Milli Məclisin iyulun 14-də keçirilən plenar iclasında "Dövlət qulluğu haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi media sahəsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, qanunvericilikdə terminoloji uyğunluğun təmin olunması və “Media haqqında” Qanunun tətbiqi ilə bağlı bir sıra müddəaların dəqiqləşdirilməsi məqsədilə hazırlanıb.
Layihəyə əsasən, "Dövlət qulluğu haqqında" Qanunun müvafiq maddələrində yer alan "Audiovizual" sözü "Media və Yayım" sözləri ilə əvəz edilir.
"Media haqqında" Qanuna edilən dəyişikliklərlə isə "audiovizual media" anlayışı "media və yayım" anlayışı ilə əvəz olunur, qanunun müxtəlif maddələrində "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" ifadəsi "Şura" sözü ilə əvəz edilir və media və yayım sahəsində səlahiyyətli dövlət orqanının Şura olduğu təsbit edilir.
Dəyişikliklərə əsasən, Şuranın səlahiyyətləri əhəmiyyətli dərəcədə genişləndirilir. Şura media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması məqsədilə təlim və seminarların təşkili, media sahəsində innovasiyaların təşviqi, dezinformasiyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi, informasiya mühitinin təhlili, ictimai rəyin öyrənilməsi, Media Reyestrinin aparılması, media subyektlərinə Media Reyestri şəhadətnamələrinin, jurnalistlərə isə jurnalist vəsiqələrinin verilməsi istiqamətində əlavə səlahiyyətlər əldə edir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.