11 Oktyabr 2025 08:00
1268
SİYASƏT
A- A+
XXI əsr türk əsrinə çevrilir

XXI əsr türk əsrinə çevrilir


İlham ƏLİYEV: "Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir"

 

Çox geniş bir coğrafiyanı və insan potensialını əhatə edən türkdilli ölkələrin bir-birinə yaxınlaşması, getdikcə qlobal proseslərə təsir imkanlarını genişləndirməsi Türk Dövlətləri Təşkilatında (TDT) bir araya gəlmiş dövlətlərin böyük uğurudur. Təşkilatın qurulmasında, addım-addım inkişafında, güc mərkəzinə çevrilməsində Azərbaycanın tarixi rolu çox böyükdür. Bu da ölkəmizin gələcəyə strateji baxışından, xarici siyasət prioritetlərindən irəli gəlir. Belə ki, dövlətimizin xarici siyasət prioritetlərinin müəyyən edilməsi zamanı türk dünyasının gücləndirilməsi, türk dövlətləri ilə əlaqələrin inkişafı əsas istiqamət kimi müəyyənləşib.

Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərinə malikdir. Onları birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı fəaliyyətinin əsasını təşkil edir. Azərbaycan təşkilatın gücləndirilməsinə xidmət edən siyasəti uğurla aparır. Türk dünyası bu gün planetimizin mənzərəsinə müsbət yöndə həlledici təsir göstərməkdən ötrü çox böyük potensialı özündə birləşdirir. Bu potensiala türk dövlətlərinin əhatə etdiyi böyük coğrafiya, sarsılmaz hərbi güc, iqtisadiyyat, zəngin təbii sərvətlər, geniş və şaxələnmiş nəqliyyat yolları, gənc və getdikcə sayı artan əhali daxildir.

6-7 oktyabr 2025-ci ildə Qəbələ şəhərində baş tutan Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşü, bu görüşdə verilən bəyanatlar artıq TDT-nin qlobal arenada mühüm güc mərkəzi kimi formalaşmasının tarixi təsdiqi oldu. "Regional sülh və təhlükəsizlik" mövzusunda keçirilən tədbir təkcə ortaq etnik və mədəni irsə əsaslanan inteqrasiya nümunəsi kimi deyil, eyni zamanda siyasi suverenliklərin uzlaşdırıldığı, iqtisadi potensialların birləşdirildiyi və təhlükəsizlik sahəsində strateji koordinasiyanın təmin olunduğu çoxşaxəli əməkdaşlıq platforması kimi TDT-nin müasir dünyamızdakı potensialını ön plana çıxardı.

Dünya nizamında qüvvələr balansının yenidən qurulduğu, yeni güc mərkəzlərinin meydana çıxdığı və regional ittifaqların beynəlxalq sistemdə artan təsir imkanları ilə səciyyələnən çağımızda TDT-nin varlığı və getdikcə daha da güclənməsi son dərəcə əhəmiyyətli faktordur. Yeni dünya nizamında TDT artıq sırf mədəni yaxınlığa əsaslanan təsisat deyil, qlobal miqyasda yeni geosiyasi aktor və strateji müttəfiqlik modeli kimi formalaşmaqda olan kompleks inteqrasiya strukturudur.

"Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir" - Azəbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündəki çıxışında bəyan etdi.

 

Müstəqil təhlükəsizlik gündəliyi

 

Dövlət rəhbərimizin TDT-yə üzv təşkilatların 2026-cı ildə Azərbaycanda birgə hərbi təlimlər keçirilməsini təklif etməsi də son dərəcə mühüm məqam kimi türk dövlətlərinin birgə təhlükəsizlik gücü ilə regional sülhə doğru yeni bir addım niyyətidir. Belə bir təşəbbüs TDT-nin müstəqil təhlükəsizlik gündəliyi formalaşdırmaq əzmində olduğunu göstərir. Məlumdur ki, bu gün qlobal miqyasda sülh və təhlükəsizlik hər bir ölkənin davamlı inkişafının əsas şərtinə çevrilib. 2009-cu ildə TDT-nin təməlini qoyan Naxçıvan Sazişi də məhz bu prinsiplər - sülhün qorunması və təhlükəsizliyin təmin olunması üzərində qurulmuşdu.

Cənab İlham Əliyevin də xatırlatdığı kimi, müasir geosiyasi çağırışlar fonunda təşkilatın ötən il Şuşada qəbul edilmiş Qarabağ Bəyannaməsi və cari Zirvə görüşünün "Regional sülh və təhlükəsizlik" mövzusu türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyini bir daha ortaya qoyur.

Təhlükəsizlik təmin edilmədən inkişafın mümkün olmadığı artıq hamıya bəllidir, bu aksiomdur. Beynəlxalq hüququn tez-tez pozulduğu indiki dövrdə türk dövlətləri arasında hərbi və hərbi-texniki əməkdaşlığın gücləndirilməsi strateji zərurətə çevrilib. Bu sahədə Azərbaycan və Türkiyə arasında dərin müttəfiqlik münasibətləri parlaq nümunədir, yalnız son bir ildə iki ölkə arasında 25-dən çox birgə hərbi təlim keçirilib.

Azərbaycanın bu əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə 2026-cı ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin ölkəmizdə keçirilməsi təşəbbüsündən çıxış etməsi bir daha təsdiqləyir ki, türk dövlətlərinin ortaq təhlükəsizlik platforması regionda sabitlik, inkişaf və sülh üçün mühüm strateji dayağa çevrilə bilər.

 

Azad yurdların bərpa və quruculuğuna qardaş töhfəsi

 

Belə təşəbbüslər müvafiq Zirvə görüşünün yalnız formal protokol tədbiri deyil, türk dünyasının gələcək konturlarının, ortaq strateji hədəflərinin və birgə fəaliyyət mexanizmlərinin müəyyənləşdiyi tarixi hadisə olduğunu nümayiş etdirir. Bu baxımdan TDT-nin Qəbələdə keçirilmiş Zirvə görüşü iştirakçı dövlətlər arasında siyasi koordinasiyanı və institusional əməkdaşlığı dərinləşdirən mühüm mərhələ kimi tarixə düşdü. Zirvə görüşü çərçivəsində təşkilata üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları son görüşdən bəri həyata keçirilmiş fəaliyyət istiqamətlərini təhlil etdilər, əldə olunmuş nəticələri qiymətləndirdilər, gələcək əməkdaşlıq üçün prioritet istiqamətləri müəyyənləşdirdilər.

Görüşün yekununda qəbul edilmiş rəsmi sənədlər, xüsusilə XII Zirvə Görüşünün Bəyannaməsi Türk Dövlətləri Təşkilatının siyasi-institusional inkişafının növbəti mərhələyə transformasiyasını təsdiqlədi. Bu sənəd təşkilatın normativ əsaslarının möhkəmləndirilməsi, qərar qəbuletmə mexanizmlərinin səmərəliliyinin artırılması və inteqrasiya proseslərinin institusional sabitliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Zirvə görüşünün əsas nəticələrindən biri kimi TDT-yə sədrlik funksiyasının Qırğızıstandan Azərbaycana keçməsi xüsusilə böyük rəmzi və strateji məna ifadə edir. Bu dəyişiklik Azərbaycanın təşkilat daxilində artan rolunun və liderlik potensialının rəsmi tanınması ilə yanaşı, ölkənin regional əməkdaşlıq gündəliyinin formalaşmasında əsas aktora çevrildiyini də nümayiş etdirir.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçirdiyi bir sıra ikitərəfli görüşlər, həmçinin TDT Xarici İşlər Nazirləri Şurasının iclası yeni təşəbbüslərin irəli sürülməsi, ortaq qərarların qəbul olunması və türk dünyasının gələcək inteqrasiya modelinin strateji parametrlərinin müəyyənləşdirilməsi üçün platforma rolunu oynadı.

Zirvə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və görüşdə iştirak edən digər dövlət və hökumət başçılarının Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoymaları da türk dünyasının mənəvi birliyinin ifadəsi kimi tarixə düşdü.

Azərbaycan Prezidenti çıxışında Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək vermis qardaş ölkələrə bir daha təşəkkürünü bildirdi: "Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi - bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq".

 

Ailəmiz türk dünyasıdır

 

TDT 2009-cu ildə Naxçıvanda imzalanmış tarixi Naxçıvan Sazişi ilə rəsmi şəkildə təsis olunub. Təşkilatın ideyası türkdilli xalqlar arasında əsrlərlə formalaşmış siyasi, mədəni və hərbi həmrəyliyə əsaslanır. TDT-nin qurucu dövlətləri Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandır. 2019-cu ildən isə Özbəkistan da TDT-yə üzv kimi qəbul olunub. 2018-ci ildən Macarıstan, 2021-ci ildən Türkmənistan, 2022-ci ildə isə Şimali Kipr Türk Respublikası TDT-nin müşahidəçi üzvləridir. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına TDT-nin müşahidəçi statusu verilib.

TDT dinamik inkişaf edərək fəaliyyət miqyasını sürətlə genişləndirir və bu gün dünyada mövcud olan ənənəvi regional əməkdaşlıq formatlarının heç birinə bənzəmir. Təşkilatın gündəliyi yalnız mədəni və humanitar sahələri əhatə etmir, eyni zamanda strateji təhlükəsizlik, enerji diplomatiyası, innovasiya və texnoloji inkişaf, nəqliyyat-logistika infrastrukturunun inteqrasiyası, kənd təsərrüfatı siyasətinin koordinasiyası, kosmik tədqiqatların təşkili və qlobal ticarət marşrutları üzərində təsir imkanlarının genişləndirilməsi kimi çoxşaxəli istiqamətləri əhatə edir. Bu tendensiya TDT-ni tədricən regional identiklikdən qlobal strateji aktorluğa keçid mərhələsində olan institusional platforma kimi səciyyələndirir.

Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) ən fəal və strateji baxımdan həlledici üzvlərindən biri kimi bu qurumun həm təşəkkül tapmasında, həm də müasir mərhələdə institusional inkişafı prosesində mühüm rola malikdir. Ölkə rəhbərliyi səviyyəsində nümayiş etdirilən ardıcıl siyasi iradə Azərbaycanın TDT çərçivəsində həm ideoloji-mənəvi birliyin möhkəmləndirilməsi, həm də praktiki əməkdaşlıq mexanizmlərinin dərinləşdirilməsi istiqamətində aparıcı mövqe tutduğunu təsdiqləyir.

Prezident İlham Əliyev demişdir: "Bizim üçün Türk Dövlətləri Təşkilatı əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır". Dövlətimizin başçısı bu bəyanatı 2024-cü il fevralın 14-də keçirilmiş andiçmə mərasimində səsləndirərək Azərbaycanın türk dünyasına yönəlik xarici siyasət prioritetlərini və identiklik əsaslı geosiyasi mövqeyini qlobal auditoriyaya nümayiş etdirmişdir. Bu fikirlər Azərbaycanın TDT-yə verdiyi mənəvi dəyərin və strateji önəmin ən parlaq ifadəsidir.

Azərbaycan hazırda bu birlik platformasının əsas hərəkətverici qüvvəsi və strateji lokomotivi rolunda çıxış edir. Ölkəmiz təşkilatın çərçivəsində siyasi təşəbbüslərin irəli sürülməsi, yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılması, eləcə də ortaq layihələrin maliyyələşdirilməsi və idarə olunmasında fəal iştirakı vasitəsilə inteqrasiya prosesinə konkret töhfə verir. Azərbaycanın təşkilatın işinə dəstək məqsədilə TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürməsi də bunun bariz nümunələrindəndir.

Prezident İlham Əliyevin çoxşaxəli təşəbbüsləri TDT-nin inkişaf strategiyasının əsas konturlarını müəyyənləşdirərək, təşkilatın fəaliyyətinə yeni məzmun və istiqamət qazandırır. Məhz bu ardıcıl və sistemli yanaşma nəticəsində TDT tədricən formal əməkdaşlıq platformasından real təsir gücünə malik beynəlxalq subyektə çevrilir, regional və qlobal miqyasda strateji aktor statusunu möhkəmləndirir.

 

Azərbaycanın strateji liderliyi

 

2024-cü ilin iyul ayında Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşü və onun nəticəsi olaraq qəbul edilmiş Qarabağ Bəyannaməsi Azərbaycanın Türk Dövlətləri Təşkilatında ideoloji və strateji liderlik rolunu bir daha təsdiqlədi. Həmin sənəd TDT-nin gələcək inkişafı üçün vahid siyasət və qərar qəbuletmə mexanizminin formalaşdırılmasına ehtiyac olduğunu da aydın şəkildə ortaya qoydu. Şuşada keçirilən Zirvə görüşü zamanı Prezident İlham Əliyevin səsləndirdiyi "Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməlidir... XXI əsr türk dünyasının inkişaf əsri olmalıdır" fikirləri təşkilatın gələcək missiyasını müəyyən edən strateji vizyon bəyanatı kimi dəyərləndirilir. Bu çıxış türk dövlətləri qarşısında təkcə regional deyil, qlobal miqyasda tarixi hədəflər müəyyənləşdirmişdir.

Həmin Zirvə görüşünün ardınca keçirilən tədbirlər də bu xəttin davamı olmuş, 2024-cü ilin noyabrında Bişkekdə təşkil olunmuş XI Zirvə Görüşü və 2025-ci ilin mayında Budapeştdə baş tutan qeyri-rəsmi Zirvə görüşü TDT-nin institusional yetkinliyinin və geosiyasi nüfuzunun artmasına mühüm töhfə vermişdir. Xüsusilə Budapeşt zirvəsi üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi, strateji koordinasiyanın genişləndirilməsi və Avrasiya məkanında birgə maraqların qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

TDT çərçivəsində nəqliyyat və kommunikasiya əlaqələri son dərəcə önəmlidir. Türk dünyasının nəqliyyat, tranzit və kommunikasiya potensialından səmərəli istifadə məqsədilə atılan addımlar beynəlxalq səviyyədə mühüm layihələrin reallaşmasına şərait yaradır.

Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı və regionun ən böyük yükdaşıma aviaşirkəti ilə Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən biri kimi bu prosesə mühüm töhfə verir. Ölkəmiz "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olaraq, Türkiyə ilə Mərkəzi Asiya arasında iqtisadi, coğrafi və nəqliyyat sahələrində körpü rolunu oynayır. Bunun xoş nəticələrindən biri 2022-ci ildən etibarən Orta dəhlizlə yük daşımalarının təqribən 90 faiz artması, tranzit müddətlərinin isə əhəmiyyətli dərəcədə azalmasıdır.

Bu sahədə daha bir mühüm addım isə Zəngəzur dəhlizinin (TRIPP) açılmasıdır. Dəhliz Orta dəhliz və "Şimal-Cənub" dəhlizlərinin inteqrasiyasını təmin edən yeni nəqliyyat arteriyası qismində regional iqtisadi əlaqələrin gücləndirilməsində xüsusi əhəmiyyət daşıyır. Hazırda Azərbaycan Orta Asiya, Türkiyə və Avropa arasında "yaşıl enerji" dəhlizi üzərində fəal şəkildə çalışır.

Azərbaycan TDT-yə üzv ölkələrlə iqtisadi əməkdaşlığı da gücləndirib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyulmuşdur, əsas hissəsi Türkiyə iqtisadiyyatına yatırılmışdır. Eyni zamanda Azərbaycan Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birgə sərmayə fondları yaradaraq bir sıra layihələrin icrasını təmin edir.

 

Tarixi-mənəvi bağlar

 

Ümumilikdə, həyata keçirilən tədbirlər türk dünyasında iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsinə və regionun dayanıqlı inkişafına xidmət edir. Ortaq tarixi, etnik və dil kökləri bu əlaqələri daha da möhkəmləndirir. Bu baxımdan Azərbaycan Prezidentinin 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın tarixi əhəmiyyətini xüsusi qeyd etməsi, gələn il I Türkoloji Qurultayın 100 illik yubileyinin TDT çərçivəsində təntənəli şəkildə keçirilməsi təklifini irəli sürməsi Zirvə görüşünün əlamətdar faktlarından oldu. Cənab İlham Əliyevin də bəyan etdiyi kimi, bu tədbir yalnız tarixi irsimizin qeyd edilməsi deyil, həm də türk dünyasında mədəni və elmi inteqrasiyanın simvolu olacaq. Çünki TDT-yə üzv ölkələrin digər sferalar kimi, mədəniyyət, təhsil və informasiya sahələrində əməkdaşlığı da son dərəcə önəmlidir və Azərbaycan bu məsələyə də yüksək diqqət yetirir. Mənzil-qərargahları Bakıda yerləşən Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) uğurlu fəaliyyəti buna nümunədir.

Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş XII Zirvə Görüşü bir daha göstərdi ki, TDT artıq bu günün və gələcəyin güc mərkəzi kimi qlobal siyasi arenadadır və XXI əsrin türk əsrinə çevrilməsi üçün real, təsirli addımlar atır.

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan karateçiləri İslamiadaya iki medalla başladılar

23:30
11 Noyabr

COP30-da öz pavilyonuna malik Azərbaycan irs, liderlik və milli ambisiyalarını nümayiş etdirir  

23:16
11 Noyabr

Azərbaycan XİN hərbi təyyarənin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib  

22:57
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin qəzaya uğradığı yerin aşkarlandığını açıqlayıb  

22:18
11 Noyabr

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstana gəlib

22:17
11 Noyabr

Gürcüstan Prezidenti təyyarə qəzası ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib  

22:17
11 Noyabr

Zəfərdən qüdrətə gedən yol

21:20
11 Noyabr

Gürcüstanın daxili işlər naziri təyyarə qəzası baş verən əraziyə gedib  

20:36
11 Noyabr

Milli Məclisin sədri TBMM sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb  

20:13
11 Noyabr

Türkiyə və Gürcüstanın XİN başçıları arasında təyyarə qəzası ilə bağlı telefon danışığı olub  

19:40
11 Noyabr

Türkiyə mediası: Azərbaycanın Zəfərindən sonra bərpa edilən Əsgəran qalası ziyarət üçün açılıb  

19:39
11 Noyabr

Nazir: FHN-in qüvvələri təyyarə qəzası ilə bağlı axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa tam hazırdır  

19:39
11 Noyabr

Türkiyənin və Gürcüstanın daxili işlər nazirləri təyyarə qəzasını müzakirə ediblər  

19:38
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi: Qəzaya uğrayan təyyarədə 20 nəfər olub  

19:37
11 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib

18:26
11 Noyabr

Burhanettin Duran: Təyyarə qəzasından dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb  

18:24
11 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
11 Noyabr

Ukrayna ordusu Zaporojye vilayətində bir neçə istiqamətdə mövqelərindən geri çəkilib

18:22
11 Noyabr

Ombudsman Aparatı və ENOC uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı gücləndirir  

18:22
11 Noyabr

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

18:06
11 Noyabr

Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb

18:01
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!