Çolpon-Atada imzalanmış “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” Bakı ilə Bişkek arasındakı siyasi etimadı rəsmiləşdirməklə yanaşı, Cənubi Qafqazla Mərkəzi Asiyanın getdikcə daha sıx bağlandığı yeni regional reallığın mühüm göstəricisinə çevrilib. Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər etməsi, həmin ölkələrin liderlərinin isə Azərbaycana 26 dəfə səfər etməsi bu yaxınlaşmanın epizodik deyil, sistemli xarakter daşıdığını göstərir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu üzv kimi qoşulması da həmin prosesin siyasi nəticələrindən biridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Murad Hüseynli deyib. O qeyd edib ki, Bakı-Bişkek əlaqələrində siyasi etimad konkret iqtisadi mexanizmlərlə tamamlanır. Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 100 milyon dollardan 200 milyon dollara çatdırılması bunun ən mühüm göstəricilərindəndir. Bununla yanaşı, səfər zamanı energetika, beynəlxalq avtomobil əlaqələri, yükdaşımalar, gəmiçilik, gəmiqayırma, kibertəhlükəsizlik və maliyyə bazarları üzrə sənədlərin imzalanması əməkdaşlığın real sektorlarını genişləndirir.
İssık-Kulun sahilində açılan beşulduzlu “Baku Resort & Spa” isə bu əməkdaşlığın iqtisadi və simvolik tərəflərini birləşdirir. 2023-cü ildə Bişkekdə imzalanmış Azərbaycan–Qırğızıstan investisiya sazişi əsasında inşa edilən kompleks 17 hektardan çox ərazini əhatə edir, 111 otaq və 10 kottecdən ibarətdir. İlkin mərhələdə 255 nəfərin işlə təmin olunmasının nəzərdə tutulması layihənin yalnız turizm deyil, iqtisadi əməkdaşlıq baxımından da əhəmiyyətini göstərir.
“Əslində, burada söhbət sadəcə Bakı ilə Bişkek arasındakı əlaqələrdən getmir. Azərbaycanın Mərkəzi Asiya siyasətində əsas istiqamətlərdən biri Xəzərin iki sahilində yerləşən məkanların nəqliyyat, enerji, ticarət və investisiya zəncirləri vasitəsilə bir-birinə daha sıx bağlanmasıdır. Bu çərçivədə Qırğızıstanla qurulan müttəfiqlik ölkəmizin Mərkəzi Asiyanın siyasi və iqtisadi imkanlarına daha dərindən inteqrasiyasını nəzərdə tutan uzunmüddətli strategiyanın tərkib hissəsinə çevrilir. Yaxınlaşmanın dərinliyi yalnız dövlətlərarası sənədlərdə özünü göstərmir. Şuşa-Çolpon-Ata, Qəbələ-Karakol və Gəncə-Oş arasında qardaşlaşma əlaqələrinin yaradılması siyasi dialoqun cəmiyyətlərarası müstəviyə keçirilməsi baxımından əhəmiyyətli addımdır. Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına 528 şagird yerlik tam orta məktəbin açılması isə bu əlaqələrin daha fərqli - humanitar və mənəvi tərəflərini ortaya qoyur. Məktəbin yaradılması Qırğızıstanın Qarabağın bərpasına verdiyi töhfənin konkret nümunəsidir. Bu dinamika Türk dünyasının inteqrasiyası baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Qırğızıstan arasında möhkəmlənən siyasi etimad, iqtisadi əlaqələr və humanitar münasibətlər Türk Dövlətləri Təşkilatı çərçivəsində daha geniş əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Beləliklə, Bakı–Bişkek xəttində əldə olunan nəticələr ikitərəfli çərçivəni aşaraq Türk dünyasının ümumi əlaqəliliyinə təsir göstərir”,- deyə Murad Hüseyinli qeyd edib.
O bildirib ki, Çolpon-Atada imzalanmış sənədi yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək daha doğru olar. Azərbaycan-Qırğızıstan müttəfiqliyi yalnız iki ölkə arasındakı əlaqələrin deyil, Xəzər hövzəsi ilə Mərkəzi Asiya arasında formalaşan daha geniş geosiyasi xəttin mühüm elementidir.
Xəzərdən İssık-Kula uzanan bu xətt xəritədəki məsafəni azaltmır, lakin siyasi məsafəni aradan qaldırır. Onun əhəmiyyəti də məhz bundadır: Azərbaycan və Qırğızıstan arasında qardaşlıq artıq təkcə ortaq keçmişin deyil, ortaq regional gələcəyin də siyasi dayağına çevrilir.