Martın 17-də keçirilən Milli Məclisin növbəti plenar iclasında "Yerin təki haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda qəbul olundu. Bu layihə "Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" ölkə Prezidenti İlham Əliyevin 2024-cü il 23 dekabr tarixli 420 nömrəli sərəncamına uyğun olaraq hazırlanmışdı.
Bəs bu qanunun qəbulunda əsas məqsəd nədir? Məsələ ilə bağlı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun fikirlərini öyrəndik. Onun sözlərinə görə, "Yerin təki haqqında" qanuna edilən dəyişikliklərin məqsədi yer təkinin istifadəsi sahəsində hüquqi tənzimləmə prosedurlarının təkmilləşdirilməsi, təbii ehtiyatlardan istifadənin səmərəliliyinin artırılması, ekoloji təhlükəsizliyin gücləndirilməsi və dağ-mədən fəaliyyəti nəticəsində yaranan tullantıların dövriyyəyə cəlb olunmasının hüquqi əsaslarının dəqiqləşdirilməsidir. Yerin təkindən istifadə sahəsində mövcud problemlərin analizinin nəticələri nəzərə alınmaqla qanuna edilən dəyişikliklər əsasən yerin təkindən istifadəyə icazə və tələblərin sadələşdirilməsi, istismardan sonrakı mərhələdə rekultivasiya işlərinin aparılması, sözügedən sahəyə nəzarət edən dövlət qurumu tərəfindən həyata keçirilən monitorinq və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq təcrübə nəzərə alınmaqla yerin təkindən istifadə ilə bağlı texniki təhlükəsizlik və tikinti, geoloji öyrənmə, tədqiqat və sınaqların aparılması şərtləri, mədənlərin bağlanması üzrə dövlət standartlarının hazırlanması kimi məsələləri əhatə edir.
S.Qurbanov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2024-cü il 10 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da su ehtiyatlarının artırılması, əhalinin keyfiyyətli içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə mövcud su anbarlarının təmizlənməsi, təbii və texnogen çirklənmələrin aradan qaldırılması, su resurslarının dayanıqlı idarə edilməsi prioritet vəzifələr kimi qarşıya qoyulub: "Təmizləmə işləri nəticəsində uzun illər ərzində anbarlarda toplanmış qum, qum-çınqıl və gil tərkibli materialların çıxarılması anbarların hidravlik göstəricilərinin bərpa olunmasına, suyun keyfiyyətinin yüksəlməsinə və ətraf mühitin qorunmasına xidmət etməklə yanaşı, milyonlarla kubmetr inert materiallarının iqtisadi dövriyyəyə cəlb olunması ilə nəticələnəcək. Hazırda ölkədə 140-dan çox iri və orta su anbarı mövcuddur. Çöküntülərin yığılması nəticəsində bəzi anbarlarda faydalı tutum 15-35 faiz azalıb. Böyük anbarlarda hər il orta hesabla 0,3-1 faiz, kiçik və ortahəcmli anbarlarda isə 2-5 faiz tutum itkisi baş verir".
Komitə sədri qeyd edib ki, respublikamızda həyata keçirilən infrastruktur layihələri, o cümlədən tunellərin və metro stansiyalarının tikintisi zamanı çıxarılan süxur kütləsinin iqtisadi dövriyyəyə cəlb olunması mineral xammal ehtiyatlarından səmərəli istifadəyə və dayanıqlı resurs idarəçiliyinin təmin edilməsinə əhəmiyyətli töhfə verə bilər. Bu yanaşma faydalı qazıntılardan istifadə sahəsində rəqabətli mühitin yaradılmasına və dövlət nəzarətinin gücləndirilməsinə xidmət edəcək.
Komitə sədri qeyd edib ki, qanuna edilən dəyişikliyə uyğun olaraq hazırlanmış yeni qaydalar rekultivasiya institutunu kompleks şəkildə tənzimləyə biləcək. Nəticədə rekultivasiya planlarının hazırlanması, dövlət ekoloji ekspertizasından keçirilməsi, münbit torpaq qatının qorunması və bərpası, hidrogeoloji və mühəndis-geoloji şəraitin nəzərə alınması ilə bağlı tələblər müəyyən olunub ki, bu da keyfiyyəti pozulmuş torpaqların əvvəlki və ya alternativ faydalı vəziyyətə qaytarılmasını təmin edəcək.
"Aparılmış monitorinqlər nəticəsində bəzi ərazilərdə istismar işləri başa çatsa da, rekultivasiya işlərinin aparılmadığı da müşahidə edilib. Nəzərə alınmalıdır ki, bu işlər böyük maliyyə vəsaiti tələb edir. Bu səbəbdən yeni qaydalarda rekultivasiya xərclərinin qarşılanması üçün yer təki istifadəçiləri tərəfindən gələcək fəaliyyət üzrə vəsaitin mərhələli şəkildə əvvəlcədən ayrılması mexanizmi də nəzərdə tutulub", - deyə Sadiq Qurbanov əlavə edib.
Təhminə VERDİYEVA,
"Azərbaycan"