22 Aprel 2026 09:15
199
CƏMİYYƏT
A- A+
Sosial mediadan səmərəsiz istifadənin psixoloji təsirləri

Sosial mediadan səmərəsiz istifadənin psixoloji təsirləri


Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi XXI əsrdə sosial media artıq, sadəcə, ünsiyyət vasitəsi deyil, insanların düşüncə tərzinə, gündəlik vərdişlərinə və həyat ritminə təsir edən qlobal fenomenə çevrilib. Milyonlarla insan gününü xəbərləri yoxlamaq, paylaşımlara baxmaq, videolar izləmək və bildirişlərə cavab verməklə başlayır və bitirir. 

Dünyada təxminən 5,66 milyard insanın sosial media istifadəçisi olması, yəni hər 10 nəfərdən 7-nin bu platformalarda aktiv yer alması onun həyatımızdakı yerini aydın şəkildə göstərir. İnsanların gün ərzində orta hesabla 2 saat 21 dəqiqəni sosial mediada keçirməsi isə ekran qarşısında sərf olunan vaxtın nə qədər böyük həcmdə olduğunu ortaya qoyur. Çin dünyada ən çox sosial media istifadəçisinə malik ölkədir. Burada 1,18 milyard insan sosial mediadan istifadə edir və bu rəqəmin 2030-cu ilə qədər 1,36 milyarda çatacağı gözlənilir.  Hindistan, ABŞ və İndoneziya sosial media istifadəçilərinin sayına görə ən yüksək göstəriciyə malik ölkələrdir.

Azərbaycanda da vəziyyət oxşardır. 2025-ci ilin statistikasına görə, ölkədə 9,23 milyon nəfər internet istifadəçisidir və bu, əhalinin 89 faizini təşkil edir. 6,73 milyon aktiv sosial media istifadəçi kimliyi qeydə alınıb. Bu göstərici əhalinin 64,9 faizinə bərabərdir. Xüsusilə 18 yaşdan yuxarı əhali arasında sosial mediadan istifadə səviyyəsinin 87,7 faizə çatması bu platformaların cəmiyyətin gündəlik davranışlarına nə qədər nüfuz etdiyini göstərir. Lakin sosial medianın geniş yayılması ilə yanaşı, onun həddindən artıq istifadəsinin yaratdığı problemlər də getdikcə daha çox müzakirə olunur.

Araşdırmalar göstərir ki, xüsusilə telefon vasitəsilə sosial mediadan istifadə daha impulsiv və şüuraltı xarakter daşıyır. İnsanlar gəzərkən, film izləyərkən, hətta başqaları ilə söhbət edərkən belə fərqinə varmadan ekranlara yönəlirlər. Bu isə diqqət dağınıqlığına, məhsuldarlığın azalmasına, yuxu rejiminin pozulmasına, stres və narahatlıq hissinin artmasına səbəb ola bilər. 


Sosial mediadan həddindən artıq istifadə həm də sağlamlıq üçün risk faktorudur


Bir zamanlar insanları bir-birinə yaxınlaşdırmaq məqsədilə yaradılan sosial media platformaları bu gün həm də zamanımızı idarə edən, diqqətimizi bölən və davranışlarımızı formalaşdıran güclü rəqəmsal məkana çevrilib. Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmovun sözlərinə görə, son illərdə sosial media insan psixologiyasına təsir baxımından artıq passiv informasiya mənbəyi olmaqdan çıxaraq aktiv davranışı formalaşdıran mühitə çevrilib. Bu dəyişimin əsas səbəbi platformaların istifadəçi davranışını öyrənən və ona uyğunlaşan alqoritmlərlə işləməsidir. Bu alqoritmlər insanın diqqətini maksimum müddətdə saxlamağa yönəlib və bu prosesdə neyropsixoloji mexanizmlərdən istifadə olunur. Xüsusilə dopamin sistemi burada əsas rol oynayır. Hər dəfə istifadəçi gözlənilməz şəkildə müsbət sosial siqnal, məsələn, bəyənmə və ya müsbət rəy aldıqda beyində mükafat hissi yaranır. Bu isə dəyişkən gücləndirmə mexanizmi ilə eyni prinsipə əsaslanır və qumar asılılığı ilə oxşar davranış modelini formalaşdırır. İnsan növbəti “mükafat”ı almaq üçün platformaya yenidən qayıdır. Bununla yanaşı, sosial identiklik və qəbulolunma ehtiyacı da bu bağlılığı gücləndirir.

“İnsan sosial varlıqdır və başqaları tərəfindən qəbul olunmaq onun psixoloji təhlükəsizlik hissinin bir hissəsidir. Sosial media bu ehtiyacı sürətli və vizual şəkildə təmin etdiyi üçün asılılıq riski artır. “Qaçırmaq qorxusu” kimi tanınan fenomen isə istifadəçini davamlı olaraq yenilənən kontent axınına bağlayır. Asılılığın klinik baxımdan müşahidə olunan əlamətləri arasında istifadə müddətinə nəzarətin itirilməsi, planlaşdırılmamış uzun istifadə, real həyat fəaliyyətlərinə marağın azalması, diqqət və yaddaş problemləri, emosional asılılıq və platformadan uzaq qalanda narahatlıq hissi xüsusi qeyd edilməlidir. Bu, artıq davranış asılılığı kimi qiymətləndirilə bilən bir vəziyyətə çevrilir”, - deyə psixoloq qeyd edib.

Sosial mediadan həddindən artıq istifadə yalnız vaxt itkisi deyil, eyni zamanda psixi sağlamlıq üçün sistemli risk faktorudur. Mütəxəssis bildirib ki, davamlı sosial müqayisə mexanizmi insanın özünə münasibətini dəyişir: “İnsanlar başqalarının həyatının idealizə olunmuş versiyası ilə öz real həyatlarını müqayisə etdikcə özünüqiymətləndirmə aşağı düşür və bu, daxili narazılıq yaradır. Bunun nəticəsində depressiv simptomlar, özünü yetərsiz hiss-etmə, narahatlıq pozuntuları və sosial izolyasiya kimi hallar güclənə bilər. Xüsusilə gecə saatlarında sosial mediadan istifadə yuxu hormonlarının balansını pozur, bu isə həm emosional sabitliyə, həm də kognitiv performansa mənfi təsir edir”.

Risk qrupları arasında yeniyetmələrin xüsusi yer tutduğunu deyən E.Rüstəmov qeyd edib ki, bu yaş dövründə şəxsiyyət formalaşması davam edir və xarici təsirlər daha güclü qəbul olunur. Eyni zamanda emosional həssaslıq yüksək olur. Özünə inamı zəif olan, sosial dəstəyi məhdud olan və real həyatda özünü təsdiq etməkdə çətinlik çəkən fərdlər də daha tez bu təsirin altına düşürlər. Qoruyucu tədbirlər kompleks yanaşma tələb edir. Ailə səviyyəsində açıq kommunikasiya, valideyn nəzarəti və nümunəvi davranış mühümdür. Təhsil sistemində rəqəmsal savadlılıq və psixoloji maarifləndirmə vacib rol oynayır. Fərdi səviyyədə isə zaman limitləri, texnologiya ilə məsafəli münasibət və idman, sosial ünsiy-yət, yaradıcılıq kimi alternativ fəaliyyətlərin artırılması əsas strategiyalardır.


Davamlı neqativ xəbər axını insan beynində təhlükə və stres siqnallarını aktiv saxlayır


Sosial mediada yayılan neqativ və aqressiv kontentlər insan psixikasına tədricən, lakin dərin təsir göstərir. Bu təsir birbaşa deyil, yığılmış (kumulativ) xarakter daşıyır. Psixoloq bildirib ki, davamlı neqativ xəbər axını insan beynində təhlükə və stres siqnallarını aktiv saxlayır. Bu isə xroniki gərginlik, emosional yorğunluq və hətta travmatik reaksiyalara səbəb ola bilər. Zorakılıq səhnələrinin, aqressiv davranışların və nifrət nitqinin tez-tez müşahidə edilməsi zamanla desensitizasiya yarada bilər. Yəni insan bu cür hallara qarşı emosional həssaslığını itirə və onları normal qəbul etməyə başlaya bilər. Digər tərəfdən, bəzi fərdlərdə əksinə olaraq qorxu, narahatlıq və güvənsizlik hissi güclənir. Bundan qorunmaq üçün informasiya gigiyenası anlayışı xüsusi əhəmiy-yət daşıyır. İnsanlar izlədikləri kontenti filtr etməyi öyrənməli, emosional reaksiyalarını müşahidə etməli və psixoloji yük yaradan mənbələri məhdudlaşdırmalıdırlar. Eyni zamanda “doomscrolling” adlanan, yəni davamlı neqativ xəbər oxuma vərdişindən uzaqlaşmaq üçün şüurlu fasilələr və kontent seçimi tətbiq olunmalıdır.

“Sosial media detoksu müasir dövrdə psixoloji balansı bərpa etmək üçün effektiv metodlardan biri kimi qəbul olunur. Bu, yalnız texnologiyadan uzaqlaşmaq deyil, həm də diqqətin və şüurun yenidən strukturlaşdırılması prosesidir. Detoks müddətində insan beyninin davamlı stimul ehtiyacı azalır və diqqət resursları bərpa olunur. Araşdırmalar göstərir ki, sosial mediadan müvəqqəti uzaqlaşma yuxu keyfiyyətini yaxşılaşdırır, stres hormonlarını azaldır və emosional sabitliyi artırır. Tədqiqatlar nəticəsində məlum olub ki, cəmi bir həftə telefondan daha az istifadə etmək narahatlığı 16,1 faiz, depressiyanı 24,8 faiz və yuxusuzluğu 14,5 faiz azaldır”, - deyə mütəxəssis deyib.

Detoksun effektivliyi üçün onun planlı şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayan Elnur Rüstəmov bildirib ki, gündə müəy-yən saatların “ekransız zaman” kimi müəyyən edilməsi, yatmazdan əvvəl sosial media istifadəsinin dayandırılması və ya həftədə bir gün tam rəqəmsal fasilə tətbiqi praktik baxımdan effektiv yanaşmalardır. Sosial medianın yalnız risklər üzərindən qiymətləndirilməsi düzgün olmaz. Bu platformalar düzgün istifadə edildikdə ciddi inkişaf və təsir alətinə çevrilə bilər. Xüsusilə elm, təhsil və psixoloji maarifləndirmə sahəsində sosial media geniş auditoriyaya çıxış imkanı yaradır.

Psixologiya sahəsində doğru və elmi əsaslı kontentlərin paylaşılması insanların psixi sağlamlıq haqqında məlumatlılığını artırır. Psixoloqun sözlərinə görə, sosial media platformalarından effektiv istifadə üçün əsas prinsip buna məqsədyönlü yanaşmadır. İstifadəçi öz fəaliyyətini planlamalı, kontent istehlakı və istehsalı arasında balans yaratmalı və texnologiyanı alət kimi istifadə etməlidir. Sosial media üzərində nəzarəti itirməmək üçün fərdi qaydalar - zaman limiti, kontent seçimi və emosional monitorinq tətbiq olunmalıdır. Ona görə də sosial media nə mütləq risk, nə də, tam fayda mənbəyidir. Onun təsiri istifadəçinin psixoloji hazırlığından, davranış strategiyasından və həyat balansından asılıdır.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl 67 dollar bahalaşıb

10:40
22 Aprel

Dünya birjalarında neft ucuzlaşıb 

10:39
22 Aprel

Latviya Prezidenti Edqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib

10:37
22 Aprel

Latviya Prezidenti Edqars Rinkeviçs Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

10:17
22 Aprel

Baş nazir Əli Əsədov Qazaxıstana işgüzar səfərə gəlib

10:16
22 Aprel

Azərbaycan nefti 110 dollara satılır

09:45
22 Aprel

Yardımlıda ödənişsiz tibbi müayinələr təşkil olunub

09:45
22 Aprel

Bu gün Beynəlxalq Yer kürəsi Günüdür

09:44
22 Aprel

NASA Marsda həyatın mövcudluğuna dair güclü dəlil tapıb

09:42
22 Aprel

Çin uçuş zamanı dronları enerji ilə təmin edən mikrodalğalı şüa texnologiyasını nümayiş etdirib  

09:40
22 Aprel

Rənglərin BMT-dən sülh çağırışı

09:40
22 Aprel

Türkiyədə Mərmərə dənizinin niyə qəhvəyi rəngə boyandığı məlum olub  

09:39
22 Aprel

Ankara vilayətində hərbi helikopter qəzaya uğrayıb

09:36
22 Aprel

Orta əsr memarlığının şah əsəri - Şirvanşahlar sarayı

09:35
22 Aprel

Atası onu riyaziyyatçı etmək istəyirdi, bəstəkar oldu

09:30
22 Aprel

Tramp İranla atəşkəs rejimini uzatdığını açıqlayıb

09:26
22 Aprel

Avropada həyəcan təbili 

09:25
22 Aprel

Biz niyə başıaşağı olmuşuq

09:20
22 Aprel

Sosial mediadan səmərəsiz istifadənin psixoloji təsirləri

09:15
22 Aprel

Qusarda yağışlardan 170-dən çox fermer ziyan görüb

09:10
22 Aprel

Torpaqlar istifadəsiz qalmayacaq

09:05
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!