Azərbaycanın müasir dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən 6 il ötür.
44 günlük Vətən müharibəsində yazılan tarix sadəcə hərbi qələbə deyil. Bu, Azərbaycan xalqının milli qürurunun, ləyaqətinin və sarsılmaz iradəsinin təntənəsi, dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir. Bu Zəfər Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin və sərkərdəlik məharətinin, xalqımızın milli birliyinin, dövlətimizin gücünün və ordumuzun qüdrətinin möhtəşəm təcəssümüdür.
Otuz ilə yaxın davam edən işğal dövründə xalqımız ağır məhrumiyyətlərə, faciələrə və ədalətsizliklərə məruz qaldı. Ancaq heç zaman torpaqlarımızın işğalı ilə barışmadı, qələbəyə olan inamını itirmədi. Azərbaycan dövləti isə bu müddət ərzində öz gücünü səfərbər etdi. Prezident İlham Əliyev ən mürəkkəb geosiyasi şəraitdə belə milli maraqlarımızdan bir addım da geri çəkilmədi. Məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi potensialı gücləndirildi, müasir və qüdrətli ordu formalaşdırıldı, Azərbaycanın tarixi Zəfərinə möhkəm zəmin yaradıldı.
44 günlük müharibə bu hazırlığın, siyasi uzaqgörənliyin və qətiyyətli liderliyin real nəticəsini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev döyüş meydanında hərbi əməliyyatların gedişinə rəhbərlik etməklə yanaşı, beynəlxalq siyasi və informasiya müstəvisində də Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bütün təzyiqlərə, təhdidlərə və informasiya hücumlarına baxmayaraq, milli maraqlarımızın qorunmasında prinsipial mövqe sərgilədi.
2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi isə hərb tariximizə qızıl hərflərlə yazılan, hərbi məharətin, cəsarətin və qəhrəmanlığın misilsiz nümunəsinə çevrilən tarixi əməliyyat oldu. Şuşa Zəfəri Azərbaycanın qələbə əzmini sarsıtmağa çalışan bütün qüvvələrə verilən ən tutarlı cavab idi.
Bu möhtəşəm Qələbənin təməlində Ali Baş Komandan, xalq və ordu arasında formalaşmış sarsılmaz birlik dayanırdı. Şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin misilsiz şücaəti bu Zəfər dastanını yazdı. Bu gün azadlığımızın və suverenliyimizin hər qarışında onların fədakarlığı yaşayır.
Azərbaycan 8 Noyabr Zəfəri ilə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə isə dövlət suverenliyini tam bərpa etdi. Bununla da ölkəmiz onilliklər ərzində beynəlxalq siyasi müzakirələrin və ikili standartların kölgəsində qalan fundamental hüquq prinsipini – dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını real həyata keçirdi.
BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalan qətnamələrinin icrasını Azərbaycan öz siyasi iradəsi, iqtisadi qüdrəti və ordusunun qəhrəmanlığı hesabına təmin etdi. Bu, yalnız Azərbaycanın deyil, beynəlxalq hüququn və ədalət prinsipinin qələbəsi idi.
Azərbaycan öz tarixi Zəfəri ilə həm də bölgəmizdə onilliklər boyu hökm sürmüş münaqişə, separatizm, etnik təmizləmə və vandalizm siyasətinə son qoydu. Biz yalnız torpaqlarımızı azad etmədik, həm də regionun gələcəyinə mane olan münaqişə səhifəsini bağlamaq üçün tarixi fürsət yaratdıq.
XXI əsrdə öz ərazi bütövlüyünü və suverenliyini kənar hərbi müdaxilə və himayəyə arxalanmadan, öz milli gücü və iradəsi hesabına bərpa edən Azərbaycan bu gün dünyada suverenlik uğrunda mübarizə aparan dövlətlər üçün mühüm örnəyə çevrilib. Biz sübut etdik ki, güclü dövlətçilik, milli birlik və qətiyyət olduqda heç bir tarixi ədalətsizlik əbədi davam edə bilməz.
Bu Zəfər, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin, onun ən böyük arzusunun gerçəkləşməsi idi. Prezident İlham Əliyev öz qətiyyətli liderliyi ilə Ulu Öndərin vəsiyyətini yerinə yetirdi. O, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının, iki əsr ərzində müstəqil, bütöv və suveren Azərbaycan arzusu ilə yaşamış ziyalılarımızın, mütəfəkkirlərimizin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin arzularını reallığa çevirdi.
Bu, sadəcə torpaqların azad edilməsi deyildi. Bu, xalqın tarixi yaddaşının, milli qürurunun və öz gücünə inamının bərpası idi. Bu Qələbə əyilmiş qəddimizi dikəltdi, milli ruhumuzu yüksəltdi və tariximizin gedişatını dəyişdi!
Bu gün azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Böyük Qayıdış proqramı həyata keçirilir. Vaxtilə dağıdılmış şəhər və kəndlərimiz yenidən qurulur, doğma yurdlarından didərgin düşmüş soydaşlarımız öz evlərinə qayıdırlar. Dünən döyüş meydanı olan torpaqlarımız bu gün quruculuğun, inkişafın və yeni həyatın ünvanına çevrilir. Zəfərimizin əsl böyüklüyü həm də ondadır ki, biz yalnız müharibəni qazanmadıq, azad edilmiş torpaqlarda yeni həyat qurmağa başladıq.
8 Noyabrın ən mühüm tarixi dərsi budur: güclü dövlət, qətiyyətli liderlik, müasir ordu və xalqın sarsılmaz birliyi olduqda ən mürəkkəb tarixi vəzifələri belə həyata keçirmək mümkündür. Prezident İlham Əliyev siyasi iradəsi, əzmi və sərkərdəlik məharəti ilə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı.
Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar artıq tarixin və beynəlxalq hüququn geridönməz reallığıdır. Beynəlxalq hüquqa, ədalətə və sülhə hörmətlə yanaşan bütün dövlətlər və beynəlxalq təşkilatlar bu reallıqları qəbul edib, Azərbaycanın regionda dayanıqlı sülhün təmin olunması istiqamətində göstərdiyi səyləri dəstəkləyirlər.
Cənubi Qafqaz revanşizmin, qarşıdurmanın və silahlanma yarışının deyil, sülhün, sabitliyin, mehriban qonşuluğun və qlobal əməkdaşlığın məkanına çevrilməlidir. Bunun üçün ilk növbədə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli, ölkəmizə qarşı yönəlmiş düşmənçilik siyasətindən və revanşist iddialardan birdəfəlik imtina olunmalıdır.
Şuşada, Xankəndidə və Azərbaycanın bütün ərazilərində dalğalanan üçrəngli bayrağımız xalqımızın iradəsinin, dövlətimizin qüdrətinin və tarixi ədalətin təntənəsinin rəmzidir. Bu reallıqla barışmaq və yeni səhifədən başlamaq regionda davamlı sülhün yeganə sağlam yoludur.
Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlıq edirik.
Zəfərimiz mübarək olsun!
Vasif Qafarov,
Milli Məclisin deputatı