Azərbaycanın mədəniyyət paytaxtı Şuşa artıq
4-cü ildir ki, qlobal media foruma ev sahibliyi edir. İlbəil dünya ictimaiyyətinin
diqqətini cəlb edən platformalardan birinə çevrilən IV Şuşa Qlobal Media Forumu
beynəlxalq xarakterini daha da möhkəmləndirib. 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər
agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən
10 beynəlxalq təşkilat və təsisatın iştirak bunu bir daha təsdiqləyir. Bu dəfəki
forumda da Prezident İlham Əliyev beynəlxalq KİV nümayəndələrinin suallarını
cavablandırdı. Beynəlxalq media mənsubları əsasən regionda və dünyada baş verən
münaqişələr, geosiyasi proseslər, bir sözlə, qlobal dünya gündəmini əhatə edən
mövzularla bağlı cənab Prezidentə suallar ünvanladılar.
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media
Forumundakı çıxışı Azərbaycanın beynəlxalq media dialoqu, regional əməkdaşlıq və
nəqliyyat-logistika imkanları ilə bağlı strateji baxışını bir daha ortaya
qoydu. Dövlət başçımız Forumun artıq qlobal miqyasda nüfuz qazandığını,
Qarabağın bərpasının beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi baxımından
mühüm platformaya çevrildiyini, eyni zamanda Azərbaycanın Avrasiyanın mühüm
tranzit və enerji mərkəzi kimi rolunun daha da gücləndiyini bəyan etdi.
Dövlət başçımızın da söylədiyi kimi, forum
iştirakçılarının əksəriyyəti Qarabağa ilk səfərlərində dağıdılmış şəhər və kəndlərin
mənzərəsini görüblər. Bu gün isə həmin qonaqlar artıq yenidən qurulan şəhərlərin,
inşa edilən yaşayış məhəllələrinin, doğma torpaqlarına qayıdan insanların həyatının
şahidinə çevrilirlər. Bu xüsusda forumun əsas üstünlüklərindən biri də ictimai
rəyin formalaşmasına təsir edən nüfuzlu media nümayəndələrinin Qarabağ həqiqətlərini
yerində görməsi və obyektiv şəkildə dünyaya çatdırmasıdır.
Azərbaycanın beynəlxalq nəqliyyat və logistika
imkanları dünya mediasının da diqqət mərkəzindədir. Cənab Prezident bu mövzu ilə
bağlı suala cavab olaraq bildirdi ki, “hər hansı ölkənin tranzit mərkəzinə
çevrilməsi yalnız əlverişli coğrafi mövqedən deyil, həm də qonşularla sağlam və
etibarlı münasibətlərdən asılıdır”. Azərbaycan isə uzun illər ərzində coğrafi
üstünlüklərini real iqtisadi imkanlara çevirmək üçün ardıcıl siyasət həyata
keçirib. Bu məqsədlə ilk növbədə müasir nəqliyyat infrastrukturu yaradılıb.
Rəsmi Bakının yanaşması bundan ibraətdir ki,
“fiziki infrastrukturun qurulması ilə yanaşı, qonşu dövlətlərlə qarşılıqlı
etimada əsaslanan əməkdaşlıq da əsas şərtlərdən biridir. Əgər qonşular arasında
münasibətlər sağlam deyilsə, tranzit imkanlarının reallaşdırılması da mümkün
olmur. Azərbaycan isə həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində çoxtərəfli
əməkdaşlıq modeli formalaşdıraraq Avrasiyanın mühüm nəqliyyat qovşaqlarından
birinə çevrilib.”
Enerji layihələrinin uğurla həyata keçirilməsini
də bu siyasətin mühüm nəticələrindəndir.
Azərbaycanın təşəbbüskarı və əsas maliyyə tərəfdaşı olduğu enerji layihələri
bu gün bir çox dövlətlərin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Eyni
yanaşma nəqliyyat-kommunikasiya layihələrində də tətbiq olunur və bu, regional əməkdaşlığın
daha da genişlənməsinə xidmət edir.
Mövcud geosiyasi vəziyyət də Azərbaycanın
tranzit imkanlarının əhəmiyyətini daha da artırmaqdadır. Orta Şərqdə baş verən
hadisələr fonunda ölkəmizdən keçən nəqliyyat dəhlizləri daha da cəlbedici olub.
Həm hava, həm dəniz, həm də quru daşımalarında Azərbaycanın təhlükəsiz və
etibarlı marşrut kimi seçilməsi ölkənin strateji əhəmiyyətini artırır. Cənab
Prezident də vurğuladı ki, Azərbaycan artan yük axınını qəbul etməyə hazırdır və
bu istiqamətdə infrastruktur imkanlarının daha da genişləndirilməsi üzərində işlər
davam etdirilir.
Bu xüsusda Mərkəzi Asiya ölkələri, Gürcüstan,
Türkiyə və Avropa Komissiyası ilə əməkdaşlığın genişlənməsi də Orta Dəhlizin
inkişafına mühüm töhfə verir. Azərbaycanın bütün bu proseslərdə etibarlı tərəfdaş
kimi çıxış etməsi, əməkdaşlığa üstünlük verməsi və regional məsələlərin
qarşılıqlı hörmət əsasında həllinə çalışması ölkənin beynəlxalq nüfuzunu daha
da artırır.
Azərbaycanın Avropa təsisatları ilə münasibətləri,
AŞPA-da yaranmış vəziyyət, eləcə də Avropa İttifaqı ilə əməkdaşlığın
perspektivləri forumda cənab Prezident tərəfindən dəyərləndirildi. Dövlət
başçımz da bəyan etdi ki, Azərbaycan bütün beynəlxalq tərəfdaşlarla qarşılıqlı
hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipinə sadiqdir, lakin ölkəyə qarşı qərəzli
yanaşmalar heç bir halda qəbul edilə bilməz.
Avropa Komissiyasının fəaliyyəti dövründə, xüsusilə də Avropa
diplomatiyasının keçmiş rəhbəri Cozep Borrelin mövqeyi Azərbaycan–Avropa
İttifaqı münasibətlərinə mənfi təsir göstərib. Cənab Prezidentin də söylədiyi
kimi, “sonradan ortaya çıxan faktlar həmin dövrdə Azərbaycanın maraqlarına
qarşı aparılan fəaliyyət barədə ciddi suallar doğurur. Hazırda isə Avropa Komissiyası ilə münasibətlərdə müsbət
dinamika müşahidə olunur. Təsadüfi deyil ki, bu ilin ilk aylarında Brüsseldən
Azərbaycana yüksək səviyyəli bir sıra səfərlər baş tutub ki, bu da tərəflərin əməkdaşlığın
inkişafında maraqlı olduqlarını göstərir.
AŞPA-ya gəlincə, cənab Prezidentin də söylədiyi
kimi, “əgər bizim səsvermə hüququmuz olmayacaqsa, onda nəyə görə orada
olmalıyıq?" Təbii ki, münasibətlərin pozulmasının məsuliyyəti Azərbaycanın
üzərinə düşmür.
Cənab Prezidentin səsləndirdiyi fikirlər bir
daha göstərdi ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirmək
niyyətində olsa da, bu əməkdaşlığın yalnız bərabərlik, obyektivlik və
qarşılıqlı hörmət prinsipləri əsasında qurulmasını vacib hesab edir. Bir sözlə,
Azərbaycanın xarici siyasəti hər zaman konstruktiv dialoq, qarşılıqlı hörmət və
nəticəyönümlü əməkdaşlıq prinsiplərinə əsaslanıb. Məhz bu siyasət Rəsmi Bakının
müxtəlif maraqları uzlaşdırmaq, dialoq mühiti formalaşdırmaq və konsensus əldə
etmək bacarığına malik etibarlı tərəfdaş kimi qəbul edilməsini şərtləndirir.
Nigar MƏMMƏDOVA,
“Azərbaycan”