1994-cü ildə köçkün məktəbi kimi Beyləqan rayonunda fəaliyyətə başlayan Salakətin kənd tam
orta məktəbi 2008-ci ildə yeni tikilmiş 500 ailəlik Xocavənd qəsəbəsində müasir tipli binaya köçmüşdür.
Yeni məktəb binasının açılışı 4 oktyabr 2008-ci il tarixində gerçəkləşmişdir. Bu əlamətdar hadisədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da iştirak etmişlər. Bu hadisə məktəbin müəllim və şagird kollektivinin, ümumiyyətlə, Xocavənd rayonu ictimaiyyətinin yaddaşından heç vaxt silinməyəcəkdir.
Prezident və onun xanımı yeni və müasir üslubda tikilmiş məktəbi gəzmiş, kitabxanada, kompyuter, sinif otaqlarında olmuş, məktəbin foyesində açılmış "Xocavənd şəhidləri" guşəsinə baxmış, idman zalında idmançılarla görüşüb söhbət edərək şəkil çəkdirmişdir.
Salakətin kənd tam orta məktəbi bu gün öz işini yeni təlim metodları üzərində quran, müasir
standartlara uyğun məktəblərdən biridir. Məktəbdə 416 şagirdin təlim-tərbiyəsi ilə 46 müəllim məşğul olur. Bu müəllimlərdən 3 nəfəri - Ramiz Rüstəmov, Gültəkin Ağayeva və Famlet Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Respublikanın əməkdar müəllimi" fəxri adına layiq görülmüş, müəllim Fəridə İbrahimova və Tahirə Məmmədova "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Salakətin kənd tam orta məktəbinin 1994-cü ildən 2008-ci ilə qədərki fəaliyyətinə nəzər salsaq, nailiyyətlərimizin, uğurlarımızın nə qədər çox olduğunu görərik. Ali və orta ixtisas məktəblərində, hərbi məktəblərdə təhsil alan məzunlarımızın səsi-sorağı respublikamızın müxtəlif guşələrində eşidilməkdədir. Məktəbin tarix müəllimi Telli Alıyeva, fizika müəllimi Günay Sadıqova, ibtidai sinif müəllimləri Bənövşə Abdullayeva, Həqiqət Əliyeva və başqaları dəfələrlə Xocavənd Rayon İcra Hakimiyyətinin diplom və fəxri fərmanları ilə təltif olunmuşdular.
Məktəb fənn olimpiadalarında, "Bilik" yarışlarında həmişə iştirak edir, hər dəfə də müvəffəqiyyət qazanır. Tez-tez müxtəlif fənlər üzrə "Açıq dərs"lər keçirilir və müzakirələr aparılır. Bütün beynəlxalq və milli bayramlar, eləcə də xalqımızın qəlbində ağır bir yara olan faciələr - 20 Yanvar faciəsi, Qaradağlı və Xocalı soyqırımıları, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd olunur.
Məktəbin foyesində Ümummilli lider Heydər Əliyevin xatirəsinə guşə yaradılmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeritdiyi müdrik daxili və xarici siyasəti, respublikamızda aparılan məqsədyönlü işləri, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" hərəkatının uğurlarını, Azərbaycan təhsilinin inkişaf tendensiyasını əks etdirən foto-stendlər maraqla qarşılanır.
Məktəbdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocavənd rayonuna 4 oktyabr 2008-ci il tarixli səfərini əks etdirən stend, "Xocavənd şəhidləri"nə həsr olunmuş guşə, "Azərbaycan bayrağı" ordenli, Xocavənd taborunun qəhrəman kəşfiyyatçı döyüşçüsü İbad Hüseynovun, işğal olunmuş rayonlarımız, Xocavənd kəndləri haqqında, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş foto-stendlər yaradılmışdır.
Məktəbin istedadlı şagirdləri rayon səviyyəli bədii qiraət, musiqi və rəsm müsabiqələrində iştirak edərək ən yüksək yerləri tutmuşlar. Onlar məktəbin və rayonun bütün tədbirlərində öz qabiliyyətlərini nümayiş etdirirlər.
İdman yarışlarında uğurlarımız daha çoxdur. Güləş, karate, taekvando və şahmat üzrə respublika səviyyəli yarışlarda iştirak edən şagirdlərimiz, yüksək nəticələr əldə edərək diplom və fəxri fərmanlarla təltif olunmuşlar.
29 oktyabr 2011-ci il tarixində Gürcüstan Respublikasında keçirilən karate növləri üzrə açıq çempionatda Xocavənd rayonunun Salakətin kənd tam orta məktəbinin idmançıları yüksək nəticələr qazanmışlar. 45 kiloqram çəkidə Axundov Bəxtiyar Hacıağa oğlu və 60 kiloqram çəkidə Nağıyev Xəlil Əli oğlu I yerə layiq görülmüşlər.
9-10 mart 2012-ci il tarixdə karate növləri üzrə Azərbaycan Karate Federasiyasının təşkil etdiyi Xocavənd şəhidlərinin xatirəsinə həsr edilmiş VII açıq Azərbaycan çempionatında məktəbimizin 18 şagird-idmançısı iştirak etmiş, onlardan 9 nəfəri birinci yerə, 3 nəfəri ikinci yerə, 2 nəfəri isə üçüncü yerə layiq görülmüş, diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Qeyd edim ki, 42 komandanın iştirak etdiyi bu mötəbər yarışda Milli Məclisin deputatı Elman Məmmədov, Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı, VKÇ karate növləri üzrə Azərbaycan Karate Federasiyasının I vitse-prezidenti Eyvaz Hüseynov, Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak etmişdir. VKÇ karate növləri üzrə Azərbaycan Karate Federasiyasının Xocavənd rayon klubunun baş məşqçisi Taleh Mirzəyevin başçılıq etdiyi komanda bu yarışda II yeri tutmuşdur.
17-18 mart 2012-ci il tarixdə Xocavənd Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Taekvando Federasiyasının birgə təşkil etdiyi, Xocavənd taborunun komandiri mərhum İlyas Hüseynovun xatirəsinə həsr olunmuş taekvando idman növü üzrə turnirdə 12 rayon iştirak etmişdir. Rayonumuzun idmançıları bu komandalar arasında III yerə çıxmışdır.
2010-2011-ci tədris ilində Hacıqabul rayonunda "Şahin" hərbi idman oyunları üzrə keçirilən zona yarışında 10 rayon komandası arasında orta məktəbimizin "Şahin"ləri III yerə çıxaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomu ilə təltif olunmuşdur.
Bizim fəaliyyətimizin bir əsas məqsədi var - Vətənini, xalqını sevən, yüksək intellektual səviyyəyə malik yeni nəsil yetişdirmək. İnanırıq ki, bu nəsil vətəni göz bəbəyi kimi qoruyacaq, düşmənə sonsuz nifrət bəsləyəcəkdir.
Rəmziyyə ASLANOVA,
Xocavənd rayonu Salakətin kənd tam orta məktəbinin direktor əvəzi