Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrasının təmin edilməsi istiqamətində Tovuzda müxtəlif tədbirlər həyata keçirilir.
Belə tədbirlərdən biri də üzümçülüyün sürətli inkişafına nail olmaqdır. Bu məqsədlə rayonda fəaliyyət göstərən üzümçülük təsərrüfatlarına baxış keçirilir, mövcud problemlər öyrənilir və onların həlli ilə əlaqədar tədbirlər görülür.
Aşağı Quşçu kəndindən olan Mübariz Orucov rayonun qabaqcıl üzümçülərindəndir. Onun təsərrüfatında müxtəlif üzüm sortları, o cümlədən süfrəlik və kişmişlik üzüm növləri yetişdirilir. M.Orucov istehsalı, əsasən, məhsuldarlıq hesabına artırmaq istəyir. Bunun üçün səmərəli aqrotexniki tədbirlərə üstünlük verir.
Bu günlər RİH-in başçısı M.Məmmədov onun təsərrüfatında olmuşdur. Görüş zamanı dövlət proqramında nəzərdə tutulan tədbirlər, kənd təsərrüfatı istehsalçılarına göstərilən dəstək mexanizmləri, subsidiyalar, güzəştli kreditlər və digər təşviq alətləri barədə söhbət getmişdir. Təsərrüfat sahibinə bu imkanlardan səmərəli istifadə etməklə, istehsalın genişləndirilməsi, məhsuldarlığın artırılması və müasir texnologiyaların tətbiqi istiqamətində müvafiq tövsiyələr verilmiş, dövlət proqramının təqdim etdiyi imkanlardan maksimum faydalanmağın əhəmiyyəti diqqətə çatdırılmışdır. Fermer gələcək planlarından danışaraq məhsulun uzunmüddətli və keyfiyyətli saxlanılması, eləcə də satış imkanlarının daha da genişləndirilməsi üçün soyuducu anbarın tikintisinə dövlət dəstəyinin göstərilməsinin vacibliyini qeyd etmişdir.
Görüş zamanı o da vurğulanmışdır ki, Prezident İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi xüsusi diqqət və bu istiqamətdə həyata keçirilən ardıcıl dövlət siyasəti regionlarda kənd təsərrüfatının, o cümlədən üzümçülük və meyvəçiliyin inkişafı üçün geniş imkanlar yaradır. Dövlət tərəfindən tətbiq olunan subsidiya, güzəştli kredit və digər dəstək mexanizmləri aqrar sektorda sahibkarlığın inkişafına, istehsal həcminin artırılmasına, ixrac potensialının genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına imkan verir.
S.ƏLİYEV,
"Azərbaycan"