Yaradıcı insanlar xoşbəxtdirlər ki, zaman-zaman yazdıqları əsərləri ilə daim xalqın yaddaşında yaşayır, həmişə sevilir, tez-tez xatırlanırlar. Tanınmış şair Zeynal Cabbarzadə də belə xoşbəxt insanlardandır. İnsanlar onun yazdığı şeirləri bu gün də böyük həvəslə oxuyur, şairin sözlərinə bəstələnmiş mahnıları maraqla dinləyirlər. Zeynal Cabbarzadə şeirlərinə ən çox mahnılar bəstələnən şairlərdən biridir. Onun sözlərinə 250-dən çox bir-birindən gözəl mahnı bəstələnib.
Təbiidir ki, belə səadət hər şairə nəsib olmur. Çünki hər yazılan şeirə də mahnı qoşulmur. Deməli, Zeynal Cabbarzadənin yazdığı şeirlər axıcılığı, məna dərinliyi, səs və söz düzümü, ifadə tərzi və başqa müsbət xüsusiyyətləri ilə daim bəstəkarların diqqətini özünə cəlb edib. Buna görə də zaman-zaman görkəmli sənətkarlar Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Ağabacı Rzayeva, Emin Sabitoğlu və başqaları şairin yaradıcılığına üz tutmuş, onun şeirlərinə mahnılar bəstələmişlər.
Beləcə, bu gün də sevə-sevə dinlənilən bir-birindən gözəl "Azərbaycanım", "Neftçilər", "Əziz vətən", "Bakı", "Sürəyya", "Badamlı", "Çay mahnısı", "Ay qız", "Sən mənimsən, mən sənin", "Neyləsin", "Alagöz" və başqa mahnılar yaranmışdır. Bu mahnıları dinləməmişdən əvvəl "sözləri Zeynal Cabbarzadənindir" ifadəsini eşidirik. Yəqin ki, bu sözləri gələcək nəsillər də eşidəcək və həmin mahnıları heyranlıqla dinləyəcəklər.
Bu günlərdə 105 yaşı tamam olacaq Zeynal Cabbarzadənin yaradıcılığına yüksək qiymət verən Xalq şairi Rəsul Rza yazmışdır: "Mən Zeynal Cabbarzadənin bir sıra şeirlərini oxuyandan sonra belə qənaətə gəldim ki, Zeynal poetik imkanlarını xəsisliklə açan və bütünlüklə açmamış bir şairdir. Onun elə şeirləri vardır ki, şairin yolu, ümumi şeir yaradıcılığımızda tutduğu mövqe, onun ədəbiyyatımıza gətirdiyi sərvət haqqında var səsimizlə danışmağa bizə haqq verir, daha doğrusu, bunu etməyə borclu olduğumuzu təkidlə bizə xatırladır".
Zeynal Cabbarzadənin ömür yoluna nəzər salanda öyrəndik ki, bütün zamanlarda sevilən şair sadə, amma çoxlarına nümunə olacaq bir ömür yaşayıb. Həm uşaqların, həm də böyüklərin sevimlisi olan Zeynal Cabbarzadə 1920-ci il dekabrın 31-də Bakıda dənizçi ailəsində dünyaya göz açıb. İbtidai və orta təhsilini Bakı şəhərində alıb. Orta təhsilini uğurla başa vurduqdan sonra fəhlə fakültəsində oxuyub. Kiçik yaşlarından ədəbiyyata böyük maraq göstərib. 1937-1941-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsində təhsilini davam etdirib. Ali təhsil aldığı illərdə oxumaqla yanaşı, "Balıq cəbhəsi" və "Qırmızı Kürçaylı" qəzeti redaksiyalarında çalışıb. Bir müddət Şamaxı rayonunun Mədrəsə kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatından dərs deyib.
Almaniyanın keçmiş ittifaqın ərazisinə hücumu nəticəsində Böyük Vətən müharibəsi başlanan il avqustun 1-də səfərbərliyə cəlb edilmiş və 1941-1942-ci illərdə piyada məktəbində hərbi təhsil almışdır. Kursu uğurla bitirdikdən sonra kiçik leytenant rütbəsi ilə 416-cı atıcı piyada diviziyasında hərbi xidmətini davam etdirmişdir. Naursk rayonunda hərbi əməliyyat zamanı döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmışdır. Aldığı zədə nəticəsində eşitmə və görmə qabiliyyətini itirmişdir. Bir müddət hospitalda müalicə olunmuşdur. 1943-cü ildə xəstəliyinə görə baş leytenant rütbəsi ilə ordu sıralarından tərxis olunmuşdur. Milyonlardan biri kimi iştirakçısı olduğu müharibə onun da həyatına sağalmaz yaralar vurmuşdur. Şair bütün ömrü boyu bu yaraların ağrısını qəlbində hiss etmişdir.
Yaradıcılıq arzuları onun ürəyində hələ kiçik yaşlarından cücərməyə başlamışdır. Gənclik illərindən bədii yaradıcılığa maraq göstərən Zeynal Cabbarzadənin "Puşkin" adlı ilk şeiri keçmiş ittifaqı repressiya dalğası bürüyən 1937-ci ildə dərc edilmişdir. Sonrakı illər isə şair bir-birindən maraqlı şeir, poema və mənzum hekayələr yazmışdır.
Sevilən şair Zeynal Cabbarzadənin yaradıcılığının böyük hissəsi uşaqlara həsr edilib. Şair yuxusuz gecələrinin məhsulu olan əsərləri ilə uşaqların təlim-tərbiyəsinə, mənəvi-əxlaqi dəyərinin daha da zənginləşməsinə, dünyagörüşlərinin formalaşmasına xidmət etmişdir. Onun uşaqlar üçün yazdığı şeirlərindən xoş avaz, sevgi, məhəbbət duyulur. Buna görə də uşaqlar bu şeirləri böyük maraqla oxuyurlar. Şairin "Bahar gəlir", "Səhər-səhər", "Quzum", "Quşlar", "Qatar gəlir" və başqa şeirlərində bu müsbət cəhətləri aydın görmək mümkündür.
Zeynal Cabbarzadənin yalnız şeirlərini deyil, poema və mənzum nağıllarını da uşaqlar böyük maraqla oxuyurlar. Çünki sair bu əsərlərdəki hadisələri olduqca maraqlı bir süjet xətti üzərində qurub. Qələmə aldığı əhvalatları zəngin bədii boyalarla təsvir edib. Balaca oxucular da poema və mənzum nağılları həvəslə oxuyur, əsərdə baş verən hadisələrin hansı sonluqla bitəcəyini səbirsizliklə gözləyirlər. "İçərişəhər", "Qəhrəman oğlu", "Bizim metro", "Uca dağlar başında", "Alı və şah", "Çinar", "Lovğa göbələk", "Meşədə" və başqa poemaları, mənzum nağılları bu gün də sevilə-sevilə oxunur.
Şair iştirakçısı olduğu döyüşlərdən yaranan təəssüratlarını da nəzmə çəkib, cəbhə şeirlərini yazıb. Qan və ölüm qoxulu bu şeirlər 1946-cı ildə işıq üzü görmüş "Xanıman" adlı ilk kitabında toplanıb. "Mənim qardaşım", "Təzə evin uşaqları", "Ata və oğul", "Kamranın yuxusu", "İlk dərs səhəri", "Yatın, balalar", "Uşaqlar, ay uşaqlar" və başqa şeirlərində də şair sonsuz sevgisini uşaqlara bildirib, onların xoşbəxt boya-başa çatmaları üçün arzu və istəklərini poetik şəkildə ifadə edib.
Zeynal Cabbarzadə yalnız şeirləri ilə deyil, həmçinin kinofilmlərə yazdığı mahnı mətnləri ilə də şöhrət qazanmışdır. Xatırladaq ki, bu gün də tamaşaçıların böyük maraqla baxdıqları "Ögey ana" filmində "İnşaatçılar mahnısı", "İsmayılın mahnısı", "Onu bağışlamaq olarmı?" filmində "Gəldi bahar", "Lirik mahnı" və başqa mahnıların mətnləri Zeynal Cabbarzadənin yaradıcılığının məhsuludur.
Z.Cabbarzadənin qələmindən bir-birindən maraqlı, dəyərli əsərlər meydana gəlib. Şair yaradıcılıq illərini həyatının ən gözəl anları kimi təsvir edərək yazırdı:
Ürəyim dəryadır, çağlayır coşur,
Gül-çiçək gətirir bahardan soraq.
Təbiət eşqimə nəğmələr qoşur,
Xoşdur bu dünyada bəxtiyar olmaq.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan görkəmli şair Zeynal Cabbarzadə həm də "Natəvan" klubunun müdiri, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, "Pioner" jurnalının məsul katibi vəzifələrində işləmişdir. Yaradıcılığını yüksək qiymətləndirən dövlətimiz 1972-ci ildə şair Zeynal Cabbarzadəyə Azərbaycan SSR "Əməkdar mədəniyyət işçisi" adı vermişdir. Həmçinin xidmətlərinə görə müxtəlif illərdə bir sıra medal və fəxri fərmanlarla təltif edilmişdir.
Tanınmış şair Zeynal Cabbarzadə 1977-ci il yanvarın 20-də, soyuq bir qış günündə dünyasını dəyişmişdir. Anadan olmasının 105 illiyi tamam olan şair ürəklərdə, qəlblərdə yaşayır.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"