19 Fevral 2026 09:35
219
Səhiyyə
A- A+
"Ani "xoşbəxtlik" insanı ömürlük bədbəxt edə bilər"

"Ani "xoşbəxtlik" insanı ömürlük bədbəxt edə bilər"


Müasir dövrdə cəmiyyətin sağlamlığı yalnız tibbi deyil, həm də sosial təhlükəsizlik və milli gələcək məsələsidir. Xüsusilə narkotik asılılığına qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlər, o cümlədən profilaktik proqramlar və müalicə mexanizmləri barədə daha ətraflı məlumat almaq üçün Respublika Narkoloji Mərkəzinin baş direktoru, tibb üzrə fəlsəfə doktoru Fəzail Sadıqovla həmsöhbət olduq.

- Fəzail həkim, istərdik ki, öncə oxucularımıza narkotik asılılığın anatomiyasını açasınız. Bu nə bəladır ki, bütün dünya onun qarşısında aciz qalıb?

- Bildiyimiz kimi, sovet dövründə səhiyyə sistemində əhalinin dispanserizasiyası deyilən bir prinsip var idi. Müxtəlif növlü psixoterapiya, narkoloji, vərəm əleyhinə, dəri zöhrəvi xəstəliklər dispanserləri fəaliyyət göstərirdi. Bu dispanserlərin funksiyası əhali arasında xəstəliklərin erkən aşkar edilməsi idi. Onu da deyim ki, Qərb ölkələrində belə bir anlayış yoxdur. Almaniyada bir hospital var, bir də ambulatoriya. Elə ölkələr var ki, orada narkotik asılılığı olan şəxslərin heç qeydiyyatı aparılmır. Amma ümumən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səviyyəsində götürəndə belə qəbul olunur ki, əksəriyyət ölkələrdə narkoloji qeydiyyat məsələsi mövcuddur. Burada bir tibbi, sosioloji və hüquqi yanaşma var. Bu nə deməkdir? Bizim mərkəzə hərbi səfərbərliklə bağlı insanlar gəlir, onları müayinə edirik. Amma bizdən soruşulmur ki, onların arasında narkoman var ya yox. Bizim vəzifəmiz diaqnoz qoymaqdır. Diaqnozlar da ÜST-nin qəbul etdiyi normalara əsaslanır. Burada bir məsələyə diqqət yetirməyi vacib hesab edirəm. Belə götürsək, tütün çəkmək sağlamlığa zərər vursa da, cəmiyyətdə qəbul olunur, baxmayaraq ki, tütün də bir psixi aktiv maddədir və asılılıq verir, insanlar bu asılılıqdan asanlıqla xilas ola bilmirlər. Bu dəqiqə biz Azərbaycanda siqaret çəkənləri qeydiyyata götürsək, onların sayı milyonlarla olacaq. Uzaqbaşı lazım gələndə bu, diaqnoz kimi yazılır. Lakin bütün hallarda tütün qeyri-tibbi məqsədlə qəbul edilən opium qrupuna daxil olunan narkotik deyil. 

Azərbaycanda ən çox rast gəlinən narkotiklər opioidlər (heroin, tiryək və s.), kannobinoidlər (marixuana və s.) və psixostimulyatorlardır (amfetamin, metamfetamin və s.). Opioidlərin fəsadları istər sosial baxımdan, istərsə də tibbi baxımdan daha çoxdur. Onlar qısa zamanda çox güclü asılılıq verir və bundan irəli gələn qanun pozuntuları, bu maddələrin vena, əzələ, dəri altına yeridilməsi nəticəsində yaranan bir sıra somatik xəstəliklər (hepatitlər, QİÇS və s.) daha çox nəzərə çarpır. Son illər çox yayılmış psixostimulyatorlardan olan amfetamin, metamfetamin (patı) qəbulu da psixi pozuntular və somatik ağırlaşmalarla müşayiət olunur, onların satışı inzibati və hüquqi məsuliyyət yaradır. Bunları qəbul edən şəxslər aşkar olunanda onları narkoman kimi qeydiyyata götürürük. Qeydiyyatda olanların içində "polinarkomaniya" qrupuna daxil olan xəstələr də var. Bu nə deməkdir? Həmin qrupa daxil olanlar narkomaniyanın sonuncu mərhələsi sayılırlar. Bu cür xəstələr opium və bütün digər maddələri qəbul edir. Ona xroniki asılılıq deyilir, yəni artıq orqanizm elə bir həddə çatır ki, asılılığı olan şəxs beyni bir maddə ilə təmin edə bilmir, müxtəlif maddələri qəbul edir.

Yeri gəlmişkən qeyd edim ki, bizdə xəstələrin qeydiyyat müddəti 5 ildir. Yəni 5 ildə əmin oluruqsa ki, artıq adam narkotikdən istifadə etmir, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən adı siyahıdan çıxarılır. 

Bir də var profilaktiki qeydiyyat. Bu nə deməkdir? Təsadüf nəticəsində bir nəfər düşdüyü mühitin təsiri ilə anaşa qəbul edərək narkotikin təsirindən kiçik bir qanun pozuntusuna, inzibati xətaya yol verib və nəticədə hüquq-mühafizə sisteminin əməkdaşları ilə "rastlaşıb". Müayinə edən zamanda qanın tərkibində narkotik maddə aşkarlansa da, məlum olur ki, adam həyatında cəmi bir dəfə narkotik maddə qəbul edib. Belə hal olanda həmin şəxsi narkotik asılılığı olan xəstə kimi yox, gələcəkdə xəstəlik yaranmasın deyə profilaktik qeydiyyata götürürük. Onu da deyim ki, qeydiyyatı da mərkəz olaraq biz aparmırıq. Hər bir insanın yaşadığı ərazilər üzrə narkoloji müəssisələr var. Ölkə üzrə poliklinikalarda təxminən 62 belə narkoloji kabinet fəaliyyət göstərir və qeydiyyatı da onlar aparır. Bundan əlavə, Gəncədə, Sumqayıtda, Lənkəranda, Mingəçevirdə narkoloji dispanser var. O dispanserlərdə də müalicə olunmaq üçün kifayət qədər normal şərait yaradılıb. Hazırda ölkəmizdə narkoloji xidmətin vəziyyəti bu cürdür. 

Bir məsələni başa düşməliyik ki, narkomaniyadan söhbət gedəndə yalnız narkotik maddələrdən asılılığı olan şəxslərdən danışmamalıyıq. Narkomaniyanın ən geniş yayılmış bir növü də alkoqol asılılığıdır. Doğrudur, yeni kvalifikasiyada bu rəsmi xəstəlik kimi təsdiq olunmayıb, amma alkoqol da asılılıqdır. Bu yerdə bildirim ki, qumar asılılığı çox ciddi patologiyadır. Hətta bu asılılıq opiumdan da ağır fəsadlıdır, asılılığın ən təhlükəlisidir. Amma dünyanın əksər ölkələrində kazinolar, qumarxanalar var. Elə Amerikanın özündə nə qədər desən, onlara rast gəlmək olur. Las-Veqasdan bu yolla şəhərin büdcəsinə böyük məbləğdə vəsait yığılır. Ancaq fərd olaraq insanlar üçün bu, çox böyük təhlükədir. Buna baxmayaraq, insanlar ora gedir. Fərqə diqqət edək: opium qəbul edən insanların müflisləşməsi illərlə çəkir, amma qumar asılılığı olan adam bir günün içində müflis ola bilər. Bir günün içində evini, bütün var-dövlətini uduzanlar azmıdır? 

- Narkotik maddələrə aludə olan şəxslər daha çox hansı yaş qrupuna aiddir?

- Bu, əsasən gənclərin xəstəliyidir. İnsan beyninin alın payı - qərarvermə, özünüidarə və planlaşdırma mərkəzi təxminən 25 yaşa qədər tam formalaşır. Bu səbəbdən yeniyetmələr və gənclər riskə daha açıqdırlar. Çünki hələ beyin tam inkişaf etməyib. Fikir versəniz görərsiniz ki, cavanlar arasında bəzən ən adi bir iş üstündə dava olur, hətta adi bir söz üstündə bədbəxt hadisələr baş verir. Amma yaşlı insanlar arasında belə hallar çox az olur. Çünki yaşlı insanlarda beyin formalaşdığı üçün hərəkətlərinə, sözlərinə nəzarət edə bilir. Ona görə təbii olaraq cavanlarda narkotik aludəçisi daha çoxdur. Ona görə mən həmişə dönə-dönə deyirəm ki, böyüklərin borcu cavanları qorumaqdır. Onlar səhv edirlər, sonra illərlə onu düzəldə bilmirlər. 

Qadınlar arasında da asılılıq halları var və onların aşkarlanması daha çətindir. Rəsmi qeydiyyatda 1000-ə yaxın qadın xəstə var. Onu da qeyd edək ki, qadınlar psixostimulyatorları bəzən arıqlamaq üçün qəbul edirlər. Amma bir də görürsən qadınlar arıqlamaq məqsədilə dərmanlar qəbul edir və bilmədən narkotik asılılığına tutulurlar. Bu cür dərmanlar daha çox İran tərəfdən gəlir. El arasında buna "patı" deyilir. 

Narkotik dediyimiz maddələrin 98 faizi tibdə istifadə olunur. Opiumun tərkibi qırmızı lalədən alınır. Tuzanmorfin - hidroxloriddir. Amnapoldu, promidoldu - bunlar opiumdur, güclü ağrıkəsicidir. Onlardan ən çox onkologiyada istifadə olunur, cərrahiyyədə istifadə edilir. 

- Müalicə prosesinə cəlb edilən şəxslərin asılılıqdan tam xilasolma dərəcəsi ehtimalı barədə nə deyə bilərsiniz? 

- Tibdə insanların çox işlətdiyi belə bir söz var - "sağalma". Sağalma özü bir az qeyri-müəyyən anlayışdır. Elə isə sağalma nədir? Həm fiziki, həm psixi cəhətdən əvvəlki vəziyyətə qayıtmaq. Amma heç bir xəstəlikdən sonra insan əvvəlki vəziyyətə qayıtmır. Bu, heç vaxt olmur. Adi barmaq kəsildi, deyir ki, sağaldı, bitişdi, getdi. Heç bir insanın barmağı kəsiləndən sonta sağalıb əvvəlki kimi olmur. Çünki orada ən azı çapıq qalır. İnsan ürək krizi keçirir, guya sağalır və illərlə praktik cəhətdən sağlam yaşayır. Lakin kardioqrammada çapıq olduğu görünür. Nəyə görə bu belədir? Bunun tibbi izahı belədir: orta hesabla insan bədənində 37-38 trilyon hüceyrə var. Hər saniyədə onlardan 500 min-1 milyonu ölür və yeniləri yaranır. Yəni insan daim yenilənir. Bu o deməkdir ki, hər zaman insanın dərisi, qaraciyəri təzələnir, ümumiyyətlə, bütün hüceyrələr təzələnir. O ki qaldı asılılıqdan əziyyət çəkən xəstələrin müalicəsinin effektliliyinə, başqa sözlə, patoloji vəziyyətdən birdəfəlik qurtulması sualının cavabına, bu, birmənalı deyil. O, xəstənin yaşından, onun premorbid xüsusiyyətlərindən, hansı maddələrdən istifadə etməsindən və s. amillərdən asılıdır. İstənilən müalicə xəstənin vəziyyətinin yaxşılaşmasına, onun tibbi-sosial adaptasiyasının yüksəlməsinə kömək edir. Lakin söhbət müalicə nəticəsində alınan remissiyanın uzunmüddətli olmasından gedir. Axı tibdə xəstəliklərin əksəriyyəti xronikidir. Qan təzyiqi - hipertoniya zaman-zaman müalicə tələb edir. Bu cür xəstələr illərlə dərman qəbul edirlər. Ürəyində problemi olan xəstələr müalicə alır, əməliyyat etdirir. Narkotik asılılığı olan şəxslərdə də belədir. İnsanın ideal vəziyyəti onun doğuşdan sonra olan vəziyyətidir. Təbabətin vəzifəsi onu yenidən yaratmaq deyil, sağlamlığının keyfiyyətini yüksəltmək, ağrısız və uzun müddət yaşatmaqdır.

Narkotikdə təhlükə nədir? Bizim tənəffüs mərkəzi, orada apioid reseptorlar var. Ani ölüm verə bilir və onu xəstə hiss edir. Qaçır həkimə ki, mən ölürəm, narkotiki atmaq istəyirəm. Əslində, atmaq istəmir. Çünki artıq ona 2 qram doza təsir etmir, effekt vermir, dozanı qaldırır və ölüm təhlükəsi hiss edir. Ona görə "mən onu atmaq istəyirəm, müalicə almaq istəyirəm" deyir. Gəlir müalicə olunur, vəziyyəti düzəlir, gedir təzədən az dozadan başlayır və məmnunluq duyur. Yəni narkotiki bir dəfəyə atmaq çox çətindir.

Bizim ambulator reabilitasiya şöbəmiz var, burada  psixoloqlarımız işləyir. Xəstənin kəskin dövründən sonra psixoloqları cəlb edirik. Bu, çox vacibdir. Xəstələrə psixoterapevtik üsullarla mənəvi dəstək veririk. Ona psixososial amillər deyilir. Xəstələr də çox razılıq edirlər. Yəni bir var onu sırf bioloji üsulla, iynə-dərmanla kritik vəziyyətdən çıxarasan, bir də var xəstəyə psixoloji üsullarla dəstək olasan. 

- Narkotik asılılığı fonunda sağalmaz və ya xroniki xəstəliklərə yoluxma halları ilə rastlaşırsınızmı? Bu xəstəliklər əsasən hansılardır?

- İnsanlar sevdikləri vərdişlərdə pis bir şey görmürlər. Hətta elə adamlar var ki, onun asılılığını üzünə vuranda acığına gəlir. Universitetdə bir hörmətli professorumuz var idi. Tütün aludəçisi idi. Bir dəfə soruşdum ki, nə əcəb siqaretin ziyanlı olduğundan danışmırsınız? Cavabı belə oldu: "Nə danışım, özüm siqaret çəkirəm".

Burada insanın hansı narkotik qəbul etməsi də şərtdir. Opium qrupuna aid narkotik maddələr "qara bazar"da satılır. Təbii ki, tərkibinə müxtəlif maddələr qata bilərlər. Bir var onun özünün zərəri, bir də var dolayısı ilə olan zərəri. Bəs dolayısı ilə olan zərər nədir? Narkotik birmənalı olaraq insanların şəxsiyyətini dəyişir, onu başqalaşdırır. Amma belə baxırsan, normal adamdır. Halbuki belə deyil. Mütləq onun psixikasında dəyişiklik var. Narkoman iynədən istifadə edirsə, əksəriyyətində yoluxma olur. Nə qədər diqqətli olsalar da, beyinləri elə vəziyyətdə olur ki, bir şprisdən istifadə etdiklərinin fərqinə varmırlar. Nəticədə onun qaraciyərinə virus yoluxur. Opium iynə ilə vurulanda dəri, dərialtı xəstəliklər yaradır. Yerinə baxanda görürsən ki, bütün ayaq şişib, ağırlaşmış, fəsadlaşmış yaralar var. Hətta ayağı amputasiya edilənlər də olur. Venalar o qədər işlənir ki, düşmək çətinləşir. 

Narkomanlığa qurşananların əksəriyyəti işsizlər, sosial qayğıdan kənarda qalanlar, kriminal mühitə yaxın olanlar, küçə həyatı yaşayanlar, aludəçi "dost"ların çevrəsində olanlardır. Onu da qeyd edim ki, onlarda düşüncə pozulmur, amma dəyişir, bizimki kimi olmur. Bu bəladır, sonu faciədir. Elə aktyorlar, müğənnilər var ki, saatlarla oxuyur, oynayır, yorulmur. Amma bir də eşidirsən gedib hoteldə ölüb. Səbəbi narkotik asılılığıdır. Uzağa getməyək, məşhur futbolçu Maradonanın narkotik asılılığı var idi. 

Bu məqamda bir məsələyə toxunum. Hər bir insanın beynində müəyyən miqdarda narkotik var, onlar beynimizdə sintez olunur. Beynimizdə endogen nəşə, endogen opium var. Sual oluna bilər ki, onlar nə üçündür? Onların hamısının funksiyası var. Tibbin bugünkü gücünü, imkanlarını təsəvvür edin. Amma əsrlər öncə tibbin gücü aşağı idi, 10 min il əvvəl isə tibb heç yox idi. İnsanlar mağaralarda yaşayırdılar. Birdən biri yıxılıb qolunu, qıçını, ayağını sındıranda travmatik şokdan, dəhşətli ağrıdan ölə bilərdi. Lakin Allah insanı elə yaradıb ki, onda hər hansı bir sınıq olanda həmin endogenin - opiumun miqdarı ağrını kəsmək üçün öz-özünə artır. Bu gün dəhşətli ağrıları olan xəstələrdə istifadə olunan narkotik tərkibli dərmanlar niyə effekt verir? Çünki beynimizdə onu qəbul edən reseptorlar var. Onlar beynimizdə olan neyronlara təsir edir, təsir edəndə miqdarı artır. Narkotik qəbul edənlər onun dozasını qaldırırlar. Özlərini ani olaraq xoşbəxt aləmdə hiss edirlər, düşünürlər ki, qayğısızdırlar. Fərqində deyillər ki, ani xoşbəxtlik insanı ömürlük bədbəxt edə bilər.

- Dövlət proqramında nəzərdə tutulan psixoloji dəstək və reabilitasiya mexanizmləri real praktikada hansı nəticələri verir?

- Reabilitasiya mərkəzləri olması vacibdir. Bu gün adlarını reabilitasiya mərkəzi qoyanların fəaliyyətiləri haqqında yəqin ki, sizin də məlumatınız var. İlk növbədə qeyd etməliyəm ki, belə mərkəzlər yaradılırsa, mütləq orada tibbi təhsili olan adamlar, peşəkarlar çalışmalıdırlar. Tutaq ki, xəstə sağalmaq üçün gəlir həmin mərkəzə. Həmin mərkəzdə onun gündə nə qədər narkotik qəbul etdiyini nə cür müəyyən edəcəklər, yaxud xəstədə kəskin vəziyyət yarandı, tibbi müdaxilə lazımdır, ona nə cür müdaxilə edəcəklər? Bu və digər suallar açıq qalır. 

"Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsində ambulator-reabilitasiya şöbəsi fəaliyyət göstərir. Şöbədə 7 psixoloq var. Reabilitasiya tədbirləri xəstənin sosial-əmək adaptasiya səviyyəsinin yüksəlməsində özünü göstərir. 

- Beynəlxalq təcrübə ilə müqayisədə Azərbaycanda bu sahədə vəziyyətin üstün və zəif tərəfləri hansılardır? 

- Bu gün Azərbaycan çox az ölkələrdəndir ki, narkoloji xəstələr üçün tibbi xidmət operativ və əlçatandır. Bunu adi statistik rəqəmlə göstərək: BMT-nin təqribən 10 il əvvəlki məlumatlarına əsasən, dünya üzrə 15-65 yaş arasında olan hər 20 nəfərdən biri  - təqribən 250 milyon insan qadağan olunmuş narkotiklərdən ən azı bir dəfə istifadə edib. Onların da hər 10 nəfərdən birində xəstəlik, yəni asılılıq formalaşır və təxminən yarısı isə narkotikləri inyeksiya şəklində qəbul edir. İnyeksiya şəklində qəbul edən şəxslərin 10 faizində QİÇS müəyyən olunur. Dünya üzrə xəstələrin hər 6 nəfərindən biri müalicə ala bilir. Bu rəqəm Afrikada 18, Mərkəzi Amerika ölkələrində 11-dir. Azərbaycanda isə hər bir narkotik asılılığı olan xəstənin istənilən zaman müalicə almaq imkanı var. Problem kadrların az olmasındadır.

- Profilaktik baxımından ailələrin, təhsil müəssisələrinin və cəmiyyətin üzərinə düşən əsas vəzifələr hansılardır?

- Cəmiyyətin bu bəlaya münasibətdə ictimai qınağı, loyallıq göstərməməsi və ümumilikdə cəmiyyətin maarifləndirilməsi lazımdır. Hər bir ailə övladına normal tərbiyə verməli, ona ciddi nəzarət etməlidir.

- Narkotik asılılığından əziyyət çəkən şəxslərə və onların ailələrinə vermək istədiyiniz əsas mesaj nə olardı?

- Ailələr övladlarını nəzarətdən kənarda qoymamalı, narkotik istifadə etmələri ilə bağlı şübhə yarandıqda vaxt itirmədən həkimlərə müraciət etməlidirlər.


Müsahibəni apardı:

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Özbəkistan ilə ABŞ arasında sənədlər paketi imzalanıb  

12:37
19 Fevral

Əlcəzairli müəllim: Mübarizəmiz insan ləyaqəti və ədalət uğrunda aparılır

12:16
19 Fevral

Media: Aİ səfirləri Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilmir  

12:11
19 Fevral

ABŞ-nin dövlət qurumlarında süni intellektin tətbiqi üçün min proqramçı işə götürüləcək  

11:54
19 Fevral

Media: Ukraynada demilitarizasiya zonasının yaradılması ilə bağlı müzakirələr gedir  

11:43
19 Fevral

Leyla Əliyeva Tiranada “Hannah və Rosafa” uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib  

11:31
19 Fevral

Ötən ay dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə daxil olan vəsait 27 faiz artıb  

11:23
19 Fevral

Cənubi Koreyanın sabiq Prezidenti ömürlük azadlıqdan məhrum edilib  

11:13
19 Fevral

Ötən ay pensiya ödənişlərinə 612 milyon manat vəsait yönəldilib  

11:06
19 Fevral

Çin dünyanın ən mürəkkəb dəmir yolu layihəsini 2030-cu ilədək başa çatdıracaq  

11:03
19 Fevral

İsrail təhlükəsizlik xidmətləri üçün ən yüksək hərbi hazırlıq elan edib  

10:54
19 Fevral

Neftin bahalaşma dövrü başlayıb

10:51
19 Fevral

"Azərsilah"ın Şirvan şəhərində yerləşən zavodunda qəza olub  

10:46
19 Fevral

bp Xəzərdə dəniz əməliyyatları və texniki xidmət üzrə müqaviləsini yeniləyib  

10:38
19 Fevral

Dünya bazarında qızıl və gümüş bahalaşıb 

10:36
19 Fevral

DİN vətəndaşları azyaşlıların sağlamlığına və təhlükəsizliyinə biganə qalmamağa çağırır 

10:28
19 Fevral

Dünya birjalarında neft bahalaşıb

10:24
19 Fevral

Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşır

10:21
19 Fevral

Jan-Jakob Bisep: Müharibə təsadüfi bir hadisə deyil  

10:13
19 Fevral

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans keçirilir 

10:11
19 Fevral

Çin - Qırğızıstan - Özbəkistan - Tacikistan dəhlizi ilə ilk yük qatarı yola salınıb  

10:02
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!