21 Oktyabr 2025 15:46
8518
Səfərlər
A- A+
Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib YENİLƏNİB

Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib YENİLƏNİB


Oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Qazaxıstan Prezidenti çıxış etdi:


Prezident Kasım-Jomart Tokayevin

çıxışı


-Hörmətli İlham Heydər oğlu.

Hörmətli həmkarlar.

Əvvəlcə Sizi Qazaxıstan Respublikasına rəsmi dövlət səfərində bir daha salamlamaq istərdim. Bu səfər çox mühüm, deyə bilərəm ki, strateji tərəfdaşlığın, müttəfiqlik münasibətlərinin, nəhayət, qardaş xalqlarımız və dövlətlərimiz arasında dostluğun möhkəmlənməsi baxımından çox mühüm əhəmiyyətə malikdir.

Sizi Ali Dövlətlərarası Şuranın ikinci iclasında salamlayıram. Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin bu formatı etimada və qarşılıqlı dəstəyə əsaslanan Qazaxıstan-Azərbaycan münasibətlərinin xüsusi statusunu təsdiqləyir. Şura ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə razılaşdırılmış qərarların işlənib hazırlanması üçün səmərəli platforma kimi çıxış edir.

Azərbaycan Qazaxıstan üçün xüsusi ölkə, qardaş dövlətdir. Bizi ortaq tarixi köklər, zəngin mənəvi-mədəni irs, nəhayət, uyğun mentalitet, hadisələrə, vəziyyətin inkişafına baxış birləşdirir. Bu möhkəm zəmində çoxtərəfli əməkdaşlığımızı uğurla inkişaf etdiririk.

İlham Heydər oğlu, Sizin dövlət səfərinizə xüsusi əhəmiyyət verirəm. Biz artıq mahiyyətcə ən açıq, sərbəst ab-havada fikir mübadiləsinə başladıq. Çox şadam ki, gündəliyin bütün əsas məsələləri üzrə - istər ikitərəfli əməkdaşlıq, istərsə də beynəlxalq münasibətlər üzrə ortaq məxrəcə gəlirik. Bu gün mətbuat konfransında bu mövzuya bir daha toxunacağam, çünki Sizin həm öz dövlətinizin rifahı naminə, həm də əlbəttə ki, beynəlxalq şəraitin sağlamlaşdırılması üçün fəaliyyətinizə və gördüyünüz işlərə dair öz nöqteyi-nəzərimi çatdırmağı zəruri hesab edirəm.

Sizin səfərinizin ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilənin 20-ci ildönümünə təsadüf etməsi rəmzi məna daşıyır. Biz bu illər ərzində fəal siyasi dialoq qurmuşuq, iqtisadi-ticari və mədəni-humanitar qarşılıqlı fəaliyyətin davamlı inkişafı üçün möhkəm müqavilə-hüquqi baza yaratmışıq. Belə bir kompleks, ardıcıl iş iki dövlətin vətəndaşları tərəfindən tam dəstəklənir.

Hörmətli İlham Heydər oğlu, Qazaxıstan-Azərbaycan münasibətlərinin hazırkı yüksək səviyyəsi, ilk növbədə, Sizin şəxsi töhfəniz sayəsindədir. Mən Sizin bu məsələyə daimi dəstək və diqqətinizi dərindən, yüksək qiymətləndirirəm. Müasir Azərbaycanın bütün möhtəşəm nailiyyətləri Sizin qurucu, güclü liderliyinizlə ayrılmaz şəkildə bağlıdır.

Azərbaycan ilə Ermənistan arasında münaqişənin sülh yolu ilə nizamlanmasına dair Bəyannamənin tarixi əhəmiyyətini ayrıca qeyd etmək istəyirəm və ABŞ Prezidenti Donald Tramp tərəfindən haqlı olaraq qeyd edilib ki, Siz çox güclü mövqeyə malik olmağınıza rəğmən belə bir çox mühüm sənədin imzalanmasına razı oldunuz. Bu, Azərbaycanın və Sizin rəhbərliyinizlə Azərbaycan xalqının xüsusi mövqeyindən və öz potensialına inamından xəbər verir. Sizin göstərdiyiniz qətiyyətli siyasi iradə, strateji baxış mürəkkəb məsələlərin həllində və gələcək nəsillərin taleyi üçün məsuliyyətdə müdrik yanaşmanın parlaq nümunəsidir. Heç şübhəsiz ki, iki dövlət arasında əldə olunmuş razılaşmalar bir növ “suayırıcı” oldu və bütün regionda, zənnimcə, onun hüdudlarından kənarda da əməkdaşlığın yeni üfüqlərini açır.

Biz qardaş Azərbaycanın uğurlarına ürəkdən sevinirik, güclü, mütərəqqi dövlət quruculuğu üzrə yüksək məqsədlərin uğurla həyata keçirilməsini arzulayırıq və heç bir şübhə yoxdur ki, Sizin güclü rəhbərliyinizlə bütün bu məqsədlərə nail olunacaq.

Münasibətlərimizə gəldikdə, onların tam şəkildə həyata keçirilməsi üçün böyük potensial var – sarsılmaz etimad, ortaq dəyərlər, xalqlarımızın yaxınlaşmağa səmimi səyləri mövcuddur. Ona görə də əminəm ki, ölkələrimizi böyük gələcək gözləyir.

Sözü Sizə vermək istərdim.


X X X


Sonra dövlətimizin başçısı çıxış etdi:


Prezident İlham Əliyevin

çıxışı

-Hörmətli Kasım-Jomart Kemeleviç, sağ olun.

Hörmətli dostlar.

Əvvəlcə qonaqpərvərliyə, qardaş Qazaxıstana dövlət səfərinə dəvətə görə Sizə, Kasım-Jomart Kemeleviç təşəkkürümü bildirmək istərdim.

Siz qeyd etdiyiniz kimi, biz artıq həm dünən, həm də bu gün ikitərəfli gündəliyin bir çox məsələsi, həmçinin regional məsələlər, beynəlxalq siyasət mövzuları üzrə fikir mübadiləsi aparmaq imkanına malik olduq. Müzakirə edilən mövzular üzrə mövqelərin tam uyğun gəlməsi, həmçinin müttəfiqlik qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə istiqamətlənmək sevindirici haldır.

Sizi və qardaş Qazaxıstanın bütün xalqını ölkənin sosial-iqtisadi inkişafında böyük uğurlar, Qazaxıstanın beynəlxalq arenada rolunun və nüfuzunun möhkəmlənməsi münasibətilə də təbrik etmək istərdim. Sizin dostlarınız və qardaşlarınız olaraq buna səmimi qəlbdən sevinirik və əminik ki, Qazaxıstan Sizin rəhbərliyiniz ilə gələcəkdə də inkişaf yolu ilə, milli maraqlara əsaslanan müstəqil xarici siyasətin həyata keçirilməsi yolu ilə irəliləyəcək.

Həmçinin Cənubi Qafqaz regionunda sülh prosesinə verdiyiniz qiymətə görə Sizə təşəkkürümü bildirirəm. Torpaqlarımız uzun illər ərzində işğal altında olanda, Qazaxıstan həm ikitərəfli formatda, həm imzalanmış sənədlər, həm də Qazaxıstanın beynəlxalq təşkilatlarda mövqeyi çərçivəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini ifadə edib. Biz həmişə bu dəstəyi hiss etmişik və buna görə Sizə çox minnətdarıq.

Bu gün Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayır, hətta deyərdim ki, artıq yeni mərhələ başlayıb. Sonuncu hərbi toqquşmalardan ötən cəmi iki ildən az bir müddətdə sülh sazişinin paraflanması ondan xəbər verir ki, hər iki ölkə kifayət qədər yüksək siyasi iradə nümayiş etdirib. Əlbəttə, ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında rolu ən yüksək qiymətə layiqdir.

Avqustun 8-də Vaşinqtonda keçirilən sammit mahiyyətcə çoxillik münaqişəyə son qoydu və inkişaf, o cümlədən geniş regional kontekstdə - Avrasiya qitəsində tərəqqi üçün böyük perspektivlər açır.

Biz, həmçinin bu gün Orta Dəhliz üzrə keçirilən qısa təqdimat çərçivəsində fikir mübadiləsi apardıq. Bu gün bu istiqamətdə diskussiyaları hələ davam etdirəcəyik. Zəngəzur dəhlizinin yaxın illərdə açılması nəqliyyat və logistika ilə bağlı məsələlərdə ötürücülük qabiliyyətini xeyli artıracaq.

Bu yaxınlarda Hökumətlərarası Komissiyanın müsbət iclası oldu. İqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsi üzrə ciddi nailiyyətlər əldə olunub, əmtəə dövriyyəsi artır və bu, təbii ki, bizi çox sevindirir. Təsis etdiyimiz Birgə İnvestisiya Fondu da böyük potensiala malikdir. Artıq həyata keçirilmə mərhələsində olan bir neçə layihə mövcuddur və konkret layihələrin nəzərdən keçirilməsi, Birgə İnvestisiya Fondu mexanizmi ilə müştərək maliyyə ilə bağlı təkliflər var.

Həmçinin Qarabağ bölgəsinin bərpasına göstərilən dəstəyə görə təşəkkürümü bildirmək istərdim. Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi artıq aktiv fəaliyyət göstərir. Biz onu Sizinlə birlikdə açdıq, Qarabağ bölgəsinin inkişafı və bərpası işinə belə bir töhfəyə görə çox minnətdarıq. Hazırda bu Mərkəzdə 100-ə yaxın uşaq təhsil alır və təbii ki, o, praktiki funksiyaları ilə yanaşı, həm də Qazaxıstan-Azərbaycan dostluğunun daha bir ocağıdır.

Humanitar əməkdaşlığa gəldikdə, keçən il və ondan əvvəlki illərdə Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günlərinin və Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsini qeyd edərdim. Hesab edirəm ki, bu cür tədbirlər mütəmadi, daimi xarakter daşımalıdır. Ola bilər ki, həm paytaxtlarda, həm də bütün regionlarda müntəzəm mədəniyyət günlərinin keçirilməsi üzrə mədəni qarşılıqlı fəaliyyətin yol xəritəsi hazırlansın.

Həmçinin energetika sektorunun inkişafında, ənənəvi və bərpaolunan mənbələr üzrə böyük potensiala malikik. Keçən ilin noyabrında biz Xəzərin dibi ilə elektrik kabelinin tikintisi üzrə üçtərəfli müqavilə imzaladıq. Zənnimcə, bu gün həmin mövzuda da danışacağıq.

Ümumilikdə gündəlik kifayət qədər genişdir, qarşılıqlı fəaliyyətin demək olar ki, bütün əsas sahələrini əhatə edir.

Qonaqpərvərliyə, həmçinin Azərbaycana səmimi dost münasibətə, eyni zamanda, ikitərəfli əməkdaşlığımızla bağlı bütün məsələləri öz şəxsi nəzarətinizdə saxladığınıza görə Sizə bir daha minnətdarlığımı bildirmək istərdim. Sağ olun.

Prezident Kasım-Jomart Tokayev: Hörmətli cənab Prezident, Sizə təşəkkür edirəm.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda TDT-yə üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir  

12:12
05 Dekabr

Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb  

12:11
05 Dekabr

On bir ayda 87,3 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib  

12:10
05 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı təlim keçirilib  

12:08
05 Dekabr

Əziz Ələkbərov: Sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpasının gündəmə gətirilməsi vacibdir  

12:06
05 Dekabr

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

12:04
05 Dekabr

Türkiyənin 33 vilayətində terrorizmdə şübhəli bilinən 230-dan çox şəxs saxlanılıb  

12:03
05 Dekabr

“ASAN xidmət”ə növbəti beynəlxalq etimad

11:53
05 Dekabr

Əhməd İsmayılov: Azərbaycan və Gürcüstan mediası arasında tarixən sıx bağlılıq olub  

11:42
05 Dekabr

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib  

11:41
05 Dekabr

Beynəlxalq konfransda azərbaycanlıların qayıdış hüququnun hüquqi və mənəvi əsasları təhlil edilib  

11:40
05 Dekabr

Azərbaycan nefti cüzi ucuzlaşıb

11:39
05 Dekabr

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA

11:01
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

Masallıda növbəti ağacəkmə aksiyası keçirilib

10:10
05 Dekabr

“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb

10:05
05 Dekabr

Son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib 

10:03
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!