05 Noyabr 2024 08:45
232
CƏMİYYƏT
A- A+
Vüsala yetməyən ömür

Vüsala yetməyən ömür


"Qanı töküldüyü yeri öpəndə torpaqdan oğlumun qoxusunu aldım"


Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə canından keçmiş Vüsal Şakir oğlu Allahyarovun valideynləri, doğmaları ilə görüşmək, onun ömür və döyüş yolu ilə yaxından tanış olmaq  üçün Sumqayıt şəhərinə üz tutduq. Əvvəllər Sumqayıta "gənclər şəhəri" deyirdilər. Çox doğru da edirdilər. Amma bir şeyi demirdilər ki, bu şəhərdə doğulub böyüyən gənclər çox vətənpərvər və cəsurdurlar. Sumqayıtlı gənclər bunu 44 günlük Vətən müharibəsində də cəsarət və igidlikləri ilə sübut etdilər.

Bir gün əvvəldən zəng vurub, şəhidin qardaşı Vüqarla danışıb gəlişimizin məqsədini bildirmişdik. O da "xoş gəlirsiniz" deyib yolumuzu gözləyəcəyini demişdi. Səhəri gün görüş yerinə vaxtında çatdıq. Vüqarla görüşüb onun idarə etdiyi maşının arxasınca yaşadıqları ünvana doğru getdik. Sumqayıt şəhərinin qədim kəndlərindən biri olan Coratın bir-birinə bənzəməyən küçələri ilə sağa-sola burula-burula yolumuzdan qalmadıq. Nəhayət, çox da geniş olmayan küçələrdən birində dayandıq. 

Küçədən həyətə keçəndə bizi şəhidin atası, üz-gözündən nur tökülən Şakir kişi qarşıladı. Az keçmiş qapının ağzında bir zamanlar Vüsalı dünyaya gətirmiş, tərbiyə verib böyütmüş, indi saçlarına dən düşmüş Nərgiz ana da göründü. Vüsalın şəhid olduğu gündən dördillik zaman keçməsinə baxmayaraq, doğmalarının gözlərindən, çöhrələrindən hələ də kədər çəkilməmişdi. Amma bu kədərli baxışlarda bir qürur, bir əzəmət  də sayrışırdı. 


Sevinclə dolub-daşan illər


Evlərində Vüsala həsr olunmuş xatirə guşəsi düzəldilib. Guşəyə onun şəkillərini, şəxsi əşyalarını, geyimlərini qoyublar. Qəhrəmanın guşədəki şəkillərinə baxa-baxa Vətən üçün cəsur oğul böyütmüş valideynlərlə söhbət edirik. Söhbətimiz bizi Vüsallı günlərə, sevinclə dolub-daşan illərə aparır. O illərə ki onda ailə ən xoşbəxt günlərini yaşayırdı. Öyrəndik ki, baş çavuş Vüsal Şakir oğlu Allahyarov 1988-ci il aprelin 22-də Sumqayıt şəhərində dünyaya göz açıb. Şəhərdəki 9 saylı tam orta məktəbdə oxuyub. Nümunəvi davranışı ilə müəllimlərinin, şagird yoldaşlarının hörmət və rəğbətini qazanıb. 

Hələ kiçik yaşlarından Vüsal idmana da maraq göstərib. Bu sevgi, bu maraq onu yeniyetməlik vaxtlarından Sumqayıtdakı "Dinamo" İdman Cəmiyyətinə gətirib çıxarıb. Çox keçməyib ki, Vüsal burada məşqlərə başlayıb. Həmin vaxtlardan da onun uğurlara gedən yolunun təməli qoyulub. Məşqçisi İbrahim İbrahimov həvəsini, fiziki göstəricilərini nəzərə alaraq Vüsalı gələcək mötəbər yarışlarda idmançı kimi hazırlamağa başlayıb. Məşqlərdə fəal iştirak edən Vüsal daim hazırlığını artırıb, cüdo idman növünün sirlərinə yiyələnib. İştirakçısı olduğu yarışlarda tatami üzərinə qələbə əzmi ilə çıxaraq məşqçinin ona bəslədiyi etimadı doğruldub, məharəti və bacarığı ilə fərqlənib. Uğurları ilə doğmalarını sevindirib. Gənc idmançı Vüsal Allahyarov Azərbaycan cüdosunun 30 illiyinə həsr olunmuş açıq birincilikdə də iştirak edib. Qarşılaşdığı rəqiblərə qalib gələrək 3-cü pilləyə çıxıb. Buna görə fəxri fərmanla mükafatlandırılıb.

İdmana maraqla bərabər, Vüsal hələ orta məktəbdə oxuduğu vaxtlardan hərbçi peşəsinə də rəğbətlə yanaşıb. Əyninə forma geyinib hərbçi olacağı, Vətəninə xidmət edəcəyi günün arzusu ilə yaşayıb. Ötüb arxada qalan illər yavaş-yavaş onu arzularına yaxınlaşdırıb. Axır ki, günlərin birində Vətənə əsgər olmağın zamanı gəlib çatıb. 2008-ci ilin iyul ayında, isti yay günlərinin birində yaşıdları ilə bərabər o da ordu sıralarına yollanıb. Qismətinə ön xətdə xidmət etmək düşüb. Elə ilk günlərdən silahların sirlərinə dərindən yiyələnən Vüsal təlim-məşqlərdə də fiziki hazırlığının yüksək olduğunu göstərib. O, üzərinə düşən döyüş tapşırıqlarını böyük sevgi və məhəbbətlə yerinə yetirib. V.Allahyarov hərbi hissənin idman həyatında fəal iştirak edib. Komandirlərinin və əsgər dostlarının rəğbətini qazanıb. Vüsal Allahyarov 2010-cu ilin yanvarında ordu sıralarından tərxis olunub. Həmişə, hər yerdə nümunəvi olduğuna görə valideynlərinin, doğmalarının yanına alnıaçıq, başıuca qayıdıb.


Vüsal peşəkarlığın rəmzi olan "zoğalı beret" daşıyırdı


Xidmətdən geri döndükdən sonra Vüsal evdə çox oturmayıb. Gələcəyini qurmaq üçün inamlı və qəti addımlar atıb. Həyatını orduya bağlayıb, yenidən Vətənə əsgər olub. 3 may 2011-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işə başlayıb. "N" hərbi hissəsində xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı, snayper, yarımqrup komandiri, snayper qrupunda yarımqrup komandiri vəzifələrini icra edib. Harada xidmət edibsə, harada olubsa, üzərinə düşən  tapşırıqları bacarıqla yerinə yetirib. 

Xidmətinin ilk günlərindən təlim-məşqlərdə fəal iştirak edərək daim hazırlığını artırıb. İdmançı olmağı onun uğurlara gedən yolunu bir az da asanlaşdırıb, qarşısında yaşıl işıq yandırıb. Peşə hazırlığı sınaqlarında qazandığı nailiyyətlərə görə ona "zoğalı beret" daşımaq səlahiyyəti verilib. Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanının 16 sentyabr 2016-cı il tarixli müvafiq əmrinə əsasən, Vüsala "zoğalı beret" daşıma hüququ verilib. Bu uğur onu daha da ruhlandırıb. 

Vüsal Allahyarov təkcə hərbi hissədəki təlim-məşqlərdə deyil, qardaş Türkiyə Respublikasında keçirilən müvafiq kurslarda da peşəkarlığını, hazırlığını artırıb. Hərbi sahəyə böyük maraq göstərən Vüsal Allahyarov  2017-ci ilin avqust ayından 2018-ci ilin yanvar ayınadək bu ölkənin Daxili İşlər Nazirliyinin Jandarm Baş Komandanlığının Foçadakı Komando Məktəbində komando təməl kursu çərçivəsində ayrı-ayrı istiqamətlər üzrə təlim mərhələlərindən keçib. Burada da özünü bacarıqlı hərbçi kimi göstərib. 

Həmişə uğur qazanmağa alışmış Vüsal hərbi xidmət illərində baş çavuş hərbi rütbəsinədək yüksəlib. Qarşıya qoyulan tapşırıqları bacarıqla, peşəkarlıqla yerinə yetirərək komandanlığın etimadını doğruldub. Xüsusi təyinatlı dəstənin hərbi qulluqçusu kimi Vüsal daim öz üzərində çalışıb. Təlimlərdə taktiki hazırlıq üzrə biliklərə, silahların atış qaydalarına dərindən yiyələnib. Nümunəvi xidmətinə görə dəfələrlə mükafatlandırılıb. Daxili işlər nazirinin 27 iyun 2020-ci il tarixli müvafiq əmrinə əsasən, III dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilib.


Döyüş yolu Füzulidən başlayıb


2020-ci il  sentyabrın 27-də erməni işğalçılarının təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda onları da əks-hücum əməliyyatlarına cəlb ediblər. Vüsalın döyüş yolu Füzuli rayonundan başlayıb. Əks-hücum əməliyyatlarında böyük hünər və rəşadət göstərən Vüsal Allahyarov Şuşaya qədər şərəfli döyüş yolu keçib. Bu şəhər uğrunda gedən döyüşlərdə də cəsarətlə vuruşub. Ayağı musiqi beşiyimiz olan bu müqəddəs məkana dəyib. Dəqiq atəş zərbələri ilə neçə-neçə erməni işğalçısını məhv edib. Noyabrın 6-da Şuşada üzərinə düşən döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Torpaqlarımızın azadlığı uğrunda gedən əməliyyatlarda canından keçmiş Vüsal Allahyarov 12 noyabr  2020-ci ildə Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Həmin kədərli günləri xatırlayan qardaşı Vüqar Allahyarov dedi: "Vüsal cəbhəyə yola düşəndən sonra daha çox mənə zəng vururdu. Danışığı qısa olurdu. Bu əsasən onun asudə vaxtlarında olurdu. O, döyüşlərdən həvəslə söz açırdı. Qarabağı addım-addım ermənilərdən azad etdikcə onun səsində bir qürur duyulurdu. Artıq döyüşlər musiqi beşiyimiz olan Şuşaya yaxınlaşırdı. Qardaşım son zəngində məxfiliyi qorumaq xatirinə ad çəkmədi, eləcə dedi ki, qarşıda bizi mühüm bir əməliyyat gözləyir. Sonra onun zənglərinin arası kəsildi. Bundan yaman nigaran qaldıq. Vüsalın son zəngindən iki gün sonra çox kədərli bir xəbər eşitdik. Döyüşçü yoldaşı Xəyal Məmmədov zəng vurub göz yaşı içində qardaşımın Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olduğunu dedi. Bu acı xəbər bizi çox üzdü, çox sarsıtdı. 

Doğmaların itkisi dözülməz, ağır olur. Təskinliyimizi yalnız onda tapdıq ki, Vüsal torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid olsa da, qardaşımın cəsədinin hara aparıldığını öyrənə bilmirdik. Əvvəlcə dedilər ki, Şuşa uğrunda şəhid olanları Hadrut qəsəbəsinə aparıblar. Sonra zəng vurub xəbər verdilər ki, Şuşada şəhid olanları Füzuli rayonundakı xəstəxanaya gətiriblər. Artıq döyüşlər dayanmış, Ermənistan silahlı qüvvələri diz çökdürülmüşdü. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında düşmənə qalib gəlmişdi, erməni işğalçıları üzərində tarixi Zəfər çalınmışdı. Qazanılmış bu Zəfər də doğmalarını itirmiş insanlar üçün böyük təsəlli idi. Noyabrın 11-də qardaşımın nəşini gətirmək üçün cəbhə bölgəsinə yola düşdük. Vüsalın cənazəsi Füzuli rayonundakı xəstəxanada idi. Onu götürüb şəhərə gətirdik. Noyabrın 12-də Vüsalı Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırdıq. Mən həmişə qardaşımla, onun qəhrəmanlığı ilə fəxr edəcəyəm. Küçəmizin giriş hissəsində Vüsala abidə-bulaq kompleksi düzəltmişik. Hər gün buradan keçən insanlar bu bulaqdan su içir, onun ruhuna dualar oxuyurlar".


Vüsalın səsini göz yaşı içində dinlədik


Vüsalın valideynləri ilə söhbət edərkən onların çox zəhmətkeş insanlar olduqlarını gördük. Atası Şakir Allahyarov dedi ki, oğul itirmək ağır dərddir: "Amma Vüsal ölümü ilə başımızı el içində daha da ucaltdı. Onunla fəxr edirəm və həmişə də fəxr edəcəyəm. 19 noyabr 2022-ci ildə oğlum Vüqarla Şuşaya getmişdik. Axtara-axtara Vüsalın şəhid olduğu ərazini tapdıq. Əyilib onun qanı töküldüyü yeri öpdüm. Həmin an sanki torpaqdan oğlumun qoxusunu aldım. Qürur duydum ki, Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə Vüsal da vuruşub və böyük qəhrəmanlıq göstərib. Qəhrəman bir oğul atası olmağımdan qürur duyuram". 

Şakir kişi sözünü bitirdikdən sonra telefonunu masanın üstünə qoydu. Dedi ki, Vüsalın dostlarından birinə göndərdiyi səs yazısı var. Tez-tez onun səsinə qulaq asıb Vüsallı günlərini xatırlayır. Ata ilə bərabər biz də oğlunun səsinə qulaq asdıq. Vüsal dostlarından birini toy günü münasibətilə təbrik edirdi. Ona xoşbəxtlik arzulayır, xoş sözlər deyirdi. Şəhidin səsinə qulaq asa-asa bir anlıq düşüncələrimizlə baş-başa qaldıq. Sanki həmin anlarda Vüsal gözlərimiz qarşısında canlandı. Onun səsindən də bir ötkəmlik, bir mübarizlik duyulurdu. Bir neçə dəqiqə çəkən səsyazması başa çatdı. Xəyaldan ayılıb başımızı yuxarı qaldıranda Vüsalın doğmalarını gözüyaşlı gördük...

Atası Şakir kişi sözünə davam edərək dedi ki, Vüsal pak və vicdanlı, namaz qılan, oruc tutan iman adamı idi. Kiminsə xətrinə dəyməz, kiməsə acı bir söz deməzdi. Kiçiklə kiçik, böyüklə böyük idi: "Oğlum yaddaşımda bir şəxsiyyət kimi qalıb. Onu elə həmişə bu cür də xatırlayacağam". 

Anası Nərgiz Allahverdiyeva Sumqayıt Şəhər Uşaq Xəstəxanasında kiçik tibb bacısı işləyir. Nərgiz xanım oğlunun uşaqlığını  xatırlayaraq dedi ki, Vüsal çox sakit, mülayim təbiətli uşaq idi: "Nə vaxtsa sözümdən çıxdığını xatırlamıram. O, övlad kimi övlad, dost kimi dost idi. Məktəbə vaxtında gedib-gələr, dərslərini də yaxşı oxuyardı. Nizam-intizamlı olduğuna görə müəllimlər heç vaxt ondan şikayət etməzdilər. Hərbçi olmağı da özü seçmişdi. Vətənə, torpağa bağlı idi. Döyüşlərə getdiyini eşidəndə çox narahat oldum. Amma şəhid olacağına inanmırdım. Çünki Vüsal çox peşəkar hərbçi idi. Qarabağı görməsə də, o gözəl yerləri çox sevirdi. Qismətə bax ki, elə Qarabağın tacı olan Şuşada şəhid oldu. Oğlumun qəhrəmanlığı ilə həmişə fəxr edəcəyəm".


Adı əbədiləşdirilən Vüsal həmişə xatirələrdə yaşayacaq


Şəhid anası sözünə davam edərək dedi ki, Sumqayıt Cümə məscidinin axundu Hacı Rauf Sərdarovun təşkilatçılığı ilə bir qrup şəhid ailəsi ilə birlikdə Füzuli rayonuna gediblər: "Burada bir çox yeri gəzdik. Mənim üçün ən yaddaqalan Vüsalın nəşinin yuyulduğu məscidi ziyarət etmək oldu. Bu müqəddəs məkana ayaq qoyanda sanki bir anlıq Vüsallı günlərə qayıtdım. Vətən torpağının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş oğlum gözlərim önündə canlandı. Vüsal mənim üçün həmişə canlıdır, həmişə diridir. Axı şəhidlər heç vaxt ölmür, onlar əbədi yaşayırlar".   

Vüsal Allahyarov 2012-ci ilin aprel ayında ömrünün ən gözəl, xoşbəxt günlərindən birini yaşamışdı. Min qızın içindən seçib bəyəndiyi Aysel xanımla ailə həyatı qurmuşdu. Fatimə və Rəhimə adlı qız övladları dünyaya gəlmişdi. İndi onlar Vüsaldan qalmış ən qiymətli canlı yadigardırlar. Fatimə də, Rəhimə də məktəblidirlər. Onlar "İdrak" Liseyində oxuyurlar. Nərgiz xanım, Şakir kişi nəvələrini göz bəbəkləri kimi saxlayır, boylarını sevə-sevə oxşayırlar. 

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş baş çavuş Vüsal Şakir oğlu Allahyarov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və  "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Doğmaları ilə söhbət edərkən onu da öyrəndik ki, Türkiyə DİN-in Jandarm Baş Komandanlığının Foça Komando Məktəbində Vətən müharibəsində şəhid olan azərbaycanlı məzunların xatirəsinə abidə ucaldılıb. 

Ailənin yaşadığı evin yerləşdiyi küçəyə Vüsal Allahyarovun adı verilib. 44 günlük Vətən müharibəsində böyük igidlik və qəhrəmanlıq göstərmiş Vüsal Allahverdiyevin adını daşıyan küçə ilə geri dönürük. Küçənin başlanğıcında onun böyük portreti vurulub. Hər gün bu küçədən keçənlər Vüsalı xatırlayır, onun ruhuna dualar oxuyurlar. Azərbaycan xalqı müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş oğullarını heç vaxt unutmur. Onları daim böyük hörmət və ehtiramla xatırlayır. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XİN: Blinkenin qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik

23:30
11 Dekabr

Qərbi Azərbaycana həsr olunmuş silsilə markaların təqdimat mərasimi keçirilib  

23:27
11 Dekabr

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

21:18
11 Dekabr

Baş nazir Əli Əsədov Moskvada işgüzar səfərdədir

21:16
11 Dekabr

Bakıda keçiriləcək Nazirlər Konfransının təşkili məsələsi BMqT-nin nümayəndəsi ilə müzakirə edilib  

19:51
11 Dekabr

Həftəsonu Geminid meteor selinin piki olacaq

19:48
11 Dekabr

Daxili Qoşunların Hərbi İnstitutunda Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

19:48
11 Dekabr

Dekabrın 14-də Bakıda sulu qar yağacaq

18:19
11 Dekabr

BMT: 2020-ci ildən bəri dünyada insan alveri qurbanlarının sayı 43% artıb  

17:54
11 Dekabr

Londonda fermerlərin etiraz aksiyası 

17:53
11 Dekabr

Olimpiya mükafatçımız ilin ən yaxşıları arasında

17:53
11 Dekabr

Olimpiya çempionu dünya rekordunu yeniləyib

17:52
11 Dekabr

Güləş məşqçilərinin ümumrespublika seminarı başa çatıb

17:50
11 Dekabr

Moldovada enerji sektorunda fövqəladə vəziyyət tətbiq olunacaq

17:49
11 Dekabr

Suriyada PKK/YPG terrorçuları TRT jurnalistlərinə hücum edib

17:48
11 Dekabr

“Sora” istifadəyə verilib

17:46
11 Dekabr

Yeni insan növünə aid kəllə sümüyü tapılıb

17:46
11 Dekabr

Yol qəzalarının qarşısının alınmasına həsr olunmuş beynəlxalq iclas keçirilib  

17:38
11 Dekabr

Kənd təsərrüfatı nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

17:35
11 Dekabr

Baş Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib  

17:34
11 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib

17:33
11 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!