Peşəkar teatr ənənələrinə malik olmaq istənilən xalqın mədəni inkişaf tarixi boyu gəlib çatdığı ən böyük nailiyyətlərdəndir. Bir çox sənət növlərini uğurla özündə birləşdirən teatr ictimai şüurun inkişafı prosesinin tamamilə yeni səviyyəsinə aid sosial-mədəni faktordur və o, özlüyündə cəmiyyətin mənəvi tərəqqisinə çox mühüm təsir göstərir. Azərbaycan teatrı həmişə fəal mövqeyi ilə seçilib. İnsanların milli şüurunun inkişafına güclü təsir edib.
Bu baxımdan Azərbaycan peşəkar milli teatrının 150 yaşa gəlib çatması çox əlamətdar tarixi hadisədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında" 3 fevral 2023-cü il tarixli sərəncamı bu əhəmiyyətli milli dəyərimizə verilən qiymətin ifadəsi kimi böyük rəğbət doğurur. Sərəncamda oxuyuruq: "Dramaturgiyamızın tarixinin hər bir inkişaf mərhələsində Azərbaycan teatrı orijinal aktyor məktəbi ilə əlamətdar olmuş, yüksək səhnə mədəniyyətinə malik sənətkarlar və istedadlı rejissorlar nəsli yetişdirmişdir. Ölkəmizdə bütünlüklə milli dəyərlər zəminində dolğun fəaliyyəti üçün geniş inkişaf perspektivləri açılan teatrlar şəbəkəsi vardır".
Professional səhnəyə doğru
XIX əsrin sonlarına doğru Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır. Xalqımızın tarixi keçmişi, həyat və məişəti, toy-şənlik ənənələri ilə sıx bağlı olan mərasimlərdə, müxtəlif el şənliklərində kiçik həcmli tamaşalar, eləcə də dini mərasimlərdə təşkil edilən şəbihlər xalq teatrının ilkin örnəklərindəndir. Bütün bunlar Azərbaycanda teatr haqqında ümumi təsəvvürlərin formalaşmasında, professional teatrın yaradılmasına doğru ilkin addımlar atılarkən sənət qabiliyyəti olan bir çox şəxslərin səhnəyə gəlməsində xüsusi əhəmiyyət kəsb etmişdir.
Azərbaycanda peşəkar teatrın yaranması sırf ədəbiyyatın inkişafı zəminində baş vermişdir. Ölkədə hələ teatr, aktyor truppaları mövcud olmadan, tamaşalar göstərilmədən böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin bir-birinin ardınca 6 dram əsəri yazması, milli teatrın yoxluğu üzündən bu əsərlərin təxminən 20 il öz səhnə taleyini gözləməsi maraqlı tarixi faktdır. Düzdür, 1857-ci ilin dekabrında Şamaxı ziyalılarının qüvvəsi ilə bir neçə teatr tamaşası verilmişdi. Bəzi məlumatlara görə, 1848-ci ildə Şuşada, 1858-ci ildə Şamaxıda müəyyən qədər teatr binası funksiyasını da yerinə yetirən xüsusi tikililər inşa edilmiş və kiçik tamaşalar göstərilmişdi.
İlk tamaşa
XIX əsrin 70-ci illərində Bakıda gedən sənayeləşmə prosesləri, azərbaycanlı gənclər arasında tərəqqipərvər ziyalıların yetişməsi aktyorluq sənətinin inkişafı və milli teatrın təşəkkülü üçün zəmin yaratdı. Belə ki, mütərəqqi ruhlu ziyalılarımız tez-tez Moskva, Peterburq, Tiflis teatrlarına gedir, dramaturgiya və aktyorluq sənəti ilə yaxından tanış olmağa başlayır, onlarda öz dilimizdə teatr tamaşaları təşkil etmək həvəsi oyanırdı. Beləliklə, bu həvəs 1873-cü ildə Azərbaycan teatrının təməlinin qoyulmasına gətirib çıxardı. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi və onun şagirdi Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası verildi.
Həsən bəy Zərdabinin sonralar "Həyat" qəzetinin 13 dekabr 1905-ci tarixli nömrəsində yazdığı "Müsəlman teatrının banisi" sərlövhəli məqalədə qeyd edilirdi ki, ilk tamaşanın aktyor qüvvəsi Bakıda Nəcəf bəy Vəzirovun təhsil aldığı "Realnı gimnaziya"da oxuyan azərbaycanlı tələbələrdən, göstərilən əsər isə Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasından ibarət idi. "Kavkaz" qəzetinin 1873-cü il 25 mart tarixli sayında isə ilk teatr tamaşası kimi Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komediyasının bir neçə hissəsinin oynanıldığı göstərilir. Qəzetin həmin məqaləsindən bu tamaşanın Novruz bayramı münasibətilə Bakıdakı "Nəciblər klubu"nun binasında oynanıldığını öyrənirik. Tamaşa 1873-cü il martın 10-da nümayiş etdirilmişdi. 1873-cü ilin 17 aprelində isə "Hacı Qara" tamaşası səhnəyə qoyulmuşdu.
İlk tamaşalar milli teatrın yaranmasında çox yaxşı başlanğıc idi. Maarifçi ziyalılarımızın bu ilkin addımı Azərbaycanın başqa şəhərlərində də teatr tamaşaları vermək həvəsi oyatdı. Bakıdakı ilk tamaşalardan sonra Naxçıvan, Şuşa, Quba və Şəkidə də Azərbaycan dilində tamaşalar göstərildi.
Kəsərli vasitə
XIX əsrin 80-ci illərində gənc teatr həvəskarları daha da çoxaldılar. Bu zaman teatr həvəskarları əsasən Qori Müəllimlər Seminariyasını bitirərək Azərbaycanın müxtəlif qəzalarında pedaqoji fəaliyyətlə məşğul olan gənc müəllimlərdən ibarət idi. 1879-cu ildə Şəkidə Rəşid bəy Əfəndiyev, 1883-cü ildə Naxçıvanda Məmmədtağı Sidqi, 1882 və 1884-cü illərdə Şuşada Yusif bəy Məlikhaqnəzərov gənc teatr həvəskarlarının köməyi ilə Mirzə Fətəli Axundzadənin komediyalarına müraciət edib teatr tamaşaları verirdilər.
XIX əsrin 80-ci illərinin sonlarında artıq xeyli çoxalmış olan teatr həvəskarlarının Bakı icması yaradıldı. Buradakı teatr dəstəsinin rəhbərliyinə 1887-ci ildə Tiflisdə müəllimlər institutunu bitirmiş müəllim Həbib bəy Mahmudbəyov seçildi. Az sonra Bakı özəyi teatr truppasına çevrildi. Tanınmış mesenat Hacı Zeynalabdin Tağıyev teatr binası da tikdirdi.
İlk teatr tamaşaları çox çətin şəraitdə verilirdi. Bakıda ilk teatr binası hazır olana qədər tamaşalar üçün müvafiq geyimlər, bəzək əşyaları, dekorlar və s. tapılmırdı. Qadınların səhnəyə çıxması mümkünsüz sayıldığından bu rolları da kişilər oynamalı olurdular. Cahil adamların teatra qarşı düşmən münasibəti də başqa bir dərd idi. Xüsusilə ruhanilər əhalini teatr tamaşalarına getməkdən çəkindirməyə çalışırdılar. Qoçular teatr həvəskarlarına hücum edir, onları silahla qorxudurdular. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan maarifpərvərlərinin fədakarlığı hesabına milli teatrımız inkişaf edirdi.
Tarixin daha bir parlaq səhifəsi
Artıq 1906-1907-ci illərdə Bakıda "Müsəlman dram artistləri şirkəti", "Balaxanı dram dərnəyi" və "Təkamül" qəzetinin təşkil etdiyi "Həmiyyət" aktyorlar dəstəsi yaradıcılıq fəaliyyəti göstərirdi. "Nicat" və "Səfa" xeyriyyə cəmiyyətləri xətti ilə də bu sahədə böyük iş aparılırdı. 1914-cü ildə məşhur aktyor Cahangir Zeynalov "Səfa" cəmiyyətinin teatr şöbəsinin rəhbəri seçilmişdi. O dövrdə Azərbaycan səhnəsinin ən görkəmli xadimləri olan C.Zeynalov, H.Ərəblinski, Ü.Hacıbəyov, Əbülfət Vəli, M.A.Əliyev, H.Sarabski, Sidqi Ruhulla, M.Kazımovski və başqaları bu sahədə yorulmadan çalışırdılar. C.Məmmədquluzadə, N.Nərimanov, Ə.Haqverdiyev, S.S.Axundov, Ə.Qəmküsar, N.Vəzirov və digər ədiblərimiz də bədii ədəbiyyatla yanaşı, teatr sənətinin inkişafına yaxından kömək göstərirdilər.
1908-ci ildə Azərbaycanın mədəni həyatında hər zaman qürurla xatırladığımız daha bir əlamətdar hadisə baş verdi. Üzeyir bəy Hacıbəylinin yazdığı "Leyli və Məcnun" operası 1908-ci ilin 12 yanvarında səhnəyə qoyuldu. Beləliklə, Üzeyir bəy müsəlman Şərqinin ilk milli operasına malik xalq kimi Azərbaycanın adını tarixin daha bir parlaq səhifəsinə yazdı. Teatrlarımız artıq Qoqolun, Molyerin, Şekspirin, Şillerin, Tolstoyun əsərlərinə də müraciət edirdi.
İlk dövlət teatrı
1918-ci ilin martında erməni daşnaklarının bolşeviklərlə birləşərək Bakıda azərbaycanlılara qarşı törətdikləri genişmiqyaslı soyqırımı zamanı teatr və aktyor truppaları da pərakəndə hala düşərək fəaliyyətlərini dayandırmışdılar. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra teatr truppalarının yenidən təşkil olunmasına şərait yarandı. Cümhuriyyət dövründə Bakıda fəaliyyətini bərpa etmiş ilk truppa "Hacıbəyli qardaşları" oldu. Cümhuriyyət hökuməti Azərbaycan Dövlət Teatrının təşkili barədə tarixi qərar verdi. Hökumətin 1918-ci il 9 oktyabr tarixli qərarına əsasən, teatr işi Maarif Nazirliyinin sərəncamına verildi. Eləcə də Mayılov qardaşlarına məxsus teatrın binasının (indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı) məcburi, amma ədalətli qaydada dövlət teatrı üçün alınması barədə qərar qəbul edildi. Azərbaycanın o dövr üçün bir çox görkəmli səhnə xadimləri yeni yaradılmış teatrda fəaliyyətə başladılar. Dövlət Teatrının pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də Nəriman Nərimanovun "Nadir şah" faciəsi ilə açıldı.
1919-cu ilin avqustunda müqtədir aktyor və aktrisalar hazırlamaq, onların peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə Bakıda dörd şöbədən ibarət "bədaye kursları"nın təsis edilməsi qərara alınmışdı. Onun dram şöbəsinə Abbas Mirzə Şərifzadə, Hüseynqulu Sarabski, komediya şöbəsinə Mirzağa Əliyev, musiqi şöbəsinə Zülfüqar və Üzeyir bəy Hacıbəyli qardaşları, Müslüm Maqomayev, Qurban Pirimov, ədəbiyyat şöbəsinə isə Əliabbas Müznib və Rza Zəki rəhbərlik edirdilər.
Cümhuriyyətin süqutu və sovet hakimiyyətinin qurulmasından sonra da Azərbaycan teatrı özünün sürətli inkişaf yoluna davam etdi. O dövrlərdə teatr, kino geniş xalq kütlələri arasında ən mühüm təbliğat vasitələrindən olduğundan sovet rejimi bu sahələrin inkişafına xüsusi diqqət yetirirdi. Bundan qazanan bütün hallarda Azərbaycan teatrı idi. Sovet ideologiyasını və rejimini tərənnüm edən əsərlərlə yanaşı, xalqın həyatı, güzəranı, tarixi keçmişi ilə bağlı əsərlər də repertuarlarda geniş yer alırdı.
Yüksək səhnə mədəniyyətinə malik aktyorlarımız, istedadlı rejissorlarımız sovet dövründə Azərbaycan teatrını daha böyük inkişaf mərhələlərinə yüksəltdilər. Xüsusilə Ulu Öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi illərində sənət adamlarına, istedadlara dəstəyi, diqqət və qayğısı Azərbaycanın teatr tarixində çox mühüm bir inkişaf mərhələsi yaratdı. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycan teatrının 100 illik yubileyi təntənəli şəkildə qeyd olunmuş, yubiley tədbirləri diqqətəlayiq mədəniyyət hadisəsinə çevrilmiş və teatrımızın çiçəklənməsinə yeni stimul vermişdir.
Qayğı ilə əhatə olunmuşmədəni sərvət
Müstəqillik dövründə teatrımız tarixi ənənələrə söykənərək yeni dövrün ruhuna uyğun milli zəmində inkişaf üçün yeni imkanlar qazandı. Ölkəmizdə teatrlar şəbəkəsi daha da inkişaf etdirildi. Azərbaycan teatrlarının dünyaya çıxmaq, onun inkişaf proseslərindən bəhrələnmək imkanları daha da genişləndi.
2013-cü il martın 1-də Azərbaycan Prezidenti "Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında" sərəncam imzaladı. Həmin ilin iyun ayında yubileylə bağlı təntənəli mərasim keçirildi. Mərasimdə xüsusi qeyd olundu ki, Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Hacıağa Abbasov, Hüseynqulu Sarabski, Səməd Mənsur, Mirzağa Əliyev, Sidqi Ruhulla, Fatma Muxtarova, Ülvi Rəcəb, Mustafa Mərdanov, İsmayıl Osmanlı və başqa görkəmli teatr xadimlərinin fəaliyyəti sayəsində Azərbaycan teatrı bir-biri ilə üzvi vəhdətdə olan iki xətt üzrə - Avropa və rus klassiklərinin, Azərbaycan dramaturqlarının əsərləri əsasında inkişaf edib. Bu iki istiqamət ölkə teatrında milli ilə bəşəriliyin, Şərq mentaliteti, sənət spesifikası ilə Avropa teatr ənənələrinin vəhdətini yaradıb. Cavid teatrı, Cabbarlı teatrı, sonrakı dövrlərdə S.Vurğun teatrı, İ.Əfəndiyev teatrı kimi anlayışlar Azərbaycan mədəniyyətinin mühüm hadisələri olub. Kollektiv sənət olan teatrın inkişafı isə eyni zamanda ədəbiyyatın, musiqinin, vokal sənətinin, rəngkarlığın, nitq mədəniyyətinin, rəqsin, fərdi aktyorluq və rejissorluq sənətinin, sənətşünaslığın inkişafı deməkdir. Avropa operasının yüzilliklər boyu keçdiyi keşməkeşli yaradıcılıq yolunu Azərbaycan teatrı bütün Şərqdə ilk dəfə olaraq Üzeyir bəy Hacıbəylinin yaradıcılığının timsalında "Leyli və Məcnun"dan "Koroğlu"ya qədər qısa bir müddətdə qət edib. Üzeyir bəy bütün Şərqdə ilk dəfə olaraq "Arşın mal alan", "O olmasın, bu olsun" kimi klassik operettalar yazaraq onları teatrımızın səhnəsinə gətirib.
Sənətə, sənətkara diqqət və qayğısını heç zaman əsirgəməyən, milli mədəniyyətimizin inkişafı strategiyasını əzmlə həyata keçirərək ictimai şüurun inkişafına mühüm töhfələr verən dövlət rəhbərimiz İlham Əliyevin sərəncamında da qeyd edildiyi kimi, Azərbaycan teatrı xalqımızın mədəni sərvətidir. 150 yaşına çatan Azərbaycan teatrı bu qayğıkeş münasibətdən, dəstəkdən faydalanaraq yeni dövrün çağırışlarına uyğun inkişaf edir, xalqımızın mədəni tərəqqisinə, dövlətimizin hərtərəfli nailiyyətinə dəyər qatır.
İradə ƏLİYEVA,
"Azərbaycan"