27 oktyabr
Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 26-sı gün ərzində və 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.
Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Hücum etmək cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub.
Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib. Ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da olub.
Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 topu, 1 ədəd "Osa-AKM" ZRK, 1 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd radiolokasiya stansiyası və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Ermənistan təxribat xarakterli məlumat yayıb
Ermənistan yalan məlumat yayaraq sərhəd zastavasının vurulduğunu iddia edib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilib ki, Ermənistanın guya Azərbaycana məxsus PUA və raket-artilleriya sistemlərindən istifadə etməklə onların ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır: "Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir. Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq, Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutub".
Bərdəyə "Smerç" atılıb, 4 nəfər dünyasını dəyişib, 7 nəfər yaralanıb
Yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini, eləcə də Goranboy və Bərdə rayonlarının ərazilərini raket atəşinə tutub.
Saat 16:00 radələrində Ermənistan silahlı qüvvələri Bərdə rayonu ərazisini "Smerç" yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutub. Nəticədə 4 nəfər dünyasını dəyişib, 7 nəfər yaralanıb. Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayəti nəticəsində mülki şəxslər, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla xeyli sayda mülki şəxs xəsarət alıb.
Birinci vitse-prezident Mehriban Əliyeva dünya birliyinə səslənib
"Bərdə ərazisinin "Smerç" yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutulması, insan tələfatı hər kəsi kədərləndirir".
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında paylaşım edərək yazıb: "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. "Smerç" qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb.
Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun? Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram. Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!"
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb. Qeyd edilib ki, yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhəboyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görüb.
Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradıb: "Ermənistan rəhbərliyi artıq dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın tamhüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir.
Bu baxımdan Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmək hüququna malikdir".
"Azərbaycan"