Bu gün Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu günün qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 18-də Sərəncam imzalayıb. Bu münasibətlə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Xocavənd Şəhəri Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslər, Xocavənd sakinləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Şəhər Günü çərçivəsində uşaqlar üçün ustad dərsləri, yaradıcılıq və maarifləndirici vorkşoplar, üz boyama (face art), interaktiv oyunlar və müxtəlif əyləncə proqramları keçirilib.
Həmçinin balaca sakinlər üçün "Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası nümayiş olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Xocavənd Şəhəri Günü münasibətilə sakinləri və qonaqları təbrik edib. O bildirib ki, bu gün Xocavənd tarixində əlamətdar gündür, çünki şəhər günü ilk dəfə qeyd olunur. Xüsusi nümayəndənin sözlərinə görə, bir il əvvəl Xocavənd rayonuna, o cümlədən Xocavənd şəhərinə Böyük Qayıdış başlanıb və bu proses ardıcıl şəkildə davam etdirilir.
Sonra Xocavənd Şəhəri Gününə həsr olunmuş konsert proqramı təqdim olunub. Tədbir möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
İlk dəfə keçirilən Xocavənd Şəhəri Günü doğma yurda qayıdan sakinlərin bir araya gəlməsi, birlik və həmrəylik duyğularının paylaşılması, şəhərin yeni həyatının mədəni tədbirlərlə zənginləşdirilməsi və Xocavənddə bayram ovqatının yaradılması baxımından əhəmiyyət daşıyır.
Tədbirin əsas məqsədi Xocavəndin işğaldan azad olunmasını, Azərbaycanın ərazi bütövlüyünün və tam suverenliyinin bərpasını qeyd etmək, xalqımızın Zəfər tarixini yaşatmaqdır.
Qeyd edək ki, bu günün qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 18-də Sərəncam imzalayıb. Vətən müharibəsindəki Zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edilib.