Dünya siyasətində güc balansının sürətlə dəyişdiyi bir vaxtda dövlətlərin xarici siyasətində əsas məsələlərdən biri yalnız tərəfdaşların sayını artırmaq deyil, müxtəlif güc mərkəzləri arasında öz maraqlarına uyğun manevr imkanlarını genişləndirməkdir. Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlərə məhz bu prizmadan yanaşmaq daha doğru görünür.
ŞƏT-in əhəmiyyəti onun təkcə üzv ölkələrinin sayında və iqtisadi potensialında deyil. Təşkilat Avrasiyanın böyük hissəsini əhatə edən siyasi, iqtisadi və təhlükəsizlik maraqlarının kəsişdiyi platformadır. Çin, Rusiya, Hindistan, İran, Pakistan və Mərkəzi Asiya dövlətlərinin eyni formatda təmsil olunması bu qurumu qlobal proseslərin mühüm müzakirə məkanlarından birinə çevirir. Azərbaycanın isə bu platformada dialoq tərəfdaşı kimi iştirakı ölkəmizə həmin proseslərin içərisində öz gündəliyini irəli sürmək imkanı verir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləyib.
Onun sözlərinə görə, burada Azərbaycanın əsas üstünlüyü ŞƏT ölkələrinin böyük iqtisadiyyatları ilə rəqabət aparmaq deyil. Əksinə ölkəmizin üstünlüyü həmin iqtisadiyyatların bir-biri ilə və digər bazarlarla əlaqələndirilməsindədir. Başqa sözlə, Azərbaycan üçün ŞƏT yalnız yeni bir siyasi platforma deyil, həm də ölkənin tranzit və logistika imkanlarının daha geniş coğrafiyaya çıxarılması üçün əlavə mexanizmdir. Bu baxımdan Orta Dəhlizin əhəmiyyəti xüsusilə artır. Qlobal ticarətdə təchizat zəncirlərinin şaxələndirilməsi, alternativ marşrutlara ehtiyacın artması və Asiya ilə Avropa arasında yükdaşımaların təhlükəsizliyinin ön plana çıxması Azərbaycanın coğrafi mövqeyinə yeni dəyər qazandırır. Xəzər üzərindən Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən xətt yalnız iqtisadi layihə deyil, Azərbaycanın geosiyasi çəkisini artıran amildir.
“Digər mühüm istiqamət Mərkəzi Asiyadır. Son illərdə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər yalnız diplomatik təmaslarla məhdudlaşmır, nəqliyyat, enerji, investisiya, ticarət və humanitar sahələrdə yeni əməkdaşlıq formatları meydana çıxır. Bu proses Azərbaycanı Xəzərin qərb sahilində yerləşən tranzit ölkədən daha geniş regional əməkdaşlıq şəbəkəsinin iştirakçısına çevirir.
Burada bir məqam xüsusilə diqqət çəkir: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin qurulmasında özünü yalnız marşrut kimi deyil, tərəfdaş kimi təqdim edə bilir. Həmin fərq strateji baxımdan olduqca vacibdir. Marşrutdan istifadə etmək bir məsələdir, marşrutun formalaşmasında və inkişafında əsas aktorlardan birinə çevrilmək isə tamam başqa məsələdir.
ŞƏT-in Azərbaycan üçün digər əhəmiyyətli tərəfi onun çoxtərəfli diplomatiyanın imkanlarını genişləndirməsidir. Azərbaycanın müxtəlif beynəlxalq və regional təşkilatlarla paralel əməkdaşlığı xarici siyasətdə təkistiqamətli yanaşmadan uzaqlaşmağa imkan verir. Çinlə strateji tərəfdaşlıq, Mərkəzi Asiya ölkələri ilə yaxınlaşma, Türk dünyası ilə əlaqələrin dərinləşməsi, Avropa ilə enerji və nəqliyyat əməkdaşlığı Azərbaycanın beynəlxalq münasibətlər sistemində bir neçə istiqaməti eyni vaxtda inkişaf etdirməsinə şərait yaradır.
Bu siyasətin əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan özünü hansısa geosiyasi blokun tərkib hissəsi kimi deyil, müxtəlif tərəflərlə əməkdaşlıq edə bilən müstəqil aktor kimi təqdim edir. ŞƏT-lə münasibətlər də bu yanaşmanın davamı kimi qiymətləndirilə bilər”, - deyə N.Aslanov bildirib.