Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Tarixi şəhərlərdə rəqəmsal transformasiya – ağıllı irs, məlumatlara əsaslanan idarəetmə və inklüziv şəhər gələcəyi” mövzusunda tədbirdə rəqəmsal texnologiyaların tarixi şəhərlərin idarə olunmasında rolu, “ağıllı qoruq” yanaşması və məlumatlara əsaslanan idarəetmə mexanizmləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə irs qurumlarının nümayəndələri, şəhərsalma üzrə ekspertlər iştirak ediblər.
Sessiyada ağıllı irs idarəçiliyi, turizm axınlarının tənzimlənməsi, nəqliyyat və mobilliyin optimallaşdırılması, rəqəmsal xidmətlərin genişləndirilməsi və məlumat əsaslı şəhərsalma qərarlarının qəbulu ilə bağlı fikir mübadiləsi aparılıb.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, tarixi şəhər mühitinin canlılığının qorunması və dayanıqlı idarə olunması məqsədilə İçərişəhərdə “ağıllı qoruq” konsepsiyası əsasında kompleks idarəetmə modeli formalaşdırılır. Onun sözlərinə görə, hazırda təxminən 5000 nəfərin yaşadığı İçərişəhərdə əsas məqsəd ərazinin yalnız turizm məkanı deyil, həm də yaşayan şəhər kimi inkişafını təmin etməkdir.
R.Mahmud qeyd edib ki, son bir ildə hazırlanmış üçillik strategiya çərçivəsində irsin qorunması, mədəni proqramların təşkili, icmanın proseslərə cəlbi, şəhər idarəetməsinin optimallaşdırılması və nəqliyyatın tənzimlənməsi əsas istiqamətlər kimi müəyyən olunub. O vurğulayıb ki, tarixi şəhər mühitində məqsəd reaktiv deyil, proaktiv və planlı idarəetmə mexanizmlərinin tətbiqidir.
İdarə Heyətinin sədri əlavə edib ki, İçərişəhərdə sakinlərin sosial-demoqrafik göstəricilərini, yaşayış şəraitini və şəhər mühitinə dair məlumatları əhatə edən inteqrasiya olunmuş rəqəmsal idarəetmə və kadastr platforması yaradılır. Bildirilib ki, yeni sistem vasitəsilə gender göstəriciləri, yaş qrupları, ailələrin gəlir mənbələri və həssas qruplara dair məlumatlar vahid elektron bazada toplanacaq.
Onun sözlərinə görə, aparılan təhlillər nəticəsində sakinlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə xüsusi xidmət mərkəzi də yaradılıb. Rəqəmsal naviqasiya sistemləri vasitəsilə həm sakinlərin, həm də turistlərin şəhər daxilində istiqamətlənməsi asanlaşdırılıb.
Sessiyada çıxış edən Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Memarlıq sektorunun müdiri Gülnar Əliyeva isə bildirib ki, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda rəqəmsal kadastr sisteminin yaradılmasına başlanılıb. Onun sözlərinə görə, yeni sistem torpaq sahələri, tikililər və mülkiyyət formaları üzrə məlumatların vahid rəqəmsal platformada toplanmasını təmin edəcək.
G.Əliyeva qeyd edib ki, Şəkidə “ağıllı qoruq” konsepsiyasının tətbiqi də nəzərdə tutulur. Konsepsiya çərçivəsində turistlər üçün naviqasiya və məlumatlandırma sistemlərinin yaradılması, eləcə də rəqəmsal bilet satışı sisteminin tətbiqi planlaşdırılır. Bildirilib ki, bu yeniliklər ziyarətçilərin qoruq ərazisini daha rahat və səmərəli şəkildə ziyarət etməsinə imkan verəcək.
Tədbirdə, həmçinin UNESCO Ümumdünya İrs siyahısına daxil olan tarixi ərazilərdə rəqəmsal alətlərin irsin qorunması, ziyarətçi axınının idarə olunması və şəhər aktivlərinin effektiv idarə edilməsinə verdiyi töhfələr də diqqətə çatdırılıb.