Neftçala rayon Əlaqələndimə Qərargahının üzvləri Dördlər kəndində pambıq sahəsində fermerlərlə görüşüblər.
"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində keçirilən görüşün əsas məqsədi pambıqçılığın inkişafı, dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi istiqamətində atılan addımların, müasir suvarma sistemlərindən istifadə imkanlarının, pambıqçılıq sahəsi üzrə çağırışların və innovativ yanaşmaların fermerlər arasında geniş yayılmasına dəstək göstərilməsi olub.
Görüşdə pambıqçı fermerlərlə aqrotexniki qulluq tədbirləri, yeni əkin üsullarının məhsuldarlığa müsbət təsiri, düzgün toxum seçimi, suvarma məsələləri, müasir suvarma sistemlərinin tətbiqi, pambıq istehsalında məhsuldarlığın artırılması yolları, bitkilərin sağlam inkişafının təmin edilməsi, zərərverici və xəstəliklərə qarşı müasir, effektiv və ekoloji cəhətdən təhlükəsiz mübarizə üsullarının tətbiqi müzakirə edilib. Bildirilib ki, fermerlərin maddi rifah halının yaxşılaşdırılması üçün dövlət dəstəyi tədbirləri gücləndirilir. Bunun sayəsində pambıqçılığa maraq ilbəil artır.
Həmçinin qeyd olunub ki, yeni dövlət proqramından irəli gələn strateji vəzifələrin icrası məqsədilə bu il rayonda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən 6 min 735 hektar sahədə pambıq əkilmişdir. Xatırladaq ki, ötən il bu rəqəm 7 min 167 hektar olmuşdur və sahələrdən 28 min 634,62 ton xam pambıq tədarük edilmişdir. Məhsuldarlıq orta hesabla 40 sentnerə çatmışdır ki, bu da ölkə üzrə üçüncü nəticə olmuşdur. Fermerlərə cari mövsümdə də bu uğurlu tendensiyanın qorunması və məhsuldarlığın daha da artırılması üçün aqrotexniki qulluq qaydalarına ciddi əməl olunmasının vacibliyi bildirilib.
Sonda fermerlərin müraciət və təklifləri dinlənilib, səslənən təkliflər qeydə alınıb, pambıq istehsalçılarına hərtərəfli dəstəyin davam etdiriləcəyi bildirilib.
Seyran CAVADOV,
"Azərbaycan"