Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz.
Allah sənə qəni-qəni rəhmət eləsin, Abbas Səhhət! Vətən sevgisini necə təsirli, duyğulu ifadə edə bilmisən. Qərinələr bir-birini əvəz etsə də, bu ölməz əsər hər dönəmdə yeni, təzə-tər olacaqdır, çünki onun içərisində əbədi yaşayan vətənimizin - Azərbaycanın obrazı var. Vətəndən uzaqda insanın qəlbi vətən üçün alışıb yanır. Vətənin hər daşı, çiçəyi, böcəyi də insana müqəddəs görünür, çünki onlar vətən torpağında məskən tutub. Vətəni sevmək azdır, eyni zamanda onu göz bəbəyi kimi qorumaq da lazımdır.
Bu günlər təyyarə ilə yenidən qardaş Türkiyəyə dönəcəkdim. Onu da deyim ki, hər dəfə Azərbaycana gələndə doğma vətənimdə böyük dəyişikliklər görürəm. Yeni inşa edilmiş tikililər, köhnə, tarixi binaların bərpası, Avropa standartlarına uygun parklar, gəzinti yerləri, küçələrin abadlaşdırılması məni çox sevindirir. Bu abadlaşan ölkə mənim vətənimdir! Dünyanın harasında olsaq da, Azərbaycanla fəxr edir, onu bir an belə unutmuruq. Çünki vətənin havası, suyu ilə böyüdük, o bizə təhsil verdi, bu gün qazandığımız uğurların hamısı onun ünvanına yazılır.
Hər ölkənin hava limanı dünyanın dörd tərəfindən gələn insanların ilk ayaq basdıqları məkandır. Yəni Azərbaycan haqqında ilk təsəvvür buradan başlayır. Bakıda Avropa standartlarına uyğun müasir bir hava limanı inşa edilib. Mən bu hava limanı ilə fəxr edirəm və hər dəfə səyahətə gedərkən qürurumdan ürəyim sinəmə sığmır. Sovet dönəmində biz belə bir hava limanını təsəvvür belə edə bilməzdik! Doğrudur, əvvəllər burada işləyənlər bəzi yanlışlıqlara yol verirdilər. Mən də bir jurnalist kimi Azərbaycan Hava Yollarının mətbuat xidmətinə bildirirdim. Amma bu günlər orada o qədər ürəyəyatan xidmət gördüm ki, uçmağa qanadım olmadı. Orada işləyənlər sərnişinlərlə elə mədəni rəftar edirdilər ki... Hətta dedim ki, adınızı deyin, sizin haqqınızda təşəkkür məktubu yazım. Çox sakit şəkildə: "Biz nə etmişik? Bu bizim vəzifə borcumuzdur" cavabını verdilər. Bir də xoşuma gələn o idi ki, hava limanında çox sayda qadınlar çalışır. Onların bəzisi sərnişinlərin pasportlarını yoxlayırdılar. Gülər üzlə, çox mədəni şəkildə sərnişinlərə müraciət edir və onlara uğurlu yol arzulayırdılar. Yay tətilində Almaniyaya getmişdim. Hamburq şəhərində Elba çayı ilə Atlantik okeanına gedirdik. Birdən çayın kənarındakı rupordan Azərbaycan himnini eşitdim. Bir anlığa özümü itirdim, sanki möcüzə baş vermişdi. Alman rəfiqəm Regina Höfer dedi ki, hansı ölkənin gəmisi Atlantik okeanından Elba çayına daxil olursa, həmin ölkənin himni səslənir, bayrağı asılır və o ölkənin dilində gəmi heyətinə "Xoş gəlmisiniz" deyirlər.
Uzaq bir Avropa ölkəsində, məşhur bir şəhərdə - Elba çayında Azərbaycanın himnini eşidəndə sanki dünyanı mənə verdilər, göz yaşlarımı saxlaya bilmədim. Onu da deyim ki, bir neçə dəfə Azərbaycanda olan, onu çox sevən Regina xanımın evinin yuxarı başında da Azərbaycan bayrağı vardır.
Mənim Azərbaycanımı heç bir ölkə əvəz edə bilməz. O mənim nəfəsimdir, canımdır. Dünya cənnət olsa, Azərbaycanın bir ovuc torpağına dəyməz! Səməd Vurğunun bu məşhur misralarını xatırlatmadan məqaləyə son nöqtəni qoymaq istəmədim.
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana.
Hansı səmtə, hansı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən.
Tamilla ƏLİYEVA,
Əskişəhər Universitetinin müəllimi