Qarabağ Milli Parkının yaradılması işğaldan azad edilmiş ərazilərdə biomüxtəlifliyin qorunmasına və ekoloji tarazlığın bərpasına xidmət edir
Qarabağın dirçəlişi təkcə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, insanların doğma yurdlarına qayıdışı ilə məhdudlaşmır. Bu böyük tarixi prosesin mühüm istiqamətlərindən biri də uzun illər işğalın ağır ekoloji nəticələrinə məruz qalmış təbiətin bərpası, zəngin flora və faunanın mühafizəsi, gələcək nəsillər üçün sağlam ətraf mühitin formalaşdırılmasıdır. Çünki torpağın əsl dirçəlişi onun üzərində həyatın yenidən canlanması, meşələrin, çayların, bulaqların və təbii ekosistemlərin qorunması ilə mümkündür. Bu baxımdan Prezident İlham Əliyevin oktyabrın 20-də imzaladığı “Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında” Sərəncam işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin davamı olmaqla yanaşı, ölkəmizin ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində də əhəmiyyətli qərardır.
Qarabağ və Şərqi Zəngəzur tarixən zəngin təbii sərvətləri, müxtəlif landşaftları, nadir bitki və heyvan növləri ilə seçilib. Dağ meşələri, alp və subalp çəmənlikləri, çay vadiləri, mineral bulaqlar və digər təbii komplekslər bu ərazilərin özünəməxsus ekoloji sistemini formalaşdırıb. Lakin Ermənistanın uzun illər davam edən işğalı nəticəsində bölgənin təbiətinə ciddi ziyan dəyib. Meşələrin qanunsuz qırılması, təbii ehtiyatların nəzarətsiz istismarı, torpaq və su mənbələrinin çirkləndirilməsi, yaşayış mühitlərinin dağıdılması ağır nəticələr doğurub. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş nadir növlərin yaşayış mühitləri də təhlükə ilə üzləşib.
2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması dövlətin əsas prioritetlərindən birinə çevrilib. Bu istiqamətdə təbii ekosistemlərin bərpası, meşələrin və biomüxtəlifliyin qorunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin yenidən təşkili üzrə tədbirlər həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl artım” zonasına çevrilməsi iqtisadi inkişafla ekoloji təhlükəsizliyin uzlaşdırılmasını və dayanıqlı yaşayış mühitinin yaradılmasını hədəfləyir. Böyük Qayıdış çərçivəsində Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun, eləcə də Şuşa və Xocalı rayonlarını əhatə edən Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpası da mühüm əhəmiyyət daşıyır. Bu addımlar nadir təbiət komplekslərinin mühafizəsinə, elmi müşahidələrin aparılmasına və ekoloji bərpa tədbirlərinin davam etdirilməsinə şərait yaradır.
Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamla Ağdərə rayonundan 44773,79 hektar, Xocalıdan 24597,80 hektar, Kəlbəcərdən 13514,98 hektar, Şuşadan 5314,34 hektar və Laçından 217,09 hektar ərazi ayrılaraq xüsusi mühafizə olunan ərazilərin torpaqları kateqoriyasına daxil edilir. Beləliklə, ümumilikdə 88418 hektar sahədə Qarabağ Milli Parkı yaradılır. Beş rayonu əhatə edən park regionun zəngin təbii landşaftlarının vahid sistem üzrə qorunmasına imkan verəcək.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən ekoloq Cəmşid Bəxtiyar Qarabağ Milli Parkının yaradılmasını təbiətin mühafizəsi və regionun ekoloji tarazlığının bərpası baxımından mühüm hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, Qarabağ zəngin meşələri, su mənbələri, özünəməxsus bitki və heyvanat aləmi ilə Azərbaycanın ən qiymətli təbiət bölgələrindən biridir. Bu sərvətlərin qorunması yalnız indiki nəslin deyil, gələcək nəsillərin də qarşısında duran mühüm məsuliyyətdir.
Ekoloq bildirib ki, milli parkın belə geniş ərazini əhatə etməsi təbiətin mühafizəsi üçün böyük imkanlar yaradır: “Bununla belə, əsas məsələ yalnız geniş torpaq sahəsinin qorunan ərazi elan edilməsi deyil, mühafizə tədbirlərinin elmi əsaslarla və ardıcıl şəkildə həyata keçirilməsidir. Nadir bitki və heyvan növlərinin yaşayış mühitlərinin qorunması, meşələrin bərpası, çayların və digər su mənbələrinin mühafizəsi, qanunsuz ovçuluğun qarşısının alınması milli parkın fəaliyyətində əsas istiqamətlərdən olmalıdır. Parkın fəaliyyətində elmi tədqiqatlara və müntəzəm ekoloji monitorinqlərə xüsusi diqqət yetirilməlidir. Çünki təbiətin bərpasının nəticələrini qiymətləndirmək üçün canlı növlərinin vəziyyətinin, bitki örtüyündə baş verən dəyişikliklərin, su ehtiyatlarının keyfiyyətinin və ekosistemlərə təsir göstərən amillərin davamlı öyrənilməsi vacibdir. Bu istiqamətdə aparılan araşdırmalar gələcək mühafizə tədbirlərinin daha səmərəli planlaşdırılmasına imkan verə bilər. Eyni zamanda elmi müəssisələrin, mütəxəssislərin və gənc tədqiqatçıların prosesə cəlb edilməsi Qarabağın təbii irsinin öyrənilməsinə yeni imkanlar açar”.
Milli parkın yaradılması yerli əhalinin ekoloji maarifləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Cəmşid Bəxtiyarın fikrincə, təbiətin qorunmasına ictimai münasibətin formalaşdırılması, xüsusilə gənclərin ekoloji təşəbbüslərə cəlb olunması uzunmüddətli nəticələrin əldə edilməsində vacib rol oynayır. Məsuliyyətli ekoturizmin inkişafı da bu prosesin tərkib hissəsinə çevrilə bilər. Lakin turizm fəaliyyətinin təşkili zamanı təbiətin daşıma potensialı, həssas ekosistemlərin qorunması və canlıların yaşayış mühitinə mümkün təsirlər mütləq nəzərə alınmalıdır. Belə yanaşma həm təbiətin mühafizəsinə, həm də yerli əhali üçün yeni iqtisadi imkanların formalaşmasına xidmət edə bilər.
“Bölgənin bərpası yalnız yaşayış məntəqələrinin, yolların və digər infrastruktur obyektlərinin yenidən qurulması ilə yekunlaşmamalıdır. İnsanların sağlam və təhlükəsiz mühitdə yaşaması üçün təbii gözəlliklərin, biomüxtəlifliyin və ekoloji tarazlığın qorunması da eyni dərəcədə əhəmiyyətlidir. Əks halda, təbiətin tədricən tənəzzülə uğraması görülən quruculuq işlərinin uzunmüddətli faydasına mənfi təsir göstərə bilər. Biz təbiətlə iç-içə yaşamalı, onu qiymətləndirməli və qorumalıyıq. Çünki insan özü də təbiətin bir parçasıdır. Bir parçası olduğumuz təbii mühiti qorumaq bizim insanlıq borcumuzdur”, - deyə ekoloq bildirib.
İqlim dəyişmələrinin, biomüxtəlifliyin azalmasının, torpaq deqradasiyasının və su ehtiyatlarına təzyiqlərin qlobal miqyasda artdığı dövrdə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Milli parklar yalnız nadir canlı növlərinin qorunmasını təmin edən ərazilər deyil, həm də ekoloji tarazlığın qorunmasına, ətraf mühit haqqında biliklərin artırılmasına və cəmiyyətdə ekoloji mədəniyyətin formalaşdırılmasına xidmət edən məkanlardır. Qarabağ Milli Parkı da təbiətin mühafizəsi, ərazilərin ekoloji bərpası və gələcək nəsillərə zəngin təbii irsin ötürülməsi istiqamətində həyata keçirilən səylərin mühüm ifadəsidir.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”