BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) sonuncu günündə qlobal rəqəmsal sazişin şəhər səviyyəsində lokallaşdırılması mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Rəqəmsal və İnkişaf Etməkdə olan Texnologiyalar Ofisinin (UNODET) təşkilatçılığı ilə keçirilən “Qlobal rəqəmsal sazişin şəhər səviyyəsində lokallaşdırılması” mövzusundakı sessiya BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) nümayəndələri, şəhər səviyyəsində çalışan mütəxəssisləri, qlobal tərəfdaşları və beynəlxalq ekspertləri bir araya gətirib.
Çox canlı və fəal davamlı urbanizasiya modeli olan Bakıda olmaqdan qürur duyduğunu deyən BMT-nin Məskunlaşma Proqramının Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Erfan Ali bildirib: “Qlobal rəqəmsal ambisiyaları şəhərlərimizin gündəlik reallığında necə mənalı edə bilərik? Qlobal rəqəmsal saziş bizə mühüm ortaq istinad nöqtəsi təqdim edir. O, inklüziv, təhlükəsiz və insan mərkəzli rəqəmsal transformasiya üçün ümumi bir baxış ortaya qoyur. Amma hamımız bilirik ki, əsas sınaq tətbiq mərhələsində olacaq. Bizdə çoxlu öhdəliklər, çoxlu vədlər var. Lakin ən böyük çətinlik həmin vədləri həyata keçirməli olduğumuz zaman ortaya çıxır. Bu proses konfranslarda, dialoqlarda və ya böyük tədbirlərdə deyil, şəhərlərimizin xidmətləri necə təqdim etməsində, məlumatları necə idarə etməsində, çıxışı necə genişləndirməsində və insanların ehtiyaclarına necə cavab verməsində özünü göstərəcək”.
Sessiya çərçivəsində panel müzakirələrdə Qananın Yerli İdarəetmə Nazirliyinin yerli idarəetmə və desentralizasiya üzrə direktoru Samuel Set Passah, Şəhər və Region Planlama Beynəlxalq Cəmiyyətinin (ISOCARP) elmi komitəsinin sədri Larissa Meneskal, “Mashreq Bank”ın nümayəndəsi Faysal Al Şimmari, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) şəhər inkişafı üzrə eksperti Anette Luts 2024-cü ildə BMT-yə üzv dövlətlər tərəfindən qəbul olunan Qlobal rəqəmsal sazişin rəqəmsal inklüzivlik, təhlükəsizlik, məlumat idarəçiliyi və süni intellekt sahələrində iddialı qlobal öhdəlikləri müəyyən etdiyini bildiriblər. Qeyd olunub ki, bu öhdəliklərin böyük hissəsi şəhər səviyyəsində həyata keçiriləcək. Çünki rəqəmsal infrastruktur, xidmətlərin göstərilməsi, məlumatlardan istifadə və ictimai iştirak məhz şəhərlərdə bir araya gəlir.
Eyni zamanda, mənzil siyasəti, xidmətlərin göstərilməsi, inklüzivlik və dayanıqlılıq kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Sessiyada qlobal öhdəlikləri yerli və insan mərkəzli rəqəmsal strategiyalara çevirən konkret şəhər təcrübələri və idarəetmə yanaşmaları nümayiş etdirilib.
Sessiyanın məqsədi Qlobal rəqəmsal sazişin prinsipləri və öhdəliklərinin şəhər səviyyəsində necə şərh və tətbiq oluna biləcəyini göstərərək qlobal və yerli fəaliyyət arasında körpü yaratmaq, rəqəmsal uçurumun aradan qaldırılması, inklüziv xidmətlərin göstərilməsi və insan mərkəzli rəqəmsal transformasiya üzrə şəhər nümunələrini təqdim etmək, təcrübə mübadiləsi və tətbiq oluna bilən yanaşmalar vasitəsilə şəhərlər və digər tərəfdaşlar arasında qarşılıqlı öyrənmə və əməkdaşlığı gücləndirmək, şəhərləri “Yeni Şəhər Gündəliyi”nə uyğun təhlükəsiz, inklüziv və dayanıqlı rəqəmsal gələcəyin formalaşdırılmasında əsas aktor kimi ön plana çıxarmaq olub.
Qeyd edək ki, UNODET daha yaxşı gələcək üçün qlobal texnologiya əməkdaşlığının inkişafı, milli prioritetlərə və kontekstlərə hörmət edən inklüziv, hüquqlara əsaslanan və çoxtərəfli rəqəmsal əməkdaşlığı inkişaf etdirmək üçün 2025-ci il yanvarın 1-də BMT Baş Assambleyası tərəfindən yaradılıb. Ofis, həmçinin rəqəmsal məsələlər üzrə Birləşmiş Millətlər Təşkilatının sistem miqyasında mərkəz nöqtəsi kimi xidmət edir.