Taleyüklü zamanda liderlərin tarixdəki yeri onların əməlləri ilə müəyyən olunur. Prezident İlham Əliyevin 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar seçkidə xalqın böyük etimadı ilə 7 il müddətinə Prezident seçilməsi məhz belə bir tarixi reallığın təzahürüdür. Bu qələbə illərlə aparılan mübarizə, əldə edilən uğurlar, milli maraqların təminatı və ədalətin bərpası hesabına qazanıldı. İlham Əliyev həmin seçkidə zamanın sınaqlarını məğlub edərək qalib lider olduğunu növbəti dəfə sübut etdi.
Bu seçki səngərdən başlayan, meydanlarda möhkəmlənən və səsvermə qutularında təsdiqlənən tarixi iradənin davamı idi. Millət döyüş meydanında bir yumruq kimi necə sıxılmışdısa, seçki məntəqələrində də eyni ruhla, eyni əminliklə mövqe bildirdilər. Bu seçki zamanı xalq bir daha Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək göstərdi ki, Zəfər qiymətsiz qala bilməz. Bu seçki şəhidlərin qanı ilə yazılan Zəfər dastanı ilə möhürləndi və xalqın siyasi iradəsi ilə imzalandı. Bu seçki milli yaddaşın ədaləti, tarixi məsuliyyətin davamı və qalib xalqın qalib liderinə verdiyi qiymət idi.
Xalq liderini təkcə sözü və əməli bir olduğuna görə yox, tarixi məsuliyyəti üzərinə götürüb ikiəsrlik problemi həll etdiyi üçün dəstəklədi. Orduya rəhbərlik edən, dağıdılmış torpaqlara həyatı qaytaran, Azərbaycanın sözünü regiona və dünyaya çatdıran lider seçkidə siyasi etimadın ən yüksək zirvəsinə ucaldı. Bu qələbə həm də dünyaya açıq mesaj idi: Azərbaycan cəmiyyəti güclü dövlət, qətiyyətli rəhbər və milli maraqlara söykənən siyasət istəyir, riskli eksperimentləri yox, özünü sübut etmiş lideri dəstəkləyir. İlham Əliyevin qalib sərkərdə kimi yenidən prezident seçilməsi güclü Zəfərin seçki yolu ilə davamı, dövlətçilik kursunun xalq tərəfindən dəstəklənməsi idi.
44 günlük Vətən müharibəsindəki Zəfər və sonrakı növbədənkənar prezident seçkisinin nəticəsi 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına müraciətindəki bu fikirləri bir daha təsdiqlədi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Ulu Öndərin bu müraciəti təkcə siyasi varisliyin bəyanı deyildi, Azərbaycanın gələcəyinə dair strateji baxışın ifadəsi idi. Heydər Əliyevin İlham Əliyevi "yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən, enerjili və təşəbbüskar şəxsiyyət" kimi xarakterizə etməsi illər sonra real nəticələrlə öz təsdiqini tapdı. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mürəkkəb regional və qlobal proseslərdən güclənərək çıxdı. Ən əsası isə 30 il xalqın qəlbində yaşayan Qarabağ həsrətinə son qoydu. Ulu Öndərin "mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri İlham Əliyev başa çatdıracaq" sözləri bu gün artıq siyasi proqnoz deyil, tarixi faktdır - Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunmuşdur. Ona görə də növbədənkənar prezident seçkisinin nəticələri yalnız bugünkü siyasi reallığın yox, 2003-cü ildə qoyulmuş dövlətçilik xəttinin məntiqi davamı kimi qiymətləndirilməlidir. Beləliklə, Heydər Əliyevin İlham Əliyevə olan inamı xalqın siyasi iradəsi ilə birləşmiş və zaman bu seçimin doğru olduğunu təsdiqləmişdir.
Azərbaycan xalqı seçkidə öz Prezidentinə keçmişin ağrıları ilə deyil, daha firavan gələcək arzusu ilə səs verdi. Xalq seçkidə mücərrəd "demokratiya" yox, gerçək rifaha səs verdi. 7 fevral seçkisi həm də yeni mərhələnin başlanğıcı oldu. Azad edilmiş torpaqlarda bərpa-quruculuq işləri, Böyük qayıdış prosesi və suverenliyin tam möhkəmləndirilməsi Zəfərin davam edən proses olduğunu bir daha göstərdi. Zəfər təkcə 44 günlə məhdudlaşmadı, o, dövlət idarəçiliyinə, milli iradəyə və gələcəyə yönələn strateji xəttə çevrildi. Məhz bu səbəbdən seçki tarixə Zəfər seçkisi kimi yazıldı.
Seçkidən sonrakı iki il bu adın təsadüfi olmadığını əyani şəkildə sübut etdi. Bu dövr dövlətlə xalq arasında formalaşmış etimadın real nəticələrə çevrildiyi mərhələ kimi yadda qaldı. Xalqın verdiyi mandat kağız üzərində qalmadı. O, bu gün konkret qərarlarda, ardıcıl addımlarda və görünən dəyişikliklərdə əks olunur. Ötən iki il ərzində Qarabağ və Şərqi Zənəzurda aparılan genişmiqyaslı bərpa işləri sürətləndi. Dağılmış şəhərlər, kəndlər və infrastruktur yenidən qurulmuş, Böyük qayıdış proqramı çərçivəsində evlər tikilmiş, yollar çəkilmiş, sosial obyektlər açılmışdır. Təbii ki, bu işlər dövlətin gücü və xalqın birliyi sayəsində həyata keçirilir.
2024-cü ilin Zəfər seçkisindən sonra dövlətin milli təhlükəsizlik strategiyası da möhkəmlənmişdir. Ordunun döyüş qabiliyyəti artmış, sərhəd və ərazi müdafiəsi gücləndirilmişdir. Azərbaycan güclü və etibarlı dövlət olaraq öz mövqeyini daha da möhkəmləndirmişdir. Xarici siyasət sahəsində də Azərbaycan öz maraqlarını qorumuş və beynəlxalq aləmdə nüfuzunu artırmışdır. Zəfərdən sonra ölkəmiz regionda və dünyada söz sahibi kimi çıxış etməyə başlamış, sülh və əməkdaşlıq təşəbbüsləri ilə diqqət mərkəzində olmuşdur. Zəfər seçkisi həm tarixi qələbənin davamı, həm də Azərbaycan dövlətçiliyinin və xalqın gələcəyə inamının təcəssümü olaraq yaddaşlara hopmuşdur.
Xalqın dözümü, siyasi iradəsi və milli ruhu 7 fevral seçkisində eyni nöqtədə qovuşdu. Məhz buna görə həmin qələbə bir nəfərin deyil, bütöv bir xalqın qələbəsi oldu. Bu, səs-küylü şüarların deyil, səssiz etimadın, gündəlik fəaliyyətin və ortaq məqsədin zəfəridir. İlham Əliyevin qalib Lider kimi yenidən Azərbaycanın Prezidenti seçilməsi xalqımızın "biz bir yerdəyik" deyə tarixə yazdığı iradə manifestidir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"