Ətraf mühitə münasibət hər bir dövlətin həyata keçirdiyi siyasətdə, təbii sərvətlərdən istifadə prinsiplərində və ekoloji məsuliyyətində özünü göstərir. Meşələri məhv edilmiş, çayları çirkləndirilmiş, təbii sərvətləri talan olunmuş ərazilərin acı mənzərəsi isə bəzən ən yüksək beynəlxalq tribunalardan səsləndirilən vədlərin nə qədər səmimi olduğunu ortaya qoyur. Bu baxımdan Ermənistanın BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasına (COP17) evsahibliyi etməsi ciddi suallar doğurur. Otuz ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlamış, həmin ərazilərin təbii ekosistemlərinə ağır ziyan vurmuş, öz ölkəsində də çoxsaylı ekoloji problemlərlə üzləşən bir dövlətin biomüxtəlifliyin qorunmasına həsr edilmiş mötəbər beynəlxalq tədbirə evsahibliyi etməsi nə dərəcədə məntiqlidir? Ermənistanın keçmiş fəaliyyəti ilə bu gün nümayiş etdirməyə çalışdığı ekoloji məsuliyyət arasında dərin ziddiyyət yoxdurmu?
Oktyabrın 18-də Ermənistanın paytaxtı İrəvanda açılışı olan, 19-30 oktyabr tarixlərini əhatə edən BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası (COP17) hazırda öz işini davam etdirir. Konfransın əsas məqsədi 2022-ci ildə qəbul edilmiş Kunmin-Monreal Qlobal Biomüxtəliflik Çərçivəsi üzrə əldə olunan nəticələri qiymətləndirmək, 2030-cu ilədək təbiətin qorunması istiqamətində müəyyənləşdirilmiş hədəflərin icrasını sürətləndirməkdir. Bu çərçivə dünya dövlətlərinin qarşısına biomüxtəlifliyin itirilməsinin qarşısını almaq, zədələnmiş ekosistemləri bərpa etmək, təbii yaşayış mühitlərini qorumaq kimi mühüm vəzifələr qoyur. Lakin beynəlxalq ekoloji öhdəliklərdən danışarkən həmin prinsiplərin keçmişdə necə pozulduğunu da nəzərdən qaçırmaq olmaz. Ermənistanın evsahibliyi məsələsində əsas mübahisə də məhz buradan qaynaqlanır.
Ermənistanın ekoloji problemləri yalnız Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aşkarlanan dağıntılarla məhdudlaşmır. Ölkənin öz daxilində də su ehtiyatlarının çirklənməsi, tullantıların idarə olunması, dağ-mədən sənayesinin ətraf mühitə təsiri və təbii ekosistemlərin deqradasiyası ciddi narahatlıq doğurur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2025-ci il hesabatında Ermənistanın su ehtiyatlarının kənd təsərrüfatı axıntıları, təmizlənməmiş sular və sənaye tullantıları ilə çirklənməsi xüsusi vurğulanır. Hesabatda Sevan gölünün ekoloji vəziyyəti, dağ-mədən fəaliyyətinin su hövzələrinə təsiri, eləcə də iqlim dəyişikliyinin yaratdığı risklər diqqətə çatdırılır. Bu problemlər göstərir ki, Ermənistanın ekoloji idarəetmə sahəsində həllini gözləyən ciddi məsələləri mövcuddur.
Qarabağ və Şərqi Zəngəzurda aparılmış ekoloji qiymətləndirmələr isə işğalın təbiətə vurduğu ziyanın miqyasını aydın nümayiş etdirir. Müəyyənləşdirilib ki, işğal dövründə ümumilikdə 60 min hektara yaxın sıx meşə örtüyü məhv edilib. Bunun 54 min hektardan artıq hissəsi sıx meşə sahələrinin, 6 min hektaradək hissəsi isə xüsusi mühafizə olunan təbiət ərazilərindəki meşə örtüyünün payına düşür. Bu rəqəmlər sadəcə statistik göstəricilər deyil. Hər hektar meşə sahəsi müxtəlif bitki və heyvan növlərinin yaşayış mühiti, torpağın münbitliyini qoruyan təbii sistem, su dövranının və iqlim tarazlığının mühüm tərkib hissəsidir. İşğal dövründə yalnız meşə fonduna daxil olan ərazilər deyil, yaşayış məntəqələrində, avtomobil yollarının kənarlarında, su mühafizə zolaqlarında və digər torpaq sahələrində mövcud olmuş yaşıllıqlar da ciddi dağıntılara məruz qalıb. Aparılmış qiymətləndirmələr nəticəsində həmin ərazilərdə bir milyona yaxın müxtəlif cinsli ağac və kolun məhv edildiyi müəyyənləşdirilib.
Daha ağır faktlardan biri əsrlərlə yaşı olan, xüsusi mühafizə statusu daşıyan ağacların məhv edilməsidir. İşğaldan əvvəl Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təbiət abidəsi statuslu 152 qədim ağac qeydiyyata alınmışdı. Ərazilər azad edildikdən sonra keçirilmiş monitorinqlər zamanı onların 140-a yaxınının işğal dövründə məhv edildiyi müəyyənləşdirilib. Bu ağaclar yalnız təbii sərvət deyil, həm də Azərbaycanın ekoloji və tarixi irsinin ayrılmaz hissəsi idi. Yüzilliklər ərzində formalaşmış belə təbiət abidələrinin itirilməsini qısa müddətdə kompensasiya etmək mümkün deyil. Zəngilan rayonunda təbiət abidəsi statusuna malik qiymətli “Araz palıdı” meşə sahəsinin 300 hektarının məhv edilməsi də bu dağıntıların miqyasını göstərən mühüm faktlardandır.
İşğalın ağır nəticələri xüsusi mühafizə olunan təbiət ərazilərində də qeydə alınıb. İşğaldan əvvəl həmin ərazilərdə Bəsitçay və Qaragöl Dövlət Təbiət Qoruqları, Daşaltı, Laçın, Qubadlı və Arazboyu Dövlət Təbiət Yasaqlıqları fəaliyyət göstərirdi. Bəsitçay qoruğunun və dörd yasaqlığın ümumi sahəsi 42757 hektar təşkil edirdi. Bu ərazilər Şərq çinarı, Yunan qozu, ağyarpaq qovaq, söyüd, yulğun, qarağac, vələs, cökə, ağcaqayın, palıd və digər qiymətli bitki növləri ilə zəngin idi. Peyk təsvirləri əsasında aparılmış qiymətləndirmələr həmin qoruqlarda 6 min hektaradək sıx meşə örtüyünün məhv edildiyini göstərir. Təbii sərvətlərin qanunsuz istismarı da işğal dövrünün ağır ekoloji nəticələri sırasındadır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işğaldan əvvəl qeydiyyata alınmış 160-dan artıq mineral xammal yatağının azı 50-də istismar işləri aparılıb. Bununla yanaşı, şirin, mineral və termal yeraltı su ehtiyatlarından qanunsuz istifadə edildiyi də müəyyənləşdirilib.
COP17-nin əsas prinsiplərindən biri təbiətin bərpası və biomüxtəlifliyin itirilməsinin qarşısının alınmasıdır. Elə isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məhv olunmuş meşələr, dağıdılmış qoruqlar, zərər görmüş təbiət abidələri və istismar edilmiş təbii sərvətlər niyə beynəlxalq ekoloji müzakirələrin diqqət mərkəzində olmamalıdır? Ekoloji məsuliyyət anlayışı yalnız gələcək üçün vədlər verməklə məhdudlaşa bilməz. Keçmişdə vurulmuş zərərin obyektiv qiymətləndirilməsi, onun nəticələrinin tanınması və bərpa mexanizmlərinin müəyyənləşdirilməsi də bu məsuliyyətin ayrılmaz hissəsidir. Təbiətin qorunmasını əsas məqsəd elan edən beynəlxalq platformalar ekoloji dağıntılara münasibətdə ardıcıl və prinsipial mövqe nümayiş etdirməlidirlər.
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpasını, meşələrin yenidən salınmasını, xüsusi mühafizə olunan təbiət ərazilərinin dirçəldilməsini və “yaşıl inkişaf” modelinin tətbiqini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Bu proses uzunmüddətli investisiyalar, elmi qiymətləndirmələr və davamlı ekoloji idarəetmə tələb edir. İşğal nəticəsində zədələnmiş təbii ekosistemlərin bərpası yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın ekoloji təhlükəsizliyi baxımından əhəmiyyət daşıyır. Çünki təbiət dövlət sərhədləri ilə məhdudlaşmır, bir ölkədə baş verən ekoloji pozuntular qonşu ərazilərə də təsir göstərir. Təbiəti qorumaq iddiasında olan dövlət ilk növbədə öz fəaliyyətinin ekoloji nəticələrinə görə cavab verməyə hazır olmalıdır. Əks halda, biomüxtəlifliyin müdafiəsinə həsr edilmiş ən mötəbər beynəlxalq konfrans belə, real məsuliyyət və əməli fəaliyyətlə müşayiət olunmadıqda, təntənəli bəyanatlar səviyyəsində qalmaq təhlükəsi ilə üzləşər.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”