Ölkəni bürüyən etiraz dalğası hökumətin uğursuz siyasətinin və iflasa uğrayan idarəetmə sisteminin acı nəticəsidir
Fransa növbəti dəfə ağır iqtisadi, sosial, siyasi böhran və kütləvi etiraz dalğası ilə üz-üzə qalıb. Parisdən Marselə, Liondan digər iri şəhərlərə qədər günlərdir davam edən küçə toqquşmaları və yüz minlərlə insanın aksiyalara qoşulması ölkədə vəziyyətin nə qədər gərgin olduğunu açıq şəkildə nümayiş etdirir. Təhsil sistemindəki problemlər səbəbindən şagirdlərin və müəllimlərin başlatdığı tətillərin qısa müddətdə genişmiqyaslı ictimai hərəkata çevrilməsi təsadüfi deyil. Fransada illərdir davam edən iqtisadi çətinliklər, inflyasiya, qiymət artımları, enerji xərcləri fonunda əhalinin rifah səviyyəsinin kəskin şəkildə aşağı düşməsi cəmiyyətin səbir kasasını doldurub. İllər boyu yığılıb qalmış problemlərə etinasız yanaşan, vətəndaşların səsini eşitməyən hakimiyyətin yürütdüyü siyasət ölkəni idarəolunmaz xaosa sürükləyib.
Baş verənlər fonunda Azərbaycan Xarici İşlər Nazirliyinin Fransadakı iğtişaşlar və zorakılıqlar səbəbindən vətəndaşlarımıza xəbərdarlıq etməsi tamamilə yerində olan və zəruri addımdır. Bu ölkədə vəziyyətin kifayət qədər gərgin olmasını nəzərə alaraq, səfərlərdən çəkinmək və təhlükəsizlik tədbirlərinə riayət etmək həyati əhəmiyyət daşıyır. Çünki daxili sabitliyi təmin edə, küçələrdə asayişi qoruya bilməyən və vətəndaşlarının təhlükəsizliyinə zəmanət verməkdə aciz qalan bir dövlət xarici qonaqlar və turistlər üçün də risklidir. Yəni rəsmi Parisin öz ölkəsində yaratdığı bu acınacaqlı mənzərə xarici vətəndaşların təhlükəsizliyini birbaşa təhdid edir.
Bu gün Fransada yaşanan böhran Prezident Emmanuel Makronun hakimiyyəti dövründə yaranan sosial narazılıqların, uğursuz islahatların və daxili siyasətdə buraxılan kobud səhvlərin qaçılmaz nəticəsidir. Dövlət borcunun ÜDM-yə nisbətinin artması, fiskal problemlər və sosial təminatların azalması əhalinin maddi vəziyyətini getdikcə daha da pisləşdirib. “Sarı jiletlilər” hərəkatının yenidən aktivləşməsi, tələbələrin, həmkarlar ittifaqlarının, fermerlərin və müxtəlif sosial təbəqələrin etirazlara qoşulması göstərir ki, narazılıq bütün cəmiyyəti əhatə edib. Lakin yaranmış ağır sosial-iqtisadi problemlərin səbəblərini aradan qaldırmaq əvəzinə, məsələni “təhlükəsizlik təhdidi” müstəvisinə çəkən, nümayişçilərə qarşı güc tətbiq edən Makron hakimiyyəti isə gərginliyi daha da dərinləşdirib.
Aksiyalar çərçivəsində minlərlə insanın həbs edilməsi, polis zorakılığı, hüquq-mühafizə orqanları ilə toqquşmalarda yüzlərlə insanın xəsarət alması və bələdiyyə binalarının yandırılması ölkənin üzləşdiyi dərin böhranın miqyasını göstərir. Bu, həm də hökumətin gənclərin taleyinə olan münasibətin göstəricisidir. Təhsil ocaqlarında şəraitin olmaması, siniflərin həddindən artıq yüklənməsi və müəllim çatışmazlığı kimi köklü problemlər gəncləri öz hüquqlarını küçələrdə tələb etməyə vadar edib. İnkişaf etmiş iqtisadiyyata və nəhəng resurslara malik olduğunu iddia edən Fransanın öz məktəblərini və gənclərini bu vəziyyətə salması idarəetmə sisteminin tamamilə iflasa uğradığının sübutudur. Hər bir dövlətin əsas vəzifəsi öz vətəndaşlarının rifahını, təhlükəsizliyini və keyfiyyətli təhsil hüququnu təmin etmək olduğu halda, Makron administrasiyası resursları səmərəsiz istiqamətlərə yönəldərək daxili dayaqları sarsıdıb.
Eyni zamanda, Fransanın kütləvi informasiya vasitələrinin və beynəlxalq analitik mərkəzlərin rəyləri də Makron hakimiyyətinin düçar olduğu fəlakətli vəziyyəti açıq şəkildə ortaya qoyur. Nüfuzlu mətbuat orqanlarında dərc olunan təhlillərdə vurğulanır ki, Emmanuel Makronun hakimiyyətə gələrkən vəd etdiyi “inqilab” və yenilənmə layihəsi bu gün yandırılmış ictimai binalar, talan edilmiş küçələr və iflic olmuş parlament fonunda tam uğursuzluqla nəticələnib. Keçirilən rəy sorğularında əhalinin böyük əksəriyyətinin dövlət başçısına və hökumətə etimadsızlıq nümayiş etdirməsi, o cümlədən, siyasi mərkəzin zəifləməsi ölkədə xalqla hakimiyyət arasında uçurumun yarandığını təsdiqləyir.
Daxildəki böhranı idarə edə bilməyən hakimiyyət nümayəndələrinin etirazçıları ittiham etmək və məsuliyyətdən yayınmaq cəhdləri də vəziyyəti daha da mürəkkəbləşdirir. Gecə saatlarında tətbiq olunan komendant saatları, ordunun və polisin küçələrə yeridilməsi ölkəni faktiki olaraq fövqəladə rejim şəraitinə gətirib çıxarıb. Daxili işlər nazirinin vəzifəsinin öhdəsindən gələ bilmədiyini əsas gətirərək, istefa tələbi ilə çıxış etməsi, yerli bələdiyyələrin şəhərlərin müdafiəsiz qaldığını vurğulaması icraedici strukturlar daxilindəki çaşqınlığın və idarəetmə böhranının göstəricisidir. Makron hökuməti nəinki sosial narazılığı yatıra bilir, hətta ölkədə asayişin qorunmasında da acizlik nümayiş etdirir.
Mövcud daxili böhran Fransa Prezidentinin dənizaşırı ərazilərdə və beynəlxalq müstəvidə yürütdüyü siyasətlə də üst-üstə düşür. Yeni Kaledoniyada yerli əhalinin fundamental hüquqlarının tapdalanması beynəlxalq aləmdə də Parisə etimadı sarsıdıb. Beynəlxalq hüquq təşkilatlarının və işgəncə əleyhinə indekslərin hesabatlarında Fransadakı polis zorakılığı, irqi ayrı-seçkilik və cəzasızlıq mühitinin xüsusi qeyd olunması rəsmi Parisin “insan hüquqları qoruyucusu” maskasını yırtıb. Bu vəziyyətdə, yəni öz küçələrində və təzyiq altında saxladığı dənizaşırı ərazilərində vətəndaşların hüquqlarını tapdalayan bir rejimin başqa xalqlara demokratiya dərsi keçməyə çalışması riyakarlıq əlamətidir.
Maraqlıdır ki, illərdir daxili idarəçilikdə ciddi uğursuzluqlara imza atan, vətəndaşların hüquqlarını kobud şəkildə pozan, etirazçıları güc tətbiq etməklə susdurmağa çalışan Makron hakimiyyəti başqa dövlətlərin daxili işlərinə qarışmaqdan əl çəkmir. Özünü beynəlxalq aləmdə “demokratiya hamisi” kimi təqdim edən Fransa rəhbərliyinin ikiüzlü mövqeyi artıq hər kəsə ayan olub.
Ölkə daxilində siyasi qüvvələr arasında dərin parçalanma hökm sürür, parlament iflic vəziyyətdədir və cəmiyyətin mövcud iqtidara olan etimadı minimuma enib. Belə şəraitdə beynəlxalq təşkilatların və Qərb institutlarının isə Fransanın mərkəzində baş verən bu qanunsuzluqlara, insan haqları pozuntularına və polis özbaşınalığına göz yumması, tamamilə fərqli rakursdan yanaşması ikili standartların bariz nümunəsidir. Başqa ölkələrdə yaşanan adi hadisələrə dərhal sərt bəyanatlarla reaksiya verən Qərb təşkilatlarının Fransada polis zorakılığına susması onların qeyri-obyektivliyinin növbəti təzahürüdür.
Təəssüf ki, daxildəki qlobal problemləri həll etmək əvəzinə xarici siyasətdə əsassız iddialar ardınca qaçan, qlobal müstəvidə müxtəlif ambisiyalar güdən Makron hakimiyyəti ölkəni idarəolunmaz böhrana sürüklədiyinin fərqində deyil. Makron başqalarının gözündə çöp axtarmaqdansa, yaxşı olar ki, öz gözündəki tiri görsün və illərdir yürütdüyü xətalı siyasi kursdan əl çəksin. Əks təqdirdə, cəmiyyətin artan qəzəbi və dərinləşən etimadsızlıq Fransanı daha ağır siyasi sarsıntılara və qaçılmaz fəlakətlərə sürükləyəcək.
İsmayıl QOCAYEV,
“Azərbaycan”