22 Aprel 2026 08:40
156
İQTİSADİYYAT
A- A+
XIX əsr Bakısının şəhərsalma mənzərəsi

XIX əsr Bakısının şəhərsalma mənzərəsi


Şəhərin üzünü "qara qızıl" ağardırdı


XIX əsrin birinci yarısında Bakı  sürətlə sənaye mərkəzinə çevrilir və bu inkişafda neft sənayesinin rolu aydın hiss olunurdu. Bakı ətrafında kəşf edilən neft yataqları, xüsusilə Balaxanı və Bibiheybətdə sənaye  üsulu ilə  çıxarılan neft iqtisadi canlanma yaradaraq, şəhərin sosial həyatını və şəhərsalma strukturlarını kökündən dəyişirdi. 

Neft kapitalı Bakının iqtisadi gücünü artırır və ruhuna toxunaraq onun həyat ritmini dəyişirdi. "Qara qızıl"ın gətirdiyi sərvət küçələrdə, binalarda, insanların gündəlik həyatında "gəzişir"di. Dar və dolaşıq küçələrin yerini tədricən geniş, işıqlı və nizamlı yollar alırdı. Şəhər öz köhnə libasını dəyişərək, Avropa üslublu bir görkəmə bürünürdü. Bu dəyişimlər fonunda Bakı sənaye mərkəzi olaraq  canlı, dinamik və cazibədar bir  məkan kimi yenidən doğulurdu. Küçələrində həyat qaynayan, memarlığında zənginlik və zəriflik əks olunan bu şəhər getdikcə neftin bəxş etdiyi imkanlarla keçmişin və gələcəyin qovuşduğu  yaşayış məntəqəsi kimi diqqət çəkirdi.  Beləliklə, XIX əsr Bakısı neftin gücü və Avropa şəhərsalma ənənələrinin harmoniyası ilə formalaşaraq özünəməxsus, unudulmaz simasını yaradırdı.

Neft sənayesinin yüksəlişi Bakının ruhunu və quruluşunu kökündən dəyişdirən bir dönüş nöqtəsi oldu. "Qara qızıl"ın axını ilə şəhərin nəinki mərkəzi, eləcə də ətrafı yenidən formalaşdı. Neft hasilatı və emalı ilə bağlı müəssisələr Bakı ətrafını sənaye ab-havası ilə doldurdu. Balaxanı, Sabunçu və Bibiheybət kimi məkanlar dövrün nişanəsi kimi şəhərin iqtisadi və sosial xəritəsini yenidən çəkirdi. Bu dəyişimin fonunda insan axını artır, kəndlərdən və bölgələrdən gələn işçi qüvvəsi şəhərin damarlarına yeni həyat gətirirdi. Neft kapitalı ilə yüksələn Bakı sənaye mərkəzi  olaraq,  daşdan, işıqdan və zəhmətdən qurulan yeni bir şəhər kimi formalaşırdı. Həmin sərvətin hesabına inzibati binalar, yaşayış evləri və ictimai tikililər ucalırdı. Bakı tədricən qədim Şərq ənənəsindən uzaqlaşıb müasir şəhər simasına doğru irəliləyirdi.

İnkişafın ən çox görünən izləri isə şəhərin küçələrində idi. Bakının mərkəzindən keçən  Torgovaya (indiki Nizami) küçəsi şəhərin ürəyi kimi döyünürdü. Burada böyük ticarət dükanlarının vitrinləri parlaq parçalara, zinət əşyalarına və ekzotik ətirlərə boyanırdı. Bank ofislərinin üzlükləri isə neftdən gələn zənginliyi əks etdirirdi. Küçədə gediş-gəliş heç vaxt dayanmırdı: tacirlər yüklərini daşıyır, qadınlar rəngarəng xalçalar seçir, uşaqlar küçədə şən və şaqraq gülüşlərlə oynayırdılar. Festival və bayram günlərində bura daha da canlanır, küçə ticarəti və şouları insan seli ilə müşayiət olunurdu. Birinci Nikolayevskaya (indiki İstiqlaliyyət) küçəsi isə bir başqa görkəmi ilə çeçilirdi. Burada hökumətin və inzibati idarələrin iri binaları, zəngin ailələrin gözəl villaları, məktəblər və xeyriyyə təşkilatları göz oxşayırdı. Küçədəki insanlar sanki mədəniyyət və sosial həyatın ritmindən ilham alırdılar. Klublarda, teatr və salonlarda, saray tipli evlərdə bal rəqsləri, ziyafətlər, digər mədəni tədbirlər küçənin zərif atmosferini doldururdu.

Hər iki küçə şəhərsalma baxımından Bakı üçün sadəcə yol deyildi. Bir tərəfdə ticarətin, kütlənin və hərəkətin enerjisi, digər tərəfdə elit mədəniyyətin və inzibati nizamın incə ritmi şəhərin memarlıq planını və sosial quruluşunu formalaşdırırdı. Küçələr  daş və kərpicdən ibarət olsa da, şəhərin həyatını, ruhunu və insanların gündəlik hekayələrini daşıyan arteriyalar idi. Bakı gündən-günə sənaye və neftin gücü ilə iqtisadi mərkəz rolunu gücləndirir, keçmişlə gələcəyin kəsişdiyi, Şərqlə Qərbin bir-birinə qarışdığı canlı bir şəhər mənzərəsi sərgiləyirdi. Torgovayanın enerjisi, Birinci Nikolayevskayanın zərif ritmi şəhərin sosial və mədəni həyatını formalaşdırır, memarlıqda həm ticarət, həm də elit mədəniyyətin ahəngini əks etdirirdi. Tezliklə neft kapitalının gətirdiyi imkanlar bu küçələrin timsalında şəhərsalma siyasətinə istiqamət verdi və Bakının urbanistik inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Torgovayanın  dükanları və Birinci Nikolayevskayanın zərif villaları şəhərin iqtisadi və mədəni həyatının ritmini birləşdirirdi.

Neftdən əldə olunan gəlirlər hesabına şəhərdə Avropa memarlıq üslubunda tikililər inşa olunurdu ki, bu da Bakının ümumi görünüşünə yeni estetik çalarlar qatırdı. Şəhərin mərkəzi hissəsində inzibati binalar, banklar, ticarət evləri və yaşayış kompleksləri Avropa memarlıq ənənələrinə uyğun şəkildə inşa olunurdu. Şəhər Duması, polis və məhkəmə binaları, eləcə də Hacı Zeynalabdin Tağıyev, Musa Nagiyev və digər neftxudalara məxsus villalar Avropa üslubunda tikilmiş, fasadları dekorativ elementlər və balkonlarla zənginləşdirilmişdi. Bakının mədəni həyatını əks etdirən teatrlar, klublar, məktəblər və xeyriyyə cəmiyyətləri də şəhərin sosial və mədəni ritmini formalaşdırırdı. Bu binalar Bakı neftinin zənginliyindən doğan izləri daşıyır, Avropa memarlığı ilə bəzənərək, şəhərin simasına gözəllik və ritm qatırdı. Və bu proses  get-gedə sürətlənərək Bakını Qafqazın ən müasir şəhərlərindən birinə çevirirdi. Küçələrin planlı şəkildə salınması, yaşayış evlərinin və inzibati binaların inşa edilməsi, eləcə də ictimai məkanların yaradılması və infrastrukturun inkişafı şəhər mühitinin daha funksional və estetik baxımdan cəlbedici olmasına şərait yaradırdı. 

Beləliklə, neft kapitalı və Avropa şəhərsalma təcrübəsinin qarşılıqlı təsiri nəticəsində Bakı artıq XIX əsrin sonlarında klassik Şərq şəhərindən müasir Avropa tipli sənaye paytaxtına çevrilmişdi. Cazibəli küçələr, iri ticarət evləri, zərif villalar və möhtəşəm inzibati binalar neftin gətirdiyi sürətli inkişafın canlı izlərini daşıyırdı. Hər fasad, hər sütun, hər eyvan şəhərin ritmini və yeni həyat tərzini əks etdirir, keçmişlə gələcəyi birləşdirir, Bakını Şərq ilə Qərbin ahəngində parlayan bir mərkəz halına gətirirdi. Bu gün həmin binalar və küçələr şəhərin zəngin tarixini və estetik simasını göz önündə əks etdirən canlı xatirə kimi öz hekayəsini danışır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Latviya Prezidenti Edqars Rinkeviçs Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

10:17
22 Aprel

Baş nazir Əli Əsədov Qazaxıstana işgüzar səfərə gəlib

10:16
22 Aprel

Azərbaycan nefti 110 dollara satılır

09:45
22 Aprel

Yardımlıda ödənişsiz tibbi müayinələr təşkil olunub

09:45
22 Aprel

Bu gün Beynəlxalq Yer kürəsi Günüdür

09:44
22 Aprel

NASA Marsda həyatın mövcudluğuna dair güclü dəlil tapıb

09:42
22 Aprel

Çin uçuş zamanı dronları enerji ilə təmin edən mikrodalğalı şüa texnologiyasını nümayiş etdirib  

09:40
22 Aprel

Rənglərin BMT-dən sülh çağırışı

09:40
22 Aprel

Türkiyədə Mərmərə dənizinin niyə qəhvəyi rəngə boyandığı məlum olub  

09:39
22 Aprel

Ankara vilayətində hərbi helikopter qəzaya uğrayıb

09:36
22 Aprel

Orta əsr memarlığının şah əsəri - Şirvanşahlar sarayı

09:35
22 Aprel

Atası onu riyaziyyatçı etmək istəyirdi, bəstəkar oldu

09:30
22 Aprel

Tramp İranla atəşkəs rejimini uzatdığını açıqlayıb

09:26
22 Aprel

Avropada həyəcan təbili 

09:25
22 Aprel

Biz niyə başıaşağı olmuşuq

09:20
22 Aprel

Sosial mediadan səmərəsiz istifadənin psixoloji təsirləri

09:15
22 Aprel

Qusarda yağışlardan 170-dən çox fermer ziyan görüb

09:10
22 Aprel

Torpaqlar istifadəsiz qalmayacaq

09:05
22 Aprel

Xızı yay turizm mövsümünə hazırlaşır

09:00
22 Aprel

Havaların yağmurlu keçməsinə baxmayaraq...

08:55
22 Aprel

Gəncənin nümayəndə heyəti Çinin Çindao şəhərinə səfər edib

08:50
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!