Paytaxt təhsil işçilərinin sentyabr konfransı məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə davam edib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova ötən tədris ilində məktəbəqədər təhsil müəssisələrinin fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrası vəziyyəti barədə məlumat verib.
Təhsil idarəsindən AZƏRTAC-a bildirilib ki, Nərminə Hüseynova, həmçinin mövcud imkanlardan daha səmərəli istifadə, müəssisələrin fəaliyyətinin təhlili və nəticəyönümlü idarəetmə yanaşmasının gücləndirilməsi, yeni təşəbbüslərin tətbiqi və məktəbəqədər müəssisələrdəki xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məsələlərinə toxunub.
BŞTİ-nin müdir müavini Anar Qədiməliyev, Məktəbəqədər təhsilin təşkili sektorunun müdiri Rəna Aslanova yeni tədris ilində məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin prioritetlərinə həsr olunmuş təqdimatlarla çıxış ediblər. Təqdimatlarda başlıca hədəfin hər bir uşağın fərdi inkişafının dəstəklənməsi, yaş və inkişaf xüsusiyyətlərinə uyğun təlim-tərbiyə mühitinin yaradılmasının vacibliyi vurğulanıb. Uşaqların sosial-emosional və fiziki inkişafının dəstəklənməsi, onların təhlükəsiz və sağlam mühitdə böyüməsi, eləcə də hər bir uşağa fərdi yanaşmanın təmin edilməsinin diqqət mərkəzində olduğu qeyd edilib. Həmçinin məktəbəqədər təhsil müəssisələrində təlim prosesinin keyfiyyətinin artırılması və uşaqların məktəbə hazırlığının daha səmərəli təşkili ilə bağlı qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
Qeyd olunub ki, paytaxt təhsil işçilərinin konfransı sentyabrın 1-də işini panel müzakirələrlə davam etdirəcək.
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin rəhbərləri, fənn müəllimləri, metodistlər və məktəb psixoloqlarının iştirakı ilə təşkil olunacaq panel müzakirələrdə növbəti dərs ili üçün fəaliyyət planı hazırlanacaq və müvafiq təkliflər təqdim olunacaq.