Məlum səbəblərdən Orta dəhlizə qlobal səviyyədə diqqət artıb. Bu üzdən dəhlizin inkişafına, yeni qollarının yaranmasına bir çox dövlətlərin maraq göstərməsi təbii haldır. Səbəb də odur ki, marşrut üzrə görülən işlərin əsas hədəfi dünya ticarətində və təchizat zəncirində baş verən qırılmaların kompensasiya edilməsidir.
3 ildən çox davam edən Rusiya-Ukrayna müharibəsi çoxsaylı fəsadlarla bərabər, Çin-Rusiya-Avropa marşrutunun qapanmasına da səbəb olub. Savaşın sülhlə bitməsi barədə deyilənlər isə ümiddən o yana keçmir. Digər tərəfdən, dünyanın ən əhəmiyyətli Qırmızı dəniz-Süveyş kanalı marşrutunda husilərin hücumları nəticəsində ciddi fasilələr yaranıb. Əsas səbəblərdən bir başqası isə yüklərin və gəmilərin transmilli sığorta şirkətləri tərəfindən sığortalanmamasıdır. Belə bir şəraitdə Asiya ilə Avropa arasında ən etibarlı və təhlükəsiz marşrut olaraq təbii ki, Orta dəhliz qalır.
Bu marşrutla daşınan yüklərin həcminin artırılması üçün rəqəmsallaşma, vahid tarif kimi mütərəqqi üsullardan istifadə edilir. Hədəfi dəhliz üzərindən daha çox yükün daşınmasına nail olmaq olan bu işdə yükgöndərən və tranzit ölkələr də maraqlıdır. Belə yeniliklərdən biri də Çinlə Bakı arasında yeni "dəmir yolu-dəniz-dəmir yolu" marşrutunun istifadəyə verilməsidir.
Bəs bu marşrut dəhlizin daha səmərəli olmasına hansı töhfə verəcək? Məsələ ondadır ki, Çinlə Azərbaycan arasında yük daşımalarını səmərəli edən yeni marşrutun istifadəyə verilməsi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, yəni Orta dəhlizin dayanıqlı inkişafını və Bakı Limanının strateji nəqliyyat qovşağı kimi rolunu bir daha ön plana çıxarır. "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) verilən məlumatda bildirilir ki, yeni marşrut Orta dəhlizi gücləndirməklə yanaşı, şimal və dəniz yollarına alternativ olan daha sürətli və dayanıqlı nəqliyyat imkanları yaradır. İndi dünyada baş verən gərginlik fonunda qlobal ticarətdə çevik, etibarlı və təhlükəsiz logistika yollarına ehtiyac var. Avrasiyanın kəsişməsində yerləşən Bakı Limanı Şərq-Qərb istiqamətində nəqliyyat əlaqələrini əlverişli edən, iqtisadi inkişafa imkan yaradan, həmçinin regionun qlobal təchizat zəncirindəki rolunu möhkəmləndirən əsas marşruta çevrilir. Ölkəmiz üçün əsas strateji tranzit marşrutu olan Orta dəhliz Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşınmasında önəmli rol oynayır. "Azərbaycan Dəmir Yolları" QSC 2017-ci ildən etibarən bu dəhlizin fəal iştirakçısı və əsas qurucularındandır. Azərbaycan tərəfi həmçinin dəhlizin şaxələndirilməsi və yeni alternativ marşrutların formalaşdırılması sahəsində əhəmiyyətli təşəbbüskar rolunu oynayır. ADY-nin əsas hədəflərindən biri də Orta dəhliz üzərindən daşınan yük həcminin artırılmasıdır. Qarşıya qoyulan məqsədə nail olmaq üçün ADY nümayəndələri xarici logistika şirkətləri ilə mütəmadi təmasda olur, danışıqlar və görüşlər keçirirlər.
Məlumatda bildirilir ki, yeni "dəmir yolu-dəniz-dəmir yolu" marşrutu ilə Çin-Avropa yük qatarı Pekinin Fanşan rayonunda yerləşən Beynəlxalq Quru Limanından yola düşməyə hazırlaşır və həmin yüklərin, təxminən, 15 gün ərzində Bakıya çatması gözlənilir.
Qeyd edək ki, 2024-cü ildə Orta dəhliz üzərindən yükdaşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. Cari ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir və həmin yükün 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrin ərazisindən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq. Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün əsaslı zəmin yaradacaq.
Türk İnvestisiya Fondu (TIF) ilkin mərhələdə Orta dəhliz çərçivəsində "yumşaq" əlaqələrin inkişafına yönəlmiş layihələrə dəstək göstərmək niyyətindədir, ancaq bununla kifayətlənməyəcək. TIFgələcəkdə Orta dəhlizin "sərt" infrastrukturunun inkişafı layihələrinə də töhfə verməyi planlaşdırır.
Fondun prezidenti Bağdad Amreyev bildirir ki, Orta dəhliz əsas ticarət marşrutuna çevrildiyi üçün region ölkələrinin hökumətləri nəqliyyat və logistika infrastrukturunun inkişafına investisiyaları aktiv şəkildə artırırlar. Onun sözlərinə görə, bu səyləri regional səviyyədə əlaqələndirmək və daha geniş beynəlxalq əməkdaşlığa inteqrasiya etmək lazımdır ki, marşrut qlobal transsərhəd ticarətdə daha dayanıqlı və rəqabətə dayanıqlı olsun. TIF-ın fəaliyyətinin strateji prioritetlərini vurğulayan fond prezidenti qeyd edib ki, türk dövlətlərinin iqtisadi inteqrasiyasına və qarşılıqlı əlaqəsinə kömək etmək təşkilatın əsas vəzifələrindən biridir.
"Növbəti illərdə TIF layihələrin birgə maliyyələşdirilməsi dövlət və özəl strukturlarla tərəfdaşlıqların inkişafı üçün səylərini dərinləşdirəcək. Məqsəd regional əlaqələri gücləndirməyə nail olmaqdır".
Rüstəm KAMAL,
"Azərbaycan"