22 Aprel 2026 09:40
204
Mədəniyyət
A- A+
Rənglərin BMT-dən sülh çağırışı

Rənglərin BMT-dən sülh çağırışı


Müharibələrin alovlandığı, silah səslərinin körpə gülüşlərini susdurduğu, insan talelərinin siyasi ambisiyalara qurban verildiyi bir dövrdə dünyanı xilas edən ən böyük mənəvi güclərdən biri incəsənətdir. Çünki silah insan bədənini yaralaya bilər, sənət isə insan ruhunun məlhəmidir. Ölümsaçan raketlər şəhərləri viran qoyduğu məqamda rəssamın fırçası ilə dağılan ümidlərin yerində yeni xoşbəxt sabahlar çəkilir. 

Rəssamlıq sözsüz danışan ən böyük sənətdir. Rənglərin dili sərhəd tanımır, tərcüməçiyə ehtiyac duymur, bir baxışla ürəklərə yol tapır. Ağ rəng ümidin nəfəsi, yaşıl həyatın yenilənməsi, mavi səmanın sonsuzluğu, qırmızı mübarizənin və sevginin rəmzidir. Hər tablo görünən şəkildən daha çox görünməyən hisslərin aynasıdır.

Rəssam kətan üzərində, sadəcə, boya ilə işləmir, o, duyğuları şəkilləndirir, düşüncələri rəngləndirir, insanın iç dünyasına işıq salır. Bəzən bir rəsm əsəri uzun nitqlərin deyə bilmədiyini bir anda anlatmağa qadirdir. Ona görə də incəsənət təkcə estetik zövq deyil, həm də diplomatiyadır, dialoqdur, insanları bir-birinə yaxınlaşdıran körpüdür.

Bu gün dünyada qarşıdurmaların artdığı, nifrətin sərhədləri aşdığı bir zamanda gənc azərbaycanlı rəssamların BMT-nin baş qərargahında “Mədəni diplomatiya üçün incəsənət – Sülh naminə incəsənət” ideyası ilə çıxış etməsi olduqca təqdirəlayiq hadisədir. Bu təşəbbüs göstərir ki, Azərbaycan gəncliyi dünyaya siyasi mövqeyi ilə yanaşı, həm də mədəni düşüncəsi, humanist baxışı və yaradıcılıq enerjisi ilə mesaj verir. Çünki bəzən bir rəsm əsəri min silahın edə bilmədiyini edir - insanları düşünməyə, duymağa və barışa səsləyir.

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin “Dirçəliş” Gənclərin Sosial və Psixoloji Reabilitasiya Mərkəzi ilə əməkdaşlığı çərçivəsində təşkilatın Nyu Yorkda yerləşən baş qərargahında “Mədəni diplomatiya üçün incəsənət, Azərbaycan – Şərq və Qərbin qovuşduğu məkan” adlı gənc azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi keçirilib. Sərgidə iştirak edən istedadlı rəssamlar və layihənin əsas təşəbbüskarlarından biri - “Dirçəliş” Gənclərin Sosial və Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi və direktoru İslam Baxşəliyev redaksiyamızın qonağı oldular. Səmimi və yaddaqalan görüş zamanı qonaqlarımız beynəlxalq sərginin yaratdığı təəssüratdan, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində görülən işlərdən, həmçinin incəsənətin sülhə və qarşılıqlı anlaşmaya xidmət edən böyük missiyasından söhbət açdılar. İslam Baxşəliyev bildirdi ki, rəhbərlik etdiyi mərkəz 1999-cu ildən fəaliyyət göstərən qeyri-hökumət, qeyri-kommersiya və qeyri-siyasi təşkilatdır. Mərkəzin bu illər ərzində yerli dövlət qurumları, eləcə də beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı çərçivəsində yüzlərlə layihə həyata keçirilib. 2006-cı ildən etibarən Avropa Şurasının Gənclər Direktoriyasının üzvü olan qurumun əsas tərəfdaşları sırasında ABŞ Dövlət Departamenti, Avropa Şurası, Norveç səfirliyi, Finlandiyanın ABILIS Fondu, ANAMA, Qlobal Fond və digər nüfuzlu donor təşkilatlar yer alır.

İslam Baxşəliyev qeyd etdi ki, 2010-cu ildən etibarən Azərbaycan mədəniyyətini dünyada tanıtmaq məqsədilə “Mədəni diplomatiya üçün incəsənət – Sülh naminə incəsənət” adlı beynəlxalq sərgi layihəsi həyata keçirilir. Bu müddət ərzində dünyanın beş qitəsində - Şimali Amerika, Cənubi Amerika, Avropa, Asiya və Afrikada 28 sərgi təşkil olunub. Həmin sərgilərdə ümumilikdə 505 gənc rəssam iştirak edib, 2180-dən çox rəsm əsəri nümayiş olunub. ABŞ-də keçirilən bu sərginin sayca ikinci olduğunu vurğulayan həmsöhbətimiz onu da dedi ki, ilk tədbir iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunaraq Mayamidə baş tutub: “Builki sərginin Novruz bayramı münasibətilə BMT-nin baş qərargahında keçirilməsi xüsusi qürur hissi doğurur. Sərgidə 18 rəssamın 34 əsəri nümayiş olunub. Azərbaycan çoxmillətli və çoxmədəniyyətli ölkədir. Məhz buna görə də Azərbaycan incəsənəti zəngin, rəngarəng və sərbəstdir. Ölkənin şimalında başqa nəfəs, cənubunda başqa ovqat, qərbində sazın səsi, şərqində isə muğamın sehri duyulur. Bütün bu fərqli çalarlar birləşərək vahid Azərbaycan mədəniyyətini formalaşdırır”.

Qonağımız bildirdi ki, sərgiyə “Azərbaycan – Şərq və Qərbin qovuşduğu məkan” adının verilməsi təsadüfi deyil. Bu ad həm ölkəmizin coğrafi mövqeyini, həm də mədəni missiyasını ifadə edir. Azərbaycan əsrlər boyu müxtəlif sivilizasiyaların kəsişdiyi məkan kimi Şərqlə Qərb arasında körpü rolunu oynayıb. Həmin missiya bu gün də mədəni diplomatiya vasitəsilə davam edir.

İslam Baxşəliyev tədbirə çoxsaylı diplomatların, müxtəlif ölkələrin nümayəndələrinin qatılmasını xüsusi vurğulayaraq dedi ki, qonaqların Azərbaycan və gənc rəssamlarımız haqqında səsləndirdikləri xoş fikirlər ölkəmizin mədəni nüfuzunun daha da artdığını göstərir. O, dəstəyə görə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinə, eləcə də sərgini ziyarət edən bütün sənətsevərlərə minnətdarlığını bildirdi.

Redaksiyamızın qonağı olan gənc rəssamlar da öz yaradıcılıq dünyaları barədə  fikirlərini bölüşdülər. Sakina Cəfərli qeyd etdi ki, onun üçün rəsm, sadəcə, sənət növü deyil, daxili aləmin ifadəsidir. Uşaqlıqdan incəsənətlə məşğul olduğunu deyən sənətçi müxtəlif texnikalarda – akril, yağlı boya və akvareldə işlədiyini bildirdi. Gənc rəssam əsərlərində daha çox hissləri, işığı və atmosferi ön plana çəkir. Müasir fiqurativ rəngkarlıq üslubunda çalışan rəssam realizm, impressionizm və ekspressiv yanaşmaları bir araya gətirir. Onun sözlərinə görə, bəzən əsərlərində fiqurlar görünür, bəzən isə simalar olmur. Sakina deyir: “Məqsədim odur ki, hər tamaşaçı tablolarda öz hisslərini tapa bilsin. Təbiət, yağış, dəniz və sadə həyat anları isə onun əsas ilham mənbələridir”.

Cəmilə Hacıyeva isə rəssamlıq sənətini yaddaşın və kimliyin ifadəsi kimi dəyərləndirdi. Bildirdi ki, 2012-ci ildən etibarən yaradıcılığı əsasən köklər, insanın daxili azadlığı və milli yaddaş mövzuları üzərində qurulub. Cəmilənin  2023-cü ildə Bakıdakı Muzey Mərkəzində keçirilən “Septem” adlı ilk fərdi sərgisində 40 əsəri nümayiş olunub. Həmin əsərlərdə kənd həyatının estetikası, sadəlik, sakitlik və zamana bağlı nostalji hisslər əks edilib. Onun sözlərinə görə, BMT-də keçirilən sərgidə iştirak etmək Azərbaycan rəssamının səsinin dünya miqyasında eşidilməsi baxımından mühüm hadisədir.

Gənc rəssam Fidan Həsənova isə dedi ki, uşaqlıqdan rəsmə böyük maraq göstərib və zaman keçdikcə bu sevgini peşəkar sənət yoluna çevirib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alan rəssam hazırda təhsilini Prezident yanında Dövlət İdarəçilik Akademiyasında davam etdirir. O, bir sıra yerli və beynəlxalq sərgilərdə iştirak etdiyini bildirdi. Nyu Yorkda təşkil olunan sərgidə iştirakını isə həyatının ən önəmli yaradıcılıq hadisələrindən biri adlandırdı. Onun sözlərinə görə, Azərbaycanı incəsənət vasitəsilə xaricdə təmsil etmək böyük qürur və məsuliyyətdir.

Nərmin Hümbətova Azərbaycan Rəssamlar İttifaqının üzvü və Prezident təqaüdçüsü kimi müxtəlif beynəlxalq müsabiqə və sərgilərdə ölkəmizi təmsil edib. Berlin, Litva, Latviya, Estoniya, Finlandiyada, keçən il Seul, Roma və digər şəhərlərdə keçirilən sərgilərdə iştirak etdiyini deyən rəssam builki BMT sərgisində üç əsərlə təmsil olunduğunu bildirdi. O, həmçinin üç tələbəsinin də bu sərgidə iştirak etməsini qürurla söylədi. Gənc rəssamın sözlərinə görə, əsərləri müxtəlif ölkələrin diplomatları tərəfindən böyük maraqla qarşılanıb. Xüsusilə Peru nümayəndəsinin onun “Papaqatdı” adlı əsəri ilə maraqlanması yaddaqalan məqam olub. Bu münasibətlə rəssam qonaqlara Azərbaycanın adət-ənənələri, Novruz mərasimləri və milli dəyərlərimiz haqqında məlumat verib, əsərlərindən birini isə Perunun Amerikadakı səfiri Françesko Grazianiyə hədiyyə edib.

Nərmin Hümbətova sərgidə nümayiş etdirdiyi abstrakt əsərlərindən biri haqqında da söz açdı. Bildirdi ki, tablosunda Flame Towers nar formasında təsvir olunub. Nar Azərbaycanda bolluq, bərəkət və birliyin rəmzidir. Arxa plandakı memarlıq elementləri isə qədim Bakını xatırladır. Beləliklə, əsərdə ənənə ilə müasirliyin vəhdəti yaradılıb. Qırmızı və alov rəngləri Azərbaycanın “Odlar diyarı” obrazını ifadə edir, milli kimliyin davamlılığını və xalqımızın daxili enerjisini göstərir.

Beləliklə, BMT-nin möhtəşəm salonlarında nümayiş olunan bu sərgi bir daha sübut etdi ki, Azərbaycan dünyaya zəngin mədəniyyəti, yaradıcı gəncliyi və humanist düşüncəsi ilə də nümunə göstərir. Silahların danışdığı, qarşıdurmaların artdığı bir zamanda gənc rəssamlarımızın fırçasından doğan rənglər sülhün, dostluğun və qarşılıqlı anlaşmanın səsini dünyaya çatdırdı. Bu tədbir həm də göstərdi ki, incəsənət sərhəd tanımayan ən güclü diplomatiyadır. Azərbaycan gənclərinin BMT tribunasından verdiyi bu mənəvi mesaj ölkəmizin mədəni qüdrətinin, milli ruhunun və gələcəyə inamının parlaq təcəssümünə çevrildi.


Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl 67 dollar bahalaşıb

10:40
22 Aprel

Dünya birjalarında neft ucuzlaşıb 

10:39
22 Aprel

Latviya Prezidenti Edqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib

10:37
22 Aprel

Latviya Prezidenti Edqars Rinkeviçs Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

10:17
22 Aprel

Baş nazir Əli Əsədov Qazaxıstana işgüzar səfərə gəlib

10:16
22 Aprel

Azərbaycan nefti 110 dollara satılır

09:45
22 Aprel

Yardımlıda ödənişsiz tibbi müayinələr təşkil olunub

09:45
22 Aprel

Bu gün Beynəlxalq Yer kürəsi Günüdür

09:44
22 Aprel

NASA Marsda həyatın mövcudluğuna dair güclü dəlil tapıb

09:42
22 Aprel

Çin uçuş zamanı dronları enerji ilə təmin edən mikrodalğalı şüa texnologiyasını nümayiş etdirib  

09:40
22 Aprel

Rənglərin BMT-dən sülh çağırışı

09:40
22 Aprel

Türkiyədə Mərmərə dənizinin niyə qəhvəyi rəngə boyandığı məlum olub  

09:39
22 Aprel

Ankara vilayətində hərbi helikopter qəzaya uğrayıb

09:36
22 Aprel

Orta əsr memarlığının şah əsəri - Şirvanşahlar sarayı

09:35
22 Aprel

Atası onu riyaziyyatçı etmək istəyirdi, bəstəkar oldu

09:30
22 Aprel

Tramp İranla atəşkəs rejimini uzatdığını açıqlayıb

09:26
22 Aprel

Avropada həyəcan təbili 

09:25
22 Aprel

Biz niyə başıaşağı olmuşuq

09:20
22 Aprel

Sosial mediadan səmərəsiz istifadənin psixoloji təsirləri

09:15
22 Aprel

Qusarda yağışlardan 170-dən çox fermer ziyan görüb

09:10
22 Aprel

Torpaqlar istifadəsiz qalmayacaq

09:05
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!