyir və dayanıqlı inkişafı prioritet hesab edir”.

Nazir ölkəmizin yaşıl inkişaf və bərpaolunan enerji mənbələrindən istifadə sahəsində genişmiqyaslı layihələr icra etdiyini diqqətə çatdırıb. O, 2030-cu ilə qədər bərpaolunan enerjinin payının 30 faizə çatdırılmasının hədəfləndiyini deyib: "Bu bizə Paris Sazişinin tərəfi kimi 2035-ci ilə qədər istixana effekti yaradan qaz emissiyalarını azaltmaq üçün zəmin yaradır. Əfsuslar olsun ki, uzun illər ərzində Ermənistanın işğalı altında qalmış ərazilərimizdə təbii sərvətlərə, ekosistemlərə, flora və faunaya ciddi ziyan vurulub, ekosid, urbisid və kultursid törədilib. Hazırda işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Dövlət Proqramının icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır. Azərbaycan Qarabağ və Şərqi Zəngəzur regionlarında ekoloji bərpa prosesinin dəstəklənməsi məqsədilə BMT-nin Ətraf Mühit Proqramından ekspert dəstəyi alıb və buna görə təşkilata minnətdarlığımızı bildiririk".

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen Azərbaycanın iqlim fəaliyyəti sahəsində həm qlobal, həm regional, həm də milli səviyyədə mühüm və strateji rol oynamaqda davam etdiyini diqqətə çatdırıb. Bildirilib ki, COP29-a ev sahibliyi edən Azərbaycan bu istiqamətdə əhəmiyyətli liderlik nümayiş etdirib.

O xatırladıb ki, ötən ay Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi edib. “Bu forum dünya şəhərlərində iqlim dayanıqlılığına, təbiətə və şəhər inkişafına diqqət yetirilməsinin vacibliyini ön plana çıxardı. İqlim dəyişikliyi, həqiqətən də, hamımızın diqqət mərkəzində olmalı bir məsələdir. Qlobal temperatur yüksəlir, iqlim dəyişikliklərinin təsirləri güclənir və planet bizə müxtəlif siqnallar göndərir. Bu siqnallar özünü istilik dalğaları, quraqlıqlar, daşqınlar, səhralaşma, qum və toz fırtınaları şəklində göstərir. Bu təsirlər hamımıza zərər vurur, lakin ən çox əziyyət çəkənlər yoxsullar və həssas əhali qruplarıdır”, - deyə İnger Andersen vurğulayıb.

BMT-nin Baş katibi Antonio Quterreş tədbir iştirakçılarına ünvanladığı videomüraciətdə iqlim dəyişikliyinin yaratdığı zərərlərin temperaturun yüksəlməsi ilə məhdudlaşmadığını, çirklənmiş havadan torpaqların deqradasiyasına, ekosistemlərin çökməsinə və biomüxtəlifliyin yox olmasına qədər bir çox problemlə üz-üzə olduğumuzu diqqətə çatdırıb. Dünyamızın sağlamlığının təhlükə altında olduğu və aclıq probleminin daha da dərinləşdiyi vurğulanıb.

O bildirib ki, dünya müvəqqəti olaraq temperatur artımının 1,5 dərəcə həddini aşacağı bir dövrə doğru irəliləyir.

“Temperaturdakı hər əlavə dərəcə və ya onun kiçik bir hissəsi belə daha böyük zərərlərə səbəb olur və bunun təsirini ən çox həssas əhali qrupları hiss edir. Bizim vəzifəmiz bu həddin aşılmasını mümkün qədər kiçik, qısamüddətli və təhlükəsiz etmək, daha sonra isə qlobal temperaturu sürətlə yenidən aşağı salmaqdır. Bu isə emissiyaların kəskin şəkildə azaldılması, qalıq yanacaqlardan mərhələli və ədalətli keçidlə uzaqlaşaraq bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsi deməkdir. Xərclərin azaldılması və real enerji təhlükəsizliyinin təmin olunması üçün yeganə dayanıqlı yol məhz budur. Metan emissiyalarının azaldılması yaxınmüddətli istiləşməni məhdudlaşdırmağın ən sürətli və ən az xərc tələb edən yollarından biridir. Meşələrin, torpaqların və dənizlərin qorunması, artıq hiss olunan dağıdıcı iqlim təsirlərinə uyğunlaşmaq üçün icmalara dəstək verilməsi də böyük əhəmiyyət daşıyır. Bu, həmçinin inkişaf etməkdə olan ölkələrə verilən iqlim maliyyələşdirilməsi vədlərinin yerinə yetirilməsi deməkdir ki, insanların həyatı xilas edilsin, dolanışıq vasitələri qorunsun və iqtisadiyyatlar gücləndirilsin”, - deyə Antonio Quterreş vurğulayıb.

Tədbir iştirakçılarına videomüraciət ünvanlayan Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in sədri Murat Kurum COP31 Sədrliyi olaraq Bakı Maliyyə Məqsədi başda olmaqla, COP29-da irəli sürülmüş öhdəliklərin yerinə yetirilməsinə nəzarət edəcəklərini qeyd edib. O bildirib ki, çoxtərəfli sistemin etibarlılığı yalnız hədəflər müəyyən etməklə deyil, verilən vədlərin yerinə yetirilməsi, qəbul edilən qərarların praktikada tətbiqi və insanların həyatına toxunan konkret nəticələrin əldə olunması ilə təmin edilir. Həmin yanaşma ilə COP31 yalnız yeni öhdəliklərin müzakirə edildiyi bir zirvə olmayacaq. COP31 tətbiqin, əməkdaşlığın və konkret nəticələrin ön plana çıxdığı bir tədbir olacaq. Çünki dünya artıq, sadəcə, yeni vədlər eşitmək deyil, verilən vədlərin həyata keçirildiyini görmək istəyir.

COP30-un Prezidenti Andre Korrea do Lago tədbirin iştirakçılarına videomüraciətində deyib: "Bu, çox vacib bir fürsətdir və eyni zamanda, hamımızın bu mövzu ətrafında bir araya gəlməsi üçün əhəmiyyətli bir imkandır. Məqsədimiz United Nations Environment Programme, COP29 və COP30-un əl-ələ verərək real nəticələrin əldə olunmasına doğru irəliləməsini təmin etməkdir".

O, COP30-un artıq çox mühüm bir addım olduğunu deyib və qeyd edib ki, bunun sayəsində biz, həqiqətən də, icra və həyata keçirmə mərhələsinə daxil oluruq: “Buna görə də, bir araya gəldiyinizə, həqiqətən, nələr etməli olduğumuzu müzakirə etdiyinizə görə sizə səmimi təşəkkür edirəm. Ümid edirəm ki, mübarizəmizi birlikdə davam etdirmək üçün yaxın zamanda dünyanın hansısa bir yerində yenidən görüşəcəyik”.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax tədbir iştirakçılarına müraciətində bildirib: "WUF13 zamanı Bakı Davamlılıq Koalisiyası COP sədrlərini və BMT-nin Məskunlaşma Proqramını bir araya gətirərək, Azərbaycan hökumətinin qlobal gündəmləri birləşdirməyə nə qədər ciddi yanaşdığını nümayiş etdirərək şəhər və iqlim gündəmlərini birləşdirən və Paris Sazişi ilə Yeni Şəhərsalma Proqramı arasında uyğunluğu gücləndirən inteqrasiyalı yanaşmanın irəliləyişinə əsas platforma yaradıb. WUF13 çərçivəsində qəbul edilən Bakı Fəaliyyətə Çağırış sənədi bizə xatırladır ki, şəhərlərimiz həyatı təmin edən təbii sistemlərlə ahəngdar şəkildə inkişaf etməlidir və Ümumdünya Ətraf Mühit Gününün mövzusu ilə ayaqlaşır: “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə.”. Bakı Fəaliyyətə Çağırış sənədi davamlı şəhər inkişafının təməl daşı kimi mənzilin rolunu vurğulayır və hamı üçün inklüziv, əlverişli və iqlimədavamlı mənzillərə qətiyyətlə keçidi tələb edir. O, təbiətə əsaslanan həllər, ekosistemlərin bərpası, daha yaşıl şəhər məkanlarının layihələndirilməsi və dayanıqlılığın gücləndirilməsi üçün yenilənmiş öhdəliklərə çağırır ki, insan məskənləri nəinki ətraf mühitə təsirini azaltsın, həm də cəmiyyətin davamlılığını fəal şəkildə inkişaf etdirsin. Şəhər inkişafını təbiətin müdrikliyi ilə uyğunlaşdırmaqla, biz gələcək nəsillər üçün davamlı və ümidli gələcəyi təmin edə, şəhərlərimizi iqlim fəaliyyətinin və əhatəli rifahın mühərriklərinə çevirə bilərik", - deyə o vurğulayıb.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil tədbirin iştirakçılarına videomüraciəti zamanı bildirib ki, 2026-cı ilin hələ yarısına çatmış olsaq da, bu ilin verdiyi dərs artıq aydındır: iqlim fəaliyyəti, iqtisadi sabitlik, milli təhlükəsizlik bütün dünyada insanların rifahı üçün həyati əhəmiyyət daşıyır: "Biz bu dinamikanı qoruyub saxlamalı və fəaliyyətimizi sürətləndirməliyik. Elmin tələb etdiyi sürətlə irəliləmək, iqtisadiyyatları möhkəmləndirmək və insan həyatlarını xilas etmək üçün bunu etməliyik. Bu isə o deməkdir ki, qlobal iqlim öhdəlikləri sürətli və ədalətli şəkildə həyata keçirilməlidir. Bu, 2030-cu ilə qədər dünyada bərpaolunan enerji gücünün üç dəfə artırılması deməkdir. Bu, qalıq yanacaqlardan uzaqlaşmaq, meşələrin qırılmasının dayandırılması, Azərbaycanın sədrliyi dövründə COP29-da razılaşdırılmış yeni iqlim maliyyələşdirilməsi hədəfinin həyata keçirilməsi deməkdir. Bu istiqamətdə Azərbaycanın davam edən liderliyini yüksək qiymətləndirirəm”.

Serbiyanın ətraf mühitin mühafizəsi naziri Sara Pavkov bütün dünyada iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, torpaq deqradasiyası, çirklənmə və su ehtiyatları üzərində artan təzyiq kimi mürəkkəb və bir-biri ilə əlaqəli çağırışlarla üz-üzə olduğumuzu vurğulayıb. Qeyd olunub ki, həmin problemlər sərhəd tanımır və beynəlxalq ictimaiyyətdən dayanıqlı inkişaf, həmrəylik və tərəfdaşlıq prinsiplərinə əsaslanan birgə, əlaqələndirilmiş və inklüziv yanaşma tələb edir: “Buna görə də bu reallıqlarla mübarizədə birlik nümayiş etdirməliyik. Bu məqsədlə təbiətin gücündən faydalanaraq innovativ, dayanıqlı, elmi əsaslara söykənən və ekosistemlərin davamlılığını nəzərə alan həllər tapmalıyıq. Təbiətin gücündən ilham almaqla çağırışları fürsətlərə çevirə bilərik. Serbiya da məhz buna görə əməkdaşlığın gücləndirilməsinə və uzunmüddətli, dayanıqlı nəticələr verə biləcək həllərin birgə müəyyənləşdirilməsinə xüsusi önəm verir. Azərbaycanı Ümumdünya Ətraf Mühit Günü 2026-nın nümunəvi təşkilinə görə ən yüksək qiymətləndirmə ilə təbrik edirik. Bu tədbir uzaqgörənliyin, fədakarlığın və kollektiv fəaliyyətin gücünün bariz nümunəsidir və gələcək ev sahibi ölkələr üçün yüksək standart müəyyən edir. Serbiya üçün bu həm böyük ilham mənbəyi, həm də Ümumdünya Ətraf Mühit Günü 2027-ni Belqradda daha böyük təsir səviyyəsinə çatdırmaq üçün məsuliyyətli bir çağırışdır”.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib, həmçinin ölkəmizə, onun təbiətinə dair videoçarxlar nümayiş olunub.

Tədbir çərçivəsində, həmçinin Ümumdünya Ətraf Mühit Günü çərçivəsində açıq hava sərgisi təşkil olunub.

Beynəlxalq tədbir panel müzakirələrlə işini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib  

22:28
05 İyun

Putin Zelenski ilə mümkün görüş barədə danışıb  

22:01
05 İyun

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

21:54
05 İyun

Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün mühümdür

21:38
05 İyun

 «Sabah”ın gənc ulduzu Avropada parlayır  

21:29
05 İyun

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

21:28
05 İyun

Dünya Bankı: Mayda “Brent” neftinin orta qiyməti əvvəlki ayla müqayisədə 10,7 faiz azalıb  

21:19
05 İyun

İnvestisiya Portalında yerləşdirilən layihələrin sayı 173-ə çatıb

21:13
05 İyun

“Baku Steel Company” Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor qismində iştirak edib  

21:01
05 İyun

Almaniya banklarında milyardlarla avro “unudulub”

20:51
05 İyun

ABŞ-də “Obama Prezident Mərkəzi”nin açılışı olacaq

20:41
05 İyun

Almaniyada milyonçuların sayı artır  

20:32
05 İyun

Dünyada ilk: süni intellekt tərəfindən hazırlanan vaksin insanlar üzərində sınaqdan keçirildi

20:24
05 İyun

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

20:20
05 İyun

İslam iqtisadiyyatında böyük artım: xərclər 2,6 trilyon ABŞ dollarına çatdı

20:13
05 İyun

Qərbi Balkanlarda Avropa İttifaqı həyəcanı

20:06
05 İyun

 “Apple”ın növbəti hədəfi ağıllı eynəklərdir

19:58
05 İyun

Ağdam Sənaye Parkının yeni rezidenti plastik tullantıların təkrar emalı layihəsi həyata keçirəcək

19:51
05 İyun

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

19:49
05 İyun

Türkiyə və Niger arasında yeni əməkdaşlıq anlaşmaları imzalanıb

19:46
05 İyun

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb 

19:44
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!