Son illər kənd təsərrüfaının inkişafı istiqamətində dövlətin göstərdiyi diqqət və qayğıdan bəhrələnən gədəbəylilər aqrar sektorun bütün sahələrində yüksək göstəricilərə nail olurlar. Xüsusən kartof istehsalında qazanılan yüksək nəticələr ildən-ilə artır. Əvvəlki illərdə olduğu kimi, bu il də rayonda bol kartof məhsulu yetişdirilmişdir.
"İkinci çörək" adlandırılan kartofun əkin dövründə yağan yağışlar torpaq sahiblərinin işini xeyli çətinləşdirmiş, əkini bir qədər geçikdirmişdir. O səbəbdən məhsulun yığımında da gecikmələr yaranmışdır. Buna baxmayaraq, əkin sahələrində bol məhsul yetişmişdir. Hazırda fermerlər yetişmiş kartofun yığımı ilə məşğuldurlar.
Xatırladaq ki, keçən il 8680 hektarda kartof əkən təsərrüfat sahibləri 117 min 180 ton məhsul toplamışlar ki, bu da hər hektardan 135 sentner kartof deməkdir. Təsərrüfat sahibləri cari ildə əkin sahələrinin həcmini artıraraq 8740 hektara çatdırmışlar. Oktyabrın əvvəlinəcən 7469 hektarda yığım aparılmış, 100 min 170 ton məhsul götürülmüşdür.
Gədəbəydə kartofçuluqla məşğul olan çox sayda fermer təsərrüfatları var. Demək olar ki, rayonda elə bir kənd yoxdur ki, orada kartof əkilməsin. Saratovka kəndinin sakini Ramiz Əliyev keçən il hər hektardan 250 sentner, Daşbulaq kəndindən Hafiz Fətəliyev isə daha yüksək məhsul götürmüşlər. Fermer Sakit Yəhyayev isə əkdiyi 13 hektardan indiyədək 620 ton kartof yığmışdır. Hər il kartof istehsalında fərqlənən Qoşabulaq kənd sakinləri Şahin Əliyev 5 hektardan 16, Ərəstun Ələkbərov hər hektardan 17 ton məhsul götürmüşlər ki, bu da əvvəlki ildəki göstəricidən xeyli çoxdur.
Gədəbəydə kartofçuluqda zəngin təcrübə qazanan fermerlərdən söz düşəndə ilk olaraq Saratovka kəndinin sakini Ramiz Əliyevin, Düz Rəsullu kəndindən İmran Həsənovun adlarını çəkirlər. Bu fermerlər hər il hər hektardan 250 sentnerədək məhsul götürürlər. Daşbulaq kəndinin sakini Hafiz Fətəliyev bir neçə il öncə Prezidentin sərəncamı ilə II dərəcəli "Əmək" ordeninə layiq görülmüşdür. Hazırda onun da sahələrində sürətlə kartof yığılır.
Sabir ƏLİYEV,
"Azərbaycan"