Müəllimlik ömrü ilk çağlardan ona doğma oldu. Professor Nurlana Əliyevanın valideynləri bu peşənin sahibi idilər. Atası riyaziyyat, anası rus dili müəllimi idi. Onda kitablara maraq oyadan, mütaliə sevgisi yaradan da valideynləri oldu. İllər bir-birini əvəz etdikcə kitablar əsrarəngiz aləm kimi bu insanı özünə daha çox cəlb edirdi.
Kitabxanalar bəşəriyyətin elm və zəka məbədi hesab edilir. Nurlana Əliyeva bunu sonralar biləcəkdi. Ömrünün ilk çağlarında isə Nurlana xanım üçün kitabxanalar sanki sirli bir aləm, qiymətli xəzinə idi. Yolunu tez-tez o vaxtlar Gəncədə fəaliyyət göstərən Makarenko adına kitabxanadan salırdı. Qışın soyuğunda, qarlı, şaxtalı, yağışlı, küləkli havalarda da fikrindən daşınmazdı, mütləq kitabxanaya gedirdi. Kitabxanaçı bu kitabsevər qızı hər dəfə təbəssümlə qarşılayırdı.
Kitabxanada artıq Nurlana xanımın oxumadığı kitab qalmamışdı. Hətta elələri vardı ki, iki dəfə oxumuşdu. Nizami Gəncəvinin, Şota Rustavelinin və daha neçə dünyaşöhrətli klassik şairin əsərlərini az qala əzbər bilirdi.
Yay günlərində həyətlərindəki ağ gilas ağacının dibində oturub kitab oxuyan, arabir gözlərini uzaqlara dikib xəyallar quran o uşaq illərin o üzündə qalıb. Ancaq arzuları arzu, xəyalları xəyal olaraq qalmayıb...
Uşaqlıq çağlarından sanki bu günlərini görürdü Nurlana xanım. O vaxtlar əlinə nə keçsəydi, evlərində pəncərənin qırağına, divara, stolun üstündəki süfrənin altına, ağacın gövdəsinə yazırdı: "Professor Nurlana Əliyeva".
O günlər gələcək, arzusu çin çıxacaq, O, professor Nurlana Əliyeva olacaqdı. Ancaq həmin illərə hələ çox vardı...
Gəncədə ömrünün ən şirin, ən qayğısız illərini yaşayırdı Nurlana Əliyeva. Həyat ona hələ sərt üzünü, əbədi ayrılıq kədərini göstərməmişdi. Ata-ana, nənə sevgisi ilə böyüyürdü. Adətən nənəli evdə boya-başa çatanlar uşaqlıqda daha bəxtəvər olurlar. Çünki nənələri onları əzizləyir, hər nazını çəkirdi. Nurlana xanım sevimli nənəsinin danışdığı nağıllarla böyüyürdü.
Valideynlərinə qarşı həmişə hörmət görürdü. Onlar da başqalarına eyni münasibəti göstərirdilər. Atası Müzəffər müəllim, anası Tamara xanım bacardıqları qədər hamıya kömək etməyə çalışırdılar.
Onlar övladlarını yalnız sevgi və qayğı ilə əhatə etməz, həm də həyatda qətiyyətli, əzmkar olmağı öyrədirdilər.
Yaddaşında qalan, ona unudulmaz təsir bağışlayan bir də valideynlərinin dostluq etdikləri insanlar idi. O dövrün tanınmış alimləri, ziyalıları Nurlana xanımgilin evində qonaq olardılar.
Valideynləri də, müəllimləri də Nurlana xanımın gələcəyinə ümidli idilər. Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli orta məktəbin əlaçı şagirdlərindən biri idi. Orta məktəbi bitirib Bakıya gəldi. Sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə verdi. Qəbul imtahanlarından uğurla keçib tələbə adını qazandı. 1969-cu ildə universiteti uğurla başa vurdu.
Diplomunu alıb Gəncəyə dönəcəkdi... Tələbəlik illərində belə düşünürdü. Ancaq bundan sonrakı həyatı Bakı ilə bağlı oldu. Əmək fəaliyyətinə 134 nömrəli orta məktəbdə başladı. Sonra Bakı Maliyyə-Kredit Texnikumunda Azərbaycan dili və ədəbiyyatı müəllimi işlədi. 1990-cı il dekabrın 29-dan M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda (indiki Azərbaycan Dövlət Pedaqoji Kolleci) çalışmağa başladı. Nurlana Əliyevanın təhsil sahəsindəki xidməti daha çox bu kolleclə bağlı oldu. İyirmi altı il həmin təhsil ocağına rəhbərlik etdi.
O, uzun illər hər gün bu kollecə eyni hisslərlə qədəm qoydu. 1919-cu ildə əsası qoyulan, yaşı bir əsri adlayan bu təhsil ocağı Azərbaycan elmi, təhsili və mədəniyyəti tarixində, inkişafında müstəsna yer tutur. Burada Azərbaycanın görkəmli pedaqoqları dərs deyiblər. Onlar tələbələrinə yalnız elm, bilik aşılamayıb, əsl pedaqoq olmağı öyrətməyiblər, eyni zamanda hər biri öz həyatı və fəaliyyəti ilə vətənpərvərlik, millətsevərlik nümunəsi olublar. Nurlana Əliyeva bu təhsil ocağının ənənələrinin yaşadılması, davam etdirilməsi üçün əlindən gələni əsirgəmədi.
Təhsilin bünövrəsi ibtidai siniflərdə qoyulur. Azərbaycan Dövlət Pedaqoji Kollecində isə əsasən ibtidai sinif müəllimləri hazırlanır. Nurlana Əliyeva çalışırdı ki, rəhbərlik etdiyi kollecin məzunları öz pedaqoji fəaliyyətlərində bu reallığı unutmasınlar. Onlar elə müəllimlər olsunlar ki, təhsil yolunda ilk addımlarını atan şagirdlərinə məktəbi, oxuyub öyrənməyi sevdirə bilsinlər. Məqsədinə nail oldu. Kolleci bitirib respublikamızın ayrı-ayrı şəhərlərində, rayonlarında, qəsəbələrində, kəndlərində müəllim işləyənlər heç zaman burada aldıqları dərsləri, müəllimlərini unutmadılar.
Ölkəmiz müstəqilliyinə qovuşduqdan sonra bu kollecin dörd dəfə əlamətdar yubileyini təşkil etmək Nurlana Əliyevaya müyəssər oldu. 80 illik yubileyində Ümummilli Lider Heydər Əliyevin kollektivə ünvanladığı təbrikdə deyilirdi: "Əminəm ki, siz texnikumunuzun uzun illər toplamış olduğu zəngin təcrübəni yeni şəraitdə daha da artıracaq və respublikada müasir tələblərə cavab verən müəllimlər hazırlanması işinə bundan sonra da var qüvvənizi sərf edəcəksiniz".
Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu il noyabrın 18-də kollecin 90 illik yubileyi "Gülüstan" sarayında təntənə ilə qeyd edildi. Kollektiv üzvləri "Əməkdar müəllim" fəxri adına, "Tərəqqi" medalına layiq görüldülər.
Azərbaycan Dövlət Pedaqoji Kollecinin 95 illik yubileyi isə 2014-cü il dekabrın 25-də təntənə ilə qeyd edildi. Yubiley mərasiminin iştirakçıları arasında görkəmli elm adamları, ictimai-siyasi xadimlər, təhsil mütəxəssisləri, dövlət məmurları və sadə insanlar var idi. Onlar bu təhsil ocağında professor Nurlana Əliyevanın gördüyü işlər barədə xoş sözlər söyləyir, minnətdarlıq edirdilər.
Nurlana Əliyeva kolleci həm də aktual mövzuların müzakirəyə çıxarıldığı məkana çevirdi. Bu təhsil ocağında müntəzəm olaraq fərqli mövzularda konfranslar, seminarlar keçirildi. Onun təşəbbüsü ilə təhsil ocağında "Milli-mənəvi dəyərlərimiz və müasirlik" mövzusunda silsilə tədbirlər düzənlənir, ədəbi mühitin maraq göstərdiyi əsərlərin fərqli formatda təqdimatı, müzakirəsi keçirilir, müasirimiz olan yazıçılarla, həmçinin klassiklərimizin tədqiqatçıları ilə görüşlər təşkil edilirdi.
Belə əhəmiyyətli və unudulmaz tədbirlərdən biri də Xalq yazıçısı Anarla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən görüş oldu. Tədbirin yüksək səviyyədə təşkil edilməsində, əlbəttə ki, professor Nurlana Əliyevanın Anar yaradıcılığının tədqiqatçılarından olması da xüsusi rol oynadı.
"Altmışıncılar" nəslinin görkəmli nümayəndələrindən olan Anarın yaradıcılığını dərindən təhlil edən sanballı əsərin müəllifi Nurlana Əliyeva həmin görüşdə Xalq yazıçısına müraciətlə "Siz xoşbəxt sənətkarsınız, Allahın sevimli bəndəsisiniz, iki görkəmli şəxsiyyətin övladısınız" dedi. Nurlana xanım Anar haqqında ətraflı bir məruzə etdi. Qeyd etdi ki, Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində anadan olan Anar Azərbaycan ədəbiyyatının yeni səhifəsini yaradıb, ədəbi mühitə milli nəfəs gətirib, bir sözlə, valideynləri kimi Azərbaycan ədəbiyyatına qızıl hərflərlə imza atıb: "Anar bütün əsərlərində, bütün ədəbi proseslərdə Azərbaycan psixologiyasına bələdliyini göstərir. Anar "Dədə Qorqud"u sevdirən yazıçıdır. Anar Mirzə Cəlili anladan, "yaşadan" Anardır. Anarın Mirzə Cəlil sevgisi illərlə tükənmir, azalmır. Qəlbində, qələmində yaşadır onu. Bu sevgi onun özünü də oxuculara sevdirir. Anar "Ağ qoç, qara qoç" kimi mükəmməl əsəri ilə nağılın həqiqətini, həqiqətin nağılını yaradan Anardır. Anarın şəxsiyyət, vətəndaş mövqeyi özünü xalqının, millətinin ən ağır günlərində də büruzə verib - 20 Yanvar faciəsi, Qarabağ hadisələri və s. Anarın böyüklüyü ondadır ki, onun obrazları ilə sanki hər gün qarşılaşırıq..."
Tədbirin sonunda Nurlana xanıma böyük hörmətini ifadə edən Anar təəssüratlarını dilə gətirdi: "Bəzən deyirlər ki, internet əsridir, gənclər daha kitab oxumurlar, amma bu görüş həmin fikri alt-üst etdi, bu gənclər nəinki kitab oxuyurlar, hətta duyaraq oxuyurlar, sənəti, sözü, şeiri, poeziyanı, musiqini bu qədər yaxından duyurlar. Duymasaydılar, sevməsəydilər, belə gözəl söyləyə bilməzdilər. Onlara minnətdaram. Professor Nurlana Əliyevaya, müəllimlərə minnətdaram ki, gənclərimizə ədəbiyyatımızı belə sevdirirlər. Bu tədbir ədəbiyyatın, şeirin sabahına böyük ümid yaradır".
2016-cı il onun həyatında iki mühüm hadisə ilə yadda qaldı. Həmin il aprelin 8-də təhsil naziri Mikayıl Cabbarov Nurlana Əliyevanı Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsindən azad etdi və özünə müşavir təyin etdi. Prezident İlham Əliyevin 23 iyun 2016-cı il tarixli sərəncamı ilə Nurlana Əliyeva Bakı Slavyan Universitetinin rektoru təyin olundu. O, 2021-ci ilədək bu vəzifədə çalışdı.
Nurlana Əliyeva uzun illər pedaqoq və təşkilatçı kimi təhsilimizə, alim kimi elmimizə, ədəbiyyatşünas kimi ədəbiyyatımıza xidmət göstərdi. O, 1988-ci ildə "Azərbaycan bədii nəsrində müasir kənd və onun problemləri" mövzusunda namizədlik, 2004-cü ildə "60-80-ci illər Azərbaycan nəsrində qəhrəman və üslub axtarışları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etdi. Filologiya elmləri doktoru, professordur. Onlarca kitabın, yüzlərlə elmi, publisistik məqalənin müəllifidir.
Nurlana Əliyeva ayrı-ayrı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda doktorluq üzrə ixtisaslaşmış dissertasiya şurasının üzvü, Rusiya Federasiyası Psixologiya və Pedaqogika Akademiyasının müxbir üzvü seçildi.
Nurlana Əliyeva 2004-cü ildə "Əməkdar müəllimi" fəxri adına layiq görülüb, 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib.
Yeni Azərbaycan Partiyası (YAP) yarananda ona üzv yazıldı. İki dəfə - 1998-ci və 2003-cü illərdə ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyevin vəkili oldu.
1995-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə YAP-ın Qadınlar Şurası yaradıldı. Fəal və əzmkar olan Nurlana Əliyeva YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri kimi çalışdı. YAP sədri, Prezident İlham Əliyevin tövsiyəsi ilə 2009-cu il aprelin 25-də YAP Qadınlar Şurasının ümumrespublika konfransında partiyanın Qadınlar Şurasının sədri seçildi.
Onun çoxşaxəli fəaliyyətində bu üç istiqamət - təhsil, elm, ictimai-siyasi fəaliyyət xüsusi yer tutdu. Hər üçündə uğur qazanmaqla məsuliyyətli, bacarıqlı, zəhmətsevər və qətiyyətli olmağın vacibliyini göstərdi. Sübut etdi ki, insanın bacarığının hüdudları çox genişdir. Bir şərtlə ki, gərək xəyallarının qanadlarını qırmayasan, arzularını boynubükük qoymayasan, həyatın enişli, yüksəlişli yollarında yorulmayasan, əzmkarlıqla, qətiyyətlə, məsuliyyətlə seçdiyin hədəfə doğru yol gedəsən...
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"