11 Avqust 2026 09:10
919
Mədəniyyət
A- A+
Azərbaycan kinosunun fəlsəfi zirvəsi - "Nəsimi"

Azərbaycan kinosunun fəlsəfi zirvəsi - "Nəsimi"


Azərbaycan kino sənətinin konseptual baxımdan ən mürəkkəb əsərlərindən olan "Nəsimi" bədii filmi milli mədəniyyət tariximizdə, sadəcə, bioqrafik ekran əsəri deyil, bədii-fəlsəfi bir intibah hadisəsidir. Rejissor Həsən Seyidbəylinin quruluşu və yazıçı İsa Hüseynovun (Muğanna) ssenarisi əsasında ərsəyə gələn bu film SSRİ dövrünün hakim ateist və materialist ideologiyasının hökm sürdüyü bir mühitdə Şərqin ən radikal və humanist fəlsəfi cərəyanlarından biri olan hürufiliyi mərkəzə gətirməklə böyük bir elmi-mədəni cəsarət nümayiş etdirmişdir. 

1973-cü ildə çəkilən ekran əsəri XIV-XV əsrlər Şərqinin qanlı feodal ziddiyyətlərini, teokratik təqibləri və fərdi azadlıq ideyasının boğulduğu bir epoxanı təsvir etməklə bərabər, mahiyyətcə insanın ilahi qüdrətini, onun kainatın mərkəzində dayanan ən ali varlıq olduğunu bəyan edən konsepsiyanı bədii dilin vasitəsilə vizuallaşdırmışdır. Senzuranın ən sərt dönəmində İmadəddin Nəsiminin yaradıcılığındakı "Haqq mənəm" (Ənəl-həqq) çağırışını dini mühafizəkarlığa qarşı üsyan kimi təqdim edən film Azərbaycan xalqının milli mənlik şüurunun, tarixi köklərinə bağlılığının və müstəqil təfəkkürünün formalaşmasında mühüm rol oynamışdır. Bu mənada ekran əsəri, sadəcə, keçmişin gerçəkliyi deyil, həm də bəşəri azadlıq, ideya uğrunda fədakarlıq və mənəvi ucalığın sönməz ziyasıdır.

Ekran əsəri dahi şairin anadan olmasının 600 illik yubileyi münasibətilə lentə alınmış və Azərbaycan kino sənətinin ən parlaq incilərindən birinə çevrilmişdir.


Çətin sınaqlar


Kinolent Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) "Məhşər" romanı əsasında müəllifin öz ssenarisi üzrə ekranlaşdırılmışdır. Film Ulu Öndər Heydər Əliyevin  dəstəyi və təşəbbüsü sayəsində ərsəyə gəlmişdir. Çəkilişlər üçün xaricdən valyuta ilə "Kodak" kinolenti gətirilmiş və bu, Azərbaycan kinosunda həmin lentlə çəkilən ilk film olmuşdur. Tarixi həqiqətləri qorumaq məqsədilə çəkilişlərə görkəmli nəsimişünas alimlər, etnoqraflar və sənətşünaslar cəlb edilmişlər.

Filmdə Orta əsrlərin dini fanatizmi, feodal zülmü və işğalçı müharibələr fonunda insanın daxili azadlığı, ruhaniliyi və haqq uğrunda mübarizəsi işıqlandırılır. Hürufilik təriqətinin rəhbəri Fəzlullah Nəiminin edamından sonra onun ideyalarını davam etdirən Nəsimi "Ənəl-həqq" fəlsəfəsini yayır. Teymurləngin ordusunun Şirvana yürüşü, Şirvanşah İbrahimin diplomatik gedişləri və Nəsiminin Hələb şəhərində dərisinin soyularaq edam edilməsi filmin kulminasiya nöqtələrini təşkil edir. Şair ölüm ayağında belə öz əqidəsindən dönmür və insanın ilahi qüdrətini ucaldır.

Ekran əsərindəki aktyor ansamblı təkcə fərdi personajları canlandırmır, həm də dövrün böyük sivilizasiya və ideologiya toqquşmasını nümayiş etdirir. İsmayıl Osmanlının bənzərsiz ifasında təqdim olunan Fəzlullah Nəimi  elmin, daxili nizamın və mistik idrakın müdrikliyini təcəssüm etdirir. Rasim Balayevin Nəsimisi isə bu elmin coşğun fədaisinə, qorxmaz carçısına çevrilən gənc və sarsılmaz iradənin rəmzidir. Onların qarşısında dayanan Şirvanşah İbrahim (Səməndər Rzayev) və Miranşah (Muxtar Maniyev) kimi tarixi simalar isə azad düşüncəni boğmağa çalışan, lakin öz daxili qorxularına və feodal hakimiyyət ambisiyalarına əsir düşən repressiv dairənin bədii təsviridir. Bu gərgin qarşıdurma kinoda dialoq dramaturgiyasının ən yüksək zirvələrindən birini yaratmışdır.

Tamaşaçıların böyük həyəcanla izlədiyi kulminasiya nöqtəsi olan edam səhnəsi kinomuzun ən ağır və dramatik çəkiliş proseslərindən biri hesab olunur. Nəsiminin diri-diri dərisinin soyulması səhnəsinin naturalizmi və bədii təsir gücü rejissor Həsən Seyidbəylinin qeyri-adi gedişləri və Rasim Balayevin yüksək psixoloji dözümlülüyü sayəsində əldə edilmişdir. Şairin edam edilərkən belə öz əqidəsindən dönməməsi, fiziki ağrılara məğrurluqla sinə gərməsi gerçək olaraq sənətdə ideyanın və haqqın ölüm üzərindəki mütləq qələbəsi kimi arxivləşmişdir.

Burada bir məqama xüsusi toxunulmalıdır. Film boyu Rasim Balayevin unudulmaz tembri ilə səslənən qəzəllər, sadəcə, bədii fon rolunu oynamır, hər biri süjetin fəlsəfi sütununu təşkil edir. Kino nəzəriyyəçilərinin yazdıqlarına görə, filmin ana xəttini təşkil edən "Məndə sığar iki cahan, mən bu cahana sığmazam..." qəzəli hürufiliyin "Vəhdəti-vücud" (varlığın birliyi) fəlsəfəsinin poetik çağırışıdır. Şair burada bəyan edir ki, insan fiziki olaraq bu maddi dünyaya sığsa da, onun mənəvi ruhu və şüuru iki cahanı (maddi və mənəvi dünyanı) əhatə edəcək qədər nəhayətsizdir. "Haqq mənəm" ifadəsi ilə birləşən bu fəlsəfə insanın daxilində ilahi bir zərrə daşıdığını və onun heç bir qul, kölə və ya feodal zülmünə baş əyməməli olan uca bir varlıq olduğunu vurğulayır.

"Məkanım yox fəlakanda, nə yerdə, nə asimanda..." qəzəli ilə Nəsiminin məkansızlıq və zamansızlıq fəlsəfəsi filmdə onun dərvişlik həyatı və səyahətləri zamanı ön plana çıxır, insanın coğrafi sərhədlərlə, dini qəliblərlə və dar qəfəslərlə məhdudlaşdırıla bilməyəcəyi göstərilir. Şair öz ruhunun və ideyalarının sərbəstliyini fələklərin və asimanın fövqündə görür.

"Gəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlüm" qəzəli filmdə təsəvvüfdəki "ilahi eşq" anlayışına söykənir. Buradakı gözəllik və sevgili anlayışı dünyəvi ehtiraslardan uzaq mütləq həqiqətə - Yaradana və kamil insana duyulan mənəvi sevgini ifadə edir. 

Ekran əsərinin fəlsəfi təsir gücünü zirvəyə qaldıran ən mühüm amillərdən biri də görkəmli bəstəkar Tofiq Quliyevin film üçün yazdığı monumental musiqidir. Lirik mahnıların ustadı kimi tanınan bəstəkar bu filmdə öz yaradıcılıq ampluasını tamamilə dəyişərək dərin, dramatik və fəlsəfi bir simfonizm ortaya qoymuşdur. Tofiq Quliyev musiqi ssenarisini hazırlayarkən Şərq mənəviyyatını və təsəvvüf fəlsəfəsini dərindən araşdırmış, xüsusilə Orta əsrlər hürufi dərvişlərinin zikr ritmlərini və qədim muğam melodiyalarını təhlil etmişdir. O, filmin musiqi strukturunu simfonik orkestrlə milli alətlərin (xüsusilə tar, kamança və ney) sintezi üzərində qurmuş, fərqli xor partiyalarından istifadə etmişdir. Bəstəkar hər bir personaj və hadisə üçün ayrıca musiqi leytmotivi yaratmışdı. Nəsiminin poetik monoloqlarını müşayiət edən həzin, lakin daxili bir üsyan çıxaran melodiyalar edam səhnəsində insanın mənəvi ucalığını tərənnüm edən əzəmətli, dramatik simfonik partituralarla əvəzlənirdi. Tofiq Quliyevin bu gərgin və titanik əməyi sayəsində musiqi filmdə, sadəcə, bədii fona çevrilmədi, Nəsimi fəlsəfəsinin ruhunu vizual kadrlardan əvvəl tamaşaçıya ötürən müstəqil bir obraz səviyyəsinə yüksəldi.


Heydər Əliyevin siyasi iradəsi


Filmin ərsəyə gəlməsi təkcə yaradıcı heyətin deyil, həm də o dövrdə Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin böyük siyasi iradəsinin və milli təəssübkeşliyinin birbaşa nəticəsi idi. Məhz Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri sayəsində İmadəddin Nəsiminin 600 illik yubileyi 1973-cü ildə UNESCO səviyyəsində qeyd olunan ilk dahi azərbaycanlı mütəfəkkir kimi tarixə düşdü. Moskvadakı mərkəzi sovet senzurasının islam təsəvvürünə və mistik fəlsəfəyə aid olan belə bir mövzuya icazə verməsi qeyri-mümkün görünsə də, Heydər Əliyev böyük diplomatik gedişlərlə filmin çəkilişlərinə rəsmi yaşıl işıq yandırdı. Onun göstərdiyi mühüm təşkilati və dövlət dəstəyinin təfərrüatları kino tariximiz üçün misilsizdir.

Əvvəla xüsusi texniki təminat yüksək səviyyədə həyata keçirildi. Heydər Əliyevin tapşırığı ilə dövrün ən aparıcı nəsimişünas alimləri, tarixçiləri və dilçiləri filmin ssenari mərhələsindən çəkilişinə qədər məsləhətçi kimi cəlb olundu. Naxçıvandakı tarixi Əlincə qalası, Şirvanşahlar Sarayı və Suraxanı Atəşgahında aparılan çəkilişlər zamanı dövlət qurumları, o cümlədən kütləvi səhnələr üçün atlı dəstələr və hərbi qüvvələr birbaşa rejissorun ixtiyarına verildi. Moskva rəsmilərinin filmdəki dini-panteist motivləri "ideoloji zərərli" hesab edib qadağan etmək cəhdlərinin qarşısı məhz Ulu Öndərin sovet rəhbərliyi qarşısındakı şəxsi nüfuzu və filmi himayə etməsi sayəsində alındı. 

"Nəsimi" filmi Azərbaycan kinosunda tarixi-fəlsəfi bioqrafiya janrının mükəmməl fundamentini qoymaqla bərabər, böyük ittifaq miqyasında da ciddi uğurlara imza atdı. Ekran əsəri 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında "Tarixi mövzuda ən yaxşı film" mükafatına layiq görüldü. Eyni zamanda gənc Rasim Balayev ilk rolu ilə "Ən yaxşı kişi rolu" mükafatını qazanaraq adını sovet kinosunun tarixinə yazdı. 

Film bu gün də öz möhtəşəm kütləvi səhnələri, Tofiq Quliyevin unudulmaz musiqisi və fəlsəfi dialoqları ilə Azərbaycan kino sənətinin zirvələrindən hesab olunur.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb  VİDEO  

23:18
24 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

21:44
24 Avqust

Dünya okeanlarında temperatur rekord həddə çatıb

21:09
24 Avqust

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub 

20:40
24 Avqust

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

19:57
24 Avqust

Nazir: Azərbaycan-Özbəkistan sənədləri mühüm layihələrin icrası baxımından əhəmiyyət daşıyır

18:51
24 Avqust

Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:07
24 Avqust

“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb

18:01
24 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri sərgi fəaliyyətində də öz əksini tapır

17:54
24 Avqust

Özbək professor: Elm və təhsil xalqlarımızı birləşdirən ən dayanıqlı körpülərdən birinə çevriləcək  

17:46
24 Avqust

DSMF Tovuzda ictimai dinləmə təşkil edib

17:17
24 Avqust

“ASAN xidmət” və Özbəkistanın Dövlət Xidmətləri mərkəzləri arasında təcrübə mübadiləsi aparılacaq  

17:15
24 Avqust

Özbəkistanlı deputat : Azərbaycanla münasibətlərimiz konkret imkanlar diplomatiyasına keçid edir

17:13
24 Avqust

Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionda sabitliyi pozmaq cəhdlərinin əleyhinədir

16:53
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar

16:49
24 Avqust

Buxara şəhərində “Ark” qalası ilə tanışlıq

16:41
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNİB  

16:41
24 Avqust

“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?

16:27
24 Avqust

Azərbaycan və Özbəkistan: ikitərəfli münasibətlərdən müttəfiqliyə və əbədi dostluğa

15:59
24 Avqust

Azərbaycanlı alimlər dezinformasiyanın aşkarlanması üçün süni intellektə əsaslanan yeni üsul işləyiblər  

15:57
24 Avqust

Humanoid robot 100 metr məsafədə yeni rekord əldə edib

15:57
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!