ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu həbs etməsindən sonra dünya birjalarında qiymətlərin müxtəlif istiqamətlərdə dəyişməsi müşahidə edildi. Belə ki, qiymətli metalların və dolların dəyəri artdığı halda, neftin qiymətində enmə baş verdi.
AZƏRTAC xəbər verir ki, qızıl istər əhalinin, istərsə də dövlətlərin əhəmiyyətli aktivi hesab edildiyi üçün bazarda mühüm rol oynayır və buna görə də geosiyasi gərginlik dünya bazarında qızıl qiymətinə də təsirsiz ötüşmür.
Venesuela hadisələrindən sonra dünya birjasında qızılın 1 unsiyasının qiyməti artaraq 4466,8 dolara yüksəldi. Qızıl ilə paralel olaraq gümüşün də qiymətində 6,04 faiz artım müşahidə edildi və 1 unsiyası 78,52 dollara satılmağa başlanıb. Dünya neft bazarında isə qiymətlər azalmağa başladı ki, bunun da əsas səbəbi bazara əlavə neftin daxil olacağı ilə bağlıdır. London birjasında mart ayı üçün verilən sifarişlərdə (fyuçer) “Brent” markalı neftin 1 barelinin qiyməti 1,2 faiz endirildi və 60,2 dollara satıldı.
Dünya neft ehtiyatlarının 17,5 faizi Venesuelada yerləşir (303,22 milyard barel). Vaxtilə Venesuela dünyanın dinamik inkişaf edən ölkələrindən biri idi. Lakin siyasi dəyişikliklər nəticəsində son 20 ildə vəziyyət tamamilə dəyişdi və hazırda Venesuelanın payına dünya neft ixracının 1 faizi düşür ki, onun da alıcısı əsasən Çindir.
“Goldman Sachs” bankının analitikləri hesab edirlər ki, Venesuelada baş verən hakimiyyət dəyişikliyi neft hasilatını və ixracını artıracaq ki, bu da dünya bazarında xam neftin qiymətinin azalmasına səbəb olacaq. Bankın təhlilinə əsasən, 2026-cı ildə dünya bazarında neftin orta qiyməti təxminən 56 dollar olacaq. Artıq ABŞ-ın “ExxonMobil” və “Chevron” şirkətləri Venesuelaya yeni texnologiyalarla neft hasil etmək üçün sərmayə yatıracaqlarını bildiriblər. Yeri gəlmişkən, müasir texnologiyalarla neftin hasilatı daha ucuz başa gəlir.
“Reuters” agentliyinin məlumatına əsasən, 2025-ci ildə ABŞ dünya üzrə ən çox sıxılmış qaz (LNG) ixrac edən dövləti olub. Ötən il Amerika 111 milyon ton (153 milyard kubmetrdən çox) LNG satıb ki, bu da 2024-cü illə müqayisədə 23 milyon ton çoxdur. Bununla ABŞ bazara dünyanın ən çox qaz ehtiyatına malik olan Qətərdən 20 milyon ton çox qaz ixrac edib ki, bu da ötən il neftin qiymətində enmə tendensiyasının davam etməsini şərtləndirdi. Əgər cari ildə də ABŞ LNG ixracını ötən ilki səviyyədə saxlasa, neftin qiymətinin artmasını gözləməyə dəyməz.