“Azərbaycanın, ümumən türk dünyasının mədəniyyət paytaxtı Şuşa qlobal fikir mübadiləsinin, beynəlxalq dialoqun və media əməkdaşlığının mühüm mərkəzlərindən birinə çevrilib. Artıq ənənə halını alan Şuşa Qlobal Media Forumu beynəlxalq səviyyədə baş verən dəyişikliklərin, qarşıda duran yeni çağırışların, qarşılıqlı əməkdaşlıq imkanlarının və digər mühüm mövzuların müzakirəsi üçün nüfuzlu platforma kimi qəbul olunur”.
Bunu qəzetimizə açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədr müavini Arzu ABDULLAYEV deyib. Onun sözlərinə görə, iyulun 13-14 tarixlərində keçirilən IV Şuşa Qlobal Media Forumu da özündə mühüm çağırışları və reallıqları əks etdirdi: “Forumda ənənəvi olaraq çoxsaylı xarici jurnalistlərin müxtəlif suallarını ətraflı cavablandıran Prezident İlham Əliyev bir daha Azərbaycanın qlobal gündəliklə bağlı mövqeyini, strateji baxışını və ölkənin artan nüfuzunu əks etdirən mühüm mesajlar səsləndirdi. Dövlətimizin başçısı forumdakı çıxışında Azərbaycanın qlobal gündəliyini aydın şəkildə müəyyən etdirdi”.
A.Abdullayev vurğulayıb ki, Prezident İlham Əliyevin forumda xüsusi diqqət yönəltdiyi məqamlardan biri də Azərbaycanın bağlantı imkanları, Orta dəhliz və Zəngəzur dəhlizi məsələləri idi. Dövlətimizin başçısı birmənalı vurğuladı ki, ABŞ Prezidenti və onun komandası Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin zəruriliyini aydın şəkildə dərk edirdilər və Ermənistanı da bu sülhün vacibliyinə inandırmaq istiqamətində olduqca səmərəli fəaliyyət göstərdilər. Nəticədə, Ağ Evdə keçirilən tarixi görüş zamanı birgə Bəyannamə imzalandı: “Azərbaycanın coğrafi mövqeyi, enerji və nəqliyyat layihələri ölkələr, xalqlar arasında sıx bağlantı yaradır. Hazırda Azərbaycanın enerji diplomatiyasının uğurları göz qabağındadır. Şuşa Qlobal Media Forumunda bütün bu məsələlərə xüsusi diqqət yönəldildi, Azərbaycanın malik olduğu imkanlar, istər ənənəvi, istərsə də bərpaolunan enerji sektorunda əlaqələrin möhkəmləndirilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması üçün potensial imkanlar diqqətə çatdırıldı”.
Arzu Abdullayev bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizi regionun nəqliyyat və logistik habına çevirməkdədir: “Orta dəhliz və Zəngəzur dəhlizi layihələri yalnız nəqliyyat infrastrukturu kimi qiymətləndirilməməlidir. Beynəlxalq yükdaşımalar bir tərəfdən ölkənin geo-siyasi mövqeyini gücləndirir, digər tərəfdən dövlət gəlirlərini artırır. 15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi yaxın gələcəkdə Orta dəhlizin mühüm seqmentinə çevrilələrək Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq. Rəsmi rəqəmlər göstərir ki, ötən il beynəlxalq yükdaşımalardan əldə edilən gəlir 3.3 milyard manat olub. Bu o deməkdir ki, Azərbaycan il ərzində beynəlxalq yükdaşımalardan 7 milyard manata yaxın gəlir əldə edəcək. Bu, iqtisadiyyatın şaxələndirilməsinə dəstək olmaqla yanaşı, Azərbaycan dövlət gəlirlərinin artmasına şərait yaradacaq”.
A.Abdullayev qeyd edib ki, Zəngəzur dəhlizi həm münaqişə tərəflərinin, həm də beynəlxalq vasitəçilərin rəsmən tanıdığı, Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması və iqtisadi blokadanın yarılması üçün əsas hüquqi mexanizm kimi qəbul edilir: “Bu layihənin reallaşması Azərbaycanın milli strateji prioritetlərinin icrasında müstəsna rol oynayacaq. Ən əsası dəhlizin fəaliyyətə başlaması ilə uzun illərdir təcriddə qalan Naxçıvan Muxtar Respublikası ilə birbaşa və maneəsiz quru əlaqəsi təmin olunacaq. Ümumi uzunluğu 42 kilometr olan bu xətt Naxçıvanı iqtisadi cəhətdən canlandıracaq, onun ölkənin digər iqtisadi rayonları ilə sıx qovuşmasını stimullaşdıracaq. Müasir yol-nəqliyyat infrastrukturu, rabitə və enerji xətlərinin çəkilişi muxtar respublikanı mühüm logistik mərkəzə çevirəcək. Bu isə öz növbəsində turizm və ticarət əlaqələrinin şaxələnməsinə, yerli sənayenin ixrac imkanlarının genişlənməsinə zəmin yaradacaq. Yeni dəhliz Naxçıvanda istehsal edilən məhsulların dünya bazarlarına çıxışını asanlaşdıracaq. Bölgənin zəngin təbii ehtiyatlarının səmərəli istismarı və onların xarici ölkələrə ixracı məhz Zəngəzur dəhlizinin işə düşməsi ilə birbaşa bağlıdır. Layihə muxtar respublikaya yeni investisiya axını cəlb etməklə yerli büdcənin gəlirlərini artıracaq və əhalinin rifah halını əhəmiyyətli dərəcədə yüksəldəcək”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədr müavini əlavə edib ki, Azərbaycanın tranzit potensialının artırılmasında Zəngəzur dəhlizi müstəsna əhəmiyyət daşıyır: “Bu xətt təkcə regional əlaqələri gücləndirməyəcək, həm də Avrasiya materikini birləşdirən əsas logistik həlqə olacaq. Azərbaycanın müəllifi olduğu qlobal layihələr bu gün Avropa, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiyanı vahid iqtisadi platformada birləşdirən nəhəng bir əməkdaşlıq platformasının bünövrəsini qoyub. Bu tərəfdaşlıq formatı geniş bir arealı əhatə edir və yalnız tranzit sahəsi ilə məhdudlaşmır. Avropa ilə Asiyanı yaxınlaşdıracaq bu unikal marşrut qitənin nəqliyyat xəritəsini yenidən formalaşdıracaq və dövlətlərarası ticarət dövriyyəsini sürətləndirəcək. Layihədə iştirak edən hər bir ölkə öz tranzit imkanlarını artıraraq dünya iqtisadi sisteminə daha səmərəli inteqrasiya edəcə. Bu cür strateji layihələr Azərbaycanı Avrasiyanın əsas nəqliyyat mərkəzinə çevirir, ölkəmizin geoiqtisadi potensialını və beynəlxalq arenadakı statusunu daha da möhkəmləndirir. Nəticə etibarilə, Bakının dürüst tərəfdaşlıq və etibarlılıq prinsiplərinə söykənən xarici siyasəti ölkəmizə dünya miqyasında böyük nüfuz qazandırıb. IV Şuşa Qlobal Media Forumu da Azərbaycanın beynəlxalq miqyasda artan çəkisini, reputasiyasını və dövlətimizin başçısının müasir dövrün uzaqgörən liderlərindən biri olduğunu növbəti dəfə bütün dünyaya nümayiş etdirdi”.
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”