Azərbaycanın qədim yaşayış məskənləri arasında Lahıc özünəməxsusluğu ilə seçilən, tarixin bu gününə gəlib çatan nadir məkanlarından biridir. Böyük Qafqaz dağlarının cənub yamaclarında, İsmayıllı rayonunun ərazisində yerləşən Lahıc ilk baxışdan kiçik bir dağ qəsəbəsi təsiri bağışlasa da, onun küçələrində gəzən insan, əslində, Azərbaycan tarixinin müxtəlif dövrləri ilə üz-üzə qalır.
Burada hər daşın, hər qədim evin, hər emalatxananın və hər sənət nümunəsinin öz hekayəsi var. Lahıcın əsas fərqi də məhz bundadır: burada tarix yalnız muzeylərdə qorunmur, gündəlik həyatın özündə yaşamaqda davam edir. Təsadüfi deyil ki, Lahıc adı bu gün çox vaxt məhz misgərlik sənəti ilə birlikdə xatırlanır. Burada misdən hazırlanan qablar, sini, nimçə, qazan, dolça, güldan, müxtəlif məişət və dekorativ əşyalar həm istifadə məqsədi daşıyır, həm də yüksək bədii dəyərə malik olur.
Qəsəbənin qədim küçələrində yerləşən emalatxanalara daxil olanda insan müasir fabrikdən tamamilə fərqli bir istehsal mühiti ilə qarşılaşır. Misin səsi, alətlərin ritmik hərəkəti və hazır məhsulların parıltısı Lahıcın gündəlik həyatının ayrılmaz hissəsidir. Turistlər üçün də bu emalatxanalar, sadəcə, alış-veriş yeri deyil, qədim sənətin canlı nümayiş etdirildiyi məkanlardır. Lahıc sənətkarlığı yalnız misgərliklə məhdudlaşmır. Tarixən burada dəmirçilik, dulusçuluq, xalçaçılıq, ağac emalı, dabbaqlıq və digər sənət sahələri də inkişaf etmişdir.
Lahıcın tarixi əhəmiyyətini artıran başqa bir amil onun qədim şəhərsalma xüsusiyyətləridir. Daş döşənmiş dar küçələr, bir-birinə yaxın yerləşən qədim evlər və dağlıq relyefə uyğun qurulmuş yaşayış məhəllələri Lahıca xüsusi kolorit bəxş edir. Burada insanı keçmişə aparan sakit və dar küçələr daha çoxdur. Lahıcın qədim su və kanalizasiya sistemi isə qəsəbənin mühəndislik tarixindən soraq verir.
Qəsəbənin memarlığında yerli təbii şəraitin təsiri açıq görünür. Daşdan tikilmiş evlər, qalın divarlar, taxta elementlər və həyətlərin quruluşu həm iqlimə uyğunlaşmanı, həm də yerli memarlıq ənənələrini əks etdirir. Evlərin bir-birinə yaxın yerləşməsi dağlıq relyefdən səmərəli istifadə ilə bağlı olmuşdur. Bu gün həmin evlərin bir hissəsi Lahıcın ümumi tarixi görünüşünün qorunmasında mühüm rol oynayır.
Lahıc haqqında danışarkən onun təbiətini də unutmaq olmaz. Qəsəbəni əhatə edən dağlar, meşələr, dərələr və çaylar burada turizmin inkişafı üçün böyük imkan yaradır. Lahıca gedən yolun özü belə, səyahətin bir hissəsidir. Dağ mənzərələri, kəskin relyef dəyişiklikləri, təmiz hava və yaşıllıqlar şəhər həyatından uzaqlaşmaq istəyən insanlar üçün xüsusi cəlbedicilik yaradır.
Qəsəbənin əsas üstünlüklərindən biri də ondan ibarətdir ki, burada müxtəlif turizm növlərini bir səfərdə birləşdirmək mümkündür. Tarixə marağı olan turist qədim küçələri, memarlıq nümunələrini və sənətkarlıq emalatxanalarını araşdıra bilər. Təbiət həvəskarlarının burada dağ mənzərələrindən, yürüş marşrutlarından və meşələrdən zövq almaq imkanları var. Əl işlərinə marağı olan insanlar isə misgərlərin, digər sənətkarların hazırladığı məhsullarla tanış ola bilərlər.
Lahıcın iqtisadi inkişafında turizmin rolu getdikcə artır. Turistlərin qəsəbəyə səfərləri yerli əhali üçün müxtəlif gəlir mənbələri yaradır. Sənətkarlar öz məhsullarını satır, ailə tipli qonaq evləri turist qəbul edir, yerli iaşə obyektləri və kiçik sahibkarlıq subyektləri müştərisiz qalmırlar. Bununla yanaşı, tarixi turizmin inkişafı müəyyən məsuliyyət də yaradır. Turistlərin sayının artması ilə tarixi binaların qorunması, küçələrin və təbii ərazinin təmiz saxlanılması, sənətkarlıq ənənələrinin kommersiyalaşma nəticəsində öz mahiyyətini itirməməsi vacibdir. Əgər turizm yalnız çoxlu sayda qonaq gətirmək məqsədi daşıyarsa, tarixi mühitin özü zərər görə bilər. Ona görə də həm turistlərin rahatlığı təmin edilməli, həm də tarixi və mədəni irs qorunmalıdır.
Lahıca səyahət edən turist üçün ən maraqlı təcrübələrdən biri qəsəbəni tələsmədən gəzməkdir. Çünki Lahıcın gözəlliyi yalnız müəyyən bir abidədə deyil, ümumi mənzərədədir. Bir küçənin sonunda qədim ev, başqa bir döngədə sənətkar emalatxanası, bir qədər irəlidə dağ mənzərəsi və başqa bir yerdə tarixi tikili ilə qarşılaşmaq mümkündür. Lahıca gələn qonaq əslində, sadəcə, bir turizm məkanını ziyarət etmir. O, Azərbaycan tarixinin canlı bir səhifəsinə daxil olur. Qəsəbənin sakit küçələri, qədim daşları, mis qabların üzərindəki naxışları və ətrafındakı dağlar keçmişlə bu gün arasında görünməz bir əlaqə yaradır.
Lahıc milli mədəniyyətin, sənətkarlığın və tarixi yaddaşın qorunduğu qiymətli bir irs məkanıdır. Onun gələcəkdə daha da tanıdılması, tarixi görünüşünün qorunması, sənətkarlıq ənənələrinin yaşadılması və turizm infrastrukturunun düzgün inkişaf etdirilməsi həm iqtisadi, həm də mədəni baxımdan böyük əhəmiyyət daşıyır. Lahıcın hər daşında keçmişin izi, hər emalatxanasında sənətin nəfəsi, hər dağ mənzərəsində Azərbaycanın təbii gözəlliyi var. Məhz buna görə Lahıc Azərbaycanı tanımaq istəyən hər kəs üçün mütləq görülməli və hiss edilməli tarixdir.
Nərminə ƏSGƏROVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"