Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğu, “Zeynəbiyyə” Məscidi və Mədəniyyət Mərkəzinin dəstəyi ilə İstanbul şəhərində yaşayan azərbaycanlı soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə soydaşlarımızla yanaşı, hər iki ölkənin müvafiq dövlət qurumlarının rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları, diplomatik korpusun nümayəndələri, yerli din xadimləri və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
İftar mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan-Türkiyə birliyindən bəhs edərək tarixdən bizə miras qalan bu birliyin izindən getməyimizin vacibliyini vurğulayıb.
O, iki qardaş ölkənin qlobal arenada söz sahibi olduğunu, Türkiyə-Azərbaycan birliyinin dünyada strateji güc kimi tanındığını deyib.
Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva çıxışında Azərbaycan ilə Türkiyənin eyni kökdən gəldiyini, eyni dili, dini, mədəniyyəti paylaşan iki qardaş olduğunu vurğulayıb, bu birliyin iki ölkə arasındakı qarşılıqlı güvəndən irəli gəldiyini deyib.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım bölgədə baş verən son hadisələr haqqında danışaraq, bəşəriyyətin sülhə ehtiyac duyduğunu bildirib.
Türkiyə Respublikası Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş Azərbaycan-Türkiyə birliyinə toxunaraq, iki ölkə arasındakı bu münasibətləri tarixi bağlar əsasında qurulduğunu vurğulayıb.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət”, Türkiyə xalqının Ulu Öndəri Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarından misallar gətirilib, iki ölkə arasındakı birlik və bərabərliyə vurğu edilib.
Sonra Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Fəyaz Nəsirzadənin Quran tilavəti ilə davam edib.
Ramazan duaları oxunduqdan sonra iştirakçılar üçün iftar süfrəsi açılıb.
Qeyd edək ki, soydaşlarımız arasında birlik və həmrəyliyin möhkəmləndirilməsinə, Azərbaycan dövləti ilə əlaqələrin gücləndirilməsinə, Ramazan ayının fəlsəfəsindən irəli gələn mənəvi-əxlaqi dəyərlərin təşviqinə, eləcə də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafına xidmət edən iftar süfrələri Qars və İğdır şəhərlərində davam etdiriləcək.