Bir vaxtlar insanlar yol gedərkən ətrafı seyr edər, düşünər, bəzən də, sadəcə, susub iç dünyasına qulaq asardılar. İndi isə başımız aşağıdır — amma düşüncəyə deyil, əlimizdəki smartfona. Sanki hamımız görünməz bir ip ilə telefonlarımıza bağlanmışıq. Evdə, ictimai nəqliyyatda, küçədə, hətta sükan arxasında belə bu bağlılıqdan qurtula bilmirik.
Telefon artıq, sadəcə, ünsiyyət vasitəsi deyil. O, həm dostdur, həm əyləncə, həm xəbər mənbəyi, həm də sanki istirahət vasitəsi. Yorulduqda onu götürürük, darıxanda ona sığınırıq, hətta bəzən real həyatdan daha maraqlı hesab edirik onu. Bu isə tədricən bizi ətrafımızdan uzaqlaşdırır, sosial münasibətlərimizə təsir edir. Eyni otaqda oturan doğmalar belə bir-biri ilə deyil, smartfonlarla “söhbət edir”, bir evin içində sözlərini, fikirlərini onun vasitəsilə çatdırırlar.
Metroda, avtobusda diqqət etsək görərik ki, demək olar, hamının başı aşağıdır. Kimisi sosial şəbəkələrdə gəzir, kimisi videolara baxır, kimisi yazışır, kimisi də oyun oynayır. Kənardan baxanda hamı ətrafından xəbərsiz görünür. Halbuki başının üstündə qoca, uşaq, əlil dayanıb. Lap bu olmasa belə həmin an kimsə qəzet oxuya, pəncərədən baxıb düşünə, ya da, sadəcə, beynini bir az dincəldə bilərdi. Amma biz dəqiqələr çəkən bu boşluqdan səmərəli istifadə etmirik. Çünki telefon bu boşluğu dolduran ən asan vasitəyə çevrilib.
Bu mərəzin daha təhlükəli tərəfi isə sükan arxasında və ya yol keçərkən özünü göstərir. Bir neçə saniyəlik diqqət yayınıqlığı bəzən geri dönüşü olmayan nəticələrə səbəb olur. Amma buna baxmayaraq, “bir mesaj yazım”, “tez baxım” düşüncəsi üstün gəlir. Bu, artıq, sadəcə, vərdiş deyil, asılılıqdır. İnsan riskin fərqində olsa belə özünü saxlaya bilmir.
Evdə də vəziyyət eynidir. Ailə üzvləri bir araya gəlsə də, hər kəs öz telefonu ilədir. Belə olanda birlikdə keçirilən vaxtın keyfiyyəti azalır, halbuki ən dəyərli anlar məhz ailə birliyindədir. Amma biz bunu çox vaxt gec anlayırıq.
Boş qalan vaxtı telefondan istifadə ilə doldurmağa çalışmağın əsas səbəbi rahatlıq və əlçatanlıqdır. Telefon bizə hər şeyi asanlıqla verir – məlumatı, əyləncəni, ünsiyyəti. Beyin isə həmişə asan olanı seçir. Üstəlik, sosial şəbəkələr insanın diqqətini saxlamaq üçün hazırlanıb — hər “bildiriş”, hər “layk” kiçik bir məmnunluq hissi yaradır və biz bunu təkrar-təkrar yaşamaq istəyirik.
Amma bu zaman biz əlimizdəki cihazın sağlamlığımıza vurduğu zərərlərin fərqinə varmırıq. Telefondan hədsiz istifadə istər fiziki, istərsə də psixoloji səviyyədə özünü göstərir. Bəzən fərqində olmadan saatlarla eyni vəziyyətdə, başıaşağı, hərəkətsiz smartfona baxmaq ciddi problemlərlə nəticələnir. Fiziki baxımdan ilk zərbə gözlərə dəyir. Ekrana uzun müddət fokuslanmaq göz quruluğu, yanma hissi və bulanıq görmə yaradır. Xüsusilə qaranlıq mühitdə telefondan istifadə bu təsiri daha da gücləndirir. Uzun müddətdə bu hal görmə zəifliyinə və göz yorğunluğunun xroniki hala keçməsinə səbəb ola bilər. Bununla yanaşı, davamlı aşağı baxmaq boyun fəqərələrinə həddindən artıq yük salır. Bu, zamanla bel ağrılarına, duruş pozğunluğuna və onurğa problemlərinə gətirib çıxarır. Telefondan davamlı istifadə diqqətsizliyə, yuxu rejiminin pozulmasına da səbəb olur. Mütəxəssislərin bildirdiyinə görə, yatmazdan əvvəl telefona baxmaq beynin istirahətə keçməsini gecikdirir. Ekrandan gələn işıq melatonin hormonunun ifrazını azaldır və bu da yuxuya getməyi çətinləşdirir. Nəticədə səhərlər yorğun oyanmaq, gün ərzində enerjisizlik və diqqətsizlik yaranır.
Amma bir sual maraqlıdır: biz smartfonlardan istifadə edirik, yoxsa onlar bizdən? Əgər gün ərzində neçə dəfə səbəbsiz telefona baxdığımızı hesablasaq, bəlkə özümüz də təəccüblənərik. Bu, artıq nəzarətdən çıxaraq vərdişə, hətta asılılığa çevrilib.
Texnologiya həyatımızı asanlaşdırmaq üçündür. Amma düzgün istifadə etmədikdə o, bizi idarə etməyə başlayır. Əsas məsələ balansı qorumaq və real həyatı virtual dünyadan üstün tutmağı bacarmaqdır. Bəzən bu cihazı kənara qoymaq, real dünyaya qayıtmaq, boş vaxtları daha faydalı fəaliy-yətlərlə – idman, kitab oxuma, açıq havada gəzinti və doğmalarla ünsiyyətə vaxt ayırmaqla doldurmaq lazımdır. Yol gedərkən başımızı qaldırıb ətrafa baxmaq, yaxınlarımızla göz təması qurmaq, sükan arxasında isə yalnız yola fokuslanmaq — bunlar kiçik, amma çox vacib vərdişlərdir.
Çünki həyat smartfonda deyil, o, başımızı qaldırdığımız anda başlayır.
Başınızı dik tutun!
Nərminə ƏSGƏROVA,
“Azərbaycan”