27 Oktyabr 2026 09:30
192
İQTİSADİYYAT
A- A+
"Conder"lər iş başında

"Conder"lər iş başında


"Prime Cotton" MMC-nin Neftçala filialı üzrə pambığın 95 faizindən çoxunun maşınlarla yığılması nəzərdə tutulub


Əvvəlcə sahənin pambığı yığılmış hissəsinə keçib oranı diqqətlə nəzərdən keçirirlər. Quru kolların üstündə açılmış qozanın qalmadığını gördükdə baş aqronom Namiq Bağırov üzünü fermer Alik Bağırova  tutub: "Bu Nəsirin gördüyü işə söz ola bilməz. Kolların üstündə bir dənə də olsun ağartı qalmır. Təkcə burda yox, harda işləyirsə, işinə vicdanla yanaşır", - deyir. 

Sonra onlar beş addım irəliləyib pambığı dərilməmiş əraziyə keçirlər. Cərgələrin üstünə sanki quşbaşı qar yağıb. Baş aqronom sevinclə sahəni seyr edərək bildirir: "Alik, sən də sağ ol! Yaxşı pambıq yetişdirmisən. Ən azı 45 sentnerin var. Mən bunu becərmə zamanı bura gəlib-gedən vaxtlarda hiss etmişdim. Bax budur çəkilən zəhmətin nəticəsi. Verilən məsləhətlərə qulaq asanda, mütəxəssis sözünü yerinə yetirəndə, göründüyü kimi, nəticəsi də yaxşı olur". 

Fermer də bu xoş sözlərin qarşısında borclu qalmır: "Namiq müəllim, məndən də qat-qat yaxşı bilirsiniz ki, pambıq zəhmət və diqqət tələb edir. 35-40 dərəcə al günün altında onu yaxşı becərsən, suyunu, gübrəsini vaxtında versən, alaq otlarından yaxşı təmizləsən, sovkaya, xəstəliklərə qarşı mübarizə tədbirlərini zamanında görsən, o da səndən səxavətini əsirgəməz. Belə demək mümkünsə, gün altında yanmış, qaralmış üzünü ağ edər". Sonra həm də üzünü mənə tutur: "Keçən il 6 hektarda pambıq əkmişdim. Bundan əlavə 7 hektar torpaq icarəyə götürüb taxıl və yonca əkirəm. Allaha şükür, pis dolanmırıq. Kəndimiz Astanlının xeyirində, şərində dost-tanışdan geri qalmamağa çalışıram. Ailəm çox da böyük deyil. Mən özüm, həyat yoldaşım, iki oğlum. Oğlanlarımın hər ikisini oxutdurmuşam. Ali təhsillidirlər. Böyük oğlum Tapdıq Sərhəd Qoşunlarında xidmət edir, kapitandır. Bir neçə ay əvvəl evlənib. Kiçiyim Cavid isə hər il pambıqla əlaqədar müqavilə bağladığım "Prime Cotton" şirkətinin Neftçaladakı filialının mühasibatlığında işləyir. Yeri gəlmişkən onu da deyim ki, filialın rəhbəri Bahəddin Leysanov və digər mütəxəssislər biz fermerlərə hər cür diqqət və qayğı göstərirlər. Çiyid əkinindən pambıq yığımına qədər hər zaman yanımızda olur, nə lazımsa kömək edirlər. Texnika, mineral gübrələr sarıdan heç bir çətinliyimiz olmur. Pambığın alaq otlarından təmizlənməsi, suvarılması üçün həmişə avans verilib. Yığım pulunun verilməsi nümunəvi təşkil edilib. Elə şirkətlər var ki, yığım pulunu və öz işçilərinə əməkhaqqının verilməsini həftələrlə, aylarla, bəziləri isə bir il yubadır. Bizdə belə hal yoxdur. Yığdığımız məhsulun pulunu qısa müddət ərzində alırıq". 

- Yəqin ki, eşitmisiniz, Prezident İlham Əliyev bu il may ayının 25-də kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair dövlət proqramını təsdiq edib. Bu proqramda pambıq və taxıl sahələrinin hər hektarından 50 sentner məhsul götürmək vəzifəsi qarşıya qoyulub", - deyə fermerə xatırladıram. 

A.Bağırov bir az fikrə gedib deyir: "Prezident kənd təsərrüfatının inkişafı üçün həmişə çalışır, bu barədə sərəncamlar imzalayır. Son 15-20 ildə aqrar sahədə görün nə qədər irəliləyişlər var, istehsal nə qədər artıb. Budəfəki sənəd də olduqca mühümdür. Fermer də istəyir ki, məhsuldarlıq yüksək olsun. Çünki bu, yüksək qazanc, yaxşı gün-güzəran, ərzaq təhlükəsizliyi, məhsul bolluğu deməkdir. Dövlət də, fermer də, cəmiyyət də eyni nəticəni istəyir. Ancaq bir məsələ var. Bizim bu yerlərdən, şəxsən mənim əkdiyim sahələrdən 50 sentner məhsul götürmək elə də asan iş deyil. Yerlərimiz həndir-hamardır. Suvarma zamanı çox çətinlik çəkirik. Nə qədər çalışsaq da, arat və suvarma zamanı sahənin çökək yerinə su yığılır. Bu da bitkinin çıxışına, normal boy atmasına mane olur. Həm də su itkisinə yol verilir. Çox vaxt həmin yerlərdə çıxış almaq müşkülə çevrilir. Buna görə də sahələrin düzlənməsinə böyük ehtiyac var. Bu işləri görmək üçün isə çoxlu vəsait, texnika tələb edilir. Ümidvarıq ki, bu məsələnin həllində də dövlət bizə dəstək verəcək. Onda 50 sentner çoxları üçün əlçatan olacaq".  

Sahənin o başından gələn pambıqyığan maşın bizə çatmağa 15-20 metr qalmış baş aqronom əli ilə sürücüyə dayanmaq işarəsi verir. Sürücü-mexanik kabinədən düşüb gəlir. Salamlaşdıqdan sonra baş aqronom: "Bayaq haqqında tərif dediyim "qəhrəman" - Nəsir Abbasov budur", - deyir". Hal-əhval tutub işlərinin necə getdiyini soruşuram. "Özüm də yaxşıyam, işlərim də yaxşıdır. Əlinizdəki bloknotdan, fotoaparatdan görürəm ki, mətbuatdansınız. Xoş gəlmisiniz, çox sağ olun ki, bizi unutmursunuz". "Siz sağ olun, borcumuzdur" deyirəm. Hər gün neçə hektarın pambığını yığdığını, "Conder"in onun sözünə necə baxdığını soruşuram. N. Abbasov: "Bildiyiniz kimi, bu il pambıq yığımı əvvəlki illərlə müqayisədə 15-20 gün gecikib. Bu da yazda səpin və birinci becərmə vaxtı havaların yağmurlu, soyuq keçməsi ilə əlaqədar olub. Üstəgəl, oktyabr ayının birinci ongünlüyündə havaların yağıntılı olması yığımı bir az da geri atdı. Bizim isə borcumuz kənd adamlarının, fermerlərin zəhmətlə, xərclə yetişdirdikləri məhsulu mümkün qədər tez yığmaqdan ibarətdir. Bunun üçün var qüvvəmizlə çalışırıq. Səhərlər 11 radələrində - şeh götürüləndən sonra işə başlayırıq. Ancaq itirilən vaxtın əvəzini günün ikinci yarısında çıxırıq. Saat 8-9-a, bəzən 11-ə kimi işləməli oluruq. Heyif ki, sahələr kiçikdir. Sahələr böyük olsa, işləmək daha da rahat olar. "Conder" çox yaxşı texnikadır. Texniki qulluğunu vaxtlı-vaxtında göstərsən, heç vaxt adamı məyus etmir. Bunu kim istehsal edibsə, hər şeyi fikirləşib. Ən isti vaxtda kondisioner sürücünün rahat işləməsinə şərait yaradır. Kabinəsində bütün rahatlıq bir aradadır". 

Qısa söhbətdən sonra sürücü-mexanik Nəsir Abbasov bizimlə sağollaşır və yenidən "Conder"in kabinəsinə qalxaraq aqreqatı işə salır. Kombayn irəlilədikcə bayaqdan ağ dona bürünmüş cərgələr libasını soyunur. 

"Prime Cotton" MMC Neftçala filialının baş aqronomu Namiq Bağırovla geri qayıdırıq. Yol boyu ağappaq pambıq tarlaları bitib-tükənmək bilmir. "Maşallah, pambığınız boldur. Nə qədərini yığmısınız?", - deyə yol yoldaşımdan soruşuram. O daha ətraflı məlumat verərək bildirir ki, filial cari ilin əvvəlində 4 min 875 hektarda pambıq əkmək üçün 830 fermerlə müqavilə bağlayıb. "Məhsuldar toxumlar əkmişik. Səpin zamanı çiyidlə birlikdə hər hektara 150 kiloqram ammafos gübrəsi vermişik. 4-5 dəfə kompleks becərmə aparmışıq. Bu zaman pambıq əkən fermerlər texniki vasitələr, mineral gübrələr, habelə becərmə aparmaq üçün avansla vaxtında təmin olunublar. Nəticədə bütün aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə həyata keçirilib", - deyir. Sonra əlavə edir: "Gördüyünüz kimi, sahələrdə bol pambıq yetişdirilib. İndi isə vəzifə hər saatdan, gündən istifadə edib bu məhsulu itkisiz, keyfiyyətli halda yığmaqdır. Bundan ötrü filialımızda 18 "Conder" markalı pambıqyığan var. Hər biri də saz haldadır. Onlar hər gün 500-550 ton pambıq yığır. Bütün sahələr defolyasiya edilib. İndiyədək 1200 hektarın məhsulunu toplamışıq, 5 min 60 ton məhsul hasil olunub. Orta hesabla hər hektardan 42 sentnerdən çox pambıq toplanıb".

Beləcə, söhbət edə-edə Salyan-Neftçala şose yolunun yaxınlığında - Qədimkənd kəndi ərazisində yerləşən "Prime Cotton" MMC filialının həyətinə çatıb sağollaşırıq. N.Bağırov günün hesabatını, mən isə oxuduğunuz bu reportajı hazırlamağa gedirik. 


Seyran CAVADOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır  

10:26
27 Oktyabr

Dohadakı IX Ümumdünya İnvestisiya Forumunda Azərbaycanın iqtisadi potensialı barədə məlumat verilib  

10:25
27 Oktyabr

Prezident: Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub  

10:23
27 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb

10:22
27 Oktyabr

Azərbaycan nefti 127 dollardan baha satılır

10:22
27 Oktyabr

Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir  

10:20
27 Oktyabr

Bakıda Almaniya-Azərbaycan biznes konfransı işə başlayıb

10:18
27 Oktyabr

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir YENİLƏNƏCƏK

10:06
27 Oktyabr

“Bild”: Almaniya xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün münaqişəyə hazırlaşır  

10:05
27 Oktyabr

Araşdırma: Qısa gəzintilər demensiya riskini azalda bilər

09:50
27 Oktyabr

Luis de la Fuente mövsümün ən yaxşı futbol məşqçisi seçilib

09:44
27 Oktyabr

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

09:43
27 Oktyabr

Zelenski: Ballistik raketlərlə Kiyevdə insanların sıx olduğu ərazilərə zərbələr endirilib, ölənlər var  

09:42
27 Oktyabr

Yeni təşəbbüslər, qarşılıqlı investisiyalar və beynəlxalq əməkdaşlıq

09:40
27 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölən və xəsarət alanlar var

09:35
27 Oktyabr

Gədəbəy: istehlakçı üçün "ikinci çörək", istehsalçı üçün əsas "çörək ağacı"

09:35
27 Oktyabr

"Conder"lər iş başında

09:30
27 Oktyabr

Biz qazlaşdırılmış kəndin qazsız sakinləriyik

09:25
27 Oktyabr

Arzumuz gerçəkləşir

09:20
27 Oktyabr

Quba Cümə məscidi

09:15
27 Oktyabr

Marketə siyahısız getməyin bədəli

09:10
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!