Novruz xalqımızın mənəvi dünyasını, milli kimliyini və əsrlərdən süzülüb gələn ənənələrini özündə yaşadan ən qədim və sevilən bayramlardan biridir. Bu bayram təkcə təbiətin oyanışı deyil, həm də insanların qəlbində yenilənmə yaradır, ümid və birlik hisslərinin canlanmasını simvolizə edir. Yazın ilk nəfəsi ilə birlikdə gələn Novruz insanları bir araya gətirir, onları bir-birinə daha yaxın olmağa sövq edir. Bu baxımdan Bakıda təşkil olunan bayram yarmarkaları artıq ənənəyə çevrilərək Novruzun ruhunu daha canlı və dərindən hiss etdirir.
Ölkəmizin dörd bir tərəfində qurulan, Novruzun ruhunu, baharın təravətini və paylaşmağın gözəlliyini özündə birləşdirən yarmarkalar rəngarəng dekorasiyalar, bayram atributları ilə həm sakinlərin, həm də qonaqların marağına səbəb olur. Baharın gəlişini təcəssüm etdirən yamyaşıl səməni, əlvan boyanmış yumurtalar, ənənəvi personajlar və bəzədilmiş xonçalar insanlarda nostalji hisslər oyadır, uşaqlıq xatirələrini yenidən canlandırır.
Paytaxtımızın ən gur məkanlarından birində - Fəvvarələr meydanında təşkil edilən "Torpaq Əlimdə, Bahar Ürəyimdə" yarmarkası da bayram ab-havası yaradır, baharın gəlişini müjdələyir. Yarmarkada olan bayram atmosferi böyükdən-kiçiyə hər kəsi öz sehrinə salır. Əraziyə daxil olan kimi musiqi sədaları, ziyarətçilərin gülüşləri, uşaqların şən səsləri insanı başqa bir aləmə aparır. Sanki bu məkanda gündəlik həyatın qayğıları unudulur, yerini sevinc və xoş əhvali-ruhiyyə tutur.
Yarmarkanın əsas məqsədi yalnız əyləncə yaratmaq deyil. Bu layihə, eyni zamanda xeyriyyə xarakteri daşıyır və cəmiyyətin həssas təbəqəsinə dəstək göstərmək üçün mühüm rol oynayır. 2019-cu ildən etibarən "Nərgiz" fondu tərəfindən həyata keçirilən bu nəcib missiyalı yarmarkadan toplanılan vəsait müxtəlif sağlamlıq problemləri ilə mübarizə aparan uşaqların müalicəsinə yönəldilir. Beləliklə, yarmarkaya gələn hər bir insan, sadəcə, istirahət etmir, həm də xeyirxah bir işə töhfə verir. Bu isə bayramın əsas fəlsəfəsi - paylaşmaq və yardım etmək anlayışına tam uyğun gəlir.
Yarmarkada qurulan köşklər müxtəlifliyi ilə seçilir. Hər köşk özünəməxsus üslubda bəzədilib və ziyarətçilərə fərqli məhsullar təqdim edir. Burada həm milli mətbəxin ləziz təamlarını, həm də müxtəlif ölkələrin dadlı məhsullarını tapmaq mümkündür. Qonaqlar isti şirniyyatların qoxusunu hiss etdikcə sanki uşaqlıq illərinə qayıdırlar. Şəkərbura, paxlava, qoğal kimi ənənəvi təamlar xarici qonaqlarda xüsusilə böyük maraq doğurur.
"Torpaq Əlimdə, Bahar Ürəyimdə"də gəzinti zamanı müxtəlif yaş qruplarından olan insanların bir arada əyləndiklərini görmək mümkündür. Məkanda uşaqlar üçün xüsusi oyun zonaları yaradılıb. Onlar burada müxtəlif yarışlarda iştirak edir, əyləncəli oyunlar oynayır və bir-biri ilə rəqabət apararaq sevinc dolu anlar yaşayırlar. Böyüklər isə ya alış-veriş edir, ya da dostları ilə birlikdə çay süfrəsi arxasında söhbətləşirlər.
Ziyarətçilərdən biri olan gənc ana Aysel xanım qeyd edir ki, bu məkan onun üçün artıq ənənəvi istirahət ünvanına çevrilib: "Hər il bayram ərəfəsində mütləq bura gəlirik. Uşaqlar burada çox xoşbəxt olurlar. Onların sevinci bizim üçün ən böyük hədiyyədir. Üstəlik, burada görülən işlər səliqəlidir. İnsan özünü çox rahat hiss edir".
Yarmarkada turistlərin də sayı az deyil. Müxtəlif ölkələrdən gələn qonaqlar burada Azərbaycanın mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər. Xaricdən gələn bir ziyarətçi ilə söhbətimizdə bildirir ki, bu bayram onun üçün tamamilə yeni təcrübədir: "Mən əvvəllər Novruz bayramı haqqında yalnız qısa məlumatlara sahib idim. Amma burada gördüklərim gözləntilərimi xeyli üstələdi. İnsanların mehribanlığı, mühitin rəngarəngliyi məni çox təsirləndirdi. Bu bayramın ruhu həqiqətən fərqlidir".
Yarmarkada diqqətçəkən məqamlardan biri də insanların bir-birinə olan münasibətləridir. Satıcılar müştəriləri gülərüzlə qarşılayır, hər kəslə səmimi davranırlar. Bu da ümumi atmosferə xüsusi bir istilik qatır. Buraya gələn hər kəs özünü sanki böyük bir ailənin üzvü kimi hiss edir.
Ərazidə yaradılan fotozonalar da ziyarətçilərin marağına səbəb olur. Ziyarətçilər burada xatirə şəkilləri çəkdirir, bayramın gözəl anlarını yaddaşlarında əbədiləşdirirlər. Xüsusilə uşaqlar üçün hazırlanmış dekorativ guşələr onların sevincinə səbəb olur. Azyaşlılar rəngli dekorasiyalar fonunda şəkil çəkdirərək bu günü daha da unudulmaz edirlər. "Torpaq Əlimdə, Bahar Ürəyimdə"nin təşkilində yeniliklər də nəzərə çarpır. Bu il təqdim olunan bəzi tematik guşələr xüsusilə gənclərin marağına səbəb olur. Müasir elementlərin milli ənənələrlə vəhdəti tədbirə fərqli bir çalar qatır. Bu isə göstərir ki, Novruz yalnız keçmişin mirası deyil, eyni zamanda bu günün və gələcəyin də bir parçasıdır.
Havanın mülayim keçməsi yarmarkaya olan marağı daha da artırır. Günəşli hava, yüngül meh və bayram əhvali-ruhiyyəsi bir araya gələrək unudulmaz bir atmosfer yaradır. Yaşlı nəslin nümayəndələri də bu məkanda özlərinə yer tapırlar. Onlar uşaqların sevinclərini izləyərək öz gənclik illərini xatırlayır, bayramın dəyişməyən dəyərlərini bir daha dərk edirlər. Ziyarətçi Gülzar xanım deyir: "Bizim vaxtımızda bu cür geniş tədbirlər olmasa da, bayramın ruhu həmişə eyni olub. İndi isə bu ənənələrin belə gözəl şəkildə yaşadıldığını görmək sevindiricidir".
Yarmarkanın ən çox diqqətçəkən tərəflərindən biri də burada yaranan birlik hissidir. Fərqli yaşda, fərqli düşüncədə olan insanlar bir məkanda toplaşaraq eyni sevinci paylaşırlar. Bu isə cəmiyyətin birliyini və həmrəyliyini daha da möhkəmləndirir. Bayram günlərində belə tədbirlərin təşkili insanların sosial həyatına da müsbət təsir göstərir. İnsanlar daha çox ünsiyyət qurur, yeni dostluqlar yaranır, münasibətlər möhkəmlənir. Bu baxımdan yarmarka yalnız əyləncə məkanı deyil, həm də sosial bağları gücləndirən bir platformadır.
Tədbirin davam etdiyi müddətdə burada hər gün müxtəlif proqramlar təşkil olunur. Musiqi çıxışları, rəqs nömrələri və digər əyləncəli fəaliyyətlər ziyarətçilərin maraqlarnı daim canlı saxlayır. Hər gün fərqli bir ab-hava yarandığı üçün insanlar yarmarkaya təkrar-təkrar gəlmək istəyirlər.
Bu cür tədbirlərin keçirilməsi həm də ölkənin turizm potensialının artmasına töhfə verir. Xaricdən gələn qonaqlar milli mədəniyyətimizlə tanış olur, ölkəmiz haqqında xoş təəssüratlarla geri qayıdırlar. Bu isə Azərbaycanın dünyada tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Elə ona görə də "Torpaq Əlimdə, Bahar Ürəyimdə" təkcə bayram tədbiri deyil, həm də insanları birləşdirən, sevinc və ümid bəxş edən xüsusi bir məkandır. Burada hər kəs özünə uyğun bir sevinc tapır - uşaqlar oyunlarda, böyüklər xatirələrdə, turistlər isə yeni təcrübələrdə.
Ülkər XASPOLADOVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"