27 Oktyabr 2026 08:40
255
Mədəniyyət
A- A+
Xəlil Rza Ulutürk - azadlığın gur səsi

Xəlil Rza Ulutürk - azadlığın gur səsi


Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!

Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,

İstəyirəm səma kimi,

Günəş kimi,

Cahan kimi!

Çəkil, çəkil, ey qəsbkar,

Mən bu əsrin gur səsiyəm!

Gərək deyil sısqa bulaq,

Mən ümmanlar təşnəsiyəm!


Xəlil Rza Ulutürkün poeziyasında azadlıq bir arzu deyil, insanın mənəvi varlığını müəyyən edən ali dəyərdir, Vətən sevgisi isə sözlə ifadə olunan hissdən daha çox ömür boyu sədaqət tələb edən müqəddəs bir əqidədir. Şairin misralarından yüksələn etiraz və mübarizə ruhu xalqın milli oyanışına ilham  verir, ana dilinə bağlılığı və istiqlal yanğısı isə yaradıcılığına xüsusi mənəvi qüdrət qazandırır. Xəlil Rza üçün şair olmaq şeir yazmaq deyil, həm də zamanın qarşısında öz sözünə, xalqının taleyi qarşısında isə  vicdanına cavabdeh olmaq idi. Məhz buna görə şairin poeziyası ilə həyatı arasında keçilməz sərhəd yoxdur - səsləndirdiyi  fikirləri  mübarizəsi ilə təsdiqləyən sənətkarın sözü bu gün də azadlığın, milli qürurun və Vətənə sədaqətin canlı ifadəsi kimi səslənir.

Oktyabrın 21-də anadan olmasının ildönümünü qeyd etdiyimiz Xəlil Rza Ulutürk 1932-ci ildə Salyanın (indi Neftçalanın) Pirəbbə kəndində dünyaya göz açıb. O, uşaqlıqdan xalqın canlı dilini, şifahi ədəbiyyatın zənginliyini və klassik poeziyanın mənəvi dünyasını mənimsəyərək gələcəyin sənətkarı kimi formalaşıb. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olması onun ədəbiyyat və dil sahəsindəki biliklərini daha da dərinləşdirib. Sonralar şair, ədəbiyyatşünas alim və tərcüməçi kimi qazandığı uğurlar Xəlil Rza Ulutürkün istedadının yalnız coşqudan deyil, həm də zəhmətdən, elmi axtarışdan və sözə məsuliyyətlə yanaşmaqdan qaynaqlandığını təsdiq edir. Filologiya elmləri doktoru Xəlil Rza müxtəlif xalqların ədəbi nümunələrini Azərbaycan dilinə çevirərək milli ədəbiyyatımızın üfüqlərini genişləndirmişdir. 

Şairi oxucu yaddaşında əbədi yaşadan başlıca xüsusiyyət onun azadlığa münasibəti idi. Onun üçün azadlıq abstrakt siyasi anlayış, şüar və ya kağız üzərində elan edilən hüquq deyil, eyni zamanda insanın ləyaqətlə yaşaması, öz dilində danışması, milli kimliyini qoruması, gələcəyini özü müəyyənləşdirməsi demək idi. Buna görə də şairin poeziyasında azadlıq istəyi mücərrəd arzudan çıxaraq iradəyə, iradə isə əmələ çevrilirdi. Yuxarıda misralarını xatırlatdığımız şeirdəki "səma", "günəş" və "cahan" obrazları azadlığın məhdudlaşdırıla bilməyən mahiyyətini ifadə edir. Şairin təsəvvüründə azadlıq insana damcı-damcı verilən bir nemət deyil, onun mənəvi varlığının ayrılmaz hissəsidir. Xəlil Rzanın sənətkarlıq qüdrəti həm də ondadır ki, o, şeiri şəxsi hisslərin ifadəsi çərçivəsində saxlamırdı. Onun misralarında fərdi duyğu ictimai məna qazanır, bir insanın etirazı bütöv xalqın səsinə çevrilirdi. Sözün təsir gücü şairin yaradıcılığında milli azadlıq düşüncəsinin mühüm ifadə vasitələrindən idi. Onun poeziyası oxucunu yalnız düşünməyə deyil, öz mövqeyini müəyyənləşdirməyə, mənəvi məsuliyyətini dərk etməyə çağırırdı.

1980-ci illərin sonlarında Azərbaycanda milli azadlıq hərəkatı genişlənərkən Xəlil Rza Ulutürk bu proseslərin fəal iştirakçılarından oldu. O, meydanlarda, ictimai çıxışlarında və yazılarında xalqın istiqlal arzusunu cəsarətlə ifadə edirdi. 1990-cı il yanvarın 26-da  həbs edilərək Moskvadakı Lefortovo həbsxanasına göndərilməsi şairin mübarizə yolunun ən ağır sınaqlarından biri idi. Həbsxana divarları şairin iradəsini susdura bilmədi. Xəlil Rza orada da yazdı, mübarizəsini sözlə davam etdirdi. "Lefortovo gündəliyi" və həmin dövrdə qələmə aldığı əsərlər onun azadlıq ideallarına sədaqətinin, sarsılmaz iradəsinin ifadəsinə çevrildi. 1990-cı ilin oktyabrında azadlığa buraxılan şair xalqın müstəqillik mübarizəsindəki mövqeyini qoruyub saxladı. 

Xəlil Rza üçün Vətən sevgisi təkcə yüksək səslə söylənilən sözlərdən ibarət deyildi, bu sevgi torpağa, xalqa, milli yaddaşa və ana dilinə bağlılıqda özünü göstərirdi. O, dilin saflığını qorumağı, onun ifadə imkanlarını genişləndirməyi milli varlığın qorunması ilə əlaqələndirirdi. 

"Mən Azərbaycanam!" şeirində Xəlil Rza Ulutürkün Vətən sevgisini, milli qürurunu və mənəvi böyüklüyünü, şairin özünün obrazını görürük. Bu şeirdə şair Vətəni sadəcə tərənnüm etmir, onun tarixi taleyini, ağrılarını, səxavətini və sarsılmaz yaşamaq iradəsini varlığında yaşadır.

"Hər şeyi alınıb tükənsə belə, eşqi tükənməyən Azərbaycanam!" - deyən Xəlil Rza Azərbaycanın qüdrətini maddi sərvətlərində deyil, tükənməyən ruhunda, milli qürurunda və yaşamaq əzmində görür. Şairin nəzərində Vətənin böyüklüyü çəkdiyi əzablarla ölçülmür; onun böyüklüyü bütün sınaqlara baxmayaraq, varlığını və mənəvi bütövlüyünü qoruyub saxlamasındadır.

Şeirin sonunda səslənən əbədi Azərbaycan ideyası isə bu məhəbbətin zirvəsidir. Xəlil Rza üçün Azərbaycan keçmişin yadigarı deyil, bu günün mənəvi məsuliyyəti və gələcəyin sarsılmaz inamıdır. Onun Vətən sevgisi sözlə məhdudlaşmır, xalqın taleyini öz taleyi bilən, milli azadlığı və ləyaqəti həyatının mənasına çevirən bir şəxsiyyətin dünyagörüşünü ifadə edir. Elə buna buna görə də Xəlil Rzanın böyüklüyündən danışarkən onun yalnız istedadlı şair olduğunu söyləmək kifayət deyil, eyni zamanda Azərbaycanı şeirlərində yaşadan, milli ruhu sözə çevirən və Vətən sevgisini mənəvi əqidə səviyyəsinə yüksəldən sənətkardır.

Xəlil Rzanın həyatında sevinc qədər ağır kədər də var. 1992-ci ildə oğlu Təbriz Xəlilbəyli Qarabağ uğrunda döyüşlərdə şəhid oldu. Övlad itkisi hər bir ata üçün ömürlük faciədir. Vətən uğrunda mübarizəni həyat amalına çevirmiş şair üçün bu ağrı həm də xalqının taleyi ilə bağlı ümummilli hüzn idi. Təbrizin şəhidliyi Xəlil Rzanın həyatında şəxsi faciə ilə milli fədakarlığın qovuşduğu ağır bir məqam kimi qaldı. Şairin bu itki qarşısında yaşadığı iztirab Vətən sevgisinin coşqudan deyil, böyük qurbanlardan və dözülməz sınaqlardan da keçdiyinin bariz nümunəsidir. 

Xəlil Rza Ulutürkün yaradıcılığı və ictimai fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. Şair Əməkdar incəsənət xadimi fəxri adına, M.F.Axundzadə adına mükafata və Azərbaycan Respublikasının Xalq şairi adına layiq görülüb. Ölümündən sonra "İstiqlal" ordeni ilə təltif edilib. 1994-cü il iyunun 22-də dünyasını dəyişən sənətkar Fəxri xiyabanda dəfn olunub. 

Bu gün Xəlil Rza Ulutürkün irsinə ehtiyacımız onun yalnız böyük şair olmasından irəli gəlmir. Onun həyatı sözlə əməl arasındakı vəhdətin, əqidəyə sədaqətin və milli məsuliyyətin nümunəsidir. Şair həm də bizə öyrədir ki, Vətəni sevmək onun haqqında gözəl danışmaqla bitmir, bu sevgi dili qorumaqda, həqiqəti müdafiə etməkdə, milli dəyərləri yaşatmaqda və çətinliklər qarşısında mənəvi mövqeyini itirməməkdə təzahür edir. Xəlil Rza Ulutürk sözün azadlıq qazandığı, şairin xalqının taleyi ilə birləşdiyi zirvədə dayanır. Şairin səsi zamanın sərhədlərini aşaraq bu gün də insanı düşünməyə, mübarizəyə və öz mənəvi köklərinə bağlı qalmağa çağırır. Onun misralarındakı azadlıq yanğısı heç vaxt sönməyən bir məşəl, Vətən sevgisi isə nəsillərdən-nəsillərə ötürülən mənəvi əmanətdir. Xəlil Rza Ulutürk xalqımızın yaddaşında təkcə istiqlal şairi kimi deyil, azadlığın qiymətini öz ömrü ilə təsdiqləyən böyük sənətkar kimi yaşayacaq. Onun səsi susmur, çünki o səs bir insanın deyil, azad yaşamaq istəyən bir xalqın səsidir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır  

10:26
27 Oktyabr

Dohadakı IX Ümumdünya İnvestisiya Forumunda Azərbaycanın iqtisadi potensialı barədə məlumat verilib  

10:25
27 Oktyabr

Prezident: Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub  

10:23
27 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb

10:22
27 Oktyabr

Azərbaycan nefti 127 dollardan baha satılır

10:22
27 Oktyabr

Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir  

10:20
27 Oktyabr

Bakıda Almaniya-Azərbaycan biznes konfransı işə başlayıb

10:18
27 Oktyabr

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir YENİLƏNƏCƏK

10:06
27 Oktyabr

“Bild”: Almaniya xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün münaqişəyə hazırlaşır  

10:05
27 Oktyabr

Araşdırma: Qısa gəzintilər demensiya riskini azalda bilər

09:50
27 Oktyabr

Luis de la Fuente mövsümün ən yaxşı futbol məşqçisi seçilib

09:44
27 Oktyabr

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

09:43
27 Oktyabr

Zelenski: Ballistik raketlərlə Kiyevdə insanların sıx olduğu ərazilərə zərbələr endirilib, ölənlər var  

09:42
27 Oktyabr

Yeni təşəbbüslər, qarşılıqlı investisiyalar və beynəlxalq əməkdaşlıq

09:40
27 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölən və xəsarət alanlar var

09:35
27 Oktyabr

Gədəbəy: istehlakçı üçün "ikinci çörək", istehsalçı üçün əsas "çörək ağacı"

09:35
27 Oktyabr

"Conder"lər iş başında

09:30
27 Oktyabr

Biz qazlaşdırılmış kəndin qazsız sakinləriyik

09:25
27 Oktyabr

Arzumuz gerçəkləşir

09:20
27 Oktyabr

Quba Cümə məscidi

09:15
27 Oktyabr

Marketə siyahısız getməyin bədəli

09:10
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!