06 Yanvar 2026 08:20
494
SİYASƏT
A- A+
Azərbaycan Prezidentinin yeni regional balans modeli

Azərbaycan Prezidentinin yeni regional balans modeli


Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslər regional mənzərənin keyfiyyətcə dəyişməkdə olduğunu göstərir. Həmin kontekstdə Azərbaycanın fəallığı aydın görünür. Digər təfərdən, Bakının aktiv diplomatik müzakirələr və səfərlər məkanına çevrildiyi təsdiqlənir. İndi dünyanın müxtəlif ölkələrinin başçıları Azərbaycana səfər edir, əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflər irəli sürürlər.


Azərbaycan liderinin diplomatik fəallığı


Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev daim yüksək diplomatik fəallıq nümayiş etdirir. Cənubi Qafqazda Azərbaycanın dövlət başçısı qədər aktiv müzakirələr aparan, intensiv xarici səfərlər həyata keçirən ikinci siyasi lider yoxdur. Bu gərgin zəhmət Azərbaycan dövlətinə və cəmiyyətinə mühüm nailiyyətlər qazandırmışdır. Bu proses indi də davam edir, hətta daha yüksək intensivlik və əhatə dairəsinin genişlənməsi fonunda özünü göstərir.

Ekspertlər bu xüsusda Prezident İlham Əliyevin ötən ilin son üç ayındakı fəaliyyətinə ümumi nəzər salırlar. Doğrudan da, çox qısa müddət ərzində dövlət başçısı müxtəlif xarici səfərlər həyata keçirmiş, onların hər biri ayrı-ayrılıqda çox faydalı olmuşdur. Bütövlükdə isə bu səfərlər müsbət nəticələrlə yadda qalmışdır. Bu, onu göstərir ki, Azərbaycan regional və qlobal miqyasda yeni geosiyasi reallıqların formalaşdırılması istiqamətində növbəti mərhələyə qədəm qoymuşdur. Onun ilkin faydası, təbii ki, Cənubi Qafqazda özünü göstərməkdədir.

Həmin rakursdan yanaşdıqda, artıq cəsarətlə demək olar ki, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda yeni balanslaşdırıcı geosiyasi konfiqurasiya formalaşmaqdadır və bunu böyük dövlətlər də dəstəkləyirlər. Eyni zamanda regionda müəyyən gərginlik mənbələri də özünü göstərir. Bu iki tendensiyanın qarşılıqlı təsiri fonunda Cənubi Qafqazın hazırkı geosiyasi dinamikasına nəzər salmağa çalışaq.


İlham Əliyevin əməkdaşlıq, təhlükəsizlik və sülhyaratma təşəbbüsləri


Dünyada geosiyasi gərginliyin mövcud olduğu danılmazdır. Müxtəlif regionlarda müşahidə edilən hərbi toqquşmalar, ixtilaflar, böyük dövlətlərin nüfuz uğrunda mübarizələri bəzən çox kəskin xarakter almaqdadır. İndi dünya ictimaiyyəti sakitlik və sabitliyin yaranmasında çox maraqlıdır. Lakin, təəssüf ki, əsas geosiyasi güc mərkəzləri hələlik buna nail olmaqdan çox uzaqdırlar. Dünyanın hər hansı bir regionunda müharibələrin dayandırılması mühüm uğur kimi qiymətləndirilir. Ancaq bütövlükdə davamlı və dayanıqlı sülhə nail olmaq üçün dünya hələ çox yol keçməlidir.

Belə bir şəraitdə Azərbaycan Prezidentinin diplomatik fəallığı mühüm əhəmiyyət kəsb edir. Çünki bu fəaliyyət birbaşa əməkdaşlıq, sülh və təhlükəsizliyə xidmət edir. Məhz bu baxımdan siyasətçilər İlham Əliyevin oktyabr ayında etdiyi səfərlərə və apardığı müzakirələrə ciddi önəm verirlər. Faktlar da onların haqlı olduğunu təsdiqləyir.

Ötən il oktyabrın 2-də Azərbaycan Prezidenti Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən sammitində iştirak etmişdir. Sammitdə Prezident İlham Əliyevə diqqət xüsusilə böyük olmuşdur. Dövlətimizin başçısı Avropa İttifaqının təmsilçiləri ilə müzakirələr aparmışdır. Orada Azərbaycanın dünyada və xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolu açıq hiss edilmişdir. Avropalı rəsmilər Prezident İlham Əliyevə əməkdaşlığı inkişaf etdirmək zərurətilə bağlı müraciətlər etmişlər.

Azərbaycanın dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşdə hazırda ölkəmizin Avropa İttifaqının səkkiz üzv dövlətinə qaz ixrac etdiyini vurğulamışdır. Bu, Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi mühüm töhfədir. Eyni zamanda Azərbaycan Orta dəhlizin inkişafında da mühüm rol oynayır.

Sammit çərçivəsində Azərbaycanın dövlət başçısı ilə Fransa Prezidenti E.Makron da görüşmək istəyini ifadə etmişdir. 

Beləliklə, Avropa Siyasi Birliyi, faktiki olaraq, Azərbaycanın müstəqil dövlət kimi regional və qlobal proseslərdə daha yüksək səviyyəyə yüksəldiyini etiraf etmişdir.

2025-ci il oktyabrın 7-də isə Prezident İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak etmişdir. Azərbaycan liderinin tədbirdəki çıxışı və irəli sürdüyü təkliflər göstərmişdir ki, Bakı türk dünyasının inkişafında və təhlükəsizliyində aparıcı rol oynamaqda davam edir. Azərbaycan rəhbərinin 2026-cı ildə TDT-yə üzv dövlətlərin birgə hərbi təlimlərinin keçirilməsi ilə bağlı təşəbbüsü bu baxımdan çox maraqla qarşılanmışdır. Azərbaycan Prezidenti TDT çərçivəsində əməkdaşlıq, sülh və təhlükəsizliyin davamlı olması istiqamətində çox əhəmiyyətli addımlar atır.

Bununla yanaşı, İlham Əliyevin ötən il oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı onu təsdiq edir ki, Azərbaycan regional münasibətlərin inkişafında maraqlıdır. Dövlət başçısının diplomatik addımlarında bu məqam xüsusi yer tutur. Buna görə də ekspertlər Prezident İlham Əliyevin Düşənbədə Rusiya Prezidenti ilə apardığı müzakirələri mühüm əhəmiyyətli hadisə hesab edirlər.

Nəhayət, oktyabrın 13-də Misirdə təşkil edilən və Yaxın Şərqdə sülhün təsis edilməsinə həsr olunmuş mötəbər tədbirə Azərbaycan Prezidentinin dəvət edilməsi də diqqətəlayiq hadisədir. Azərbaycan Prezidentini ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisi dəvət etmişlər. Bununla da Azərbaycanın Yaxın Şərqdə sülh və sabitliyin təminində rolunun daha da artdığı qəbul edilmişdir.

Prezident İlham Əliyevin diplomatik fəallığı noyabr və dekabr aylarında da yüksək olmuşdur. Bu fəaliyyətin ümumi təsiri ümumilikdə Azərbaycan dövlətinin geniş geosiyasi arealda statusunun yeni mərhələyə yüksəldiyini əks etdirir. Bunlardan ekspertlər bir neçə nəticə hasil edirlər. Qısaca onların üzərində dayanaq.


Sabit dövlətin müstəqil xarici siyasəti


Bu, ciddi qənaətdir. Çünki hazırkı geosiyasi şərtlər daxilində və yeni çağırışların artdığı bir mühitdə müstəqil dövlətin sabitliyini qoruyub saxlamaq böyük siyasi məharət tələb edir. Prezident İlham Əliyev buna yüksək səviyyədə nail olmuşdur və həmin proses davam edir. O da çox önəmlidir ki, Azərbaycan müstəqil xarici siyasətini birmənalı şəkildə milli maraqlar üzərində qurur. Dövlət başçısının apardığı çoxsaylı müzakirələr bunu deməyə tam əsas verir. Bunun iki mühüm təsdiqini qeyd edə bilərik.

Birincisi, Azərbaycan Avrasiyada ərazi bürtövlüyünü və suverenliyini dayanıqlı formada təmin etmiş yeganə dövlətdir. Bu, Azərbaycan rəhbərinin davamlı olaraq sülh mövqeyində olmasının və dövlətimizin həmin istiqamətdə fəal siyasət həyata keçirməsinin nəticəsidir.

İkincisi, 2025-ci il avqustun 8-də Vaşinqtonda sülhün təmin olunması ilə bağlı əldə edilmiş razılıq Bakının təklif etdiyi beş əsas prinsip əsasında reallaşmışdır. Bu o deməkdir ki, dünyanın ən qüdrətli dövləti Azərbaycanın regional və qlobal miqyaslarda sülh siyasəti yeritdiyini rəsmən tanımışdır. Azərbaycan sülhsevər dövlətdir!

Siyasi şərhçilər Azərbaycan rəhbərinin vurğuladığımız təşəbbüslərini ümumiləşdirərək dövlətimizin beynəlxalq imicinin müsbət istiqamətdə inkişaf etdiyini xüsusi qeyd edirlər. Bu zaman aşağıdakı məqamlar ön plana çıxarılır.

Əvvəla, müasir dövrdə dünyanın müxtəlif regionlarında dövlətlər alyansı tez-tez dəyişir. Belə şəraitdə müstəqil dövlətin uğurlu, dəqiq və təmkinli manevrlər etməsi zərurətə çevrilir. Ekspertlərin fikrincə, Yaxın Şərq kontekstində Azərbaycan bu baxımdan çox uğurlu dövlətdir. Belə ki, İsraildən tutmuş Səudiyyə Ərəbistanına və İrandan tutmuş Türkiyəyə qədər geniş bir geosiyasi məkanda Azərbaycan barışdırıcı, sabitləşdirici və birləşdirici rol oynamaqdadır. Bununla Azərbaycan strateji balansın qorunmasına mühüm töhfə verir və eyni zamanda hər hansı bir tərəfi qıcıqlandırmadan ehtiyatlı siyasət yürüdür.

İkincisi, Azərbaycan Prezidenti böyük diplomatik ustalıqla Mərkəzi Asiya istiqamətində siyasətini davam etdirir. Artıq ekspertlər "5+1"-dən deyil, vahid "6"-dan bəhs edirlər. Mərkəzi Asiya dövlətləri Prezident İlham Əliyevi həmin regionun məşvərət görüşünə dəvət etdilər. Bunun fonunda Azərbaycan Orta dəhliz çərçivəsində regionlararası əlaqələrin yeni məzmun alması üçün təşəbbüslərini davam etdirir.

Üçüncüsü, Azərbaycan müxtəlif istiqamətlərdə həyata keçirdiyi siyasəti Cənubi Qafqazın geosiyasi sinerjisinə çevirə bilmişdir. Nəticə etibarilə, Bakının siyasi fəaliyyəti bizim regionda sülh, əməkdaşlıq və təhlükəsizliyin təmininə xidmət etməkdədir. Görünən odur ki, Prezident İlham Əliyev bu məqamları öncədən nəzərə almış və Cənubi Qafqazın müasir qlobal proseslərdə fəal region kimi çıxış etməsi üçün ciddi səylər göstərməkdədir. Bu kontekstdə ekspertlər bir faktı xüsusi vurğulayırlar.

Prezident İlham Əliyev Ermənistanla bağlı tarixi qərar vermiş, bu ölkə ilə ticari və nəqliyyat əlaqələrinə tətbiq edilən məhdudiyyətləri aradan qaldırmışdır. Bunu ekspertlər onilliklərlə mövcud olan münaqişədən sonra qalib tərəfin verdiyi tarixi qərar kimi qiymətləndirmişlər. Azərbaycan liderinin bu addımı həm də Vaşinqtonda əldə edilmiş razılığın fonunda mühüm müsbət fakt kimi qəbul edilir.

Həqiqətən də, həmin qərardan sonra Cənubi Qafqazda bir-birinin ardınca düşündürücü proseslər baş verməkdədir. Əlbəttə, onların heç də hamısı regionun rifahına xidmət etmir. Çünki Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına qarşı çıxan dairələr hələ də mövcuddur. Ancaq məsələnin məhz bu kontekstdə qoyuluşu indi müşahidə edilən proseslərdə kimin kim olduğunu aydın görməyə imkan verir.

Eyni zamanda Cənubi Qafqazın hər üç ölkəsinin daxilində müşahidə edilən siyasi proseslərin məntiqi və məqsədi baxımından Azərbaycan Prezidentinin vurğulanan tarixi qərarının ciddi təsiri hiss olunur. Xüsusilə bu, Gürcüstan və Ermənistanın daxili siyasətində ciddi yeniliklərin meydana gəlməsi baxımından əhəmiyyətlidir.

Lakin məsələ bunlarla məhdudlaşmır. ABŞ, Avropa İttifaqı, Rusiya, Türkiyə və İran kimi güclərin Cənubi Qafqazda münasibətlərini aydınlaşdırmalarının yeni mərhələsinin başlandığı qənaəti formalaşmışdır.

Belə çıxır ki, Azərbaycanın dövlət başçısı Cənubi Qafqazda geosiyasi proseslərin məzmununa və onun fonunda geosiyasi konfiqurasiyanın yenilənməsinə ciddi təkan vermişdir. Məsələnin bu tərəfi üzərində geniş dayanaq.


ABŞ və Aİ-nin Cənubi Qafqazda fəallığının yeni çalarları


ABŞ bütövlükdə Cənubi Qafqazın beynəlxalq layihələr kontekstində sabitlik və təhlükəsizlik məkanı olmasında maraqlıdır. Bu baxımdan, D.Tramp Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüsləri dəstəkləyir, paralel olaraq, regionda kommunikasiyaların inkişafına diqqət yetirir, o cümlədən Azərbaycanla Ermənistan arasında geniş və davamlı kommunikasiya əlaqələrinin bərpasına əhəmiyyət verir.

Lakin bunlarla yanaşı, Vaşinqtondan zaman-zaman İrana hərbi hədələr də gəlir. İran isə Cənubi Qafqaza ən yaxın ölkələr sırasındadır. Əgər İrana hər hansı ciddi hərbi müdaxilə olarsa, bu, digər layihələrlə yanaşı, Zəngəzur dəhlizi məsələsinin reallaşmasını da sual altına qoya bilər. Bundan başqa, ümumiyyətlə, rəsmi Tehranın Amerikanın regiona müdaxiləsinə reaksiyası heç də müsbət deyildir. Bu məqam son zamanlar açıq hiss olunur. Tehranın İrəvana mümkün təzyiqləri istisna deyildir. Deməli, ABŞ-nin Cənubi Qafqaz siyasətində hələ "daşlar bütünlüklə yerinə oturmamışdır".

Buna baxmayaraq, Avropa İttifaqının bu regionla bağlı siyasəti daha radikal və məqsədli təsir bağışlayır. Belə ki, Aİ Ermənistanla imzaladığı və strateji tərəfdaşlığa aid olan son sənəddə Azərbaycanın maraqlarına açıq-aşkar zidd olan müddəalara yer vermişdir. Məsələn, Brüssel heç bir əsas olmadan "Qarabağ qaçqınları" kimi cəfəng ifadəni sənədə salmışdır. Guya erməniləri Qarabağdan kimsə qovmuşdur və onlar indi "qaçqın"dırlar. Halbuki real vəziyyət tamamilə fərqlidir. Belə ki, Bakı hətta kənardan köçürülərək Qarabağda yerləşdirilmiş ermənilərə reinteqrasiya təklif etmişdi. Ancaq onlar könüllü imtina edərək, Azərbaycanı tərk etmişlər. Onların gedişi üçün normal şərait yaradılmış, kimsənin burnu belə qanamamışdır.

Regionu könüllü tərk etmişlər qaçqın adlana bilməzlər. Bunun əksinə olaraq, Qərbi Azərbaycandan yüz minlərlə soydaşımız uzun müddət ərzində deportasiyaya məruz qalmışlar. Lakin Aİ-nin heç bir sənədində "Qərbi Azərbaycandan deportasiya olunmuşlar" ifadəsi yer almamışdır. İndi də Aİ rəsmilərinin heç biri azərbaycanlıların deportasiyasından danışmır, kəlmə belə kəsmirlər. Deməli, Avropa ənənəvi mövqeyindən hələ də geri çəkilməmişdir. Bundan başqa, "binokl siyasəti" də davam edir.

Avropanın bu cür siyasətinin nə zamana qədər davam edəcəyini dəqiq demək çətindir. Ancaq, görünür, yeni oyuna start verilmişdir. Məqsəd Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın tarixi yurdlarına qayıtmasının qarşısını süni yolla almaq, bununla da tarixi ədalətin bərpasına imkan verməməkdir. Bu yanaşma, eyni zamanda azərbaycanlıların öz tarixi vətənlərinə qayıdışının əngəllənməsinə hüquqi legitimlik vermək cəhdi kimi qiymətləndirilə bilər. Belə bir mövqenin perspektivli olduğuna inanmaq çətindir.


Rusiya faktoru


Qeyd edilənlərin fonunda Rusiyanın da müəyyən fəallıq göstərdiyini qeyd etmək lazımdır. Moskva regionda ölçülü-biçili siyasət həyata keçirir, lakin kifayət qədər sərt mesajlar da verir. Xüsusilə Ermənistanın Zəngəzur dəhlizi - Tramp marşrutu ilə bağlı Rusiyaya qarşı tutduğu mövqeni qəbul etmir. Ancaq maraqlıdır ki, rəsmi İrəvan Rusiyaya əməkdaşlıq təklifini etmişdir. Konkret olaraq, N.Paşinyanın Rusiyanın Ermənistan-Azərbaycan dəmir yolu bağlantısının bərpa etməsi üçün xahişi maraq doğurur. Ekspertlərin fikrincə, Kremlin bu təklifə verəcəyi reaksiyadan çox şey asılıdır.


Gürcüstanın reaksiyası


Əslində, burada Gürcüstan faktorunu da nəzərə almaq gərəkdir. Rəsmi Tbilisi Azərbaycandan Ermənistana kommunikasiya açılmasına gözlənilən müsbət reaksiyanı vermədi. Diplomatik səviyyədə əlaqələrin yaranmağa başlaması müsbət qiymətləndirildi. Baş nazir İ.Kobaxidze Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünü alqışladı. Ancaq N.Paşinyanın bir bəyanatı vəziyyətin rəsmi təqdimatdan fərqli olduğunu ortaya qoydu. Ermənistanın Baş naziri xəbərdar etdi ki, gələcək mal daşımalarında Gürcüstan dəmir yolunun tarifləri ilə bağlı məsələ həll olunmasa, Azərbaycanla Ermənistan alternativ əlaqə yollarını axtaracaqlar.


Türkiyənin fəallıq istiqamətləri


Türkiyənin baş verənlərə reaksiyası çox maraqlıdır. Rəsmi Ankara, bir tərəfdən, həmişə olduğu kimi, Ermənistana Azərbaycan məsələsini xatırladır, digər tərəfdən də Bakı ilə əməkdaşlıq və təhlükəzislik sferalarında daha sıx əlaqələr qurmaqda davam edir. İki qardaş ölkənin Müdafiə nazirlikləri arasında bağlanan növbəti təhlükəsizlik anlaşması bunun əyani göstəricisidir. Belə başa düşülür ki, Türkiyə Cənubi Qafqazda təhlükəsizlik məsələsinin daha həssas bir səviyyəyə yüksəldiyi qənaətindədir.

Mövcud vəziyyətə Ankara həm bütövlükdə regionda təhlükəsizliyin təmini, həm də ayrılıqda Zəngəzur dəhlizinin işləməsi kontekstində baxır. Son dövrlərdə bir sıra dairələrin Cənubi Qafqazda daha da fəallaşması fonunda hər iki aspektdə təhlükəsizliyə təhdidlər və risklər meydana gələ bilər. Buna görə də Türkiyə üçün ən yaxın strateji müttəfiqi olan Azərbaycanın təhlükəsizliyi daha önəmlidir.

Həmin müstəvidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2025-ci il dekabrın 16-da Ankarada keçirilən 16-cı Səfirlər Konfransının iştirakçılarına müraciətində vurğuladığı iki məqam diqqət çəkir. Birincisi, "Ankara və Bakı Ermənistanla normallaşma prosesini bir-biri ilə sıx dialoq şəraitində irəli aparırlar". İkincisi, "Türkiyə Cənubi Qafqazla bağlı müəyyən simvolik addımlar atacaq".

Bu mesajlar dünyanın bir xüsusiyyəti anlamasını zəruri edir - Türkiyə ilə Azərbaycan Cənubi Qafqazda yalnız qarşılıqlı razılaşdırılmış addımlar atırlar. Ayrı-ayrı dairələrin dezinformasiyaları heç bir real təsir gücünə malik deyil. Çünki iki qardaş dövlət Şuşa Bəyannaməsinin şərtlərinə dəqiqliklə əməl edirlər. Hər ikisi həm Cənubi Qafqaz, həm də dünya miqyasında ortaq mövqedən çıxış edirlər. Buna görə də rəsmi Ankaranın 2026-cı ilin başlanğıcından Cənubi Qafqazla bağlı atacağı addımlar böyük maraq doğurur. Şübhə yoxdur ki, həmin addımlar regionda sülhün tam bərqərar olması və rifahın daha da yüksəlməsinə xidmət edəcəkdir.


Yekun qənaət


Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi mənzərənin formalaşdırılması istiqamətində mühüm addımlar atmaqda davam edir. Bu siyasətin ümumi məqsədi regionu çiçəklənən təhlükəsiz geosiyasi məkana çevirməkdir. Bu kontekstdə Bakının İrəvanla konkret sferalar üzrə müəyyən layihələr həyata keçirməyə başlaması çox əlamətdardır. Ekspertlər bu prosesin davamlı olmasına böyük önəm verirlər. Bunların fonunda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Euronews"a müsahibəsində "iki ölkə arasında münaqişə fəsli başa çatmışdır" deməsi reallığı əks etdirir.

Göründüyü kimi, Azərbaycan lideri İlham Əliyevin titanik səyləri nəticəsində regional sabitlik, əməkdaşlıq və təhlükəsizlik yeni mərhələyə yüksəlmişdir. İndi daha çox sayda böyük güclər Cənubi Qafqazın geosiyasi dinamikasına Azərbaycan ssenarisi üzrə baxmağa başlamışlar. Bu uğurlu prosesə mane olmağa çalışan qüvvələr də mövcuddur. Lakin görünən odur ki, Azərbaycan qardaş Türkiyə ilə birlikdə bütün əngəlləri aşmaq gücündədir. Rəsmi Ankara bu kontekstdə Azərbaycan rəhbərinin bütün addımlarını dəstəkləyir! ABŞ də öz dəstəyini getdikcə artırır. 


Kamal ADIGÖZƏLOV,

siyasi analitik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Güləş üzrə Azərbaycan çempionatına start verilib  

22:24
07 Yanvar

Ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələri üçün getdikcə daha praktik marşruta çevrilir  

22:21
07 Yanvar

Türkiyəli politoloq: Ermənistanla paraflanmış sülh sazişi Azərbaycanın regional sabitlik və investisiya cəlbediciliyini gücləndirəcək  

20:43
07 Yanvar

Böyük Britaniya neft tankerinin ələ keçirilməsində ABŞ-a dəstək verib  

20:14
07 Yanvar

ABŞ beynəlxalq sularda Venesuelaya bağlı olduğu deyilən 2 neft tankerini ələ keçirib  

19:39
07 Yanvar

Tramp: ABŞ olmasa, Rusiya və Çinin NATO-dan qəti qorxusu olmaz  

19:23
07 Yanvar

Çinin neft emalı zavodları Venesuela neftini İran nefti ilə əvəz edəcək  

19:21
07 Yanvar

İtaliyalı politoloq: Trans-Xəzər marşrutunun möhkəmləndirilməsi və Orta Dəhlizin inkişafı Bakını etibarlı tərəfdaş kimi möhkəmləndirir  

19:13
07 Yanvar

Dünya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini işıqlandırmaqda davam edir 

19:02
07 Yanvar

Azərbaycan münaqişələrdə humanitar məsuliyyətini öndə saxlayır  

18:46
07 Yanvar

DSX: Ötən il dövlət sərhədini pozduqlarına görə 516 nəfər saxlanılıb  

18:43
07 Yanvar

Volodimir Zelenski: Ukrayna tərəfdaşlarla təhlükəsizlik zəmanətlərini müzakirə edir

18:29
07 Yanvar

Misirli ekspert: 907-ci düzəlişin ləğvi regionda davamlı sülhə töhfə verə bilər  

18:07
07 Yanvar

Dörd ölkə neft hasilatı planını OPEC-ə təqdim edib  

17:53
07 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilib SƏRƏNCAM  

17:41
07 Yanvar

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib SƏRƏNCAM  

17:36
07 Yanvar

Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

17:17
07 Yanvar

Azərbaycanla Koreya arasında gənclər və idman sahələrində əməkdaşlıq genişləndirilir  

17:10
07 Yanvar

Baş Prokurorluq: Dövlət Gömrük Komitəsinin bir qrup vəzifəli şəxsi barəsində istintaq olunan cinayət işi məhkəməyə göndərilib  

17:08
07 Yanvar

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

17:07
07 Yanvar

Zelenski Parisdə keçiriləcək danışıqların mövzularını açıqlayıb  

17:06
07 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!