Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq münasibətlərinin 33 ildən artıq tarixi var. Lakin iki ölkənin əlaqələrinin hazırda özünün ən yüksək mərhələsini yaşadığı da danılmaz reallıqdır. Çünki müstəqilliyini yenicə qazanan ölkəmizin işğal faktı ilə üz-üzə qaldığı ağır dövrdə "Azadlığa Dəstək Aktı"na edilən 907-ci düzəliş kimi ədalətsiz qərar ötən dövrdə Vaşinqton-Bakı münasibətlərinin üstünə daim kölgə salırdı. Bu münasibətlər Bayden-Blinken administrasiyasının fəaliyyəti dövründə isə siyasi böhran həddinə çatmışdı.
Amerika-Azərbaycan arasında ikitərəfli əlaqələr yalnız Prezident Donald Trampın Ağ Evə hər iki rəhbərliyi dönəmində müsbət dinamika qazanmışdı. Ağ Ev rəhbəri Donald Tramp və Prezident İlham Əliyev arasındakı səmimi dostluq münasibətlərindən bəhrələnərək inkişaf edən bu əlaqələr liderlərin xüsusi səyləri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir.
Yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan-Amerika münasibətlərindən geniş bəhs edən Prezident İlham Əliyev bu kontekstdə 2025-ci ilin tarixi il sayıla biləcəyini vurğuladı: "Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir. Oktyabr ayından bu yana mənim tərəfimdən Amerikaya nazirlərdən və özəl sektor nümayəndələrindən, digər məsul şəxslərdən ibarət dörd rəsmi heyət ezam edilmişdir. Demək olar ki, əsas istiqamətlər üzrə strateji xartiyanın hazırlanması və qarşılıqlı sərmayə qoyuluşu, onun təşkili və münasibətlərimizin iqtisadiyyat, ticarət, nəqliyyat, hərbi-sənaye istiqamətlərinin əhatə edilməsi məsələləri müzakirə olunur. Yəni ümidlərimiz böyükdür, nəticələr də kifayət qədər təsirlidir. Ona görə bu nöqteyi-nəzərdən 2025-ci ili təbii ki, çox uğurlu və tarixi il saymaq olar".
Ölkəmizlə əməkdaşlıq ABŞ üçün də önəmlidir
Donald Tramp administrasiyasının obyektiv və konstruktiv fəaliyyəti ilə Azərbaycan-ABŞ münasibətləri çoxşaxəli inkişaf mərhələsinə qədəm qoyub.
Ötən ilin 7-8 avqust tarixlərində Prezident İlham Əliyevin Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin olduqca zəngin və məhsuldar keçməsi də ölkələrimiz arasında əlaqələrin qarşılıqlı etimada, dostluğa dayandığını göstərirdi.
Ağ Ev lideri Azərbaycan Prezidentinin Vaşinqtona səfəri zamanı - ötən il 8 avqustda ölkəmizin rəhbərinin III Şuşa Qlobal Media Forumunda özü ilə bağlı etdiyi çıxışını xüsusi jest olaraq yenidən paylaşması da bunu təsdiqlədi.
Ötən il iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Donald Trampın müharibələrə başlamamış yeganə ABŞ Prezidenti olduğuna diqqət çəkən İlham Əliyev vurğulamışdı ki, o, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır.
ABŞ-yə tarixi səfər zamanı Ağ Ev rəhbərinin Prezident İlham Əliyevə xüsusi rəğbət göstərməsi də diqqətlərdən yayınmadı. İstər Ağ Evin rəmzi açarının dövlətimizin başçısına təqdim edilməsi, istərsə də "Azadlığa Dəstək Aktı"na edilən ədalətsiz 907-ci düzəlişdən Azərbaycan Prezidentinin iştirakı ilə oval ofisdə imtina edilməsi rəmzi məna daşıyırdı.
Yerli televiziya kanallarına müsahibəsi zamanı ölkəmizin rəhbəri söylədi ki, Tramp administrasiyası çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə: "Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də önəmlidir. Bizim üçün də. Ona görə bu nöqteyi-nəzərdən keçən il də dönüş ili sayıla bilər".
Prezident İlham Əliyevin ötən il Vaşinqtona etdiyi tarixi səfər çərçivəsində "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" imzalandı. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı - enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar, süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə, müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq kimi üç istiqaməti əhatə edir.
Müsahibəsində dövlətimizin rəhbəri söylədi ki, uzun illər arzuladığımız Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaradılması da məhz 8 avqust tarixində reallaşdı: "Yəni Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir. Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir".
Ağ Ev Azərbaycanın sülh səylərini daim dəstəkləyir
ABŞ Azərbaycanın regionda sülh səylərini də daim dəstəkləyir. Bu baxımdan, ötən ilin 8 avqust tarixində Ağ Evdə Ermənistanla normallaşma prosesi çərçivəsində əldə olunan razılaşmalar, Birgə Bəyannamənin imzalanması, həmçinin sülh sazişi mətninin paraflanması mühüm əhəmiyyətə malik oldu.
Dövlətimizin başçısı söylədi ki, keçən ilin avqustunda Vaşinqtonda paraflanmış sülh sazişi, əlbəttə ki, investisiyalar üçün, xüsusilə Amerika Birləşmiş Ştatlarından gələn investisiyalardan danışdıqda böyük imkanlar açır: "Biz bunun üzərində fəal işləyirik. Eyni zamanda Azərbaycanın Birləşmiş Ştatlara yatırdığı investisiyaların artıq müəyyən tarixi var. Biz, əsasən, qiymətli kağızlara investisiya yatırmışdıq. Lakin indi, iki ölkə arasında olan münasibətlərin bu yeni mərhələsindən sonra biz real iqtisadiyyatın layihələrinə investisiya yatırmaq üçün müxtəlif seçimləri nəzərdən keçiririk".
Təbii olaraq, hazırda Azərbaycanın gözləntisi ABŞ Konqresinin ədalətsiz 907-ci düzəlişi tamamilə aradan qaldırması ilə əlaqədardır. 1992-ci ilin oktyabrında qəbul edilən 907-ci düzəliş guya Azərbaycanın Ermənistanı blokadaya salmasına görə idi. Ancaq həmin zaman nəinki Ermənistan blokadada idi, əksinə, yürütdüyü işğal siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası blokada altına düşmüşdü. Ancaq erməni lobbisi və onun əhatə dairəsində olan senator və konqresmenlər belə bir ədalətsiz düzəlişi qəbul etmişdilər.
Sözügedən müsahibəsində bu tarixi faktlara toxunan Prezident İlham Əliyev söylədi ki, ABŞ-nin eks prezidenti Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərmişdir: "Təkcə bu fakt kifayətdir ki, hər kəs anlasın, nə üçün bizim, həm Obama-Bayden, həm Bayden-Blinken administrasiyası ilə münasibətlərimiz istənilən səviyyədə deyildi. Obama-Bayden administrasiyası ilə əlaqələr kifayət qədər məsafəli idi, Bayden-Blinken administrasiyası isə bizim əlaqələrimizi faktiki olaraq böhrana salmışdı".
Prezident İlham Əliyev müsahibəsi zamanı onu da dedi ki, əgər 907-ci düzəlişin formal səbəbi blokada idisə, bu gün bu artıq yoxdur: "...Biz gözləyirik ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək konqres üzvlərini, xüsusilə Respublikaçılar partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş tamamilə aradan qaldırılmalıdır və buna ümid etmək üçün bizim kifayət qədər səbəblərimiz var. Bu gün bu, yenə də simvolik xarakter daşısa da, necə deyərlər, masanı tamamilə keçmişin bu qalıqlarından təmizləmək üçün konqres bunu birdəfəlik ləğv etməlidir".
Göründüyü kimi, Amerika-Azərbaycan əlaqələri özünün tarixi mərhələsini yaşayır və getdikcə dərinləşir. Bu münasibətlər xüsusilə iki ölkə liderinin şəxsi səyləri ilə daha da inkişaf edərək perspektivli gələcək vəd edir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"