31 Dekabr 2023 09:40
2353
Mədəniyyət
A- A+
Xalqın yaddaşında yaşayan görkəmli dövlət xadimi

Xalqın yaddaşında yaşayan görkəmli dövlət xadimi

 

Azərbaycan tarixində elə şəxsiyyətlər var ki, onların adları çəkiləndə xalq və dövlət üçün gördüyü işlər, xeyirxah əməllər gözlərimiz qarşısında canlanır. Belə şəxsiyyətləri xalq heç vaxt unutmur, daim xatırlayır və yaddaşında yaşadır. Görkəmli dövlət xadimi və Azərbaycan səhiyyəsinin inkişafında misilsiz xidmətləri olmuş bacarıqlı elm adamı Əziz Əliyev də dövrünün tanınmış şəxsiyyətlərindən idi. Əziz Əliyev XX əsrin əvvəllərindən ömrünün sonuna qədər dövlət quruculuğu işlərində, tibb elmi, tibb təhsili sahələrində əldə etdiyi elmi bilik və bacarıqlarını dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və möhkəmləndirilməsinə həsr edərək, təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanınmış, yaşadığı şərəfli ömrü ilə bəşərilik və əbədilik rəmzinə çevrilmişdir. 
Biliyi, bacarığı və yüksək təşkilatçılığı ilə Azərbaycan xalqına başucalığı gətirmiş Əziz Əliyev 1 yanvar 1897-ci ildə İrəvan quberniyasının Hamamlı kəndində dünyaya göz açıb. İbtidai və orta təhsilinin bir hissəsini İrəvanda, bir hissəsini  keçmiş ittifaqın Çita şəhərindəki gimnaziyada alıb. O vaxtlar Əziz Əliyevin bacısı Göyçək xanım ailəsi ilə birlikdə Çita şəhərində yaşayıb. Balaca Əziz də  bacısıgildə qaldığına görə təhsilini orada davam etdirməli olub. 1914-cü ildə yay tətili günlərində İrəvana - doğmalarının yanına qayıdıb. Bəşəriyyətə və insanlığa böyük zərbə vuran Birinci Dünya müharibəsinin başladığına, gediş-gəliş çətinləşdiyinə görə Əziz Əliyev Çitaya qayıda bilməyib. Məcburən 1914-1917-ci illərdə İrəvandakı kişi gimnaziyasında təhsilini davam etdirib. 1917-ci ildə gimnaziyanı əla qiymətlərlə başa vurub. Onu da qeyd edək ki, Azərbaycanın görkəmli şəxsiyyətlərindən, elm xadimlərindən olan Heydər Hüseynov, Mustafa bəy Topçubaşov, Səid Rüstəmov və digərləri də həmin gimnaziyanın məzunları olublar.
Hələ kiçik yaşlarından həkim olmaq arzusu ilə yaşayan Əziz Əliyev 1917-ci ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin istedadlı və bacarıqlı Azərbaycan gənclərinə  göstərdiyi maddi yardım sayəsində Sankt-Peterburqa gedib və orada dünyanın ən məşhur tibb ocaqlarından sayılan  Hərbi Tibb Akademiyasına qəbul olub. Əziz Əliyev bu ali tibb təhsili ocağında oxumaqla yanaşı, dərsdənkənar vaxtlarda səpkili yatalaq əleyhinə təşkil edilmiş sanitariya-dezinfeksiya briqadasında işə düzələrək həm tibbi-təcrübi vərdişlərə yiyələnib, həm də aldığı məvaciblə özünün və ailəsinin minimal xərclərini ödəyib. 
Birinci kursu uğurla başa vuran Əziz Əliyev 1918-ci ilin yay tətili günlərində doğma yurdu İrəvana qayıdanda ermənilərin bu yerlərin əbədi-əzəli  sakinləri olan azərbaycanlıları zorla ocaqlarından qovduqlarını görüb. Daşnakların azərbaycanlıların başlarına gətirdikləri işgəncələrin, soyqırımın, erməni vandalizminin, erməni şovinizminin törətdiyi qanlı hadisələrin və onun ağır nəticələrinin canlı şahidi olub. Tarixi mənbələr göstərir ki, həmin illərdə ermənilər azərbaycanlılara qarşı əsl soyqırımı törədiblər. XIX əsrin sonlarında (1897-ci ildə) aparılan siyahıyaalma məlumatlarına görə, İrəvan quberniyasında yaşayan əhalinin 87 faizini azərbaycanlılar, çox cüzi bir hissəsini isə ermənilər və digər millətlərin nümayəndələri təşkil edib. 1905-1907-ci və 1917-1918-ci illərdə erməni soyqırımları nəticəsində bu rəqəm 50 faizə enib. Həmin illərin məcburi köçkünlərdən biri də gələcəkdə bəşər tarixinin parlaq simalarından birinə çevriləcək Əziz Əliyev və onun ailə üzvləri olub. 
Gənc Əziz erməni vandalizminə görə Sankt-Peterburqdakı təhsilini davam etdirməkdən məhrum olub. Naxçıvanın Şərur rayonunda, Cənubi Azərbaycanın Ərəblər kəndində, sonra yenidən Naxçıvanın Şahtaxtı kəndində məşəqqət və ağrılarla dolu qaçqınlıq həyatı yaşayıb. Əziz Əliyev 1923-cü ildə ali tibb təhsilini davam etdirmək üçün ailəsi ilə birlikdə Bakıya üz tutub. Elə həmin ildən də onun həyat və fəaliyyətinin mühüm mərhələsi başlayıb. Bakıya gəldikdən sonra Azərbaycan Xalq Komissarları Şurasında işə düzələn Əziz Əliyev tapşırıqların öhdəsindən uğurla gəlib. Bacarığı ilə qısa müddət ərzində iş icraçısı, ümumi şöbə müdirinin müavini, katib köməkçisi və katib vəzifələrində çalışaraq özünü mükəmməl təşkilatçı, təcrübəli dövlət işçisi kimi göstərib. 
Həkimlik arzusuna qovuşmaq üçün Əziz Əliyev 1923-cü ildə imtahanlarda yüksək bilik nümayiş etdirərək Bakı Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olub. 1927-ci ildə ali tibb təhsilini uğurla başa vuran Əziz Əliyev elə həmin il Xalq Komissarları Şurasının göndərişi ilə klinikada elmi-pedaqoji fəaliyyətə başlayıb. Onun fenomen bir şəxsiyyət kimi formalaşdığını təsdiqləyən universitet rəhbərliyi gənc həkimin Tibb fakültəsini bitirdikdən sonra Daxili xəstəliklər kafedrasında saxlanılması haqqında qərar qəbul edib. Əziz Əliyev bu dövrdə özünü püxtələşmiş, bacarıqlı bir təşkilatçı kimi də göstərib. Ona görə də həkimlik fəaliyyəti ilə yanaşı, ona ən məsuliyyətli ictimai və dövlət əhəmiyyətli işlər də tapşırılıb. Tibb fakültəsini bitirdikdən sonra apardığı elmi-pedaqoji işlərlə  yanaşı, bacarığına görə Əziz Əliyev 1928-1929-cu illərdə Xalq Səhiyyə Komissarlığında Müalicə şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
O, 1929-cu ildə təşkilində özünün də fəal iştirak etdiyi Azərbaycan Kliniki İnstitutunun direktoru vəzifəsinə təyin olunub. Artıq alimlik dərəcəsi alan Əziz Əliyev 1932-ci ilə qədər bu instituta rəhbərlik edib və respublikanın tanınmış şəxslərindən biri kimi şöhrət qazanıb. 1930-cu il may ayının 9-da Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsi nəzdində Azərbaycan Dövlət Tibb İnstitutu yaradılıb. ADTİ-nin təşkili məsələsi çox mürəkkəb bir proses olduğundan bacarıqlı təşkilatçı kimi Əziz Əliyev də bu mühüm prosesin icrasına cəlb edilib. 1932-ci il iyun ayının 1-dən etibarən Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru kimi çalışmağa başlayıb və 1938-ci ilə qədər vəzifəsini bacarıqla yerinə yetirib. 
Görkəmli alim və dövlət xadimi bu məsuliyyətli işə başlamazdan əvvəl bütöv bir həyat məktəbi keçmiş, kifayət qədər təcrübə əldə etmişdi. Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru təyin edilərkən o, təbii ki, ölkədə milli həkim və elmi işçi kadrlarının yetişdirilməsi üçün ilk növbədə tələbələrə təlim-tərbiyə verməyi bacaran azərbaycanlı mütəxəssislərin və ana dilində dəyərli tibbi ədəbiyyatın olmasını düşünmüşdü. Ədəbiyyatsız, dərsliklərsiz tibbi fənləri nə tədris etmək, nə də onu lazımınca mənimsəmək mümkün deyildi. Düşüncələrini həyata keçirmək üçün Əziz Əliyev qısa müddət ərzində tibbin müxtəlif ixtisasları üzrə səriştəsi olan azərbaycanlı alimləri səfərbər edərək onları ana dilində dərsliklər yazmağa sövq edib. Onun rəhbərliyi altında az vaxt ərzində Azərbaycan dilində 55 adda dərslik hazırlanıb və çap etdirilərək tələbələrin və müəllimlərin ixtiyarına verilib. 
Əziz Əliyevin təşəbbüsü ilə işıq üzü görən əsərlərdən biri də özünün yazdığı "Klinik analizlər" kitabı idi. Bu təşəbbüsə qoşulan ilk alimlərdən K.Ə.Balakişiyevin "İnsanın normal anatomiyası", M.Qəniyevin "Mikrobiologiya kursu", C.Hüseynovun "Patoloji anatomiya", Y.Qazıyevin "Ağciyər vərəmi", Ü.Musabəylinin "Göz xəstəlikləri", Ə.Talışinskinin "Travmatologiya", Q.Səfərov və Ə.Həsənovun "Bioloji kimya" və digər dərslikləri, eləcə də M.Mirqasımovun, M.Topçubaşovun, M.Mirsəlimovun, M.Əfəndiyevin, Z.Məmmədovun və başqalarının ana dilində çap olunan əsərləri Azərbaycanın tibb təhsili tarixində abidəyə çevrilmiş orijinal nəşrlərdən hesab edilirlər. Bu kitablar indi də dəyərini saxlayır  və onların hər birinin işıq üzü görməsində Əziz Əliyevin müstəsna rolu olub. Görkəmli alim qısa müddətdə rus dilində olan tibbi kitablardan ən vaciblərinin Azərbaycan dilinə tərcüməsinin də təşəbbüskarı və təşkilatçısı kimi  tarixə düşüb. O vaxtlar kitab çap etdirmək üçün texniki təchizat yox dərəcəsində idi. Ümumiyyətlə, ADTİ-nin maddi-texniki bazası çox zəif idi. Bakı Dövlət Universitetinin Tibb fakültəsində milli kadrların yetişdirilməsinə bir o qədər də ciddi diqqət göstərilməmişdi və həmin fakültədə təhsil alanların içərisində başqa millətlərin nümayəndələri üstünlük təşkil edirdi. Odur ki, Əziz Əliyev ATİ-yə rəhbərlik etdiyi ilk illərdə hər şeyi sıfırdan başlamalı olub. Təbiidir ki, bu da çox vaxt tələb edib, alimin işlərini qat-qat çətinləşdirib.
Üzləşdiyi çətinliklərdən çəkinməyən Əziz Əliyev möhkəm iradə və dözüm nümayiş etdirərək Azərbaycan Dövlət  Tibb İnstitutunun nəzdində tibbi kitabxana yaratmaq ideyasını reallaşdırıb. Onun səyi nəticəsində professor P.Rostovtsevin sədrliyi altında "Kitabxana komissiyası" yaradılıb və komissiya səmərəli fəaliyyət göstərərək, 1936-cı ildə oxuculara belə bir təlimat göndərib: "Kitabxana plan üzrə SSRİ-də nəşr olunan bütün yeni kitabları, o cümlədən dövri tibbi-bioloji ədəbiyyatı alır. Bunlardan əlavə, kitabxana SSRİ-nin 231 elmi müəssisəsi  və 87 xarici ölkə ilə kitab mübadiləsi aparır". Bundan sonra tibbi kitabxananın özülünün möhkəmləndirilməsində, inkişafında və formalaşmasında ciddi dönüş yaranır. 
Quruculuq işlərindən bir gün də olsun kənarda qalmayan Əziz Əliyev təhsil ocağının  kollektivinin köməyi ilə 1934-cü ildə "Tibb nəşriyyatı" yaradıb. Onun təşəbbüsü və redaktorluğu ilə ilk dəfə "Praktiki və nəzəri tibb jurnalı" nəşrə başlayıb. 1929-cu ildən etibarən o, "Azərbaycan Tibb Jurnalı"nın məsul katibi vəzifəsində çalışıb, 1935-ci ildə isə həmin jurnalın baş redaktoru təyin edilib. Bu dövrdə jurnal ADTİ-də yenicə təşkil edilmiş "Tibb nəşriyyatı"nda çap olunub. 1933-cü ildə yenə də Əziz Əliyevin təşəbbüsü ilə Azərbaycan Dövlət Tibb İnstitutunda "Tibb  kadrları uğrunda" adlı çoxtirajlı qəzetin çapına başlanılıb. Sonra həmin qəzet "Təbib" adı ilə ali məktəbin mətbuat orqanı kimi Azərbaycan Tibb Universitetində çap olunub.
Hansı ictimai, inzibati, təşkilati işlərdə çalışsa da, Əziz Əliyev elmi axtarışlarını bir gün, bir an olsun belə dayandırmayıb. 1933-cü il avqustun 4-dən etibarən Tibb İnstitutunun göndərişinə əsasən, Almaniyada elmi ezamiyyətdə olan Əziz Əliyev bu ölkədən qayıtdıqdan sonra doktorluq dissertasiyası müdafiə edib. Azərbaycanda ilk dəfə olaraq onun dissertasiya işi 1937-ci ildə Moskvada gənc alimlər müsabiqəsində SSRİ Elmlər Akademsiyasının və ÜİLKGİ Mərkəzi Komitəsinin mükafatına layiq görülən dəyərli və əhəmiyyətli elmi iş olub. Əziz Əliyev 1941-ci il mayın 13-də (Azərbaycan SSR Xalq Səhiyyə Komissarı vəzifəsində işləyərkən) SSRİ  Elmlər Akademiyasının Azərbaycan filialının Rəyasət Heyəti nəzdində təşkil edilmiş Elmi  Şuranın üzvü olub. 1956-cı ildə  professor vəzifəsinə seçilib və həmin ildə də onun professor elmi adı təsdiq olunub. 
Əziz Əliyevin Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik etdiyi  dövrdə yazdığı "Klinik analizlər" adlı kitabı tələbələr və gənc həkimlər tərəfindən rəğbətlə qarşılanıb və onların stolüstü kitabına çevrilib. Onun "Həzm zamanı qanın xloridləri" (1928), "Malyariyanın Karno metodu ilə müalicəsi" (1932), "Klinik analizlər üzrə rəhbərlik" (1933) əsərləri "Azərbaycan Tibb Jurnal"ında çap edilib. Böyük alim elmi işlərini pedaqoji işləri ilə məharətlə uzlaşdırıb.  
Tibb sahəsi üzrə milli kadrların hazırlanmasını daim ön plana çəkən  Ə.Əliyev bu sahədə də böyük uğurlar qazanıb. Alimin Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik etdiyi 6 il müddətində 11 doktorluq, 30 namizədlik dissertasiyası müdafiə edilib ki, onların da tam əksəriyyəti milli kadrlar olub. O, Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alan tələbələrin həyatı ilə yaxından maraqlanıb, gənclərə diqqət və qayğı göstərib. 1933-cü ildə Əziz Əliyevin təklifi, təşəbbüsü və bilavasitə iştirakı ilə indiki Kliniki Tibbi Mərkəzin yaxınlığında "Tibb şəhərciyi"nin inşasına başlanılıb. Sonralar həmin ərazidə tələbə yataqxanaları ilə birlikdə nəzəri kafedralar üçün tədris korpusları da tikilib. 
1933-1934-cü illərdə ölkədə çörək qıtlığı yaranıb. Buna görə də tələbələrin güzəranı xeyli ağırlaşıb. Həmin dövrdə Əziz Əliyevin qayğısı sayəsində "Azad qadın" heykəlinin yaxınlığındakı orta məktəbin birinci mərtəbəsində tələbə yeməkxanası təşkil edilib. Yeməkxanada tələbələrə gündə 500-600 qram çörəklə bərabər pulsuz yemək verilib. Bununla da gənclərin güzəranı yaxşılaşıb,   onlar çörək qıtlığı çəkməyiblər. Əziz Əliyevin təşəbbüsü ilə təhsil ocağında rektorluq fondu yaradılıb. Bu fondun hesabına ehtiyacı olan əlaçı tələbələrə hər il pal-paltar, ayaqqabı alınıb. Bu da tələbələr üçün həvəsləndirici stimul olub. 
Görkəmli elm xadimi hər il Azərbaycan Dövlət Tibb İnstitutunun son kurs tələbələrinin ən bacarıqlılarını Moskvanın və Sankt-Peterburqun məşhur ali tibb məktəblərinə ezam edib, onlara təcrübə toplamaları üçün əlverişli şərait yaradıb. Belə vaxtlarda o, özünü hərtərəfli xeyriyyəçi kimi aparar, ölkədən xaricə gedən tələbələrə yardımlar edər, onları öz hesabına geyindirərdi. Həmin tələbələrin əksəriyyəti sonralar tibbin müxtəlif sahələrində məşhur alim kimi formalaşdılar və Əziz Əliyevin yolunu davam etdirdilər. 1934-cü ildə böyük problemlər yarandığına görə Əziz Əliyev Bakı şəhər səhiyyəsinə rəhbər təyin edilib. Yüksək bacarığı ilə 8 ay ərzində vəziyyətin köklü şəkildə dəyişilməsinə nail olub. Azərbaycanın paytaxtı yoluxucu xəstəliklərin epidemiyasından xilas edilib. Bundan sonra o, yenidən ATİ-yə rəhbərliyə qayıdıb.     
Alimin fəaliyyət dairəsi olduqca geniş və çoxcəhətli olub. O, müəyyən müddətdə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru işləməklə yanaşı, Əczaçılıq İnstitutuna da rəhbərlik edib. 1937-ci ildə eyni zamanda həm ATİ-nin, həm də Bakı Dövlət Universitetinin rektoru vəzifələrində çalışıb. Həmçinin bir müddət Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru vəzifəsində fəaliyyət göstərib. 
Azərbaycan səhiyyəsinin inkişaf tarixi bu görkəmli şəxsiyyətin adı ilə bağlıdır. Tanınmış səhiyyə təşkilatçısı 1939-1941-ci illərdə Azərbaycan SSR Xalq Səhiyyə Komissarı vəzifəsində çalışdığı dövrdə respublikanın ən ucqar rayonlarını kəndbəkənd gəzərək misilsiz xidmətlər göstərmişdir. Həmin illərdə Azərbaycanda tüğyan edən son dərəcə təhlükəli yoluxucu xəstəliklərə qarşı dövlət səviyyəsində mübarizə proqramı hazırlanıb və Əziz Əliyevin rəhbərliyi altında həyata keçirilib. Böyük alimin və həkimin  yüksək peşəkarlığı sayəsində ölkədə xüsusi dispanserlər, şəhər və kəndlərdə 50 yerlik göz xəstəxanaları açılıb. Tezliklə traxoma, malyariya və digər xəstəliklərin qarşısı alınıb və bir çox ciddi infeksion xəstəliyin kökü tamamilə kəsilib. Əziz Əliyevin təcrübəsi ovaxtlar SSRİ Xalq Səhiyyə Komissarlığında müzakirə olunub. Elmi əsaslara söykənən bu müzakirələrdən sonra böyük alimin təcrübəsinin SSRİ miqyasında yayılması tövsiyə olunub. 
Böyük Vətən müharibəsi dövründə Əziz Əliyev ordu hərbi şurasının üzvü kimi İrana ezam olunub. Sovet qoşun hissələrinin siyasi komissarı kimi çalışıb. 
Əziz Əliyevin həyatındakı mühüm dövrlərdən biri də Dağıstana rəhbərlik etdiyi illərdir. Qonşu muxtar respublikanın ağır vəziyyətində - 1942-ci ildə Əziz Əliyevin Dağıstan vilayət partiya komitəsinin birinci katibi seçilməsi onun təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-də də böyük nüfuza malik olduğunun göstəricisi idi. Altı il bu vəzifədə çalışan Əziz Əliyev Dağıstanın həyatının bütün sahələrində böyük irəliləyişə nail olmuş, Azərbaycan-Dağıstan dostluğunun daha da möhkəmlənməsinə əvəzsiz töhfə vermişdir. Görkəmli dövlət xadimi Əziz Əliyevin 100 illik yubileyində geniş nitq söyləyən Ulu Öndər Heydər Əliyev demişdir: "Əziz Əliyev Azərbaycan və Dağıstan dostluğunun inkişafı sahəsində çox böyük xidmətlər göstərmiş, çoxsahəli fəaliyyəti və humanizmi sayəsində o, Azərbaycan-Dağıstan dostluğunun rəmzinə çevrilmişdir". 
Əziz Əliyev I-II çağırış SSRİ Ali Sovetinin, I-III çağırış Azərbaycan SSR Ali Sovetinin, II çağırış Dağıstan MSSR-in Ali Sovetinin deputatı olub. Əziz Əliyevin xatirəsi həm Azərbaycanda, həm də Dağıstanda əbədiləşdirilib. Bakının və Mahaçqalanın mərkəzi küçələrinin birinə, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna, Sumqayt və Kaspiysk şəhərlərinin tibb məktəblərinə bu böyük şəxsiyyətin adı verilib. 
Əziz Əliyevin vətən və xalq qarşısındakı misilsiz xidmətləri layiqincə  qiymətləndirilib. O, iki dəfə "Lenin" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni,  "I dərəcəli Vətən Müharibəsi" ordeni, "Səhiyyə Əlaçısı" döş nişanı, bir çox medal, o cümlədən 1948-ci ildə "Moskvanın 800 illik  xatirəsinə" medalı və çoxsaylı fəxri fərmanlarla təltif edilib. 1960-cı ildə Əziz Əliyevə "Azərbaycan SSR-in Əməkdar həkimi" fəxri adı verilib.
Əziz Əliyev Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Azərbaycan SSR Nazirlər Soveti Sədrinin birinci müavini vəzifələrində çalışdığı dövrlərdə də respublikada elmin, səhiyyənin, təhsilin inkişafına daim qayğı göstərmişdir. Dövlət xadimi olmaqla yanaşı, həm də çox qayğıkeş və gözəl ailə başçısı olmuş Əziz Əliyevin ailəsindən dünyaşöhrətli oftalmoloq-alim Zərifə xanım Əliyeva kimi şəxsiyyət çıxmışdır. Zərifə xanım uzun müddət Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına rəhbərlik etmiş, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü olmuş, SSRİ Tibb Elmləri Akademiyasının Akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.    
1962-ci il iyul ayının 27-də Əziz Əliyev vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.
Əziz Əliyevin oğlu, əməkdar elm xadimi, professor Tamerlan Əliyev uzun illər Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasına rəhbərlik etmişdir. Qızı Əməkdar incəsənət xadimi Gülarə Əliyeva Azərbaycan musiqisinin inkişafında böyük xidmətlər göstərmişdir. Qızı Zərifə Əliyeva uzun illər ATU-nun Göz xəstəlikləri kafedrasında aparıcı dosent vəzifəsində çalışmışdır. Qızı Dilbər Əliyeva rabitəçi-mühəndis olmuş, "Əməkdar rabitəçi" fəxri adına layiq görülmüşdür. Oğlu, məşhur cərrah-onkoloq, dünyanın bir çox ölkəsinin akademiyalarının, o cümlədən Rusiya Elmlər Akademiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, keçmiş SSRİ Elmlər Akademiyasının Akademik N.N.Petrov adına mükafatına və diplomuna, eləcə də Azərbaycanın "Şöhrət" və "Şərəf", 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenlərinə layiq görülmüş akademik Cəmil Əliyev hazırda Azərbaycan Respublikasının Prezidenti yanında tibb xidmətinin rəisi vəzifəsini yerinə yetirməklə yanaşı, həm də  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasına rəhbərlik edir.
Böyük alim Əziz Əliyevin nəvə və nəticələri bu gün onun yolunu ləyaqətlə davam etdirirlər. Onun adını daşıyan  nəvəsi, akademik Cəmil Əliyevin oğlu tibb üzrə elmlər doktoru, professor Əziz Əliyev hazırda İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru vəzifəsində çalışır, səhiyyəmizin inkişafına yüksək töhfələr verir.
İllər bizi bu yaşanmış tarixdən uzaqlaşdırdıqca Əziz Əliyev şəxsiyyəti insanların gözündə daha da böyük zirvələrə ucalır. 126 il əvvəl qədim İrəvan torpağında dünyaya göz açmış Əziz Əliyev Azərbaycan səhiyyəsinin, elminin inkişafında son dərəcə böyük xidmətlər göstərmiş bir şəxsiyyətdir. Xalq belə nurlu, işıqlı övladları ilə daim qürur duyur, onların xatirəsini sonsuz ehtiram və hörmətlə yad edir. Çünki bu cür görkəmli insanlar ölkənin qürur və iftixar mənbəyidirlər. Doğma Vətənimizə sədaqətlə xidmət etmiş, xeyirxah əməlləri ilə tariximizdə pozulmayan izlər qoymuş görkəmli alim, siyasi xadim Əziz Əliyevin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. 

Əhliman ƏMİRASLANOV,
Milli Məclisin Səhiyyə komitəsinin sədri, SSRİ Dövlət mükafatı laureatı, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Lans Braun: Ağ Şəhər layihəsində ağır sənaye zonalarının şəhər mərkəzindən uzaqlaşdırılması mühüm addımdır  

12:42
17 May

Qabonlu nazir: Azərbaycan mənzil və urbanizasiya sahəsində inkişafa dəstək göstərir  

12:39
17 May

Anaklaudia Rossbax: WUF13 çərçivəsində mənzil böhranı ilə bağlı konkret həll yollarının tapılması üzərində işləyirlər

12:33
17 May

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 500-dən çox PUA vurulub  

12:31
17 May

Yaponiyanın rəsmisi: Son illərdə daha tez-tez baş verən təbii fəlakətlərə qarşı infrastrukturun təkmilləşdirilməsi vacibdir

12:25
17 May

Nazir: Anqolada urbanizasiya dayanıqlı iqlim və iqtisadi artım aləti olmalıdır  

12:21
17 May

Şərqi Timorun nümayənbəsi: Azərbaycan qlobal əməkdaşlığın inkişafına töhfə verir  

12:20
17 May

Ruandanın dövlət naziri: Ruanda və Azərbaycan şəhərsalma sahəsində ortaq anlayışa sahibdir  

12:19
17 May

Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır  

12:18
17 May

 Beynəlxalq Davamlı İnkişaf İnstitutunun rəsmisi: Dayanıqlı şəhərlər üçün birgə fəaliyyət vacibdir  

12:18
17 May

Qambiyanın regional qubernatoru: Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində böyük potensialı var  

12:11
17 May

Milli koordinator: Assambleyalar bizim ən güclü dəyərləri təmsil edir  

12:08
17 May

Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb YENİLƏNİB  

12:07
17 May

Litva rəsmisi Azərbaycanın Ukraynadakı yenidənqurma proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirib

12:03
17 May

Say Samal: Kamboca ilə Azərbaycan arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur 

12:01
17 May

Türkiyənin bələdiyyə sədri: WUF13 yeni layihələrin mühüm istiqamətvericisi olacaq  

11:57
17 May

Yağıntılı hava şəraiti gün ərzində davam edəcək – PROQNOZ

11:54
17 May

Prezident İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib YENİLƏNİB

11:52
17 May

Konqolu nazir: Bakının şəhərsalma modelindən nümunə götürüləsi çox məqam var

11:49
17 May

BMT-nin koordinatoru: Azərbaycanın həyata keçirdiyi layihələr digər ölkələr üçün faydalı təcrübə ola bilər  

11:48
17 May

Kriştof Şerski: Şəhərsalmada sosial vəhdət, iqtisadi şanslar və dayanıqlığın hər kəs üçün bərabər olmasına çalışmalıyıq 

11:43
17 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!